Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1018/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Xətai rayonu, Köhnə Günəşli qəsəbəsindən istintaqa məlum olmayan şəxsdən satış məqsədilə 300 manat pul müqabilində külli miqdarda 4,583 qram qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 13,263 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetmini əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 20 radələrində Xətai rayon Polis İdarəsinin CAŞ-nin NMB-nin və 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılıb 37-ci PŞ-nə aparılaraq orada videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın altından geyindiyi idman şalvarının sol yan cibindən sellofan kəsiyinə bükülmüş həmin miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, “Dostum” marketin yaxınlığında adını Emin kimi bildiyi şəxsdən 40 manat müqabilində 1 qram heroin və 25 manat müqabilində yarım qram çəkidə metafetamin alıb sonra istifadə etmək üçün cibinə qoyub tanımadığı taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra həmin gün saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində taksidən düşüb gəz-gəzə Mirzə Davud küçəsinə tərəf getmiş, Mirzə Davud küçəsi 11/3 ünvanının qarşısından keçən zaman sonradan polis əməkdaşları olduğunu bildiyi 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində xidməti otaqda üzərinə baxış keçirilən zaman təqdim etdiyi heroin və metafetamini çəkərkən çəkisinin çox olduğunu görmüş, lakin polis şöbəsində tanımadığı polis əməkdaşları tərəfindən rezin dəyənəklə döyüldüyü üçün qorxudan çəkiliş zamanı heç nə deyə bilməmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. O, 1 qram heroin və yarım qram metafetamin almışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün almışdır. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Adını Emin kimi bildiyi şəxsdən 300 manat müqabilində külli miqdarda narkotik və psixotrop maddə almamışdır. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir göstərildiyindən yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 13 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, “Dostum” marketin yaxınlığında adını Emin kimi bildiyi şəxsdən 300 manat pul müqabilində narkotik maddə olan heroin və psixatrop maddə olan metafetamin almış, aldığı narkotiki sonra istifadə etmək üçün əynində olan cins şalvarın altından geyindiyi idman şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşmış, sonra 13 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Mirzə Davud küçəsi 11/3 ünvanının qarşısından keçən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və Xətai rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona özünü şübhəli apardığını deyib üzərində narkotik vasitə olubolmamadığını soruşmuşlar. O da başqa çıxış yolu olmadığını görüb səmimi etiraf edərək narkotik maddə istifadəçisi olduğunu deyib üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Xətai RPİ-nin 37-ci PŞ-də üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının altından geyindiyi qara rəngi idman şalvarının sol yan cibindən 1 ədəd sellofana bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü açdıqda bükümün içərisindən daha 2 büküm çıxmışdır. Daha sonra həmin 2 büküm növbə ilə polis əməkdaşı tərəfindən açılmışdır. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olması soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümdə olan maddənin narkotik vasitə olmasını bildirmişdir. Eyni zamanda polis əməkdaşı ondan həmin narkotiki haradan və kimdən almağını soruşanda o həmin narkotiki saxlanıldığı gün Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün pulunu online vasitə ilə ödəməklə 300 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 46-49; 61-64). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar özünü şübhəli aparan həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs özünü şübhəli apardığını bildirib üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs etiraf edib narkotik vasitə istifadəçisi olduğunu və üzərində 1 büküm şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bundan sonra onlar həmin şəxsi Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin anket məlumatlarını dəqiqləşdirdikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə şöbənin baş təhqiqatçısı Rauf Məmmədovun xidməti otağında onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının altından geyindiyi qara rəngli idman şalvarının sol yan cibindən sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində 2 ədəd büküm olduğu aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metafetamin olduğunu və öz istifadəsi üçün 300 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən içərisində 76 manat olan pul kisəsini və sol yan cibindən 1 qutu siqareti çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şöbənin baş təhqiqatçısı Rauf Məmmədov tərəfindən Təqsirləndirilən şəxs cibləri və ayaqqabısının içərisi yoxlanılmış, lakin üzərindən başqa qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyinə bükülmüş 2 ədəd büküm ayrı-ayrılıqda tərəziyə qoyularaq çəkilmişdir. Bükümlər çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq möhürlənmiş və iştirakçılar həmin zərfi imzaları ilə təsdiq etmişlər. Baxış keçirilməsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 300 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri əldə etməsi, saxlaması və satması barədə onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 Mədət oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 101-103). Cinayət işinin materiallarından görünür ki, şahidlər Şahid1 Mədət oğlu, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqə 119-127). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/163 saylı 14 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, üzərində “Təqdim etdi Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,583 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 13,263 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir (Qeyd: Heroinin təmiz çəkisi 4,583 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 4,533 qram, metafetaminin təmiz çəkisi 13,263 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 13,213 qram (cild 1, iş vərəqə 36-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 544 saylı 18 fevral 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür(cild 1, iş vərəqə 141-142). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs zamanı Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “videodiskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış kamera vasitəsi ilə videoçəkilişlə qeydiyyata alınaraq 1 ədəd DVD diskə köçürülmüşdür. Həmin diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə metafetaminin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur. Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 37-ci PŞ-də keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqə 66). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,583 qram olan narkotik vasitə olan heroin və təmiz çəkisi 13,263 qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 4,533 qram narkotik vasitə olan heroin və 13,213 qram psixotrop maddə olan metafetamin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqə 143-150). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 1 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 136-138). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metafetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 152-153). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 132-133). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 13). İş materiallarında olan Xətai rayon məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 4,533 qram narkotik vasitə olan heroin və 13,213 qram psixotrop maddə olan metafetamin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 4,533 qram narkotik vasitə olan heroin və 13,213 qram psixotrop maddə olan metafetamin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1018/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1018/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver