Məhkəmə qərarları › İş №1(075)-80/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-80/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-80/2021 28.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yevlax rayonu X7 çilingər işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü bükümdə ümumi təmiz çəkisi 0.318 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, daşıyaraq üzərində saxlamış, 29 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon X2 X6 və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saat 17:45 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Kərpic» restoranın qarşısında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 19:43 radələrində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarının qabaq sağ kiçik cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd gümüşü bükümdə 0.318 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdur. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə hesab edilən heroindən arabir istifadə edir. 28 may 2021-ci il tarixdə Yevlax şəhərində “Qaraçılar məhəlləsi”ndə tanımadığı şəxsdən narkotik vasitə olan heroin almışdır. Səhəri gün, yəni 29.05.2021-ci il tarixdə qonşuları olan Ülvi adlı şəxslə taksi ilə Şəki şəhərinə gəlmişlər. Şəkidə Kərpic restoranın qarşısında o, Ülvini gözləyərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis işçiləri olduqlarını bildirmiş və onu Şəki ŞRPŞ-nə gətirmişlər. Şöbədə vəkillə təmin olunduqdan sonra, onu şübhəli şəxs qismində tutaraq videoçəkilişlə onun üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməyini təklif etdiyindən üzərində olan bir ədəd açarı, bir ədəd alışqanı, bir ədəd gümüşü bükümü və 2 manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Üzərində başqa heç nə aşkar olunmamışdıR. Özü gümüşü bükülünü təqdim edib həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 may 2021-ci il tarixdə Yevlax şəhərindən tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Təhqiqatçı tərəfindən üstündən aşkar olunmuş gümüşü bükülü və iki manat pul ayrı-ayrı zərflərə qoyularaq möhürləmiş, o da digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Üzərindən aşkar olunmuş açarı və alışqanı isə təhqiqatçı qaytarıb özünə vermişdir. Protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolu imzalamışdır. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Şahid1 Ayxan adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılaraq, Ayxan adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Kərpic restoranının qarşısında saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə baş təhqiqatçı X9 Hacızadəni təqdim etmişlər. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd açarı, bir ədəd alışqanı, 02 ədəd bir manatlıq pul əskinazlarını və bir ədəd gümüşü bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd gümüşü bükümü təqdim edib həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 may 2021-ci il tarixdə Yevlax şəhərində tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin içərisində narkotik vasitə heroinə oxşar tünd qəhvəyi rəngli maddə olan bir ədəd gümüşü bükülünü zərfə qoyub zərfin üzərini möhürlə möhürlədikdən sonra həmin zərfin üzərini digər iştirakçılar kimi imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29.05.2021-ci il tarixdə ona “Ayxan” adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və “Ayxan” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 29 may 2021-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra “Ayxan” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ayxan” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 17:45 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Kərpic» restoranının qarşısında saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası baş təhqiqatçı Anar Yəhyayevə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etdiyi üçün təhqiqatçı Müdafiəçi zəng edərək PŞ-nə dəvət etmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qiyam Səfərəliyev dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə,eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sol yan cibindən bir ədəd açarı, şalvarın sağ yan cibindən bir ədəd alışqanı, sol arxa cibindən 02 ədəd bir manatlıq pul əskinazlarını, şalvarın sağ qabaq kiçik cibindən bir ədəd gümüşü bükülünü cıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirilmiş, lakin onun üzərindən özünün təqdim etdiklərindən başqa heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmişdir. O da əvvəlcə alışqanı, açarı, 02 manat pulu təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Daha sonra o, bir ədəd gümüşü bükümü təqdim edib həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 may 2021-ci il tarixdə Yevlax şəhərində tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin gümüşü bükülünü onun, sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə açıb baxdıqda həmin gümüşü bükülünün içrərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin içərisində narkotik vasitə heroinə oxşar tünd qəhvəyi rəngli maddə olan bir ədəd gümüşü bükülünü zərfə qoyub zərfin üzərini möhürlə möhürlədikdən sonra həmin zərfin üzərini digər iştirakçılar kimi imzalamışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bir manatlıq pul əskinazlarını zərfə qoyub zərfi möhürlədiyi üçün həmin zərfin üzərini digər iştirakçılar kimi imzalamışdır. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan, 1 ədəd açar iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən onun özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmişdir. Sonra isə bu barədə protokol tərtib edilərək ucadan oxunmuş ,heç bir şikayət və təklif daxil olmadığına görə həmin protokol onun, sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 29 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd gümüşü bükülüdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 30 may 2021-ci il tarixli, 17/385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.318 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0.318 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 0.268 qram. (Aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat təşkil edir). 31 may 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 31 may 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Yevlax rayon Psixonevroloji kabinetdən verilmiş 1664 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Psixonevroloji kabinetdə dispanser müşahidəsində yoxdur. Yevlax rayon Narkoloji kabinetdən verilmiş 1365 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji kabinetdə dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 19 iyul 2021-ci il tarixli, 846 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 07 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 261 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, bina 1, mənzil 9-da qeydiyyatdadır və yaşayır. Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 may 2021-ci ildən 31 may 2021-ci ilədək həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Yevlax rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.268 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 may 2021-ci ildən 31 may 2021-ci ilədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Yevlax rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.268 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar