Məhkəmə qərarları › İş №1(100)-378/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-378/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-378/2022 28.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, sonuncunun Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə ittiham olunmasına dair cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsindən aidiyyəti üzrə məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötru ki, o, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmİş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının əvvəllərində Gəncə şəhəri, Atatürk prospekti 237, ev 3, mənzil 16 yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən ‘'Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 26 aprel 2019-cu il tarixdə saat 19:10da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə birlikdə 1 may 2019-cu ildən 26 dekabr 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Bursa şəhərinə getmiş tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının İstanbul şəhərində uşaq baxıcılığı etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra İstanbul şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə birlikdə 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ulin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayıb onun 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra onu 1 sentyabr 2019-cu il tarixdə saat 17:48-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə göndərmiş, şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxs onu qarşılayıb həmin şəhərdə kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 3 sentyabr 2019-cu il tarixdən 19 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində, təkarən insan alveri cinayətini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işininin hazırlıq iclası keçirilib məhkəmə aidiyyəti yoxlanılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair xx.xx.2022-ci il tarixli 1(101)-1064/2022 saylı qərar qəbul edilmişdir Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərərkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələrinin dispozisiyasına görə həmin maddələrlə müəyyən olunmuş cinayət tərkibləri formal quruluşa malik olmaqla, həmin maddələr ilə müəyyən olunmuş cinayət əməli təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri (şəxsləri aldatma yolu ilə zəiflik vəziyyətindən sui- istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayəti) və yaxud hərəkətlərdən birini etdiyi andan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Gəncə şəhəri ərazisində başa çatmış, bu baxımdan cinayət əməlinin törədildiyi yer Gəncə şəhəri hesab olunur və Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən cinayət işini aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli 1(101)-1064/22 saylı məhkəmə iclasının protokolundan görünür ki, dövlət ittihamçısı Cövdət Mehrəliyev bildirmişdir ki, təqsirləndirilən şəxs X1 barəsində olan cinayət işinin məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Gəncə Ağır Cinayətlər Məhkəməsində işin hazırlıq iclası keçirilən zaman Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bldirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edərkən qanunun tələblərinə düzgün əməl etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlarda cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən əməllərin Türkiyə Respublikasında törədildiyi qeyd olunmuşdur. Hər 3 epizod üzrə verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxs X2 tərəfindən təsnifatına görə ağır cinayət hesab edilən hüquqazidd əməllər Aləmzar Kazımova tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərindən ‘'Whatsapp” ani mesajlaşma mübadilə sistemindən zəng edilərək zərərçəkmiş şəxsləri müxtəlif İstanbul şəhərində ayrı-ayrı ünvanlarda pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlardan görünür ki, zərərçəkmiş şəxslər insan alveri məqsədilə cəlb edilərkən 1-ci epizod üzrə zərərçəkmiş şəxs Gəncə şəhərində, 2-ci epizod üzrə zərərçəkmiş şəxs Türkiyə Respublikasında, 3-cü epizod üzrə isə zərərçəkmiş şəxs Bakı şəhərində olmuşdur. Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsinin tələbinə görə xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 120-28275-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş, 22 avqust 2022-ci il tarixli 1(100)-378/2022 saylı məcburi gətirmə haqqında qərarın icrası ilə əlaqədar olaraq bir sıra əməliyyat-profilaktiki tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində, xx.xx.1987-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olmuş, Şəki rayonunun Baltalı ərazi dairəsi, Baltalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs, yaşadığı, qərarda qeyd olunan, ünvan 2 ünvanında müəyyən olunmamışdır. Qonşularla aparılan söhbətlərdən məlum olur ki, Təqsirləndirilən şəxs nadir hallarda həmin ünvanda qalmasına baxmayaraq son zamanlar ümumiyyətlə görünmür. Müxtəlif ünvanlarda yaşayan tanışlarının evində gizlənməsi barədə məlumatlar əldə olunsa da konkret ünvanını öyrənmək mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşaması qeyd olunsa da, sonuncu ümumiyyətlə həmin ünvanda yaşamamışdır. Cinayət işinin materiallarında olan portaldan rəsmi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan Şəki rayonu, Baltalı ərazi dairəsi, Baltalı kəndidir. Odur ki, Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işini təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər proses iştirakçıları cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası CPM-in 77-ci maddəsində göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduqda cinayət işi bir məhkəmədən digərinə müvafiq apelliyasiya məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 74.6, 75.1.,75.2, 77 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin sədrinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar