Məhkəmə qərarları › İş №1(101)-1053/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1053/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1053/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Amasiya şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7,212 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin heroini iki ədəd bükümlərə bölüb üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanda fəaliyyət göstərən “xxxx” ASC-nin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada saat 14:30-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki qara rəngli dəri çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,552 qram və 3,66 qram olmaqla ümumilikdə külli miqdarda – 7,212 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona görə də, özünü qismən təqsirli bilir. Həmin gün onun üzərində narkotik vasitə olmamış, pandemiya dövründə verilən 190 manatlıq müavinəti almaq üçün evdən çıxıb gedən vaxt polis əməkdaşları onu tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada onun üzərinə narkotik vasitə qoyub çəkilişlə həmin narkotik vasitəni üzərindən çıxarmışlar. O, məcbur olub etirafedici ifadə yazmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat raportla Baş İdarə rəisinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmış və o, qrupun rəhbəri, Şahid2 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin yaxınlığında olması qeyd edilmişdir. Onlar 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanda fəaliyyət göstərən “xxxx” ASC-nin qarşısına gedərək əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. Həmin gün saat 12 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin gəldiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarını qorumaq məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun siyahısı ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahidan istənilən vəkil tərəfindən hüquqlarının qorunmasına etiraz etmədiyini bildirmişdir. Qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil bürosundan vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanımışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli, dəri çantanın içində narkotik vasitə olan heroin olduğunu bildirib, həmin qara rəngli dəri çantanın içində olan iki ədəd şəffaf sellofan bükümü, “Xiaomi Redmi” markalı mobil telefonu, bir ədəd ağ rəngli təsbehi, bir ədəd maqqaşı və bir ədəd dırnaqtutanı çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroini iki gün öncə Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında yerdən tapdığını, üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş bir ədəd ağ rəngli təsbeh, bir ədəd maqqaş və bir ədəd dırnaqtutan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiaomi Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 6/134 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs X2 üzərindən aşkar olunmuş...” sözləri olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,552 qram, 3,660 qram, ümumi təmiz çəkisi 7,212 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi: 7,212 qram, tədqiqata sərf edildi: ümumi 0,100 qram, qalıq: 7,112 qramdır.” Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının ambulator məcburinarkoloji tibbi yoxlamanın 05 aprel 2021-ci il tarixli 968 nömrəli rəyindən görünür ki: “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxalayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib ifadə versə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 53-55-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə müdafiəçisi Ramiz Mirzəyevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, son zamanlar narkotik vasitələrdən asılılığını azaltmaq üçün ona pul lazım omuş, bu səbəbdən o, 09 yanvar 2021-ci il tarixdə ev üçün bazarlıq etmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu, 8-ci kilometrliyində yerləşən “Vasmoy” bazarına getmişdir. Bazarda bir qədər gəzdikdən sonra yolun kənarında adını dəqiq xatırlamadığı hazırda işləməyən dönərxananın yanında siqaret çəkmək üçün dayanmışdır. Siqareti yandırıb çəkməyə başlamışdır. Bu zaman dönərxananın yaxınlığında yerdə iki ədəd sellofan bükülünün olduğunu görmüşdür. Həmin bükülülərə yaxınlaşmış və onları yerdən götürüb baxmışdır. Həmin bükülülərin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü mütəmadi olmasa da müəyyən vaxtlar narkotik vasitə marixuana və heroin istifadə etmişdir. Ona görə də bükümlərə baxdıqda içərisində olanın narkotik vasitə heroin olmasını dərhal tanımışdır. İlk öncə həmin bükümləri atmaq istəmişdir ki, heç kəsin əlinə keçməsin. Lakin sonradan düşünmüşdür ki, bükümləri götürsün və az-az istifadə etsin. Buna görə də həmin bükümləri əlində olan qara rəngli dəri çantanın içərisinə qoymuşdur. Lakin həmin bükümlərdən istifadə edə bilməmişdir. Ailə üzvlərinin onun narkotik vasitə istifadə etməsindən xəbərləri olmadığı üçün həmin bükümləri qara rəngli dəri çantanın içərisində saxlamışdır. Bundan sonra 11 yanvar 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66C ünvanında yerləşən “xxxx” ASC-nin qarşısına getmişdir. Orada olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra çiynindən asılmış vəziyyətdə olan qara rəngli, dəri çantanın içində narkotik vasitə olan heroin olduğunu bildirib, həmin qara rəngli dəri çantanın içində olan 02 ədəd şəffaf sellofan bükümü, “Xiaomi Redmi” markalı mobil telefonu, bir ədəd ağ rəngli təsbehi, bir ədəd maqqaşı və bir ədəd dırnaqtutanı çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim etdiyi iki ədəd sellofan büküm açılmış və içərisinə baxıldıqdan sonra içərisində həqiqətən də narkotik vasitə heroinə oxşar maddələrin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroin iki gün öncə, yəni 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, 8-ci kilometrliyində yerləşən bazarın yaxınlığında yerdən tapdığını, üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş bir ədəd ağ rəngli təsbeh, bir ədəd maqqaş və bir ədəd dırnaqtutan iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Xiaomi Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Heç bir etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Cinayət işinin 67-69-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə müdafiəçisi Ramiz Mirzəyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək həmin cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinin 05-06-cı vərəqlərində olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 yanvar 2021-ci il tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 C ünvanında fəaliyyət göstərən “xxxx” ASC-nin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli dəri çantanın içərisindən iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,552 qram və 3,66 qram olan ümumilikdə külli miqdarda 7,212 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarı əsasında “xxxx” MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 noyabr 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə “Kamran” deyə müraciət etmişdir. Cinayət işinin materiallarından görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahibləri Təqsirləndirilən şəxs onlar üçün narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metamfetamin (mesajlarda patı və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir: 05-11-2020 08:57:51 05-11-2020 08:57:51 1.1.**********72 1.1.**********77 Qaqa durmusan yuxudan 10 aznlik kako lazimidi. 07-11-2020 07:39:32 07-11-2020 07:39:32 1.1.**********72 1.1.**********77 X9 X7 Olmusem Olurem, 10 X10 Sey Alinar. 14-11-2020 19:21:41 14-11-2020 19:21:41 1.1.**********72 1.1.**********77 Kamran patin olsa bir das qurban olum saxlada 10 aznde varomdi ona kaki goturecemde gozleyirem gelende xebet et. Bundan əlavə qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olması müşahidə edilir. Mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edirlər: 11-11-2020 17:28:33 11-11-2020 17:28:33 1.1.**********77 1.1.**********00 Qoca sene patida verecem. 10.01.2021 15:00:18 10.01.2021 15:00:18 1.1.**********77 1.1.**********45 Qaqa pati var, kola hələ alınmır. Alınan kimi deyəcəm. Cinayət işinə əlavə olunmuş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən o, məhkəmə iclasında çıxış edərək ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş, üzərində aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, 8-ci kilometr ərazisindən tapdığını, narkotik vasitə istifadəçisi olsa da, tez-tez istifadə etmədiyini, polis əməkdaşları ona yaxınlaşarkən narkotik vasitənin çantasında olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Kamran Alıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə olunmuş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 aprel 2016-cı ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin cəzadan şərti olaraq 08 ay 15 gün vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı (birinci instansiya məhkəməsində aparılmış icraat daxil olmaqla) həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qalıq çəkisi 7,112 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində xərc Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 7,112 qram narkotik vasitə olan heroin məhv edilsin. İbtidai istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul əlaqədar Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar