Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1015/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 iştirakları ilə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda - 9,158 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə saat 13.30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada saat 15.36-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli parçadan hazırlanmış pencəyinin sol yan cibində 01 ədəd sellofan bükümün içərisində olan 06 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,475 qram, 1,490 qram, 1,513 qram, 1,637 qram, 1,535 qram və 1,508 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 9,158 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun narkotik vasitələrin ifstifadəsində və satışında heç bir iştirakı və ya günahı yoxdur. 2020-ci ilin oktyabr aynın sonralarında həbs olunmamışdan əvvəl Ayaz adlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı yaşadığı Sabunçu rayon Bilgəh qəsəbəsinin sahə müvəkkili Bəhruz adlı polis əməkdaşı vasitəsi ilə qardaşına ***-***-**-** telefon nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Həmin nömrəyə zəng edəndə Ayaz adlı polis əməkdaşı onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. O da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada ondan narkotik vasitələrdən istifadə edib etmədiyi soruşulmuş, o da istifadə etmədiyini demişdir. Ona onu narkoloji ekspertizadan keçirəcəklərini bildirmişlər, o da heç bir problem olmadığını bildirmişdir. Onu narkoloji ekspertizadan keçirməmişlər, sonra Ayaz onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin idarə rəisi Müzəffər müəllimin yanına aparmışdır. Müzəffər müəllim ondan hər hansı qanunsuz işlə məşğul olub olmadığımı soruşmuş, o da iki dəfə Kərbəla ziyarətində olduğunu, heç bir qanunsuz işlərlə məşğul olmadığını demişdir. Müzəffər müəllim ona “səni həbs elətdirərdim, ancaq etmirəm, get, birdə bura düşsən səni həbs elətdirəcəm” demişdir. X5 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxıb evinə getmişdir. Həmin vaxtdan 5-6 gün sonra onu sahə müvvəkili yenə çağırmış və bildirmişdir ki, sənin oğlunun barəsində şikayət vardır. O, sahə müvvəkilinin yanına gedəndə sonuncu ondan soruşmuşdur ki, “sən nə etmisən ki, hər yerdən sənin haqqında məlumat istəyirlər və mən də sənin barəndə xasiyətnamə verirəm”. O ona heç bir qanunsuz işlə məşğul olmadığııı, bütün gününü həyətdə saxladığı göyərçinlərə baxmaqla keçirdiyini demişdir. Bəhruz ona çıxıb getməsini demiş, o da onun otağından çıxıb gedəndə Sabunçu rayonu Bilgəh icra nüməyəndəliyinin həyətində iki nəfər ona yaxınlaşaraq, özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və onu işlədikləri idarəyə aparmağa gəldiklərini demişlər. O da onlara bir neçə gün əvvəl Müzəffər müəllimin yanında olmasını, heç bir qanunsuz işlə məşbul olmadığını bildirmişdir. Onlar ona getməli olduğunu deyərək onu təxminən 30 dəqiqəyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Yolda maşında ona onda odlu silah olmasını və həmin silahı onalara təhvil verməsini bildirmişlər. O da onda silah olmamasını bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də ondan silahının olub olmadığını soruşmuşlar, o orada da onda silah olmadığını bildirmişdir. Onun mədə hissəsinə yumraqla vuraraq düz danışmağını demişlər. Sonra otaqda olan seyfin qapısını açaraq, narkotik vasitə çıxarıb ona demişlər ki, boyununa qoyacaqlar ki, bu narkotik vasitə ondan aşkar olunub. O bildirmişdir ki, onu öldürsələr də narkotiki üzərinə götürməyəcəkdir. Otağa bir neçə nəfər polis əməkdaşı da yığaraq ona demişlər ki, əgər narkotik vasitənin ona məxsus olması barədə ifadələrə imza etməsə onun ailəsini də oraya gətirəcəklər. Narkotik vasitələrin satışında iştirakçı olduqları kimi qeydiyyata salıb onları da həbs edəcəklər. O da ailəsini yalandan ittiham edib həbs etməsinlər deyə onların dediklərini etmək məcburiyyətində qalmışdır. Onların yazdıqları ifadələri imzalamışdır ki, güya onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Əslində isə onun üzərində narkoik vasitə olmamışdır. O, ailəsinin həbs ediləcəyindən qorxduğu üçün ilkin olaraq onların dediklərini etmək məcburiyyətində qalmış və vidioçəkilişlə güya üzərindən narkotik vasitə aşkar olunması görüntüsünü məcburən vermişdir. O əvvəllər narotik vasitə istifadə etdiyi üçün həbs olunmuş, həbsdən çıxdıqdan sonra iki dəfə Kərbəla ziyarətində olmuş, sonra tövbə etmiş və narkotik vasitələrdən istifadə etməmişdir. Onu döyən polis əməkdaşları Namiq və Elsevər olmuşdar. Üzərinə nakotik vasitəni polislər qoymuş, şəxsi axtarış zamanı vidiogörüntu olanda polislər ona fiziki təsir göstərməmişlər. Vidioçəkilişdə əvvəl polislər ona fiziki təzyiqlər etmişlər. 2020-ci ilin oktyabr ayı və noyabr ayının 2-ə dək ***-***-**-** nömrəsini işlətmişdir. Yaşadığı ərazinin sahə müvəkkili Bəhruz adlı polis əməkdaşı qardaşı Tacəddinə 2020-ci ilin oktyabr ayının sonlarında telefon nömrəsi vermişdir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı ilə əlaqə saxlasın. Nömrə verilən gün o həmin nömrə ilə (***-***-**-**) əlaqə saxlamış, Ayaz adlı polis əməkdaşının işi olduğuna görə həmin gün ora gedə bilməmiş, həmin gün görüşə bilməmiş, 1-2 gün sonra o, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, idarənin qapısına getmiş, həmin şəxsə zəng vurmuş, o da gəlib onu qapıdan götürüb içəriyə aparmışdır. Ona vəkili bir dəfə, videoçəkiliş aparılanda təqdim etmişlər. Təcridxanada olanda şikayətlər etmiş, onu ekspertizadan 2021-ci ilin aprelin 09-da keçirib onda xəsarət olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1997-ci ildən etibarən narkotik vasitənin heroin növündən istifadə edir. Belə ki, o, narkotik vasitə heroini yandıraraq falqada tüstüsünü qəbul etmək yolu ilə istifadə etmişdir. 2009-cu ildən sonra isə o, nakotik vasitə olan heroindən istifadə etməyi demək olar ki tərgitmişdir. Həmin vaxtdan etibarən o, narkotik vasitə olan nəşədən istifadə etmişdir. Lakin, əlinə narkotik vasitə heroin düşdüyü vaxtlar ondan da istifadə etmişdir. Əvvəllər məhkum olunmuş və təxminən 2020-ci ilin may ayında azadlığa çıxmışdır. Bildirmişdir ki, 2009-cu ildən etibarən o, əlinə düşdüyü zaman narkotik vasitə olan heroin istifadə etmişdir. Əvvəllər istifadə etmiş olduğu narkotik vasitə heroini tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Qeyd etmişdir ki, 01 noyabr 2020-ci il tarixdə axşam vaxtı o, narkotik vasitə olan heroin qəbul etmək istəmişdir. Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Şərif” adlı şəxsin narkotik vasitə satmasını bilmişdir. Çünki, bu barədə eşitmişdir. O, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində olan “Şərif” adlı şəxsi taparaq ondan şəxsi istifadəsi üçün 1 ədəd sellofan bükümün içərisində 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almış və bunun qarşılığında “Şərif” adlı həmin şəxsə 100 manat pul vermişdir. Aldığı həmin narkotik vasitəni o, əldə etdikdən sonra üzərində saxlayaraq yaşadığı ünvana getmişdir. 02 noyabr 2020-ci il tarixdə o, günorta radələrində əldə etdiyi narkotik vasitəni üzərində götürərək yaşadığı ünvandan çıxmış və həmin tarixdə saat təxminən 13:30 radələrində ünvan 4 ünvanının yaxınlığında olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan pencəyinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli pencəyinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, pencəyinin sağ yan cibində olan bir ədəd “Nokia” markalı telefonu və cins şalvarının sağ yan cibində olan 20 manat pulu çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisində 06 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin 06 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 06 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 01 noyabr 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Şərif” adlı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 06 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. O, üzərindən narkotik vasitə heroin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşmandır. Bundan sonra üzərində şəxsi axtarış aparılmasına dair protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş, ona protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. O və digər iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ifadəsinin düzgün olmadığını, həmin ifadələri təyziq altında imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2020-ci il tarixdə ona Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi, yəni satışı ilə məşğul olmasıbarədə məlumat daxil olmuş, o da məlumat barədə rəhbərliyə məruzə edəndən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid2 da daxil edilmişdir. Əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Onlar Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan küçəsinə gedərək Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu narkotik vasitələrin dövriyyəsi ilə şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin də iştirakı ilə onun üzərinə vidiogörüntü ilə baxış keçirilmiş və üzərindən 6 büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir zorakılıq və təzyiq olunmamışdır. Ələsgər adlı şəxsin barəsində məlumat ona 02 noyabr 2020-ci il tarixdə şifahi formada daxil olmuş, saat neçədə daxil olması yadında deyildir. O da işlədəyi idarənin rəhbərliynə məruzə etmişdir. Ələsgəri həmin gün saat 13.30-da saxlamışlar, sonra dərhal birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarəyə təxminən neçə dəqiqəyə çatdıqlarını isə xatırlamır. Ələsgəri saxlayarkən qeyd olanan qərarda göstərilən kimi şərait olmadığı üçün dərhal üzərinə baxış keçirə bilməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisində sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs onun xidmət apardığı ərazidə yaşayır. Xidmət etdiyi ərazi üzrə əvvəllər məhkum olunmuş şəxsləri nəzarətə götürürür və mütəmadi olaraq onlarla yenidən cinayət törətməmələri ilə bağlı proflaktik söhbətlər aparır. Ələsgər də cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra onun yaşadığı ünvana getmiş, şəxsən onunla görüşmüş və ona bildirmişdir ki, yanına gəlsin ki, onu da nəzarətə götürsün. Ondan sonra 2020-ci ilin oktyabr ayınının sonlarında Ələsgərin oğlu X1 ilə bağlı Sabunçu rayon prokurorluğundan ona zəng gəlmiş və Kənanın hərbi səfərbərlikdən yayındığı bildirilmişdir. O da Ələsgərlə telefonda əlaqə saxlaya bilmədiyi üçün sonuncunun qardaşı Tacəddinə zəng edib Kənanın prokurorluğa yaxınlaşmasını bildirmişdir. Tacəddin də ona demişdir ki, həmin məsələni özləri həll edəcəklər. Ondan sonra da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona zəng olunmuş, Təqsirləndirilən şəxs həmin idarəyə yaxınlaşması bildirilmişdir. O da Ələsgərə zəng etmiş, telefonuna zəng çatmadığı üçün onun qardaşı Tacəddinə zəng edib, Ələsgərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşmasını bildirmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Ələsgər onun xidməti otağına gəlmiş və o da ona bildirmişdir ki, hər ay gəlib qeydiyyatdan keçməlidir. Bundan başqa Ələsgərə demişdir ki, oğlu Kənanı da özü ilə gətirsin, ona görə ki, hərbi prokuroluqdan oğlu ilə bağlı ona zənglər gəlir. Ələsgər də həmin məsələninin öz həllini tapdığını demişdir. Həmin vaxt Ələsgərdən soruşmuşdur ki, onun barəsində müxtəif orqanlardan ona zənglər gəlir, o da bildirmişdir ki, heç bir qanunsuz hərəkətlə məşğul deyil və cinayətkarlıqdan da qəti şəkildə uzaqdır. O da ona demişdir ki, əsas onu oğluna görə çağırmışdır. İndi ona lazım deyil, getsin, ancaq hər ayın əvvəli profilaktik söhbətlərin aparılması barədə qeydiyyatdan keçməsi üçün onun xidməti otağına yaxınlaşsın. 2020ci ilin noyabr ayının əvvəllərində onu yenidən yanına çağırmış, bir neçə dəqiqə söhbət edəndən sonra Ələsgər getmişdir. Həmin gün onun qardaşı Tacəddin zəng edərək Ələsgərin onun yanında olub-olmadığını soruşmuş, o da Ələsgərin onun yanından bir neçə dəqiqə olandan sonra çıxıb getməsini bildirmişdir. Ələsgərin qardaşı onu tapa bilmədiklərini, onun itkin düşdüyünü demiş, o da ərazi üzrə polis bölməsinə ərizə ilə müracət etmələrini, sonra isə DİN 102 xidmətinə zəng edib məlumat vermələrini bildirmişdir. Onun səhərisi günü 102 xidmətindən gələn məlumatdan bilmişdir ki, Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb həmin idarəyə aparmışlar. DİN-nin 015 nömrəli əmrinə əsasən məhkum olunmuş şəxslərin cəzalarını çəkib qurtardıqdan sonra 3 il müddətində yaşadığı ünvan üzrə qeydiyyata götürülməsi və profilaktik yığım işi açılır, bir nüsxəsi DİN-ə göndərilir, bir nüsxəsi də yerdə saxlanılır. Ələsgərlə bağlı ona bir neçə məlumat da daxil olmuşdu ki, Ələsgər qruplaşma yaradır, Ələsgər kimlərisə hədələyir. Bu məzmunda məlumatlar ona gəlmişdir. Ələsgər yanına gələn gün Sabunçu rayon İcra Hakimiyətinin başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin həyətində maşın olsa da hansı maşınların dayanmasına fikir verməmişdir. Ələsgər onun yanından otaqdan çıxandan sonra o başqa vətəndaşı çağırmaq üçün qapıya çıxmış, həmin vaxt Ələsgər Sabunçu rayon İcra Hakimiyətinin başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini ilə söhbət edirmiş. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o şəxsi avtomobili ilə taksi xidməti ilə məşğul olur. Ələsgər bəzən ona zəng edir və o da onun saxladığı toyuqlara və quşlara buğda dəni alıb aparır. Tarixini xatırlamadığı gün Ələsgər ondan xahiş etmişdir ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparsın. O da Ələsgəri Maştağa qəsəbəsindən onun dayısı oğlu Fikrəti də götürüb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdır. O, avtomobildə gözləmiş, 15 dəqiqə sonra Ələsgər gəlmiş və çıxıb getmişlər. Ələsgər demişdir ki, ondan kiməsə hədə-qorxu gəlməsi barədə soruşublar. Ələsgər görüşdüyü polisin adının Ayaz olduğunu demişdir. Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirəndən 1 həftə sonra eşitmişdir ki, onu həbs ediblər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyətinin başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Ələsgəri ərazidə yaşayan sakin kimi tanımışdır. Ələsgərin atasını da tanımış, Ələsgərin atası Gülağa kişi hörmətli adam olub və uzun müddət Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə işləmişdir. Ələsgər barədə nümayəndəliyə heç bir şikayət daxil olmamış, tarixini xatırlamadığı günün birində Sabunçu RİH başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işə gələrkən Ələsgəri orada görüb söhbət etmişdir. Ələsgərdən nə səbəbə gəldiyini soruşanda Ələsgər onu sahə inspektoru Bəhruzun çağırdığını demişdir. Bir neçə dəqiqə söhbətləşəndən sonra ayrılmışlar, 3-4 gün sonra eşidib bilmişdir ki, Ələsgəri həbs ediblər. O həmin gün işə gələndə Ələsgəri Sabunçu RİH başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin foyesində görmüş, ondan burada nə etdiyini soruşanda demişdir ki, onu sahə müvvəkkili Bəhruz çağırdığı üçün gəlib. Ələsgəri nümayəndəlikdə gördüyü vaxt gün günortaya yaxın imiş, lakin saatın neçə olması yadında qalmamışdır. Həmin gün əraziyə getmiş, işə də ərazidən gəlmişdir. İşə gəlib çatanda Ələsgəri orada görmüşdür. Ələsgər səkinin üstündə dayanmış, sahə müvvəkkili Bəhruz da biraz aralıda olmuş, yanında 1-2 nəfər adam olmuş və onlarla söhbət edirmiş. Ələsgər tək olmuşdur. Həmin vaxt Bəhruzun yanında da bir neçə nəfər şəxs görmüş, lakin onların kim olduğunu bilməmişdir. Ələsgərin narkotik vasitələrdən istifadə etməsi və ya satışı ilə məşğul olması barədə onda heç vaxt məlumat olmamışdır. Onun kriminal qrup, dini qrup yaratmaq barədə onda heç bir şikayət və ya məlumat olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanıyır, tarixini xatırlamadığı vaxt onu rəisləri Müzəffər müəllimin göstərişi ilə idarəyə dəvət edərək əvvəllər məhkum olunmuş şəxs kimi marifləndirici söhbətlər aparmış və yola salmışdır. İdarədə Ələsgəri həmçinin Müzəffər müəllim də qəbul edərək söhbət etmişdir. Ələsgəri işlədiyi idarəyə çağırandan xeyli müddət sonra bilmişdir ki, Ələsgər işlədiyi idarənin əməkdaşları tərəfindən saxlanılmışdır. O, Ələsgərin saxlanılmasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda taksiçi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Ələsgər tarixini xatırlamadığı gün ona zəng edərək onu Bilgəh qəsəbəsinin sahə məntəqəsinə aparmağını xahiş etmiş, o da həmin gün onu saat 11 radələrində ora aparmış və orada düşürüb çıxıb getmişdir. İbtidai istintaq zamanı da müstəntiq ondan Ələsgəri apardığı vaxtı soruşanda demişdir ki, saat 12,1 arası olardı. Sonradan bilmişdir ki, Ələsgəri apardığı vaxt səhər saat 11 radələri olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. O, Maştağa qəsəbəsində yaşayır, tarixini xatırlamadğı gün Ələsgər taksi sürücüsü Elşənlə onun yaşadığı ünvana gələrək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcəyini və ona onunla birlikdə getməyi təklif etmişdir. O da Ələsgərlə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Ələsgər İdarəyə daxil olub 15- 20 dəqiqə sonra İdarədən çıxmış və birlikdə getmişlər. Ələsgər demişdir ki, ondan “kriminalnı” söhbətlərə qarışıb qarışmadığını soruşmuşlar, o da Kərbalayi olduğunu, 3 uşaq atası olduğunu, elə işlərə qarışmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 noyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2020-ci il tarixli 6/2372 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,475 qram., 1,490 qram., 1,513 qram., 1,637 qram., 1,535 qram., 1,508 qram, ümumi təmiz çəkisi – 9,158 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. Heroinin ümumi təmiz çəkisi – 9,158 qram, tədqiqata sərf edildi – ümumi 0,120 qram, ümumi qalıq – 9,038 qram. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 26.01.2021-ci il tarixli 161 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli 306 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş təkrar məhkəmə-narkoloji ekspertizasının 22.02.2021-ci il tarixli 568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs pencəyinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli parçadan hazırlanmış pencəyinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, pencəyinin sağ yan cibində olan bir ədəd “Nokia” markalı telefonu və əynində olan cins şalvarının sağ yan cibində olan 20 manat pulu çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içində 06 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisində 06 ədəd şəffaf sellofan büküm aşkar edildi. Həmin 06 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 01 noyabr 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Şərif” adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi barədə protokoldan müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə «02.11.2020» və «Təqsirləndirilən şəxs» sözləri yazılmışdır. «HP 2011x» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, pencəyinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli parçadan hazırlanmış pencəyinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, pencəyinin sağ yan cibində olan bir ədəd “Nokia” markalı telefonu və əynində olan cins şalvarının sağ yan cibində olan 20 manat pulu çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içində 06 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisində 06 ədəd şəffaf sellofan büküm aşkar edildi. Həmin 06 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 01 noyabr 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Şərif” adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işi üzrə 03 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,475 qram., 1,490 qram., 1,513 qram., 1,637 qram., 1,535 qram., 1,508 qram, ümumi təmiz çəkisi – 9,158 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,038 qram hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün DİN-in BMCMİ-in maddi subutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə 30 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk və DİN-in 102 Xidmətinə daxil olan zəngin audioyazısının surəti olan 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.10.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1; 29; 120.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apelyasiya Məhkəməsinin 18.06.2000-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 128.1; 315.1-ci maddələrinə tövsif edilərək cəzası 02 ilə endirilmiş, 18.07.2001-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 11 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin 20.12.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1ci ilə maddəsi təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Apelyasiya Məhkəməsinin 16.02.2006-cı il tarixli qərar ilə hökm dəyişdirilərək cəzası 02 il 06 aya qədər artırılmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.04.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.2; 234.1; 66.3; 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu rayon Məhkəməsinin 16.12.2009cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilərək barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Sabunçu rayon Məhkəməsinin 25.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1; 67.1; 228.2.2; 234.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1; 221.1; 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş, Xəzər rayon Məhkəməsinin 05.05.2020-ci il tarixli qərarı ilə 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs aşkar edilmiş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,475 qram., 1,490 qram., 1,513 qram., 1,637 qram., 1,535 qram., 1,508 qram, ümumi təmiz çəkisi – 9,158 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,038 qram hissəsi məhv edilməlidir. Cinayət işi üzrə 30 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk və DİN-in 102 Xidmətinə daxil olan zəngin audioyazısının surəti olan 01 ədəd DVD-R formatlı disk və məhkəmə tərəfindən Bakcell” MMC-dən götürülmüş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 108 manat 46 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməsin, lakin o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs aşkar edilmiş altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,475 qram., 1,490 qram., 1,513 qram., 1,637 qram., 1,535 qram., 1,508 qram, ümumi təmiz çəkisi – 9,158 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,038 qram hissəsi məhv edilsin. Cinayət işi üzrə 30 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk və DİN-in 102 Xidmətinə daxil olan zəngin audioyazısının surəti olan 01 ədəd DVD-R formatlı disk və məhkəmə tərəfindən Bakcell” MMC-dən götürülmüş 01 ədəd disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 108 manat 46 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1015/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1015/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver