Məhkəmə qərarları › İş №1(101)-1532/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1532/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1532/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X3 və X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) aptekin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Vaqif küçəsi, döngə 3, ev 11də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Kamilov küçəsi, ev 15/74, mənzil 85-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasinda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə 8 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs1 satıcı olaraq işlədiyi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin icarə əsasında işlətdiyi aptekə daxil olaraq Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib üzərinə basqın edərək silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə aptekin saxlanc yeri sayılan rəfindən 480 manat nağd pulu talayıb Zərərçəkmiş şəxs2 MMC-yə 480 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 0,800 qram heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 9 aprel 2021-ci il tarixdə saat 16:00-da ünvan 2 ünvanının qarşısında 8 aprel 2021-ci il tarixdə törədilmiş quldurluq cinayətində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən qeyd edilən yerdə saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofana bükülmüş halda 0,791 qram qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroin və qapağının içərsində 0,2 ml həcmdəki məhlulun tərkibində təmiz çəkisi 0,009 qram narkotik vasitə heroin olan 1 ədəd şpris iynəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son 2 il ailəsi ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşamışdır. Təxminən 6 il narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almış və gün ərzində yarım qram inyeksiya yolu ilə qəbul etmişdir. 8 aprel 2021-ci il tarixdə gün boyu narkotik vasitə qəbul etmədiyindən ağrıları tutmuşdur. Həmin vaxt pulu olmadığından narkotik vasitə almaq üçün pulu cinayət yolu ilə əldə etməyi qərarlaşdırmışdır. Beləliklə, yaşadığı evdən bir az uzaqda yerləşən aptekə girib aptekdə olan satıcını bıçaqla qorxudub kassada olan pulları götürmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən tanınmamaq üçün qara rəngli yun çeçenka deyilən papağı, qara rəngli gödəkcəni geyinmiş və mətbəx bıçağını da cibinə qoyub evdən çıxmışdır. Yaşadığı evdən bir neçə məhəllə aralıda yerləşən aptekə doğru irəliləmişdir. Aptekdən təxminən 10 metr uzaqlıqda yolun kənarındakı ağacın altında dayanıb apteki müşahidə etməyə başlamışdır. Təxminən 10 dəqiqə ərzində apteki kənardan müşahidə edib içəridə yalnız satıcı qızın olmasını yəqin etdikdən sonra saat 17:30 radələrində aptekə daxil olaraq satıcı qızdan ona 2 ədəd şpris verməsini xahiş etmişdir. Satıcı qız şüşəli piştaxta arxasında olarkən onun olduğu yerə doğru gedib gödəkcəsinin cibində saxladığı bıçağı çıxarıb satıcı qıza göstərmiş və kassada olan pulları ona verməsini tələb etmişdir. Daha sonra satıcı qızın dayandığı yerə doğru keçib piştaxta altında olan siyirməni açmış və oradan təxminən 480 manat pulu götürüb cibinə qoyub dərhal hadisə yerindən qaçmışdır. Aptekdən əldə etdiyi pulun bir qisminə qəbul etmək üçün tanımadığı şəxsdən narkotik vasitə heroin almışdır. Heroinin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə sonradan qəbul etmək üçün cibinə qoymuşdur. Həmçinin aptekdən götürdüyü pulun bir hissəsinə siqaret və yemək almış, pulun qalanını isə cibində saxlamışdır. Daha sonra gecə vaxtı yaşadığı evə gəlib əynində olan gödəkcəni, papağı və bıçağı evə qoymuşdur. Səhərisi gün, yəni 9 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata narkotik vasitə heroin alıb sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Günorta saatlarında yaşadığı məhəllədə olarkən polis əməkdaşları yaxınlaşıb onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Sabunçu RPİ-nin 13-cü PB-də olarkən polis əməkdaşları üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyini təklif etdikdə o, artıq özündə olan narkotik vasitəni polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb əynində olan qara rəngli şalvarının sağ yan cibindənki siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroini və qapağının içərsində məhlulun tərkibində narkotik vasitə heroin olan 1 ədəd şpris iynəsini və 2 ədəd istifadə olunmamış şprisi təqdim edib bildirmişdir ki, həmin bükümdə olan narkotik vasitə heroindir və həmin maddəni şəxsi istifadəsi üçün 9 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuş, o da etiraz etməyərək həmin protokola imza etmişdir. Həmçinin polis əməkdaşlarına Bakı şəhərində 8 aprel 2021-ci il tarixdə quldurluq yolu ilə aptekdən pul talamağını da etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Təxminən 6 il narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitə almaq üçün pulu olmadığından cinayət yolu ilə pul əldə etməyi qərarlaşdırmışdır. Tutulan zaman üzərində 1 bükümdə narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları onu yaşadığı ünvanın yaxınlığında tutmuşdur. Aptekin siyirməsindən 480 manat pul götürmüşdür. Bıçağı yaşadığı evin mətbəxindən götürmüşdür. Əvvəllər narkoloji dispanserdə bir neçə dəfə müalicə almışdır. Üzərində aşkar olunmüş 1 büküm narkotik vasitəni tanımadığı şəxsdən 30 manata almışdır. Hadisədən sonra bıçağı evə aparmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsinin 3-cü kurs tələbəsidir. Təxminən 1 ildir ki, ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 aptekdə 2-ci növbə əczaçı satıcı olaraq işləyir. İşlədiyi həmin aptek hər gün saat 9:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərmişdir. 8 aprel 2021-ci il tarixdə saat 15 radələrində 2-ci növbə işə gəlmişdir. Həmin gün saat 17:30 radələrində aptekdə olarkən üzündə tibbi maska, başında çeçenka papaq və əynində qara rəngli gödəkcə olan təxminən 35-40 yaşlarında şəxs aptekə daxil olmuş ondan 2 ədəd şpris verməyini istəmişdir. O da həmin şəxsə şpris vermək üçün arxaya çevrilib şüşəli rəfdən şpris götürmək istədikdə qəfildən həmin şəxs onun olduğu yerə piştaxtanın arxasına doğru gələrək gödəkcəsinin iç cibindən bıçağı çıxarıb kassada olan pulları ona verməsini tələb etmişdir. Həmin şəxsin onu bıçaqla vuracağından ehtiyat edərək qorxudan divarın küncünə doğru sıxılmışdır. Əlində bıçaq olan şəxs piştaxtanın altındakı içində pul olan siyirməni açıb oradan təxminən 480 manat pul götürmüşdür. Hadisə zamanı hər hansı bir xəsarət almamışdır. Həmin şəxs pulları götürdükdən sonra onun arxasınca qışqıracağı təqdirdə onu bıçaqla vuracağını bildirmişdir. Həmin şəxs aptekdən qaçaraq çıxandan sonra baş vermiş hadisə barədə dərhal aptekə nəzarət edən Şahid1 zəng edib məlumat vermişdir. Hadisə vaxtı aptekdə tək olmuşdur. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PB-də əməliyyat müvəkkili işləyir. 8 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən aptekdə quldurluq cinayətini törətmiş şəxsin müəyyən edilməsi istiqamətində bölmənin əməkdaşı ilə birlikdə 9 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində əməliyyat-axtarış tədbiri keçirmişlər. Tədbir nəticəsində ünvan 2 ünvanının qarşısında quldurluq cinayətinin törədilməsində, narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş və bu barədə raport tərtib olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə o, etiraz etmədən əynində olan qara rəngli şalvarının sağ yan cibindəki siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş halda qəhvəyi rəngli maddə kütləsini və qapağının içərsində məhlul olan 1 ədəd şpris iynəsini təqdim edərək bildirmişdir ki, həmin maddələr heroindir və həmin maddələri şəxsi istifadəsi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs eyni zamanda 8 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən aptekdən quldurluq yolu ilə pul əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə onların iştirakı ilə götürülərək qablaşdırılıb möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin olduğu yeri müşahidə kameralarının köməyi ilə tapmışlar. Bıçağı Təqsirləndirilən şəxs yaşadığı kirayə mənzildə aşkar etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdə qaçmamış və müqavimət göstərmədən onlarla polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs tutulan zaman narkotik vasitənin təsirində olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Daxil olan məlumat quldurluq cinayətinin törədilməsi, narkotik maddələrin saxlanılması və qəbulu ilə bağlı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 129-131). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 137-139). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 9 aprel 2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında quldurluq cinayəti törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş halda ümumi təmiz çəkisi 0,791 qram narkotik vasitə heroin və qapağının içərsində 0,2 ml həcmindəki məhlulun tərkibində təmiz çəkisi 0,009 qram narkotik vasitə heroin olan 1 ədəd şpris iynəsi aşkar olunuraq götürülmüşdür (cild 1, iş vərəqə 40-41). Cinayət işinin materiallarında olan “götürmə aparılması haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanın qarşısında quldurluq cinayətini törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs 8 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən aptekdən quldurluq yolu ilə pul əldə etmək üçün cinayət əməlini törədərkən istifadə etdiyi bıçağı, qara rəngli gödəkcəni və papağı təqdim etmişdir (cild 1, iş vərəqə 93). Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə keçirilmiş tanınma istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş şəxslərin sırasından 9 aprel 2021-ci il tarixdə işlədiyi aptekdə ona qarşı quldurluq cinayətini törətmiş şəxsi tanımışdır (cild 1, iş vərəqə 67-68). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə 1 nəfər şəxs və mülki geyimdə olan 4 nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü 13-cü PB-nin təhqiqatçısı Fərhəng Hüseynov kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən quldurluq əməlinin törədilməsində və narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 9 aprel 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ-nin 13cü PB-nin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X4 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş halda qəhvəyi rəngli maddə kütləsini və qapağının içərisində məhlul olan 1 ədəd şpris iynəsini təqdim edərək bildirir ki, həmin maddələr narkotik maddə heroindir və həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs eyni zamanda 8 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən aptekdən quldurluq yolu ilə pul əldə etməsini bildirir. Sonra aşkar olunmuş maddənin ekspertiza tədqiqatına təqdim olunmasına dair məlumat verilir (cild 1, iş vərəqə 182-183). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2021-ci il tarixli 6/1410 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən... ” və s.yazılar və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,791 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şpris iynəsi qapağının içərisindəki 0,2 ml həcmindəki məhlulun tərkibində təmiz çəkisi 0,009 qram narkotik vasitə heroin müəyyən edilmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,791 qram, tədqiqata sərf edildi ümumi 0,05 qram, qalıq 0,741 qram, heroinin məhlulu 0,2 ml, tədqiqata sərf edildi 0,1 ml, qalıq 0,1 ml, cild 1, iş vərəqə 141-144). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2021-ci il tarixli 3/757 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 147-148). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 8 may 2021-ci il tarixli 1433 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 149-150). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 2 iyun 2021-ci il tarixli 1160 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 152-153). Təqsirləndirilən şəxs tərəfindən 8 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən aptekdən quldurluq yolu ilə əldə edilmiş puldan qalıq qalmış 220 manat pul, cinayət əməlini törədərkən istifadə etdiyi 1 ədəd mətbəx bıçağı, “çeçenka” papaq, 1 ədəd qara rəngli gödəkcə və üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq olan 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, 154-160). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 9 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 22). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 10 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 104-106). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 9 aprel 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 173,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 aptekin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona qarşı 480 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır (cild 2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 aptekin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 480 manat alınaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 aptekə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs2 aptekindən Təqsirləndirilən şəxs quldurluq yolu ilə ələ keçirdiyi puldan qalıq qalmış 220 manat pul Zərərçəkmiş şəxs2 aptekə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən istifadə etdiyi 1 ədəd mətbəx bıçağı, “çeçenka” papaq, 1 ədəd qara rəngli gödəkcə və ekspertiza tədqiqatından sonra qalıq olan 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 9 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 173,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən istifadə etdiyi 1 ədəd mətbəx bıçağı, “çeçenka” papaq, 1 ədəd qara rəngli gödəkcə və ekspertiza tədqiqatından sonra qalıq olan 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 aptekin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 480 manat alınaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 aptekə ödənilsin. Sabunçu rayon Polis İdarəsində saxlanılan və Zərərçəkmiş şəxs2 aptekdən Təqsirləndirilən şəxs quldurluq yolu ilə ələ keçirdiyi puldan qalıq qalmış 220 manat pul Zərərçəkmiş şəxs2 aptekə qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar