Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-295/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 60 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 18 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə 2020-ci il may ayının axırlarında şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Ağa» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən satış məqsədi ilə qanunsuz olaraq Binəqədi rayonu, Zərifə Əliyeva adına Göz klinikasının yaxınlığındakı ağacın yanında gizlədilmiş külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq evində və üzərində saxlamış, bir qismini bükümlərə bölməklə satmış və 18 may 2020-ci il tarixdə saat 14:20 radələrində Binəqədi rayon Polis idarəsi 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən «Lallar fabriki» kimi tanınan yerin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “CAS CUX 420H” markalı elektron tərəzi, 1 ədəd salfet kağızının içərisindəki 5 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qr, 0,164 qr, 0,168 qr, 0,135 qr, 0,050 qr olmaqla ümumi təmiz çəkisi 0,725 qram və həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 4,893 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, narkotik vasitələrdən istifadə etsə də, tutulduğu gün onun üzərində narkotik vasitə olmamışdır. Sonradan çəkiliş aparılarkən polis işçiləri onun evində özü üçün saxladığı narkotiki cibindən çıxarıb guya satmaq məqsədilə saxladığını bildirmişlər. O, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 2020-ci il may ayının 17dən 18-nə keçən gecə saat 4-5 radələrində evin qapısının yaxınlığında tutulmuşdur. Əvvəllər narkotik vasitəni «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə sifariş verib almış və narkotik vasitənin hər qramını 20-30 manata almışdır. O, Maqsud və İlkin adlı şəxslərə narkotik vasitə satmamış və onun üzərində elektron tərəzi olmamışdır. O, sənədlərə təzyiq altında imza etmişdir. Ona təzyiq edilməsi barədə şikayətlər etmiş və Bakı şəhəri, Binəqədi rayon prokurorluğunda bu barədə onun izahatı alınmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və bir azyaşlı övladı vardır. Təxminən bir ildir ki, narkotik vasitə heroini gündə 2-3 dəfə olmaqla siqaretin falqasına büküb çəkməklə qəbul edir. 2020-ci ilin təxminən fevral ayında “instagram” sosial şəbəkəsində “Ağa” adlı tanımadığı şəxs mesaj yazaraq onunla tanışlıq münasibətləri qurmağa başlamış, o da, həmin şəxslə yazışmışdır. Bir neçə gün sonra “Ağa” ondan narkotik vasitə qəbul edib-etməməsi ilə maraqlananmış, o, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Ağa narkotik vasitə olan heroini Bakıda yaşayan onun tanımadığı tanışlarına dəqiq bilmədiyi üsulla Bakıya göndərəcəyini və həmin narkotik vasitənin qramını 17 manata ona verəcəyini söyləmiş, o da, «Ağa» adlı şəxsin təklifi ilə razılaşmışdır. Onların arasında olan şifahi sövdələşməyə əsasən, «Ağa» adlı şəxsin ona verəcəyi narkotik vasitəni hissə-hissə tanışlarına sataraq əldə edəcəyi pulu göndərdiyi “xxxx” ASC-yə aid kartlardan birinə köçürməli olduğunu bildirmiş, o da, narkotik vasitənin qiyməti ilə maraqlanan zaman «Ağa» adlı şəxs narkotik vasitənin satış qiyməti olaraq ona 1 qramını 17 manata təklif etmiş və qiymət ucuz olduğundan və ona sərf etdiyi üçün o, “Ağa” kimi adını bildiyi şəxslə razılaşmışdır. Həmin vaxtdan etibarən “Ağa” adlı şəxsdən narkotik vasitə olan heroinin 1 qramını 17 manata alıb 35-40 manat arası tanımadığı şəxslərə satmağa başlamışdır. O, əsasən əvvəl həmin «Ağa» adlı şəxsin istifadəsində olan +**********66 saylı mobil nömrəsinə zəng etmişdir. «Ağa» adlışəxs «whatsapp» sosial şəbəkə vasitəsilə ona hər dəfə müxtəlif bank kartlarının şəklini ataraq narkotik vasitənin pulunu bank hesabına köçürməsini bildirmişdir. O, həmin bank hesablarına pul köçürdükdən sonra köçürdüyü məbləğin qəbzinin şəklini çəkib «Ağa» adlı şəxsə göndərmişdir. Bundan sonra axşam saatlarında ona xəbər gəlmiş və o, hər dəfə müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni götürərək həm istifadə etmiş, həm də ayrı-ayrı şəxslərə satmışdır. “Ağa” adlı şəxsə hər dəfə 5-10 qram arası narkotik vasitə təşkil etməsini bildirmişdir. 18 may 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi qəsəbəsi “Lallar” fabrikinin yaxınlığında piyada gəzən zaman üç nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra narkotik vasitə və psixotrop maddələrin saxlanmasında şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirmək istədiklərini ona bildirmişlər. Polis əməkdaşları onu Binəqədi RPİ 43-cü Polis Bölməsinə dəvət etmiş, bölmədə ona müdafiəçi təyin olunduqdan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. O, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı və şalvarın sol yan cibindən bir ədəd ağ rəngli “İ Phone” markalı mobil telefonları, əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 5 ədəd gümüşü rəngli kağız bükülü olan salfetkanı, bir ədəd gümüşü rəngli kiçik tərəzini, həmin gödəkçənin sol yan cibindən 1 ədəd selofan bükülünü masanın üzərinə qoymuşdur. Daha sonra ondan üzərindən aşkar olunmuş 5 ədəd gümüşü rəngli bükümlərinin hər birini ayrı-ayrılıqda açmaq təklif olunmuş, o, həmin kağız bükümlərini açaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərmiş, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəi İran vətəndaşı kimi tanıdığı, özünü «Ağa» deyə təqdim edən şəxsdən aldığını bildirmişdir. O, «Ağa» adlı şəxsdən hansı yolla həmin narkotik vasitələri necə əldə etməsini, onun göndərdiyi kart hesabına pul köçürdüyünü, hər dəfə müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni götürərək həm özü istifadə etdiyini, həm də ayrı-ayrı şəxslərə satdığını polis əməkdaşlarına danışmışdır. Sonuncu dəfə saxlanılmamışdan 6 gün əvvəl eyni qaydada «Ağa» adlı şəxsə pul göndərərək axşam saatlarında Bakı şəhəri Binəqədi rayonunda yerləşən «Zərifə Əliyeva» adına göz klinikasının yaxınlığında gizlədilmiş yerdən narkotik vasitə olan heroini götürdüyünü, həmin narkotik vasitənin tanımadığı şəxslərə satdığını və qalanının üzərindən aşkar olunduğunu etiraf etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi və satmaq üçün əldə etmişdir. Həmin narkotik vasitə olan 6 büküm heroini “instagram” sosial şəbəkədə “Ağa” adlı şəxs kimi adını bildiyi şəxsdən “whatsapp” vasitəsilə hər bir qramını 17 manata alaraq, tanımadığı şəxslərə 35-40 manata satmış, həmin şəxsləri tanımamış, Ağa” adlı şəxsin yalnız İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, anket məlumatları barəsində heç bir məlumatı olmamışdır. O, əvvəlcə «Ağa» adlı şəxsin istifadəsində olan +**********66 saylı mobil nömrəyə zəng etmiş, «Ağa» adlı şəxslə «whatsapp» sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamışlar. O, tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evin yaxınlığında narkotik vasitə olan heroini qramın 1/4 hissəsini 10 manat olmaqla «Maqsud» və «İlkin» adlı şəxslərə satmışdır. Həmin şəxslərdən Maqsudun təxminən 26-27 yaşlı olduğunu, Yasamal rayonu “Sovetski” ərazisində yaşadığını və «İlkin» adlı şəxsin təxminən 28-29 yaşlı olduğunu, Nəsimi rayonu metronun M.Əcəmi stansiyasının yaxınlığında yaşadığını bilmiş, bundan başqa heç bir məlumatı olmamışdır. 18 may 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsidə onun üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd elektron tərəzi ona məxsus olmuş, o, «Ağa» adlı şəxsin göndərdiyi narkotik vasitədən istifadə etdiyi və satdığı zamanlar narkotik vasitənin çəkisini müəyyən etmək üçün elektron tərəzidən istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir (cild 1, iş vərəqi 71- 74). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Əsəd Nəcəfi həmin ifadəni oxumadan imzaladığını, müstəntiqin ona təzyiqlər göstərdiyini, ona görə də elan edilmiş ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, 18 may 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan «Nəcəf» adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında yaxalanmasını təmin etməkdən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununa uyğun 18 may 2020-ci il tarixli qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və ondan başqa Binəqədi RPİ, 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru X3 da qrupa daxil edilmişdir. 18 may 2020-ci il tarixdə saat 14 radələrində onlar Binəqədi qəsəbəsi “Lallar” fabrikinin yaxınlığında olarkən «Nəcəf» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 43-cü Polis bölməsinə aparmışlar. Əsəd Nəcəfi 43-cü Polis Bölməsinin təhqiqatçısı Fuad Alıyevə təhvil verilmiş, sonra təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üçün ekspert-kriminalist X2 dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, hər birinin iştirakı ilə videoçəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 5 ədəd gümüşü rəngli kağız bükülü olan salfetkanı, bir ədəd gümüşü rəngli balaca elektron tərəzini və həmin gödəkçənin sol yan cibindən 1 ədəd selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükülülərin hamısı açılmış, Təqsirləndirilən şəxs bükülülərin içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran vətəndaşı kimi tanıdığı «Ağa» adı şəxsdən aldığını bildirmişdir. Nəcəfin dediyinə görə, o, əvvəlcə həmin «Ağa» adlı şəxsin mobil nömrəsinə zəng etmiş, sonuncu, sosial şəbəkə vasitəsilə müxtəlif bank kartlarının şəklini ona ataraq alacağı narkotik vasitənin pulunu köçürməsini təklif etmiş, o da, həmin bank hesablarına pulu köçürdükdən sonra qəbzin şəklini çəkərək «Ağa»ya göndərmişdir. Axşam saatlarında xəbər gəldikdən sonra Nəcəf hər dəfə müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni götürərək həm özü istifadə etmiş, həm də ayrı-ayrı şəxslərə satmışdır. Şahid1 ifadəsinə görə, sorğu zamanı Təqsirləndirilən şəxs sonuncu dəfə tutulmamışdan 6 gün əvvəl eyni qaydada «Ağa» adlı şəxsə pul göndərərək axşam saatlarında «Zərifə Əliyeva» adına göz klinikasının yaxınlığında gizlədilmiş yerdən narkotik vasitə olan heroini götürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxslərə satdığını, qalanın isə üzərində aşkar olunanlar olduğunu qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə baxış zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilib götürülməsi ilə əlaqədar yaradılmış əməliyyat qrupunun üzvü olduğunu bildirərək, həmin əməliyyat tədbirində iştirak etmiş Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı, şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli «iPhone» markalı mobil telefon aparatları, həmçinin əynində olmuş qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 5 (beş) ədəd gümüşü rəngli kağız bükülü olan salfetka və 1 ədəd gümüşü rəngli kiçik ölçülü tərəzi, göləkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli selofan bükülü aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 34-36). Cinayət işinə əlavə edilmiş 29 iyun 202-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, DVD diskdə 1 ədəd «VİD_20200518_163732» adlı videofayl vardır. Həmin videofaylda olan videogörüntü 18 may 2020-ci il tarixdə saat 15:50-də lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı, şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli «iPhone» markalı mobil telefon aparatları, həmçinin əynində olmuş qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 5 (beş) ədəd gümüşü rəngli kağız bükülü olan salfetka və 1 ədəd gümüşü rəngli kiçik ölçülü tərəzi, gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli selofan bükülü aşkar edilərək götürüldüyü müəyyən edilmişdir (cild 1, iş vərəqi 139-140). İbtidai istintaq orqanının 25 avqust 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ilkin çəkisi 5,618 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5,418 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin 3 ədəd disk və 1 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, 3 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuş, 1 ədəd elektron tərəzi və 6 ədəd bükümdə tədqiqatdan sonra qalıq çəkisi 5,418 qram olan narkotik vasitə heroin Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqi 193-212). İş materiallarına əlavə edilmiş 20 may 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «iPhone 6» markalı «A1586» modelli və «Samsung Galaxy star Plus» markalı «GT-S7262» modelli mobil (smartfon) telefonlara baxış keçirmiş, «Samsung Duos» markalı mobil telefon aparatı açıldıqda içərisindən çox saylı nömrələrlə zəngləşmələr, oxunmuş və oxunmamış ismarıc mətnlər qutusu, həmçinin müxtəlif mobil əlavələrin olması Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olduğunu təsdiq edir (cild 1, iş vərəqi 91-96). Cinayət işinə əlavə edilmiş 24 iyul 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** «xxxx» MMC-yə məxsus kart nömrəsinə 18.04.2020-ci il tarixdən 18.05.2020-ci il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin götürülməsi üçün Binəqədi rayon məhkəməsinin qərarı alınaraq «xxxx» MMC-yə göndərilmiş və ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilmişdir (cild 1, iş vərəqi 147-158). Məhkəmə-kimyəvi ekspertizanın 18 may 2020-ci il tarixli 6/811 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki, 5 (beş) ədəd «gümüşü» rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qr, 0,164 qr, 0,168 qr, 0,135 qr, 0,050 qr, ümumi təmiz çəkisi 0,725 qr boz rəngli və 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 4,893 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. Təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 5,618 qramdır və 5 ədəd «gümüşü» rəngli kağız bükümdə olan heroinlər, 1 (bir) ədəd bükümdə olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə müxtəlifdir (cild 1, iş vərəqi 45-49). İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizanın 6/1209 saylı 27 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır (cild 1. İş vərəqi 180-183). Məhkəmə-narkoloji ekspertizanın 29 iyun 2020-ci il tarixli 1778 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 170-171). Ambulator məhkəmə-psixiatrik ekspertizanın 07.07.2020-ci il tarixli 1245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xətəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 177-179). Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 5(001)-458/2020 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 51-54). İş materiallarında olan 26.08.2020-ci il tarixli arayışdan, doğum haqqında şəhadətnamənin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, himayəsində 2016-cı il təvəllüdlü bir nəfər azyaşlı uşağı var, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 217-219). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 25 may 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 122). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olduğunu, lakin həmin narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində «Ağa» adlı İran vətəndaşı kimi tanıdığı şəxslə necə tanış olması, narkotik vasitələri hansı qaydada və neçəyə əldə etməsi, bundan sonra həmin şəxsin kart hesablarına pulu necə köçürməsi və aldığı narkotik vasitələri baha qiymətinə dəfələrlə müxtəlif şəxslərə satması, sonuncu dəfə əldə etdiyi narkotik vasitələrin də bir qismini satdıqdan sonra, qalan hissəsinin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi barədə iş üzrə toplanmış sübutlarla üst-üstə düşən ifadələr vermişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən məhkəmədə imtina etməsini onun məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ərazi üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 may 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ilkin çəkisi 5,618 qram olmuş, lakin tədqiqatlardan sonra qalıq çəkisi 5,418 qram olan narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 3 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 255 (iki yüz əlli beş manat) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 255 (iki yüz əlli beş manat) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2020-ci il tarixli 1778 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6 bükümdə ilkin çəkisi 5,618 qram olmuş, lakin tədqiqatlardan sonra qalıq çəkisi 5,418 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - iş üzrə maddi sübut 3 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 255 (iki yüz əlli beş manat) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-295/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-295/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver