Məhkəmə qərarları › İş №1(101)-1306/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1306/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1306/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 və X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 Cəbrayıl oğlu və Dövlət ittihamçısı2, müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X7 və X2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyatda olan, ünvan 2ə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə saat 22:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanda yerləşən “Vienna” adlı kafenin qarşısına gedərək, əvvəlcədən özü ilə götürdüyü istintaqla müəyyən edilməmiş bıçaq ilə kafenin pəncərəsinin şüşəsini döyüb kafenin daxilində ailəsi ilə oturan müştərini nalayiq söyüşlərlə söyüb təhqir etmiş, həmin vaxtı kafedə olmuş Zərərçəkmiş şəxs onun sərxoş vəziyyətdə olduğunu görüb kafeyə daxil olmasına icazə verməməsinə baxmayaraq, kafeyə daxil olmaq istəmiş, bu vaxtı Zərərçəkmiş şəxs onu əli ilə geriyə itələməsini cüzi səbəb gətirərək, heç bir əsaslı səbəb olmadan, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyətilə əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya qarının sol yan divarının qarın boşluğuna nüfuz edən, bağırsağın daraq əyriliyi proyeksiyasında müsariqəsini və mədəaltı vəzin quyruq hissəsini zədələyən, kəskin daxili qanitirməyə (qarın boşluğunda 1000 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həyat yoldaşı ilə təxminən 02 il öncə boşanmışlar. 1993 və 1995-ci il təvəllüdlü iki oğlu var. 18 aprel 2021-ci il tarixdə piyada «Torqovu» deyilən yerdə yol ilə gedərkən içərisində adamlar olan bir kafe olduğunu görmüş, kafenin işləyib-işləmədiyini soruşmaq üçün pencəyinin cibindən dırnaq tutan bıçağı çıxarıb onunla kafenin şüşəsini vurmağa başlamışdır. Həmin vaxt bir nəfər çıxıb ondan nə istədiyini soruşmuşdur. Sonra o, qapıya tərəf getmiş və içəri girmək istəmişdir, lakin qarşısını üç nəfər kəsib onu itələmişdir. Həmin vaxt əsəbləşdiyi üçün əlindəki bıçaqla oğlanlardan birini vurmuş və çıxıb getmişdir. Məlum hadisə baş verən günü əynində olan pencəyin cibindəki bıçağı bir müddət əvvəl mağazadan almışdır. Belə ki, aptekdən aldığı butulkaların qapağını açmaq üçün ondan istifadə edirmiş. Bıçağı çıxarmaqda məqsədi kafenin şüşəsini döymək imiş ki, içəridə olanlar onu görə bilsin. Onun kiməsə xəsarət yetirmək kimi bir niyyəti olmayıb. Həmin vaxtı çox sərxoş olmuş və hərəkətlərini dərk edə bilməmişdir. Buna görə də məlum hadisənin baş vermə saatını dəqiq xatırlamır. Eyni zamanda, həmin kafenin işçilərini tanımır və onlarla düşmənçiliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu il ildə ailə həyatı qurmuş, iki azyaşlı övladı vardır, təxminən 5-6 il olar ki, ünvan 3 ünvanda yerləşən «telefon akssesuarları» mağazasında satıcı işləyir, həmin ünvanda mağaza ilə yanaşı «Vienna» adlı kafe fəaliyyət göstərir. Telefon dükanı və kafe hər ikisi «Şahid4» adlı şəxsə məxsusdur. O, telefon dükanını hər gün axşam saat təxminən 19:00-20:00 radələrində bağlayır, sonra kafeyə gedib orada şam yeməyi yeyir və kafenin iş vaxtının bitməsinə qədər orada gözləyib Rəşad Salmanov ilə birlikdə evə gedir. 18 aprel 2021-ci il tarixdə saat təxminən 21 radələrində telefon dükanını bağlayaraq “Vienna” kafesinə getmiş və orada tanışı “Rüstəm” adlı şəxsin ailəsi ilə birlikdə masa arxasında əyləşib istirahət etdiklərini görmüşdür. O, kafedə Rüstəmlə salamlaşıb kafenin girişlə üzbəüz sağ tərəfdə dayanan işçilərin yanma gedib orada durmuş, həmin gün saat təxminən 23 radələrində tanışı Rüstəm onu yanına çağıraraq bildirmişdir ki, tanımadığı bir nəfər kişi kafenin giriş tərəfdən bayırda şüşənin arxasından Rüstəmə əli ilə nə isə işarə edib bayıra çağırır. O, Rüstəmdən həmin kişini tanıyıbtanımadığını soruşmuş, Rüstəm isə həmin şəxsi ilk dəfə gördüyünü demişdir. Daha sonra kafedə işləyən “Xətai” adlı ofisiant kafenin giriş qapısına Rüstəmi işarə ilə çağıran kişiyə tərəf getmişdir. O, Xətainin arxasından bayıra çıxmış, həmin kişinin sərxoş vəziyyətdə olduğunu və Xətai ilə əl-qol hərəkətləri ilə danışıraq kaieyə girmək istədiyini bildirdiyini görmüşdür. O, həmin şəxsi əvvəllər tanımamış və sonuncu ilə heç bir münasibəti, əlaqəsi və düşmənçiliyi olmamışdır, istintaqın sonrakı mərhələsində həmin kişinin adının “Maqsud” olduğunu öyrənmişdir. O, “Maqsud” adlı şəxsə sərxoş olduğu üçün kafeyə daxil ola bilməyəcəyini və müştəriləri narahat etdiyini bildirmiş, həmin vaxtı “Maqsud” adlı şəxs nalayiq ifadələrlə onu söyərək üstünə gəlməyə başlamışdır. Həmin vaxtı o, “Maqsud” adlı şəxsin sağ əlində bıçaq tiyəsi olduğunu görmüş və həmin şəxs onunla nalayiq sözlərlə danışa-danışa əlindəki bıçaqla oynamışdır. "Maqsud” adlı şəxs əlindəki bıçaqla kafeyə daxil olmaq istədikdə, o, sonuncunun qolundan tutub geriyə tərəf itələmiş, bu anda “Maqsud” adlı şəxs qəfildən ona tərəf iki addım irəliyə gələrək əlindəki bıçaqla sol tərəfindən döş-qarnından vuraraq xəsarət yetirmişdir. Həmin zərbənin nəticəsində o, özünü itirərək kafeyə daxil olmuş, Xətai də onun arxasından kafeyə daxil olmuş, həmin kişi iti addımlarla kafedən aralanaraq uzaqlaşmışdır. Qan apardığına görə tanışı Rüstəm ailəsini kafedə qoyaraq onu öz avtomobili ilə X9 aparmış, Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək əməliyyata aparmışlar. Onun ailə üzvlərindən heç kim bıçaq xəsarəti aldığını bilmədiklərinə görə xəstəxanada ona verilən və hadisə zamanı üzərində olmuş geyim əşyalarını məhv etmiş və geyim əşyalarını istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirdiyi bıçaq kiçik ölçülü olmuş, Təqsirləndirilən şəxs bıçağı əlinin içərisində tutub oynatdığına görə o, yalnız bıçağın tiyəsini görə bilmiş, dəstəyini isə görməmişdir. Hadisə zamanı o, bir dəfə sol döş-qarın nahiyəsindən xəsarət almışdır. Hadisə 18 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində ünvan 3 ünvanda yerləşən “Vienna” adlı kafenin qarşısında, küçədə baş vermiş, hadisənin şahidləri kafenin işçisi olmuş “Xətai” adlı şəxsdən başqa küçədən keçən tanımadığı çoxsaylı şəxslər olmuş, “Maqsud” adlı şəxsin onu nalayiq sözlərlə söyüb təhqir etməsini eşitmişlər. Hadisə zamanı yalnız o xəsarət almış, ondan başqa nə “Xəyal” adlı işçi, nə də “Maqsud” adlı şəxs heç bir xəsarət almamışlar, Təqsirləndirilən şəxs onu bir dəfə bıçaqla vuraraq xəsarət yetirdikdən sonra kafedən iti addımlarla uzaqlaşıb getmiş və heç bir başqa cinayət əməli törətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Belarus Respublikasının vətəndaşı olsa da, milliyyətcə azərbaycanlıdır, orta məktəbi və universiteti Azərbaycanda təhsil almışdır. Azərbaycan dilini mükəmməl bilir və tərcüməçiyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs onun dostudur, Eldarın ünvan 3 ünvanda yerləşən telefon dükanında satıcı işlədiyini bilir, həmin dükanın yanında yerləşən «Vienna» adlı kafenin sahibi ilə Eldar dost olduğuna və Eldar iş saatlarından sonra həmin kafeyə getdiyinə görə də kafeni də tanıyır, çox vaxt öz ailə üzvləri ilə birlikdə həmin kafedə şam yeməyi yeyir. 18 aprel 2021-ci il tarixdə axşam saat 22-23 radələrİndə o, ailə üzvləri ilə, yəni arvadı və qızı ilə birlikdə “Vienna” adlı kafedə, kafenin giriş qapısının yanında, pəncərə şüşəsinin yanındakı masa arxasında oturub şam etmişlər. Həmin vaxtı o, qızı ilə söhbət etmiş, bu zaman bir nəfər orta yaşlı kişinin onun əyləşdiyi masanm yanındakı pəncərəyə yaxınlaşıb nə isə dediyini görmüşdür. Adətən, axşamlar kafenin bayır tərəfində kimsəsiz, dilənçi şəxslər dayanıb nə isə İstədiklərinə görə, o, kişinin əynində pencək olmasına baxmayaraq, ayaqlarında yay ayaqqabıları və əlində qəribə paket olduğunu gördüyünə görə, həmin şəxsin də dilənçi olduğunu düşünmüş, ona görə də, həmin şəxsə diqqət yetirməmişdir. Lakin bir neçə saniyə sonra həmin kişinin aqressiv şəkildə, əlindəki qara rəngli dəstəyi olan bıçağı düyməsindən sıxıb açdıqdan sonra bıçağın tiyəsi ilə pəncərəni döyməyə başladığını görmüş, bu vaxtı bir qədər çəkinərək kafenin adını bilmədiyi ofisiantına xəbər vermişdir. Kafenin ofisiantı qapıya tərəf gedib qayıtmış, sonra kafenin digər tərəfində əyləşən dostu Eldarı çağırmışdır. Eldar həmin ofisiantla birlikdə kafedən bayıra çıxdıqda, o, masadan qalxaraq Eldara demək istəmişdir ki, bayıra çıxmasın və həmin kişi ilə mübahisə etməsin, çünki kişinin əlində bıçaq görmüşdür. Lakin o, qapıya çatanadək, həmin kişinin “Görün, indi Sizin hamınızı o dünyalıq edirəm.” - deyib Eldarı qarnının sol tərəfindən əlindəki bıçaqla vurduğunu görmüşdür. Sonra o, kassir və ofısinatla birlikdə, Eldarı çəkib kafenin daxilinə tərəf aparmışdır. Həmin vaxtı Eldar əli ilə yarasım tutmuşdur. Eldarı bıçaqlayan kişi isə heç bir söz demədən bir neçə saniyə dayanıb onlara baxmış, o, kaasirə, kişinin şəkilini çəkməsini demişdir. Həmin kişi bir neçə saniyə ərzində onlara baxdıqdan sonra rahat şəkildə arxaya dönüb getmiş, o, bir kişinin arxasından baxmışdır ki, haraya getdiyini görsün. Bu vaxtı həmin kişi bir dəfə arxaya dönüb ona baxmış, sonra yenə öz yoluna davam etmişdir. Daha sonra o, cəld kafeyə qayıtmış, Eldara yardım edərək yarasını parça materialla sıxıb saxlamışlar, o, təcili tibbi yardıma və polisə zəng edib məlumat vermişdir. Lakin bir neçə dəqiqə sonra Eldar özünü pis hiss etdiyini dediyinə görə o, Eldarı öz avtomobilinə əyləşdirib X6 aparmış, orada bildirmişlər ki, Eldarı təcili əməliyyata aparmalıdırlar. Daha sonra o, gecə saatlarına qədər xəstəxanada qahışm, əməliyyat başa çatdıqdan sonra isə oradan çıxıb ailəsi ilə birlikdə evinə getmişdir. O, cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu Səncərədi kəndində qeydiyatda olsa da, 2004-cü ildən Bakı şəhəri Qala qəsəbəsi Qala ətrafı adlanan yerdə özəl tikilidə valideynləri ilə yaşayır. 2019-cu ilin oktyabr ayından Səbail rayonu ünvan 4 ünvanda yerləşən «Vienna» adlı kafedə ofisiant işləyir. Kafenin müdiri X8r. Zərərçəkmiş şəxs kafenin müdiri Rəşadın dostudur, həmçinin kafenin yaxınlığında yerləşən telefon dükanında işləyir və telefonların satışı ilə məşğul olur. Kafe səhər saat 10-da açılır və axşam saat 23-də bağlanır. 18 aprel 2021-ci il tarixdə həmişəki kimi kafe səhər saat 10-da fəaliyyfətinə başlamış, müştəriləri qəbul edib yola salmışdır. Həmin gün saat 22 radələrİndə Zərərçəkmiş şəxs kafeyə gəlib masa arxasında oturmuşdur. Pəncərənin yaxınlığında olan masanm arxasında bir ailə, yəni bir kişi, bir qadın və bir təxminən 12 yaşlı qız oturub çörək yemişlər, o isə, kafedə olan masaların üstündə olan qabları yığıb səliqə-səhmana salmışdır. O, həmin vaxt görmüşdür ki, ailə oturan yerdə olan pəncərənin yanında küçə tərəfdən tanımadığı bir kişi əlində olan cib bıçağı ilə masanm arxasında oturan kişini hədələyir və sonuncuya qarşı ifadələr işlədir, kişi isə ona əl ilə işarə edir ki, çıxıb getsin. Küçədəki kişinin hərəkətləri onu maraqlandırdığından, o, kafenin giriş qapısını açıb həmin kişiyə tərəf baxdıqda görmüşdür ki, həmin şəxs sərxoşdur, kafenin içərisində oturan müştərini nalayiq söyüşlərlə söyür və əlindəki cib bıçağını nümayiş etdirir. O, tez qapını bağlamış və Eldara yaxınlaşıb demişdir ki, küçədə içkili adam var, əlində bıçaq var və içəridə oturan kişini narahat edir. Eldar yerindən durub onunla birlikdə kafenin giriş qapısını açmış, onların arxasından kafenin kassiri Şahid2 da bayıra çıxmışdır. O, bayıra çıxan kimi Eldar və Elçindən aralamışm və bir az kənarda durmuşdur. Həmin içkili şəxs kafenin qapısının açıldığım görüb özünü kafeyə salmaq istəmiş, lakin Eldar buna imkan verməyib əli ilə itələmək istəyərkən, həmin vaxt tanımadığı, əlində cib bıçağı olan şəxs Eldarı bıçaqla vurmuş, sonra isə dayanmadan çıxıb getmişdir. Eldar qarın nahiyəsindən tutub «Məni vurdu.» - deyərək içəri girmiş, onlar da Eldarın axasmca kafeyə daxil olmuşlar. Onlar kafedə Eldarın yarasını bağlamışlar, təcili yardıma və 102 məlumat xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər, təcili yardım gələnə qədər masanın arxasında oturan ^Rüstəm” adlı şəxs Eldarı öz avtomobilinə oturdub xəstəxanaya aparmışdır. Tanımadığı, küçədə dayanan kişinin kafenin daxilində olan “Rüstəm” adlı şəxsi nalayiq söyüşlərlə söyüb təhqir edərək əlindəki bıçağı nümayəş etdirməsinin səbəbini bilməmiş, Rüstəmlə həmin kişinin tanış olub-olmamasını bilməmiş, kafenin qarşısında duran kişini əvvəllər kafedə görməmişdir. O, küçədə söyüş söyüb əlindəki bıçağı nümayiş etdirən kişini görən vaxtdan Rüstəmi vuranadək təxminən 05 dəqiqə vaxt keçmiş, həmin vaxtı küçədən tanımadığı şəxslər keçmiş, lakin kimlərin hadisəni görüb- görməməsini dəqiq deyə bilməmiş, çünki o, kafedən bayıra çıxanda kafenin yanında kiminsə dayandığını görməmişdir. Kafenin müdiri Rəşad müəllim hadisə olan vaxtı işdə olmamış, o, Rəşad müəllimin həmin gün nə vaxt işdən getməsini dəqiq bilməmişdir. Rəşad müəllimin dostu Zərərçəkmiş şəxs kafeyə tez-tez gedir, Rəşad müəllim kafedə olmasa da, Eldar kafeyə gedib orada oturur. Eldar xəstəxanaya aparıldıqdan sonra onlar Rəşad müəllimə zəng edib hadisə barədə məlumat vermişlər və Rəşad müəllim də xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərindən Səbail rayonu Nizami küçəsi 98 C ünvanda yerləşən «Vienna» adlı kafedə kassir işləyir, kafenin müdiri X8r. Zərərçəkmiş şəxs kafenin müdiri Rəşadın dostudur və kafenin yanında yerləşən telefon dükanında işləyir, telefonların satışı ilə məşğul olur. Kafe səhər saat 10-da açılır və axşam saat 23-də bağlanır. 18 aprel 2021-ci il tarixdə həmişəki kimi kafe səhər saat 10-da fəaliyyətinə başlamış, müştəriləri qəbul edib yola salmışdır. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs kafeyə gedib masa arxasında oturmuşdur. Pəncərənin yaxınlığında olan masanın arxasında bir ailə, yəni bir kişi, bir qadın və bir təxminən 12 yaşlı qız oturub çörək yemişlər. O, təxminən saat 22:40 radələrində su içmək üçün mətbəxə getmiş, mətbəxdən qayıdanda görmüşdür ki, kafenin ofisiantı Xətai və Eldar giriş qapının ağzında bir yaşlı kişi ilə söhbət edirlər. O, Eldar və Xətaiyə tərəf getmiş və qapıytı yaxınlaşanda görmüşdür ki, Xətai kafedən bir az aralıda durmuşdur, Eldar isə həmin kişinin içəri daxil olmasına imkan vermir. O, Eldara tərəf gedərək giriş qapısının ağzında durmuşdur ki, kişi içəri daxil ola bilməsin. Lakin həmin kişi özünü içəri salmaq istədikdə, Eldar həmin kişini əli ilə itələmişdir ki, kafeyə girməsin. Həmin tanımadığı şəxs Eldarı bıçaqla vurmuş, sonra isə dayanmadan çıxıb getmişdir. Eldar qarın nahiyəsindən tutub «Məni vurdu.» - deyib içəri girmiş, onlar da Eldarın axasmca kafeyə daxil olmuşlar. Kafedə Eldarın yarasını bağlamışlar, təcili yardım və 102 məlumat xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər, təcili yardım gələnə qədər masanın arxasında oturan «Rüstəm» adlı şəxs Eldarı öz avtomobilinə oturdub xəstəxanaya aparmışdır. O, tanımadığı şəxsin sərxoş vəziyyətdə kafeyə daxil olmaq üçün istədiyi və qapıya tərəf gəldiyi vaxt görmüş, Eldar isə buna imkan verməmişdir. Həmin kişi kafeyə girmək istədikdə Eldar kişini əli ilə itələmiş və həmin vaxt kişi Eldan bıçaqla vurmuşdur. Eldar «Məni vurdu.» - demiş və həmin vaxt o, kişinin əlinə baxarkən əlində bıçaq görmüşdür. Həmin kişinin əlindəki bıçağ cib bıçağı olmuş, dəstəyi tünd rəngli olmuş, baçağın başqa əlamətlərini görə bilməmişdir. O, mətbəxə getmiş və hadisənin əvvəlini görməmiş, sonradan bilmişdir ki, həmin kişi kafenin içərisində, masa arxasında ailəsi ilə oturan kişini söyüb ona bıçaq nümayiş etmişdir. Buna görə, kafenin ofisiantı bayıra çıxmış, həmin kişinin sərxoş olduğunu və nalayiq söyüşlər söydüyünü eşidib bu barədə kafedə olan Eldara demişdir. Bundan sonra Eldar və Xətai kafedən çıxıb qapını açdıqda, həmin kişi içəri daxil olmaq istəmiş və sonra Eldan bıçaqla vurmuşdur. O, bayıra çıxanda tanımadığı şəxsin nalayiq söyüşlər söydüyünü eşitmiş və içəri daxil olmaq istəməsini görmüş, bayıra çıxıb həmin şəxsin Eldarı bıçaqla vurması ani bir vaxtda olmuşdur. Kafenin müdiri Rəşad müəllim hadisə olan vaxtı işdə olmamış, həmin gün işdən nə vaxt getməsini o, dəqiq bilməmişdir. Rəşad müəllimin dostu Zərərçəkmiş şəxs kafeyə tez-tez gedir, Rəşad müəllim kafedə olmasa da, Eldar gedib orada oturur. Eldar xəstəxanaya gedəndən sonra onlar Rəşad müəllimə zəng edib hadisə barədə ona məlumat vermişlər və sonuncu da xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən «Vienna» kafesi ona məxsusdur, həmin kafeni icarə müqaviləsi əsasında işlədirə və kafe son 04 ildir, yəni 2017-ci ildən etibarən fəaliyyət göstərir. Zərərçəkmiş şəxs onun dostudur, Eldar ona məxsus, kafenin yan tərəfində, eyni ünvanda yerləşən mobil telefon mağazasında satıcı işləyir. Mağazanın iş saatları 09:00-dan 21:00dək, kafenin iş saatları 09:00-dan 23:00-dəkdir. Eldar əksər vaxtlar mağazam bağdadıqdan sonra kafeyə keçərək onu gözləyir, bəzən şam yeməyi yeyir və kafe bağlandıqdan sonra onlar birlikdə oradan çıxıb gedirlər. Şahid1 və Şahid2 «Vienna» kafesinin əməkdaşlarıdır. 18 aprel 2021-ci il tarixdə o, ümumiyyətlə işdə olmamış, evdə olmuşdur. Həmin gün axşam saat 23 radələrində kafenin işçisi olan Şahid2 ona zəng edərək, kafedə hadisə olduğunu bildirmiş, ona görə də, o, evdən çıxıb kafeyə getmiş, həmin vaxtı kafenin qarşısında polis əməkdaşları olduğunu görmüş və nə baş verdiyini soruşduqda, kafenin əməkdaşları ona bildirmişlər ki, tanımadıqları bir nəfər kişi kafenin bayırından kafenin şüşəsini döyərək bir nəfər müştərini çağırmış və küçədə nalayiq ifadələr işlətmişdir. Ona görə də, həmin vaxtı kafedə olmuş Zərərçəkmiş şəxs kafedən bayıra çıxanda həmin kişinin sərxorş olduğunu görmüş, kişi Eldarı nalayiq sözlərlə söymüş, Eldar kişinin kafeyə daxil olmasına mane olmaq istədikdə, həmin kişi Eldarı bıçaqla vuraraq çıxıb getmişdir. Sonra kafenin müştərisi olmuş “Rüstəm” adlı şəxs Eldarı öz avtomobili ilə X6 aparmışdır. Bundan sonra o, bir nəfər polis əməkdaşı ilə birlikdə öz avtomobili ilə xəstəxanaya getmiş, orada həkimlər ona bildirmişlər ki, Eldarı təcili əməliyyat otağına aparmalıdırlar. O, bütün xəstəxana xərclərini ödədikdən və əməliyyat başa çatdıqdan sonra oradan çıxıb getmişdir. Ertəsi gün, yəni 19 aprel 2021-ci il tarixdə isə kafeyə gedib orada quraşdırılmış müşahidə videokamerası görüntülərinə baxmış, hadisəni olduğu kimi görmüş və görüntüləri bir ədəd diskə köçürərək polis əməkdaşlarına təqdim etmişdir. O, cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş “diskə baxış keçirilməsi haqqında” 21 aprel 2021 -ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar ünvan 3 ünvanda yerləşən «Vienna» adlı kafedə quraşdırılmış kameraya həmin tarixdə baxış keçirilərək bıçaqlanma hadisəsi ilə bağlı 18.04.2021-ci il tarixdə olan videogörüntülər CDug (kompakt diskə) köçürülmüş, həmin diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs və onun hüquqlarının müdafiəçisi X3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə bir ədəd «04-18-2021 Bc 22:06:22» adlı videofayl yerləşdirilmiş, fayl 02 dəqiqə 03 saniyə ərzində davam edir, müəyyən olunur ki, videogörüntü qapalı məkan daxilində, süni işıqlandırma şəraitində, 18 aprel 2021-ci il tarixdə, həftənin bazar günü, saat 22:06:22-dən 22:08:24-dək qeydə alınmışdır. «Vienna» adlı kafenin qarşısında müştərilərin kafenin kənarında oturmaları üçün masalar və stullar qoyulmuşdur, lakin həmin masalarda oturan olmamışdır. Həmin yerin yol hissəsindən saat 22:06:33-də bir nəfər, əynində boz rəngli pencək, tünd qırmızı rəngli köynək və qara rəngli şalvar, təxminən 50-55 yaşında olan şəxs yol ilə sağ tərəfdən sol tərəfə gedib geri qayıdaraq kafenin qarşısına gəlməsi, sağ tərəfə gedib kafenin şüşəli pəncərəsinə yaxınlaşaraq orada kiminləsə danışaraq sol əli ilə onun bayıra çıxmasına işarə etməsi, sağ əli ilə pəncərənin şüşəsini döyməsi, kafenin daxilində olan kimləsə danışması, sağ əlini sinəsinə yaxınlaşdıran zaman əlində bıçaq olması görünür. Bundan sonra həmin şəxsin çevrilib sağ tərəfə, kafenin giriş qapısına tərəf getməsi, qapını açıb içəri daxil olmaq istəyərkən kiməsə əl- qol atması, içəridən bir nəfərin çıxıb irəli gedib onlardan ayrılması, qapıdan çıxan iki nəfərdən birinin, əynində ağ kofta olan şəxsin kafeyə yaxınlaşan kişini əli ilə itələməsi, kişinin getməsini işarə etməsini, sonradan həmin kişinin təkrarən ağ koftalı şəxsə yaxınlaşıb saat 22:08:03-də ani ani anda sağ əli ilə ağ koftalı şəxsin qarın nahiyəsindən vurması və ağ koftalı şəxsin qarnından tutub əyilməsi, həmin ağ koftah oğlanla bayıra çıxan şəxsin onu kafeyə aparması, boz pencəkli şəxsin isə bir az aralanıb ani dayandığı və sonra oradan çıxıb getməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Vienna» adlı kafedə quraşdırılmış kameradan diskə köçürülmüş videogörüntüyə baxdıqdan sonra, həmin videogörüntüdə əks olunan boz rəngli pencək geymiş, ağ kofta geymiş şəxsə əl-qol atan və sonuncunu bir dəfə sağ əlindəki cib bıçağı ilə vuran şəxsin onun özü, yəni Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 07 iyun 2021-ci il tarixli, 316 saylı ekspert rəyində göstərilmişdir ki, 1980-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının sol yan divarının qarın boşluğuna nüfuz edən, bağırsağın daraq əyriliyi proyeksiyasında müsariqəsini və mədəaltı vəzin quyruq hissəsini zədələyən, kəskin daxili qanitirməyə (qarın boşluğunda 1000 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 aprel 2021-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin lokaliza- siyasına əsasən xəsarət yetirilən anda zərərçəkmişin bədəninin sol yan səthinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizanın 07 may 2021-ci il tarixli, 1015 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyən edilir. Cinayət işinin materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsi hadisə yerində yoxlanılmış, o, ifadəsini hadisə yeri olan ünvan 3 ünvanda yerləşən “Vienna” kafesinin qarşısında əyani şəkildə göstərərək həmin hadisəni törətməsini dəqiqliklə qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, məhkəmədə dindirilmiş, habelə ifadələri elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Əməlin hüquqi tövsüf məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsi ilə nəzərdə tututlan cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni, 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq hadisənin baş vermə videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Vəkil Bürosunun vəkilləri X10 150 (yüz əlli) manat və X5 120 (yüz iyirmi) manat miqdarında pul ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq hadisənin baş vermə videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Vəkil Bürosunun vəkilləri X10 150 (yüz əlli) manat və SadıxzadəRamin Müstəqim oğluna 120 (yüz iyirmi) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar