Məhkəmə qərarları › İş №1(101)-1663/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1663/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1663/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X5 küçəsi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsdən 10 may 2021-ci il tarixdə istintaqa məlum olmayan ünvanda satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1020 qram və 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,625 qram, 15,309 qram, 17,439 qram, ümumi təmiz çəkisi 47,373 qram kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və üzərində “Royal 225 (tramadol hidrochloride)” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutdakı 19 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərmanları 1000 manata əldə edərək üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, 20.05.2021-ci i tarixdə saat 19:30 radələrində həmin ünvanda Bakı şəhəri.Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə olunmaqla polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli idman şalvarın sağ yan cibindən 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,625 qram, 15,309 qram, 17,439 qram, ümumi təmiz çəkisi 47,373 qram, əynində olan göy rəngli gödəkçənin sağ iç cibindən 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1020 qram, ümumi təmiz çəkisi 1067,373 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və əynində olan ağ rəngli idman şalvarın sol yan cibindən üzərində “Royal 225 (tramadol hidrochloride)” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutdakı 19 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli ümumi miqdarı 4,275 qram olan (hər bir həbdə 0,225 qram tarmadol hirdoxlorid olmaqla) güclü təsir edən dərmanlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdu və 2015-ci ildən bəri azadlıqdadır və həmin vaxtdan etibarən nə narkotik vasitə satmış, nə də istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün Günəşli qəsəbəsində bir evdə qalırdı. Onlar yaşadığı evə daxil olub onu polis bölməsinə apardılar. Orada onu döyərək, təzyiq göstərdilər ki, guya narkotik vasitə satdığını desin, polis bölməsində videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirildi. Videoda göstərdiyi narkotik vasitəni üzərinə yerləşdirdilər ki, çıxarıb təqdim etsin, lakin o ona məxsus deyildi. Polis bölməsində ona təzyiq göstərdilər deyə, onların dediyi məzmunda danışdı və təqdim etdikləri sənədləri imzaladı. Onun üzərində və ya qaldığı evdə narkotik vasitə olmayıb. Onlar üzərinə 1 kiloqram mal, 30 qram metamfetamin və 19 ədəd həb yerləşdirdilər. Orada qolunu sındırdılar. Xəstəxanada həkimlərə polis əməkdaşları tərəfindən qolunun sındırıldığını dedi. Bundan əlavə 3 saylı İstintaq Təcridxanasına onu yerləşdirdikləri gün də üzərində xəsarət izlərinin olması qeydiyyata alınmışdı. Polis əməkdaşları tərəfindən mənə edilən təzyiqlər barədə Baş Prokurorluğa şikayət edib və bu barədə araşdırma davam edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi və Bülbülə qəsəbəsi ərazisində olan evlərdən Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Günəşli qəsəbəsi ərazisində tərəflərinzdən saxlanıldı və polis bölməsinə gətirildi. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərində olan həbləri və bükümü təqdim etdi və onları Əli adlı şəxsdən aldığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu da bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olundu.Təqsirləndirilən şəxs təzyiq göstərilməyib və üzərinə narkotik vasitə yerləşdirməyiblər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və üzərində hər hansı narkotik vasitə olmaması barəadə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 20 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 may 2021-ci il tarixli 6/1991 nömrəli rəydən göründüyü kimi tədqiqata təqdim edilmiş “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan paketdəki 1 (bir ədəd) bağlamada təmiz çəkisi 1020 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,625 qram, 15,309 qram, 17, 439 qram, ümumi təmiz çəkisi 47,373 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Royal 225 (tramadol hidrochloride)” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutdakı 19 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərmanlardır və 19 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddənin ümumi miqdarı 4,275 qramdır, (konvalyutun üzərindəki göstəricisinə əsasən hər bir həbdə 0,225 qram tramadol hirdoxlorid olmaqla) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 1067,373 qram ( 1 kq 67,373 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdir edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (siyahı İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1067,373 qram, tədqiqata sərf edildi 0,2 qram, (hər maddədən 0,05 qram götürüldü), qalıq 1067,173 qram təşkil edir. 19 ədəd həbdən 2 həb tədqiqata sərf edildi, qalıq 17 həb təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 26 avqust 2021-ci il tarixli 3093 №-li rəyindən görünür ki, X2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi).Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün müəyyən dəlillər gətirərək, ona ittiham elan olunmuş cinayət əməlini törətməsini Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirərək, təsir altında etirafedici ifadə verdiyini bildirsə də, cinayət işinin materiallarından müəyyən olunur ki, həmin xüsusatla bağlı Suraxanı rayon prokurorluğunda tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və ona qarşı digər qanunazidd hərəkətlərə yol verilməsi öz təsdiqini tapmadığından 04 iyul 2021ci il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 may 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DiN-nin BƏSÜ-dən alınmış müvafiq tələbnamədən görünür ki, X3 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04.03.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilmidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15.04.2003-cü il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası CM-nin 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.12.2006-cı il tarixdə cəzanın sonu ilə azad edilmiş və 29.09.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 may 2007-ci ilil tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.04.2009-cu il tarixdə Azərbaycan respublikası MM-in 13.09.2009-cu il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 aprel 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.12.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatından sonra qalıq qalmış 1067,173 qram heroin və və 2 (iki) ədəd konvalyutdakı 19 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı ümumi miqdarı 4,275 qram olan tramadol hidroxlorid tərkibli dərmanlar ekspertiza tədqiqatından sonra qalıq qalmış 17 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 may 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatından sonra qalıq qalmış 1067,173 qram heroin və və 2 (iki) ədəd konvalyutdakı 19 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı ümumi miqdarı 4,275 qram olan tramadol hidroxlorid tərkibli dərmanlar ekspertiza tədqiqatından sonra qalıq qalmış 17 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar