Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1008/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumilikdə təmiz çəkisi 3,855 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Socar Petroleum” yanacaqdoldurma məntəqəsindəki kafenin önünə daşımış, 13 dekabr 2020-ci il tarixdə saat 02:45 radələrində orada Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli “Nike” emblemli gödəkçənin baş örtüyü hissəsindən iki ədəd yumurta formalı “Kinder” şokolad qablarının içərisində hər bir qutuda 4 ədəd olmaqla ümumilikdə 8 ədəd sellofana bükülmüş təmiz çəkiləri 0,488 qram, 0,382 qram, 0,473 qram, 0,528 qram, 0,798 qram, 0,390 qram, 0,501 qram və 0,295 qram olan ümumi təmiz çəkisi 3,855 qram xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, mobil telefonların təmiri ilə məşğul olmuşdur. Təxminən yeddi-səkkiz ay olardı ki, hamının “şüşə” adlandırdığı psixotrop maddə hesab olan metamfetamini falqanın üzərində yandırıb çəkməklə qəbul etmişdir. Son zamanlar metafetamindən daha çox istifadə etdiyindən özü üçün daha çox metafetamin əldə etmək qərarına gəlmişdir. “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin online satışının həyata keçirilməsi barədə məlumatı olduğundan 12 dekabr 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində “İnstagram” sosial şəbəkəsində özünə məxsus “001 Bayramov”səhifəsindən narkotik vasitələrin və psixotrop maddələrin onlayn satışını həyata keçirən tanımadığı şəxsin “zakladka baku” səhifəsini tapmışdır. Həmin səhifəni işlədən şəxs profilində narkotik vasitələrin satışı ilə bağlı qeydlər etmiş və +**********63 nömrəsini yerləşdirmişdir. O, ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi “WhatsApp” proqramından həmin nömrənin “WhatsApp”ına mesaj yazaraq 4 qram metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxs ümumilikdə 8 ədəd bükümdə, təxminən 4 qram çəkidə olan metamfetamini ona 180 manata satacağını söyləmiş, o da razılaşmışdır. Bundan sonra o, həmin şəxs hazırda xatırlamadığı bank hesab nömrəsinin fotoşəklini “Whatsapp” vasitəsi ilə ona göndərmişdir. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsi ilə həmin hesab nömrəsinə 180 manat pul köçürmüş və pulun qəbzini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs Binəqədi rayonunda “Gənclər şəhərciyi” kimi tanıdığı yerin yaxınlığında “156 evakuator” xidmətinin reklam lövhəsinin altına qoyulmuş metamfetaminin şəklini göndərərək həmin yeri ona başa salmışdır. O, həmin gün saat təxminən 14 radələrində həmin yerə gedərək “156 evakuator” xidmətinin reklam lövhəsinin altından iki ədəd yumurta formalı “Kinder” şokolad qablarının içərisində 8 ədəd sellofan kəsiyinə bükülmüş metafetaminləri götürmüşdür. 13 dekabr 2020-ci il tarixdə saat 02:45 radələrində idarə etdiyi ”Khazar 1x” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən H.Əliyev prospektində yerləşən “Socar Petroleum” yanacaqdoldurma məntəqəsindəki kafenin önündə saxlayıb kafenin qarşısında dayanmışdır. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində metamfetamin olduğuna görə polis əməkdaşlarının ona yaxınlaşmasından bərk həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığı üçün onlarla birlikdə 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər, o da etiraz etməmişdir. Polis Şöbəsinə daxil olarkən onun ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Xiomi Redmi” markalı mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirələcəyi bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan ağ rəngli üzərində “Nike” markasının emblemi yazılmış idman gödəkcəsinin “kapişon”undan iki ədəd “Kinder” şokolad qutusunun çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qabların hər birinin içərisindən 4 ədəd, ümumilikdə 8 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O, metamfetamini satmaq, eləcə də kiməsə pay vermək niyyətində olmamış, onları öz istifadəsi üçün almışdır. Sonuncu dəfə aldığı metamfetamindən istifadə etməmiş, onu üzərində gəzdirmişdir ki, ailə üzvləri onun bu cür maddələrdən istifadə etməsindən xəbardar olmasın. Polis əməkdaşları tərəfindən saxlanılmasaydı metamfetamini gizlədəcəkdi. Üzərindən aşkar olunmuş metamfetamini 8 bükümə o, özü ayırmamış, “İnstagram”da tanımadığı səhifədən aldığı metamfetamini hər birində 4 büküm olmaqla iki ədəd yumurta formalı “Kinder” şokolad qablarında əldə etmiş və elə həmin vəziyyətdə də üzərində gəzdirmişdir. O, psixotrop maddələr satan şəxsdən ayrı-ayrı bükümlərdə metamfetamin istəməmiş, sadəcə öz istifadəsi üçün 4 qram metamfetamin sifariş vermişdir. İstifadəsində olan “Xiomi-redmi” markalı mobil telefonu tez-tez format edərək yaddaşında olan məlumatları sildiyi üçün “WhatsApp” və “İnstagram”proqramında psixotrop maddə əldə etməsi ilə bağlı olan yazışmaların hamısı silmiş, həmçinin “Milliön” ödəniş terminalında ödəniş edərkən aparatdan çap etdirdiyi qəbzi cırıb atmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş diskdə olan məlumatlara əsasən ***-***-**-** mobil nömrəsinin X4 adına olması barədə məlumatı olmamış, həmin şəxsi tanımır. O, həmin mobil nömrəni metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mobil telefonların alqısatqısı mağazasından almış və nömrənin öz adına rəsmiləşdirildiyini zənn etmişdir. Həmin nömrə hər zaman, o cümlədən 01 dekabr 2020-ci il tarixindən 13 dekabr 2020ci il tarixinədək olan müddətdə onun istifadəsində olmuş, ondan başqa heç kim istifadə etməmişdir. 02 dekabr 2020-ci il tarixdə saat 22:46-da “Qaqulya men gelirem yoldayam, 1 qramm pati , 2 qramm kakos hazir ele olari sennen goturen kimi gedecem kende verecem o emanetleri qayidacam senin yanina 2 qramm pati, 6 qramm kofe goturecem. Yeniki qaqa sehere kimi iwdiyecem, her abarot getdiyce coxaldacam pulu” məzmunlu mesajı göndərən ***-***-**-** mobil nömrənin kimə məxsus olduğunu və mesajı yazan şəxsin kim olduğunu xatırlamır. Həmin mesajlarda söhbət narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əldə edilməsindən gedir. Yəqin nömrə istifadəçisi onun psixotrop maddələrdən istifadə etdiyini bildiyi üçün mesaj yazmaqla ona pati, yəni metamfetamin, kakos və kofe, yəni heroin verməsini xahiş etmişdir. Mesajda qeyd olunan “Yeniki qaqa sehere kimi iwdiyecem, her abarot getdiyce coxaldacam pulu” sözlərinin mənasını isə bilmir. Çünki o, narkotik vasitələrin satışı ilə məşğul olmur və heç kimə də pul müqabilində nə psixotrop maddə, nə də narkotik vasitə olan heroin satmamışdır. Onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 05 pati lazimdi” məzmunlu, 03 dekabr 2020-ci il tarixdə saat 17:06-da “15 deyqiye catiram mehliye Harda goruwey” məzmunlu mesajları göndərən ***-***-**-** mobil nömrənin kimə məxsus olduğunu və mesajı yazan şəxsin kim olduğunu xatırlamır. Lakin həmin danışıqlarda söhbət psixotrop maddə metamfetaminin əldə edilməsindən gedir. Yəqin nömrə istifadəçisi onun psixotrop maddələrdən istifadə etdiyini bildiyi üçün ona pati, yəni metamfetamin verməyini xahiş etmişdir. 03 dekabr 2020-ci il tarixdə saat 19:56-da ona “İsi kola lazimdi tecili hardasan yigda meni” məzmunlu mesaj göndərən ***-***- **-** nömrəsinin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını da xatırlamır, danışıqlar heroinin əldə edilməsindən gedir. Adı İsmayıl olsa da, tanışları onu “İsi” kimi də çağırırlar, mesajda qeyd olunan İsi adlı şəxs də o özüdür. Onun da psixotrop maddələrdən istifadə etdiyini bilən şəxs yəqin bu səbəbdən də ona mesaj yazmaqla kola, yəni heroin verməyini xahiş etmişdir. 04 dekabr 2020-ci il tarixdə saat 21:48-də ona “Kola var 5 dy” məzmunlu mesaj göndərən ***-***-**-** abonent nömrəsinin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını hal-hazırda xatırlamır, danışıqlar narkotik vasitə heroinin əldə edilməsindən gedir. 05 dekabr 2020-ci il tarixdə saat 21:47-də ona “15 manatim var hormeti ismayl cenablari satciniza muraciyet ede bilersiz mene yarim letiriy vitirinen kola versin olanim odu ozde yadan cixmiyibsa mene hediye vermeli idin hediyee ozde)) men ne sirtig muwderiyeum. Nedi yene kutarana yaxin yigmiwam adboylirsan diyen sikiwen mamente yigirame mende)))” məzmunlu, 06 dekabr 2020-ci il tarixdə saat 23:02-də “Qardawimsan falqa getir bir balac 10 duzelir atirim karta” məzmunlu mesajları göndərən ***-***-**-** mobil nömrəsinin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını hal-hazırda xatırlamır, danışıqlar narkotik vasitə heroinin əldə edilməsindən gedir. Yəqin nömrə istifadəçisi onun psixotrop maddələrdən istifadə etdiyini bildiyi üçün ona kola, yəni heroin verməyini xahiş etmiş, falqanı isə metamfetamin çəkmək üçün istəmişdir. Lakin, o, narkotik vasitə satışı ilə məşğul olmur, heç kimə də pul müqabilində nə psixotrop maddə, nə də narkotik vasitə olan heroin satmamışdır. 07 dekabr 2020-ci il tarixdə saat 03:33-da “Qaqa noldu nece eliyey uwaglari ozumnen yola saliram seher yuxu tutdu diyen seni? Emanatei ehmedliye getmemiw ya bir yereqoyki goturum saba birki Adam var seher lomkada yigacaglar rasgodumu olarnan cixardiram evde tek olacam gelen bilsen gelersen murebeynen cay vereremsene icib gedersen yaxwi arxayinam sene” məzmunlu, 09 dekabr 2020-ci il tarixdə saat 22:07-də “Kola lazimdi bir meter” məzmunlu mesajları göndərən ***-***-**-** mobil nömrəsinin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını xatırlamır, danışıqlar heroinin əldə edilməsindən gedir. “Lomka” sözü narkomanlar arasında jarqonda narkotik və ya psixotrop maddə istifadə etməyəndə narkomanların ağrıları olanda düşdükləri vəziyyətə deyilir. 12 dekabr 2020-ci il tarixdə saat 06:29-da ona “İsi yari pati var usaqnan gelrem” məzmunlu mesaj göndərən ***-***-**-** mobil nömrənin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını xatırlamır, danışıqlar heroinin əldə edilməsindən gedir. İstintaq zamanı ********** mobil nömrəsinin əldə edilmiş məlumatlarına əsasən orada olan onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinin mesaj mətnlərində yazılmış “patı”, “kakos”, “kola”, “kofe”, “emanet”, “falqa” sözləri narkomanların jarqonudur. Belə ki, “patı” psixotrop maddə olan metamfetamin, “kakos”, “kola”, “kofe”, “emanet” narkotik vasitə olan heroin, “falqa” isə psixotrop maddə olan metamfetamini çəkmək üçün istifadə edilən nazik aliminium kağız anlamındadır. ***- ***-**-** nömrəsinin əldə edilmiş məlumatlarına əsasən “İsi 10 nugum var heresinnen 5 alinar?”, 04 dekabr 2020-ci il saat 22:34-də “İsi yasar der yesiy alinir 25 30 manat pul birde ne vere biler ustunde” məzmunlu mesajları göndərən ***-***-**-** abonent nömrəsinin kimə məxsus olmasını və mesajı yazan şəxsin kim olmasını, danışığın nə barədə olmasını xatırlamır. ***-***-**-** mobil nömrəsinin məlumatlarındakı 07 dekabr 2020-ci il tarixdə saat 13:59-da “Yeke adamsan qapidayam cix isim var”, 07 dekabr 2020-ci il tarixdə saat 15:09-da “Boyuk adboynu peraparator var istiyirsen”; 07 dekabr 2020-ci il tarixdə saat 18:14-də “15Manatagelim” məzmunlu mesaj mətinləri göndərilmiş ***-***-**-** mobil nömrənin kimə məxsus olmasını, mesajı yazan şəxsin kim olmasını və danışığın nə barədə olmasını xatırlamır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Şahid1 göstərdi ki, hal-hazırda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantıdır. 13 dekabr 2020-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə gecə növbəsində xidmətdə olarkən saat 02:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ünvanında “Socar Petroleum” yanacaqdoldurma məntəqəsindəki kafenin önündə “Khazar İX” markalı **-VJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin və bir nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Sənədlərin yoxlanışı zamanı həmin şəxsin özünü şübhəli aparmasını, dağınıq cavablar verməsini və tez bir halda onlardan yayınmaq istəməsini hiss etmişlər. Həmçinin onu narkotik vasitə və ya psixotrop maddə istifadəçisinə bənzətdiklərindən üzərində və ya avtomobilində narkotik vasitə ola biləcəyini ehtimal edərək onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində onlar bu barədə raportla məruzə etmişlər, daha sonra araşdırmanın aparılması təhqiqatçı Sənan Qazıyevə həvalə edilmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı bildirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o da əynindəki ağ rəngli üzərində “Nike” emblemi yazılmış gödəkçənin “kapişon”undan iki ədəd yumurta formalı “Kinder” şokolad qablarını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qabların hər birinin içərisindən 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd şəffaf sellofan bükümlərində kristal formalı ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilən bükümlərdəki maddənin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 12 dekabr 2020-ci il tarixdə onlayn olaraq tanımadığı və adını bilmədiyi şəxsdən 8 bükümdə olmaqla 180 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr götürülərək zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Zərf və axtarış aparılması barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Onlar və ya Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində olarkən digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki güc və ya təsir olmamışdır. Bundan sonra, onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar İX” markalı **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki ağ rəngli üzərində “Nike” emblemi yazılmış gödəkçənin “kapişon”undan iki ədəd “Kinder” şokolad qabını çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin qablarının hər birinin içərisindən 4 ədəd olmaqla ümumilikdə 8 ədəd şəffaf sellofan bükümlərində kristal formalı ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı İsmayıl Babayev ondan aşkar edilən bükümlərdəki maddənin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olmasını, həmin maddələri 12 dekabr 2020-ci il tarixdə onlayn olaraq tanımadığı və adını bilmədiyi şəxsdən 8 ədəd bükümdə olmaqla 180 manata aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 159 saylı möhür ilə möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir (cild 1, iş vərəqə 28-29). Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 12-ci Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman ona hüquq və vəzifələri izah edilərək üzərində qanunla əldə edilməsi, daşınması qadağan edilən hər hansı predmet və ya əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki ağ rəngli üzərində “Nike” emblemi yazılmış gödəkçənin “kapişon”undan iki ədəd yumurta formalı “Kinder” şokolad qablarını çıxararaq masanın üzərinə qoymaqla təqdim edir. Həmin qabların hər birindən 4 ədəd, ümumilikdə 8 ədəd şəffaf sellofan bükümlərində kristal formalı ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilir. Sorğu zamanı İsmayıl Babayev ondan aşkar edilən bükümlərdəki maddənin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olmasını, həmin maddələri 12 dekabr 2020-ci il tarixdə “İnstagramdan” onlayn tapıb əlaqə qurduğu tanımadığı və adını bilmədiyi şəxsdən 8 ədəd bükümdə olmaqla 180 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış aparılır, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr götürülərək zərfə qoyulur və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilir (cild 1, iş vərəqə 55-56). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair telefon məlumatları olan bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə “X3” , “SMS Tarixçəsi”, “SMS Tarixçəsi” və “Zənglərin Detallaşması” adlı 4 ədəd “PDF” formatlı fayllar olması müşahidə edilir. Həmin diskdə olan “X3” adlı fayl açıldıqda orada ********** mobil nömrənin 07 avqust 1999-cu il təvəllüdlü X4 adına olmasına dair məlumatlar vardır. “SMS” tarixçəsi adlı 2-ci “pdf” formatlı fayl açıldıqda orada ********** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilmişdir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı yazışma olması müşahidə edilmir. “SMS” tarixçəsi adlı 3-cü “pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ********** mobil nömrəsinə gələn mesaj mətinlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda – 02.12.2020-ci il 22:46-da **********80 nömrəsindən “Qaqulya men gelirem yoldayam, 1 qramm pati , 2 qramm kakos hazir ele olari sennen goturen kimi gedecem kende verecem o emanetleri qayidacam senin yanina 2 qramm pati, 6 qramm kofe goturecem. Yeniki qaqa sehere kimi iwdiyecem, her abarot getdiyce coxaldacam pulu”, 03.12.2020-ci il saat 17:05-də **********79 nörməsindən göndərilmiş “05 pati lazimdi” məzmunlu, həmin tarixdə saat 17:06-da **********79 nömrəsindən “15 deyqiye catiram mehliye Harda goruwey”; 03.12.2020-ci il tarixdə saat 19:56-da **********53 nömrəsindən “İsi kola lazimdi tecili hardasan yigda meni”; 04.12.2020-ci il tarixdə saat 21:48-də **********57 nömrəsindən “Kola var 5 dy”; 05.12.2020-ci il tarixdə saat 21:47-də **********53 nömrəsindən “15 manatim var hormeti ismayl cenablari satciniza muraciyet ede bilersiz mene yarim letiriy vitirinen kola versin olanim odu ozde yadan cixmiyibsa mene hediye vermeli idin hediyee ozde)) men ne sirtig muwderiyeum. Nedi yene kutarana yaxin yigmiwam adboylirsan diyen sikiwen mamente yigirame mende)))” 06.12.2020-ci il tarixdə saat 23:02-də **********53 nömrəsindən “Qardawimsan falqa getir bir balac 10 duzelir atirim karta” 07.12.2020ci il tarixdə saat 03:33-da **********79 nömrəsindən “Qaqa noldu nece eliyey uwaglari ozumnen yola saliram seher yuxu tutdu diyen seni? Emanatei ehmedliye getmemiw ya bir yereqoyki goturum saba birki Adam var seher lomkada yigacaglar rasgodumu olarnan cixardiram evde tek olacam gelen bilsen gelersen murebeynen cay vereremsene icib gedersen yaxwi arxayinam sene”; 09.12.2020-ci il tarixdə saat 22:07-də **********79 nömrəsindən “KOla lazimdi bir meter”; 12.12.2020-ci il tarixdə saat 06:29-da **********67 nömrəsindən“İsi yari pati var usaqnan gelrem” məzmunda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətinləri olması müşahidə edilmişdir. “Zənglərin Detallaşdırılması” adlı “pdf” formatlı fayl açıldıqda orada 88 səhifədən ibarət 01.12.2020-ci il tarixindən 13.12.2020-ci il tarixinədək ***-***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyən olunmuşdur (cild 1, iş vərəqə 158-172). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair telefon məlumatları olan 1 ədəd DVD diskinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, orada “X3”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X2” adlı 5 ədəd “PDF” formatlı fayl vardır. Həmin diskdə olan “X3” adlı 1-ci fayl açıldıqda orada ***-***-**-** mobil nömrənin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına olmasına dair məlumat vardır. “SMS” tarixçəsi adlı 2-ci “pdf” formatlı fayl açıldıqda orada ***-***-**- ** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, daşınması və satışı ilə bağlı hər hansı yazışma olması aşkar edilməmişdir. “SMS” tarixçəsi adlı 3-cü “pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ***-***-**-** mobil nömrəsinə gələn mesaj mətnlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda 04.12.2020-ci il tarixdə saat 21:59-da **********57 nömrəsindən “İsi 10 nugum var heresinnen 5 alinar?”; 04.12.2020-ci il saat 22:34-də **********57 nömrəsindən “İsi yasar der yesiy alinir 25 30 manat pul birde ne vere biler ustunde”; 07.12.2020-ci il tarixdə saat 13:59-da **********96 nömrəsindən “Yeke adamsan qapidayam cix isim var”; 07.12.2020-ci il tarixdə saat 15:09-da **********96 nömrəsindən “Boyuk adboynu peraparator var istiyirsen”; 07.12.2020-ci il tarixdə saat 18:14-də **********96 nömrəsindən “15Manatagelim” məzmununda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhə doğuran mesaj mətnlərinin olması müşahidə edildi. “Zənglərin Detallaşdırılması” adlı 4-cü “pdf” formatlı fayl açıldıqda orada 130 səhifədən ibarət 01.12.2020-ci il tarixindən 13.12.2020-ci il tarixinədək ***- ***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyən olunmuşdur.“X2” adlı 5-ci “pdf” formatlı fayl açıldıqda orada bir səhifdən ibarət müxtəlif “xxxx” abonentlərinin sahiblərinə dair məlumatlar olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 152-157). Məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2020-ci il tarixli 6/2709 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” sözlər və imzalar olan bir ədəd zərfdəki ümumi sayı 8 (səkkiz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,488 qr, 0,382 qr, 0,473 qr, 0,526 qr, 0,798 qr, 0,390 qr, 0,501 qr, 0,295 qr, ümumi təmiz çəkisi - 3,855 qram ağ rəngli maddələr xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 3,695 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 mart 2021-ci il tarixli 786 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 140-141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 123-124). Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 03 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 228-230). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 dekabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17, 58-59, 77-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,695 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd qara rəngli, **********88893 və **********18899 İMEİ kodlu “Xiome-redmi” markalı mobil telefon aparatı üzərindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan iki ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,695 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd qara rəngli, **********88893 və **********18899 İMEİ kodlu “Xiome-redmi” markalı mobil telefon aparatı üzərindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan iki ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1008/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1008/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver