Məhkəmə qərarları › İş №1(101)-276/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-276/2021

25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-276/2021 25.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, döngə 2, ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanının həyətində yerləşən istixananın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib xx xxx 2020-ci il tarixədək olan müddət ərzində külli miqdarda, ümumilikdə 211 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxx 2020-ci il tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanının həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən üzəri ağ rəngli sellefonla örtülmüş istixananın içərisində qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 6939,258 qram (6kq 939,258 qram) olmaqla 211 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, döngə 2-də yerləşən 12 saylı fərdi yaşayış evi əmisi Əlimədət Quliyevə məxsusdur. Hazırda həmin ünvanda əmisinin ailəsi yaşayır. Əvvəllər o da qeyd olunan ünvanda yaşamışdır. Sonradan valideyni Rufail Quliyev Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən 1 saylı evi almış və həmin tarixdən qeyd olunan ünvanda yaşayır. Həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni həmişə yaşadığı Türkan qəsəbəsində üzdən tanıdığı şəxslərdən alıb istifadə etmişdir. Təxminən bir neçə ay əvvəl onunla eyni kənddə, Türkan qəsəbəsində yaşayan tanışı “Kərbəlayi Elşən” kimi hamının müraciət etdiyi şəxs ona narkotik tərkibli çətənə bitkisinin toxumlarını verməyini, həmin toxumları özünə məxsus həyətdə əkib yetişdirdikdən sonra satıb qazanc əldə etməklərini təklif etmişdir. Təqsirləndirilən şəxs Elşənə bu işin riskli olmasını bildirsə də, Elşən ona narahat olmamağı, bu işdən kimsənin məlumatının olmayacağını, işinin yalnız onun verdiyi toxumları əkib qulluq göstərməklə yetişdirməkdən ibarət olduğunu, narkotik vasitə marixuananın satışının məhz özü tərəfindən həyata keçiriləcəyini, onun kimləsə ünsiyyətdə olmayacağını söyləmişdir. Elşən ona bu işdə yaxşı pul olmasını, bu işlə məşğul olan tanışlarının yaxşı pul qazanmasını bildirmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığına görə Elşənin təklifi ilə razılaşmışdır. Danışıqlarından 2-3 gün keçdikdən sonra Elşən idarə etdiyi ağ rəngli “Priora” markalı qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobil ilə yaşadığı məhəlləyə gəlib onunla görüşmüşdür. Onunla görüşüb bir qədər haləvhal tutduqdan sonra çətənə bitkisinin toxumlarını kağızın içərisində Valehə vermişdir. Elşən ona toxumları verdikdən sonra həmin bitkilərin 2-3 ay ərzində tam hazır olacağını, yetişdirib qurutduqdan sonra məlumat verməyini demişdir. Elşən qurudulmuş çətənə bitkilərini ondan götürüb öz tanışlarına satacağını və əldə olunan pulu aralarında böləcəyini bildirmişdir. O, toxumları Elşəndən götürüb yaşadığı evin həyətyanı sahəsində əvvəldən tikdiyi istixananın içərisində əkmişdir. 10-15 gün keçdikdən sonra həmin toxumlar artıq torpaqdan çıxmağa başlamışdır. O, əkdiyi toxumların üzərindəki torpaq quru olduğu halda yenidən sulamışdır. Təxminən iki ay bitkilərə su verib ətrafındakı digər inkişafa təsir edən otlardan təmizləməklə qulluq etmişdir. Bundan sonra bitkilərin yaxşı inkişaf etməsini görüb Elşənin ona verdiyi toxumların qalan hissəsinə də istixananın digər tərəfində, ikinci hissəsində əkmişdir. Həmin bitkilər ilk əkdiklərindən kiçik ölçüdə olmuşdur. İstixananın içərisinə özündən başqa kimsə daxil olmamışdır. O, özü bütün günü həyətdə olduğu üçün ailə üzvlərindən də kiminsə oraya daxil olmasına imkan verməmişdir. O, ailə üzvlərinə istixananın içərisində xüsusi növ pomidor əkdiyini, hava getməməsindən ötrü kiminsə oraya daxil olmamasını bildirmişdir. Özü də çalışdığı qədər istixananın içərisinə az daxil olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 10:15 radələrində o, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanında olan zaman evin həyət qapısının döyülməsini görüb qapını açmışdır. Həmin vaxt bir neçə mülki geyimli şəxs özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyi ilə bağlı həyətə baxış keçirilməli olduğunu bildirmişlər. O, etiraz etmədikdən sonra həyətinə daxil olmağa icazə istəmişlər. O, evinin həyətyanı sahəsinə polis əməkdaşlarının daxil olmalarına etirazının olmamasını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Ona həyətyanı sahəsində videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra baxış keçirilməyə başlanılmışdır. Ona üzərində, yaşadığı evdə və evinin həyətyanı sahəsində narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyətyanı sahədə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi barədə soruşulmuşdur. O, əynindəki paltarlarının ciblərini açıb içlərinin boş olduğunu, evində narkotik vasitələrin və sair dövriyyəsi qanunla qadağan edilmiş maddələrin və əşyaların olmadığını, lakin evinin həyətindəki istixanada narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini bildirmişdir. Ona həyətindəki həmin sahəni göstəmıək təklif olunmuşdur. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə istixana tərəfə getmişdir. İki hissədən ibarətdir istixananın qapısını açdıqdan sonra birinci hissədə nisbətən hündür ölçülü bitkilərin, ikinci hissədə isə nisbətən kiçik ölçülü bitkilərin əkildiyi baxış zamanı müəyyən edilmişdir. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis istixanada əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, əkilməklə, xüsusi qulluq olunduğunu bildirmişdir. O da mütəxəssisin dediklərini təsdiq edib istixanada əkilmiş bitkilərin çətənə bitkisi olduğunu, giriş hissədə olanların təxminən iki ay əvvəl əkdiyini, ikinci hissədə olan bitkiləri təxminən 1 ay əvvəl əkdiyini bildirmişdir. O, həmçinin narkotik tərkibli çətənə bitkisinin toxumlarını Elşəndən götürdüyünü, özü isə narkotik vasitə olan marixuanadan arabir istifadə etdiyini, qeyd olunan bitkiləri əkməkdə məqsədinin satıb pul qazanmaq olduğunu bildirmişdir. Bundan sonra çətənə bitkiləri bir-bir torpaqdan çıxarılıb sayılmaqla kisəyə yığılmağa başlanmışdır. Tam yığılıb qurtardıqdan sonra məlum olmuşdur ki, aşkar olunan bitkilərin ümumi sayı 211 ədəddir. Bitkilərin 144 ədədi ölçüləri böyük olanlar kisəyə, 67 ədədi isə ölçüləri kiçik olduğundan qara rəngli sellofana yığılmışdır. Aşkar olunmuş bitkilər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə müvafiq qaydada 01 ədəd kisədə və 01 ədəd qara rəngli sellofanda qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Ardınca videoçəkiliş dayandırılmış və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis İdarəsində ona hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmaqla barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Evinin həyətyanı sahəsində keçirilən baxışla bağlı protokol tərtib edilmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Etdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər X4 şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. xx xxx 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla Banditizm və digər X4 şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və X5 Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, İstintaq və X6 bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətləri bildirilmişdir. xx xxx 2020-ci il tarixdə saat 09 radələrində əməliyyat qrupunun üzvləri və baxışda iştirak etmək üçün dəvət edilmiş Bitki Mühafizəsi və X14-tədqiqat İnstitutunun Abşeron təcrübi stansiyasının aparıcı elmiş içşisi, alim-aqronom X8 ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsinə getmişlər. Sovxoz küçəsi, 1 saylı fərdi yaşayış evinin giriş qapısına yaxınlaşmışlar. Evin giriş qapısı döyüldükdən sonra bir nəfər 35-40 yaşlarında kişi cinsli, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxs qapını açmışdır. Qeyd olunan şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsində şübhəli olduğu, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunması və onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə, evin həyətyanı sahəsində narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyətyanı sahədə tərkibində narkotik maddələr olan bitkilərin olması soruşulmuşdur. Təqsirləndirilən şəxs ilk öncə üzərində narkotik vasitənin olmadığını bildirirək şalvarının ciblərini çıxararaq hər hansı bir əşyanın olmadığını söyləmişdir. O, yaşadığı evin içərisində də narkotik vasitələrin olmadığını, lakin həyətin yuxarı hissəsində, sağ tərəfdə yerləşən istixananın içərisində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkdiyini və qulluq göstərməklə yetişdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin yerini göstərmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs öndə olmaqla istixana istiqamətində hərəkət etmişlər. İstixananın qapısını açdıqdan sonra çoxlu sayda bitkinin olmasını görmüşlər. Qeyd olunan istixananın içərisinin 2 hissədən ibarət olduğu müəyyən edilmişdir. İstixananın girişindən birinci hissədə nisbətən hündür ölçülü bitkilər, 2ci hissədə isə nisbətən kiçik ölçülü bitkilər yetişdirilmişdir. Baxışda iştirak üçün dəvət olunmuş aqronom-mütəxəssis Mərdan Tağıyev istixanada əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, əkilməklə xüsusi qulluq göstərildiyini söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs də istixanada əkilən bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, giriş hissədə nisbətən böyük ölçüdə olanları 2 ay öncə əkdiyini, digər kiçik ölçüdə olanları isə 1 ay öncə əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan bitkilərin toxumlarının tanışı Elşən adlı şəxs tərəfindən ona verildiyini, özü narkotik vasitə olan marixuanadan çox az hallarda istifadə etməsini, qeyd olunan bitkiləri əkməkdə məqsədi yetişdirdikdən sonra satıb qazanc əldə etmək olduğunu demişdir. Bundan sonra tərəflərindən tərkibində narkotik maddələr olan çətənə bitkiləri bir-bir torpaqdan çıxarılaraq sayılmaqla sintetik torbaya yığılmağa başlanmışdır. Böyük ölçüdə olmaqla 144 ədəd çətənə bitkiləri ağ rəngli sintetik torbaya yığılmışdır. 67 ədədinin ölçüləri kiçik olduğundan qara rəngli sellefana yığılmışdır. Ümumilikdə 211 ədəd çətənə bitkiləri tərəflərindən torpaqdan çıxarılmışdır. Aşkar olunmuş bitkilər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün tərəflərindən qablaşdırılaraq üzəri möhürlənmişdir. Narkotik tərkibli bitkilər olan 01 ədəd ağ rəngli sintetik torbanın və 01 ədəd qara rəngli sellefan bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Baş İdarəyə qayıtmışlar. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edildikdən sonra həyətyanı sahəsinə baxış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyatda iştirak etmiş digər əməkdaşı Şahid3 və ifadəsi elan edilmiş digər əməkdaş Şahid4 Dilavər oğlu Şahid2 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin tarixdən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Soxvoz küçəsi, 1 saylı fərdi yaşayış evində yaşayır və birgə nigahdan 3 övladları vardır. Özü hər hansısa bir yerdə işləmir. Həyat yoldaşı Təqsirləndirilən şəxs əvvəllər yük avtomobillərini idarə edərək yük daşımaqla qazanc əldə etmişdir. Təxminən son bir il ərzində iş olmadığı üçün o, həyətdə torpaq sahəsində göyərti əkməyə başlamışdır. 2020-ci ilin mart ayında evdə təmir işləri getdiyi üçün uşaqları ilə birlikdə anasının yaşadığı ünvan 2 saylı ünvanda qalmağa başlamışdır. Arada isə yaşadığı həyətə gəlib Valehə pal-paltar gətirib təmizlik işləri aparmışdır. Həmin vaxtlar Valeh həyətdə üzəri şəffaf sellefonla bağlı yer düzəltmişdir. O, Valehdən həmin yeri nə üçün düzəltməsini soruşan zaman Valeh oraya pomidor şitilləri əkdiyini və hava getməsin deyə içərisinə keçməməyini tapşırmışdır. Xəyalə də onun dediklərinə əməl edib həmin istixananın içərisinə daxil olmamışdır. xx xxx 2020-ci il tarixdə qonşulardan eşitmişdir ki, Valeh həyətdə həmin qeyd olunan üzəri bağlanmış istixananın içərisində tərkibində narkotik vasitə olan çətənə bitkiləri əkmiş, bu barədə polis əməkdaşlarında məlumat olmuş və polis əməkdaşları həyətə baxış keçirən zaman qeyd olunan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxx 2020-ci il tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilmiş, qeyd olunan ünvanda həyətyanı sahədə yerləşən istixananın içərisindən əkilib yetişdirilməklə kultivasiya edilmiş 144 ədəd böyük ölçüdə, 67 ədəd isə kiçik ölçülərdə olmaqla ümumilikdə 211 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər həyətyanı sahədə yerləşən istixanada əkilib yetişdirilmişdir, bitkilərin ətrafı ot örtüyündən təmizlənmişdir, dibləri boşaldılmış, diblərinə üzvi kübrə verilmişdir, torpağında suvarılma əlamətləri aşkar edilmişdir. Bitkilərin hündürlüyü təxminən 20-100 santimetrdir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasıya edilməsini göstərir. Həmçinin aşkar olunmuş 67 ədəd 5-10 sm ölçüdə şitillər də narkotik xassəli çətənə bitkisidir (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/250 saylı rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş...” sözləri yazılmış sintetik torbada 144 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 6925 qram (6 kq 925 qram) olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 1.1. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər.

2. Tədqiqata təqdim olunmuş qara rəngli sellefon torbada 67 (altmış yeddi) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 14,258 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. 2.1. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onlarla müqayisəli tədqiqat aparılmadı.

3. Aqronomun rəyinə əsasən ümumi sayı 211 (iki yüz on bir) ədəd olan çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 43-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1857 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərinin toxumlarını əldə etdiyi “Elşən” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə xx xxxx 2020-ci il tarixdə tarixdə DİN-in Baş X1 İdarəsinə 007- 7935-1220 nömrəli istintaq tapşırığı verilmiş, Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs əlaqələrini və “Elşən” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 107-108; 144). İşdə olan maddi sübut hesab etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 211 ədəd, ümumi çəkisi 6939,258 qram (6 kq 939,258 qram) olan narkotik tərkibli çətənə bitkilərinin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq - 6938,958 qram olan narkotik tərkibli çətənə bitkiləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 86-87, 181). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 1 ünvanına keçirilən baxış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 164-174). İşdə olan xx.xx.2020-ci il tarixli, 5(003)-154/2020 saylı qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər X4 şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarı qanuni hesab etmişdir (cild 1, iş vərəqi 98). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2020-ci il tarixli, 1/799 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (cild 1, iş vərəqi 109). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 4065 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 110). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 111-112). Cinayət işi materallarına əlavə edilmiş xasiyyətnamədən və sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və X9 arasında xx.xx.2008-ci ildə nikah bağlanmış, himayəsində 2009-cu il təvəllüdlü Züleyxa, 2011-ci il təvəllüdlü Rəfayıl, 2012-ci il təvəllüdlü Şəlalə adlı üç azyaşlı övladı var. Qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 119-122, 139-141). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 78-82). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6938,958 qram olan 211 (iki yüz on bir) ədəd narkotik tərkibli çətənə kolları məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6938,958 qram olan 211 (iki yüz on bir) ədəd narkotik tərkibli çətənə kolları məhv edilsin; - Video görüntülər olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar