Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2021 23.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin huquqi varisi: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Gürcüstan Respublikası Marnauli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər Qazax rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi ev 146-da müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Vuqar Mamedovun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Vuqar Mamedov həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Vuqar Mamedov xx xxx 2020-ci il tarixdə saat 16 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış masivi, R.Allahverdiyev küçəsi, ev 146 ünvanına gələrək orada qeyri rəsmi ər-arvad kimi yaşadığı Şahid2 evin sahibi X2 evində sərxoş və çılpaq vəziyyətdə yatdığını görüb bu səbəbdən Sərdar Hacıyevlə aralarında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü zavod usulu ilə hazırlanmış məişət təyinatlı bıçaqlara uyğun gələn və soyuq silah hesab edilməyən bıçaqla X2 qarın nahiyyəsindən bir zərbə endirib sonuncuya qarının ön divarının periton boşluğuna nüfuz edən onikibarmaq bağırsaq müsaqirəsini zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətlərini yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Vuqar Mamedov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 ilə o, qeyri rəsmi olaraq 6-7 ildir ki, ər-arvad münasibətində yaşayırlar. Kəmalə ilə birlikdə təxminən 8 aydır ki, Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsi ev 146 ünvanda X2 evində kirayədə qalırmışlar. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində o evə qayıdıb görmüşdür ki, kirayə qaldıqları evin həyətinin darvazası içərdən bağlıdır. Həyətə daxil ola bilmədiyinə görə qapını döyməyə başlamış, qapını açan olmamışdır. O, fikirləşmişdir ki, Kəmalə gecə növbədə işlədiyinə görə yorulub və yatır, buna görə də onu narahat edib telefonla zəng vurmaq istəməmişdir. Qapını isə döyməyə davam edirmiş, təxminən 20 dəqiqədən sonra qapını evin sahibi Sərdar yarı yuxulu vəziyyətdə açmışdır. O, həyətə daxil olanda Sərdara qapını bağladığına görə narazılığını bildirmişdir. Sərdar da demişdir ki, bir açarı çıxardıb ona da verəcək. Bundan sonra, öz evlərinə daxil olanda Kəmalənin orada olmadığını görmüşdür. O, Sərdardan soruşmuşdur ki, Kəmalə haradadır, Sərdar isə ona demişdir ki, Kəmalə rəfiqəsi ilə birlikdə harasa gedib. O isə evdə Kəmalənin ayaqqabılarını görmüş və Sərdarın dediklərinə şübhə ilə yanaşmağa başlamışdır. Sərdar öz evinin ətrafında gəzirmiş və o Sərdarın əlində ona məxsus olan çəkələylərini görmüş, Sərdar həmin çəkələyləri kənara qoymuşdur ki, o onları görməsin. O, ehtimal etmişdir ki, Kəmalə onun çəkələylərini geyinib Sərdarın evinə gəlib. Sərdar evinə daxil olanda, o da Sərdarın arxası ilə evə daxil olmuşdur. Sərdarın ona yalan danışmasını hiss edib evin otaqlarını axtarmağa başlamışdır. Yataq otağına daxil olanda görmüşdür ki, Kəmalə çılpaq vəziyyətdə yatır. Bunu görən kimi başa düşmüşdür ki, Kəmalə Sərdarla cinsi əlaqədə olub, çünki onlar evdə tək olmuşdular. O, Kəmaləni oyadanda Sərdar demişdir ki, oyatma yorğundu yatıb, o da demişdir ki, yorğundusa öz evlərində yatsın, niyə burda yatır. Sonra əsəbi halda mətbəxdən bıçağı götürüb Sərdarın qarın nahiyəsinə dirəmişdir. Sərdarın qarnı çox yekə olduğundan, bıçaq onun iradəsindən asılı olmayaraq onun qarınını ciddi olmayan şəkildə cızmış və o evdən uzaqlaşmışdır. Polisə təslim olmaq istəsə də təslim olmamış, sonradan polis əməkdaşları onu bölməyə aparmışlar. Əslində onun Sərdara ağır xəsarət yetirmək niyyəti olmamış, Sərdarı qorxutmaq istəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, evinin həyətində iki otaqlı ev tikib kirayə vermişdir. Vuqar Mamedov və Şahid2 hadisədən 8 ay əvvəl onun həyətində olan evdə kirayə yaşamışlar. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində o evdə tək olan zaman Şahid2 gəlib onun arvadı Şokəti soruşmuş, o, isə Şokətin evdə olmadığını demişdir. Kəmalə evə daxil olaraq, qonaq otağına keçib əyləşmiş, o, isə güman etmişdir ki, Kəmalə onun arvadı Şokəti gözləyir, özü isə digər otağa keçib şəxsi işləri ilə məşğul olmuşdur. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Vuqar Mamedov qapının zəngini basmış, o qapının açdıqda Vuqar Kəmalənin harada olduğunu soruşmuşdur. O, Vuqara demişdir ki, Kəmalə evin qonaq otağında oturub. Vuqar evə daxil olub cibində olan bıçaqla onun qarın nahiyyəsinin aşağı sağ hissəsindən bir dəfə vurmuşdur. Vuqar onu vurduqdan sonra çıxıb getmiş, o, isə təcili tibbi yardıma müraciət etmişdir. Vuqar Kəmalənin evin qonaq otağında əyləşdiyini görüb əsəbi halda onu bıçaqla vurmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, zərərçəkmiş şəxs Sərdar Hacıyev xx.xx.2020-ci il tarixdə evində ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs Sərdar Hacıyev ibtidai istintaq zamanı ölsə də, onun ibtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilməsi zamanı hər hansı prosessual pozuntuya yol verilməməsi, onun ifadəsinin iş üçün əhəmiyyət kəsb etməsi səbəbindən məhkəmə hesab edir ki, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi sübut kimi nəzərə alınmalıdır. Məhkəmədə zərərçəkmiş şəxsin huquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2005-ci il tarixdə X3 ilə evlənmiş və onların 14 yaşlı bir oğulları var. Sərdar özü “xxxx” MMC-də işləyirmiş. Yaşadıqları ev həyət evidir və əlavə qazanc əldə etmək məqsədi ilə evlərini Vüqar və Kəmaləyə kirayə vermişlər. xx xxx 2020-ci il tarixində o, oğlu İmranla birlikdə qardaşıgilə qonaq getmişlər. Ona Sərdar zəng edərək onların həyətində kirayədə qalan Vüqarın onu bıçaqla vurduğunu demişdir. O xəstəxanaya getsə də, Sərdarın vəziyyəti ağır olduğu üçün onu görə bilməmişdir. xx xxx 2020-ci il tarixdə Sərdar ev şəraitinə buraxılaraq evdə müalicə almağa başlamışdır. xx xxxx 2020-ci il tarixində isə Sərdar evdə rəhmətə getmişdir. O hadisənin hansı səbəbdən törənməsini dəqiq bilməmişdir, sonradan guya əri ilə Kəmalənin münasibətlərinin olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X3 onun dayısıdır. Dayısının yaşadığı həyət evində Vuqar adlı görmədiyi şəxsin yaşadığını bilirmiş. Həmin şəxslə dayısıgilin indiyə qədər mübahisəsini eşitməmişdir. xx xxx 2020-ci il tarixdə qohumlarından dayısı Sərdarın baçaqlanaraq xəstəxanaya yerləşdirildiyini eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, Sərdarın evində kirayədə yaşayan Vuqar Mamedov xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Sərdarın evində olarkən bıçaqla onun qarın nahiyyəsindən vurmuşdur. Lakin hansı səbəbə görə Vuqarın Sərdarı bıçaqla vurmasını bilməmişdir. xx xxx 2020-ci il tarixdə o, Sərdarın evinə gələn zaman orada onun ailə üzvləri mətbəxdə qanlı vəziyyətdə bıçağı tapmışlar. Həmin bıçaq qanlı olduğundan Sərdarın oğlu və arvadı bıçağı yuyub yerinə qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Vuqar Mamedovla təxminən 7-8 ildir ki, qeyri rəsmi ər-ravad münasibətində yayayır. Aralarında nikah yoxdur, ümumi övladları da yoxdur. O özü Sulutəpə yaşayış massivində yerləşən çörək sexində fəhlə işləyir, Vuqar da “Meyvəli bazar”da fəhlə işləyirdi. Təxminən 8 aydır ki o Vüqarla birlikdə Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivi R.Allahverdiyev küçəsi ev 146 ünvanda X2 evində kirayədə yaşamağa başlamışlar. xx xxx 2020-ci il tarixdə kirayə qaldıqları evdə olarkən istəmişdir ki, özü ilə alıb gətirdiyi kababa Sərdarı qonaq etsin və Sərdarın payını ayırıb yanına getmişdir. Sərdarın evinə daxil olanda, Sərdar evdə oturub yemək yeyib araq içirdi və Sərdar onu masaya dəvət etmişdir. Sərdar ona araq süzmüş və o, icmişdir. Sərdarla birlikdə bir qədər araq içəndən sonra, o, sərxoş olmuş və Sərdar ona təklif etmişdir ki, onunla birlikdə yataq otağına keçsin. O, sərxoş olduğundan beyni dumanlanmışdır. Həmin vaxtı onun başı fırlanmış və sonra nə baş verdiyini xatırlamır. Saat 16 radələrində o, qışqırıq səsindən ayılmışdır. Onun üstünə kimsə qışqırıb onu silkələmişdir. O yuxudan oyananda görmüşdür ki, çılpaq vəziyyətdə Sərdarın yataq otağında uzanmışdır, Vuqar isə başının üstündə əsəbi halda durub qışqırır. O Vuqarın bu vəziyyətdə olduğunu görüb, öz etdiyi hərəkətinə görə utanmış və tez geyinib Sərdarın evindən çıxıb öz evinə getmişdir. Vuqar isə Sərdarın evində qalıb onunla mübahisə etməyə davam etmişdir və Sərdara «utanmırsan, ağsaqqal kişisən, yaşından utan» sözləri demişdir. Təxminən 5-10 dəqiqədən sonra Vuqar Sərdarın evindən çıxıb onların evinə daxil olmuş və ona utandırıcı sözləri deyib oradan çıxıb getmişdir. Vuqar çıxıb gedəndən təxminən 5 dəqiqədən sonra Sərdan onun otağına daxil olaraq əli ilə qarın nahiyyəsini tutmuşdur. Onun qarnından qan gəlirmiş. Sərdar ona demişdir ki, «Vuqar məni bıçaqla vurub, təcili tibbi yardım stansiyasının həkimləri indi gələçək, burda qal mənə kömək ele». Ona bunu deyəndə o etiraz etməmiş və Sərdarla evdə qalmışdır. Həkimlər gələndə Sərdar onlara demişdir ki, yıxılıb və qarnına dəmir batıb, o elə başa düşmüşdür ki, Sərdar həkimlərdən bu hadisəni gizlətmək istəmişdir ki, Sərdarın onu lüt soyundurduğunu heç kim bilməsin. Həkimlər Sərdarı xəstəxanaya aparanda o evdə qalmışdır. Sonra ona məlum olmuşdur ki, Vüqar polis əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş əşyanın tanınması istintaq hərəkəti zamanı Mamedov Vuqar bildirmişdir ki, ona təqdim edilmiş 04 ədəd bıçaqdan “1” nömrə ilə işarələnmiş bıçaqla o, xx xxx 2020-ci ilı tarixdə saat 16 radələrində yaşadığı evdə o, Sərdar Hacıyevin qarın nahiyyəsindən vuraraq sonuncuya bədən xəsarəti yetirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş məhkəmə-bioloji ekspertizasının 355/2020 MTBŞ saylı xx xxx 2020-ci il tarixli rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş məhkəmə-kriminalistik ekspertizasının 220/MTKŞ saylı xx xxx 2020-ci il tarixli rəyində göstərilir ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazərlanmış məişət təyinatlı bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş məhkəmə ambulator-psixiatrik ekspertizasının 987 saylı xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, Mamedov Vuqar hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Mamedov Vuqar həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Mamedov Vuqar ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Mamedov Vuqarın məcburi müalicəyə ehtiyyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 166 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunmuş qarının ön divarının periton boşluğuna nüfuz edərək onikibarmaq bağırsaq müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşaiət olunan xəsarətlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb qaraciyərin sirrozu xəstəliyi nəticəsində baş verən kəskin qaraciyər çatmamazlığı olmuşdur. X2 ölüm səbəbi ilə ona yetirilmiş xəsarət arasında səbəbli əlaqənin olub-olmamasının və yetirilmiş xəsarətin onun xəstəliyinin ağırlaşdırılmasına səbəb olub olmamasının təyini komission məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aiddir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş komission məhkəmə-tibbi ekspertizasının 357/KEŞ saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun ölümünə səbəb qaraciyərin sirrozu xəstəliyi nəticəsində baş verən kəskin qaraciyər çatmamazlığın olduğu müəyyən edilmişdir, bununla da aparılmış cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. MTE və PA Birliyinin Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 166 saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticəsi təsviri hissəsinə uyğundur. Cinayət işi üzrə ibtidai istintaq zamanı Mamedov Vuqarın göstərilən cinayətdə istifadə etdiyi bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Vuqar Mamedov irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə zamanı onun Sərdar Hacıyevə ağır xəsarət yetirmək niyyətinin olmamasını göstərsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, Vuqar Mamedov tərəfindən bıçaqdan istifadə edilməklə qəsdən Sərdar Hacıyevə ağır dərəcəli bədən xəsarətinin yetirilməsi öz ifadəsinin faktiki halları, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Vuqar Mamedovun məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsini cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Vuqar Mamedovun həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs Vuqar Mamedovun qeyd olunan əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X6 rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda həmin məhkumluğu ödənilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Vuqar Mamedovun Azərbaycan Respublikası CMnin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Vuqar Mamedovun xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Vuqar Mamedovun cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Vuqar Mamedov Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxs Vuqar Mamedovun Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otaqında saxlanılmaqla maddi sübut kimi tanınmış bir ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Mamedov Vuqar Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otaqında saxlanılan bir ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-281/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-281/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver