Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1640/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 dekabr 2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş; Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2014cü il tarixli, 1(008)-259/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,656 qram psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 2,495 qram narkotik vasitə olan heroıni əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2021-ci il tarixdə saat 15:30 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən «Oba Market»in qarşısında saxlanılaraq, 12-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun sağ əlində saxladığı qəhvəyi rəngli çantanın içərisindən iki ədəd siqaretin ağ kağızına bükülmüş külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 1,902 qram və 0,754, ümumi təmiz çəkisi isə 2,656 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,495 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, təxminən on ilə yaxındır ki, narkotik vasitə qəbul edir. 06 may 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Poçtamt inzibati binasının yaxınlığında üzdən tanıdığı, heç bir anket məlumatlarını, ünvanını bilmədiyi Tərlan adlı əxsdən 300 manata iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və əlindəki olan çantaya qoyaraq, orada saxlamışdır. 07 may 2021-ci il tarixdə saat 15:30 radələrində yaşadığı ünvana gedən zaman Tərlan adlı şəxsdən aldığı narkotik vasitə ilə psixotrop çantada olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən «Oba-Market»-in qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığından və bir gün əvvəl əldə etdiyi narkotik vasitə əlindəki çantada olduğundan o, polis əməkdaşlarından yayınaraq oradan uzaqlaşmaq qərarına gəlmişdir. Lakin polis əməkdaşları şübhələndikləri üçün ona onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməyi təklif etmişlər. O, çıxış yolu olmadığını görüb, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməyərək onlarla 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və yaxud predmet varsa həmin əşyaları könüllü təqdim etmək təklif edilmişdir. O, könüllü olaraq əlində saxladığı çantanın içərisindən Tərlan adlı şəxsdən aldığı iki ədəd bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd bükümdə narkotik vasitə olan heroini, bir ədəd tərəzini və «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ondan aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən, həmçinin də onun tərəfindən imzalanmışdır. Sorğu zamanı o, narkotik vasitəni özüi istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni də özü istifadə etmək məqədi ilə almışdır. Əməlindən peşman olmuşdur. Narkotik vasitəni satmaq məqsədi ilə almamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq, təsir olmamış və ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon polis idarəsi 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsini daşıyır. Xidmət etdiyi 12-ci polis şöbəsinin ərazisində Sabunçu qəsəbə sakini Azər adlı şəxsin narkotik maddə olan heroını əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, bir müddət həmin şəxsin yeri ona məlum olmamışdır. O, 07 may 2021-ci il tarixdə polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə xidmətə çıxmışdır. Həmin gün saat 15:30 radələrində xidmət aparan zaman o, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən "Oba-Market”-in yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb iş yoldaşı ilə birlikdə ona yaxınlaşmış və həmin şəxsə polis əməkdaşları olduqlarını bildirməklə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi xahiş etmişdir. Həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmiş və özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməyi təklif etmişdir. Həmin şəxs etiraz etməmiş və onlar oradan birbaşa polis şöbəsinə getmişlər. Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 07 saylı Vəkil Bürosundan vəkil kimi X5 dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əvvəlcədən üzərində olması ehtimal olunan narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində saxladığı qəhvəyi rəngli çantanın içərisindən ağ rəngli siqaret kağızına bükülmüş, içərisində ağ rəngli kristal formada olan iki ədəd bükümü, sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan bir ədəd bükümü, bir ədəd elektron tərəzini və «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirilən zaman bir bükümün içərisində tünd qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddə, digər iki bükümün içərisində isə ağ rəngli kristal formalı maddə kimi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edimişdir. Təqsirləndirilən şəxs orada bildirmişdir ki, könüllü təqdim etdiyi bir ədəd bükümdəkı maddə narkotik vasitə olan heroin, iki ədəd bükümdəki maddə isə psixotrop maddə olan metamfetamındır Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı çantasından aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddəni tutulmamışdan bir gün əvvəl, yəni 06 may 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Poçtamatın» inzibati binasının yaxınlığında üzdən tanıdığı, adının yalnız Tərlan oduğunu, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 300 manata aldığını etiraf etməklə həmin narkotik vasitə ilə psixotrop maddəni əl çantasında gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi şöbənin təhqiqatçısı Emil Muxtarov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra həmin yerdə olan iştirakçılar onunla bərabər tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, işlədiyi 12-ci polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik maddə olan heroini əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İstintaq vaxtı bunu müstəntiqə bildirmişdir, lakin nədən ötrü Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadədə həmin cümlənin yazılmamasını heç cür izah edə bilmir. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir edilməmişdir. Məhkəmə icasında proses iştirakçılarnn razılığı lə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bird aha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 07 may 2021-ci il tarixli raportundan görünür ki, 07.05.2021ci il tarixdə, saat 15:30 radələrində Sabunçu rayonu, Aydınbəyov küçəsi, “Oba” marketin yaxınlığında xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək, həmin şəxsə yaxınlaşdıqda, şəxs özünü şübhəli apararaq verilən suallardan yayınmağa çalışmışdır. Həmin şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edildikdən sonra, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qəhvəyi rəngli çantanın içərisindən bir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə, iki ədəd siqaretin ağ kağızına bükülmüş içərisində qəhvəyi rəngdə maddə, iki ədəd siqaretin ağ kağızına bükülmüş içərisindən ağ rəngdə kristal formalı maddə, bir ədəd kiçik tərəzi və “Samsung” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu, 06.05.2021-ci il tarixdə Bakıxanov qəsəbəsi, poçtun yaxınlığında qabaqcadan ora Tərlan adlı şəxs tərəfindən qoyulmuş maddələri götürərək 300 manata aldığını bildirmişdir.Tərəzini isə maddələri ölçmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdür. Sübut əhəmiyyəti kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı video kamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 08 may 2021-ci i tarixli, 1391 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sidikdə opi (+), met (+) madddələri aşkar edilmişdir. Cinayət işinin 34-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 6/1868 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 2,495 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,902 qram və 0,754 qram, ümumi təmiz çəkisi isə 2,656 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 may 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung C 3782” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda simkart olmadığı müəyyən edilmiş və baxış zamanı mobil telefondan iş üçün sübut əhəmiyyətinə malik ola biləcək məlumat aşkar edilməmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 vermiş olduğu qəbzdən görünür ki, sonuncu həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus “Samsung C 3782” markalı mobil telefonu 19 iyun 2021-ci il tarixdə təhvil almışdır. Cinayət işinin 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 avqust 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörtüntüləri özündə əks etdirən CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl paltarında, əşyalarında və ya bədənində ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qəhvəyi rəngli çantanın içərisindənbir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə, iki ədəd siqaretin ağ kağızına bükülmüş içərisində qəhvəyi rəngdə maddə, iki ədəd siqaretin ağ kağızına bükülmüş içərisindən ağ rəngdə kristal formalı maddə, bir ədəd kiçik tərəzi və “Samsung” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu, 06.05.2021-ci il tarixdə Bakıxanov qəsəbəsi, poçtun yaxınlığında qabaqcadan ora “Tərlan” adlı şəxs tərəfindən qoyulmuş maddələri götürərək 300 manata aldığını, tərəzini isə maddələri ölçmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdür. 01 ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Cinayət işinin 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 17 avqust 2021-ci il tarixli, 2760-0821 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroinin, psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, hal-hazıradək narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 01 sentyabr 2021-ci il tarixli cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə ilə külli miqdarda psixotrop maddənin əldə edildiyi istintaqa “Tərlan” adı ilə məlum olan mənbənin müəyyən edilməsindən ötrü, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ********* nömrəli yeni cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X7 Rayon Məhkəməsinin 18 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 dekabr 2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 81-83-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli, 1(008)-259/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı – 20 avqust 2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin 04 avqust 2021-ci il tarixli 2664 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 07 may 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 07 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 65-67-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 4(008)-311/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış 2,445 qram narkotik vasitə olan heroin, 2,556 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 may 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış 2,445 qram narkotik vasitə olan heroin, 2,556 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1640/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1640/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver