Məhkəmə qərarları › İş №1(071)-82/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-82/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-82/2025 07.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Hacıqabul şəhəri, X11 küçəsi ev 110 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsinə daşımış, 24 mart 2025-ci il tarixdə, saat 16:14-də Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,157 qram xeyli miqdarda olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2025-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada gedən zamanı yerdə asfalt örtüyünün üzərində bir nazik ağ rəngli “Sobranie” adlı siqaret qutusunu görmüş, siqaret qutusunda siqaretin olmasını fikirləşib, qutunu götürüb açıb içərisinə baxdıqda orada siqaretin olmadığını, lakin 1 ədəd sellofana bükülmüş bükülünü görmüş, bükülünü açıb içərisinə baxdıqda psixotrop maddə metamfetamin olduğunu bilmiş, psixotrop maddə metamfetamin olan bükülünü sonra qəbul etmək məqsədi ilə əyninə geydiyi qara rəngli qış gödəkçənin sağ yan cibinə qoyub yoluna davam etmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə yaşadığı ev istiqamətinə piyada gedərkən mülki formada bir neçə şəxs ona tərəf qaçdıqlarını görmüş, onlardan qorxaraq qaçmağa başlamış, lakin çox məsafə qaçmayaraq dayanmışdır. Həmin şəxslər ona yaxınlaşıb özlərini Hacıqabul rayon PŞ-nin polis əməkdaşları kimi təqdim edərək, üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu, videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirib hüquq və vəzifələri izah etmiş və polis əməkdaşlarına etiraz etməmişdir. Polis əməkdaşları üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuş, üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmiş, lakin polis əməkdaşları onun dediyi sözə məhəl qoymayaraq videoçəklişdən istifadə etməklə üzərində yoxlama aparan zaman əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibində gizlətdiyi 01 bükümün içərsində psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunaraq götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, poçt zərfinə qoyularaq onun iştirakı ilə qablaşdırılmış və poçt zərfinin üzərini imzalamış və rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırılaraq möhürlənmişdir. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, videoçəkiliş zamanı məsuliyyətdən yayınmaq üçün bükümün ona aid olmadığını bildirmişdir, hazırda əməlindən peşmandır, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını qeyd edərək ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 mart 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 16:15-də Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gedərək orada Təqsirləndirilən şəxs yaxınlaşmaq istəyərkən, Təqsirləndirilən şəxs dayanmayaraq qaçmağa başlamış, Təqsirləndirilən şəxs arxası ilə gedərək o saxlanılaraq üzərində psixotrop maddə olmasına görə üzərində videoçəkilişdən istifadə edilməklə yoxlama aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibində bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərkən 0,23 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, poçt zərfin üzəri imzalanmış və Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul şəhəri, X11 küçəsi ev 110 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13- 78/Ə170/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil edilməklə, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 298 nömrəli daxil olma ştampı olan, Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:15-də Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərində yoxlama aparan zaman əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibində 0,23 qram çəkidə bir ədəd sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı, X10 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən həmin tarixdə saat 16:15 dəqiqədə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onu saxlayan şəxslərin polis əməkdaşları olduğunu bilsə də, qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları onu yaxalamış və ona nə üçün saxlanılmasını izah edərək əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, onun üzərində yoxlama keçirilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükülü aşkar edilmişdir. Büküm açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkildikdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin 0,23 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə zamanı aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edilərkən o bildirmişdir ki, saxlanılarkən həyəcanlı olduğundan yalan danışmış, üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus olmaqla öz istifadəsi üçün saxlamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 16:14-dən saat 16:23-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan kəsiyi bükümündə içərisində 0,23 qram psixotrop maddə metamfetaminə bənzər kütləyə, daha sonra əməliyyat-axtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən psixotrop maddənin ona aid olmasını etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/252 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,157 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,107 qram metamfetamin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 08 aprel 2025-ci il tarixli 1948 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan “asılılıq sindiromu” (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi xəstəxanası X15 tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli, 18-1-41/2-283/2025 saylı məktubdan müəyyən edilir ki, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 110 nömrəli evdə qeydiyyatda olan və orada yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Hacıqabul rayon mərkəzi xəstəxanası X15n konsultativ-polikinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,157 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 16:14-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 0,157 qram psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 15:50-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 82/2025 saylı məhkəmə hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul Şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 305 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul Şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində mənfi rəy daxil olmuşdur. Dolayısı ilə o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(089)- 219/2018 saylı hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli, 1(089)-219/2018 saylı hökmü ilə təyin edilmiş cəzadan xx.xx.2023-cü il tarixdə azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə sadə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,107 qram metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,107 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 14 (on dörd) saata görə 154 (yüz əlli dörd) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,107 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 14 (on dörd) saata görə 154 (yüz əlli dörd) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar