Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-339/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1988-ci il mayın 11-də Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatexniki təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, Lənkəran şəhəri, X6 küçəsi, ev 1/4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 «a», mənzil 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan razılaşmaya əsasən naməlum vaxtda və şəraitdə həmin İran İslam Respublikasının vətəndaşının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşıdığı külli miqdarda 2.086,323 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 285,020 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 «a», mənzil 1 ünvanına daşımaqla saxlamış, əldə etdiyi narkotik vasitə heroinin 51,323 qramını bir ədəd şəffaf polietilen bükümdə ayıraraq həmin şəxsin deyəcəyi yerə qoymaq üçün üzərində daşıyıb saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən 2020-ci il mayın 19-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saat 2345-də Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 23 «a» ünvanının qarşısında saxlanmaqla idarənin inzibati binasına gətirilib 2020-ci il mayın 20-də saat 0050-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda, yəni 51,323 qram çəkidə narkotik vasitə heroin, həmin tarixdə saat 0200-da Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yataq otağındakı paltar dolabının içərisindən iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 1.020 qram və 1.015 qram, ümumilikdə 2.035 qram təmiz çəkidə narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen torbada 285,020qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, iki ildən çoxdur Bakı şəhərində tanımadığı şəxslərdən aldığı psixotrop maddə metamfetamini qəbul edir. Təxminən bir il əvvəl İran İslam Respublikasında tanış olduğu Mehman adlı iranlı ona Azərbaycana öz adamları vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməklə pul qazandığını söyləyərək əgər istəsə, həmin işi onunla da görməyi təklif etmişdir. O, işsiz və narkotikin aludəçisi olduğundan etraz etməmiş, böyük çəkilərdə mal satarsa, pul və öz istifadəsi üçün metamfetamin, xırda çəkilərdə mal satdığı halda isə pul alması barədə razılığa gəlmişlər. Mehman ilk dəfə 2020-ci il aprel ayının sonlarında – may ayının əvvəllərində Bakı şəhərinin Binəqədi rayonundakı «Vorovski» adlanan əraziyə göndərəcəyi 300 qram heroini götürüb özündə saxlamağı, daha sonra dediyi yerə aparmağı bildirmişdir. Səhərisi gün sonuncu heroini qoyduğu yerin şəklini ona atdıqda o, tapşırığını icra etmişdir. Saxlanılmamışdan təqribən üç gün öncə Mehman həmin yerə iki kiloqrama yaxın heroin və 300 qram metamfetamin göndərdiyini bildirəndə o, oradan qara rəngli yapışqanla bağlanan bir ədəd sellofan torbanı götürməklə yaşadığı ünvan 2 «a», mənzil 1 ünvanına gətirmiş, elektron tərəzi ilə həmin maddələri çəkərək yataq otağındakı ağ rəngli paltar dolabının üst rəfinə qoymuşdur. 2020-ci il mayın 19-da axşam saatlarında sonuncu ona zəng edib göndərdiyi narkotik vasitənin 50 qramını ayrıca sellofana qoymağını, «Vorovski» adlanan ərazidəki dairənin yaxınlığında gizlətməyini və şəklini çəkməklə ona göndərməyini istəmişdir. O, Mehmanın dediklərini həyətə keçirmək üçün saat 2345 radələrində evdən çıxarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Baş X1 əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini bildirib apardıqları idarənin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlandıqda o, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofanda narkotik vasitə heroin və «Samsung» markalı mobil telefon çıxarmaqla təqdim etmişdir. Baxış keçiriləndən sonra təqdim etdiyi narkotik vasitə heroin qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanıb möhürlənməklə götürülmüşdür. İlkin sorğu vaxtı o, həmin maddəni əslən İran İslam Respublikasının vətəndaşı Mehman adlı şəxsdən əldə etdiyini bildirmiş və tərtib olunan protokolun doğruluğunu bütün iştirakçılarla yanaşı imzası ilə təsdiq etmişdir. Bundan sonra onun razılıq ərizəsi əsasında yaşadığı mənzilə müdafiəçinin iştirakı ilə baxış keçiriləndə o, yataq otağında girişdən sağ tərəfdə yerləşən paltar dolabının sol tərəfində üst rəfində saxladığı bir ədəd sellofan bağlamada olan metamfetamini, iki ədəd sellofan bükümdə olan heroini və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilən kütlələr və elektron tərəzi qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanıb möhürlənməklə götürülmüşdür. İlkin sorğu zamanı o, həmin malları Mehman adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə etdiyini və sonuncunun tapşırığına əsasən satmaq üçün özündə saxladığını söyləmiş, protokol yazılaraq düzgünlüyü onun və digər iştirakçıların imzaları ilə təsdiqlənmişdir. O, qaçaqmalçılıq cinayəti törətməmiş, İran İslam Respublikasından narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gətirməmiş, Mehman adlı iranlının zəngi ilə Bakı şəhərindəki ünvandan həmin maddələri götürmüşdür. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis kapitanı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il mayın 19-da ünvan 2 «a», mənzil 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat əsasında sonuncu barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Onun rəhbəri olduğu, idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və idarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, 2020-ci il mayın 19-da saat 23 radələrində həmin ünvanın qarşısında bir az müşahidə apardıqdan sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin hərəkət etməsini görüb yaxınlaşmaqla xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, şəxsiyyətini Təqsirləndirilən şəxs kimi müəyyənləşdirdikləri həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu nəzərinə çatdıraraq sonuncunu idarəyə gətirmişlər, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılıb üzərində aparılan şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroini və bir ədəd «Samsung» markalı mobil telefonu çıxarmaqla təqdim etmiş, baxış keçirildikdən sonra həmin maddə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanıb möhürlənmiş, habelə mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əslən İran İslam Respublikası vətəndaşı olan Mehman adlı şəxsdən əldə etdiyini, yəni sonuncu ilə razılaşdırdığı kimi Bakı şəhəri, Binəqədi rayonu, «Vorovski» deyilən dairənin yaxınlığından götürməklə Bakı şəhəri ərazisindəki deyilən yerə qoyduqdan sonra qazanc əldə edəcəyini və özünün istifadəsi üçün müəyyən hissəsini götürəcəyini, həmçinin kirayədə qaldığı evdə də Mehman adlı iranlının göndərdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmasını bildirərək yaşadığı ünvana baxış keçirilməsi ilə əlaqədar etirazının olmadığını söyləmişdir. Təhqiqatçının tərtib etdiyi protokol ucadan oxunmuş və düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 2020-ci il mayın 20-də saat 02 radələrində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə keçirilən baxış vaxtı Təqsirləndirilən şəxs yataq otağındakı paltar dolabının içərisindən iki ədəd sellofandakı narkotik vasitə heroini, bir ədəd sellofandakı psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, aşkar edilənlər qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənib götürülmüşdür. Baxış və götürmə başa çatdıqdan sonra idarədə müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 Şahid1lə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər dindirilərkən Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilməklə yanaşı ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin İran İslam Respublikasından göndərən Mehman adlı iranlının mobil telefon nömrələrinin +**********03 və +**********35 olduğunu göstərmişdir (iş vərəqi 41-43, 60-64 və 75-78). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 baş əməliyyat müvəkkili polis mayoru Şahid3 Şahid1 göstərdiklərini təsdiq etmişdir (iş vərəqi 145-148). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərtib etdiyi 2020-ci il 19 may və 2020-ci il 20 may tarixli raportlardan, 2020-ci il 19 may tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, eyni tarixli Ə-008-1220 №-li əmrindən, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 01 iyun tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış və həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 5-7, 10-11 və 131-133). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərtib etdiyi 2020-ci il 20 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il mayın 19-da saat 2345-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərtib etdiyi 2020-ci il 20 may tarixli protokoldan görünür ki, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddəni və açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu təqdim etmiş, həmin kütlə və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (iş vərəqi 31-32). İş materiallarındakı 2020-ci il 20 may tarixli ərizədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 2 «a», mənzil 1 ünvanına baxış zamanı yataq otağında olan paltar dolabındakı bir ədəd sellofan bükümün içərisindən iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə, bir ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələri ona Mehman adlı İran İslam Respublikasının vətəndaşının satdığını bildirmişdir (iş vərəqi 33 və 35-36). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 20 may tarixli 6/845 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..» yazısı olan paketdəki bir ədəd şəffaf polietilen bükümdə 51,323 qram təmiz çəkidə, üzərində «vət. Təqsirləndirilən şəxs ünvandan… aşkar edilmiş» yazısı olan paketdəki iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 1.020 qram və 1.015 qram, ümumilikdə 2.035 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd şəffaf polietilen torbada 285,020 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülən xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olan ümumi təmiz çəkisi 2.086,323 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 2.086,123 qram, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 284,920 qram, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 45-49). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 2020-ci il 21 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 65-66). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 21 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 206.3.2.ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il mayın 19-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 85-87). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 2020-ci il 21 may tarixli qərarından görünür ki, cinayət işi üzrə aşkar olunaraq götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin müvafiq qaydada 2.086,123 qram və 284,920 qram çəkidə qalıqları, habelə bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 97-98). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» X8 2020-ci il 13 iyul tarixli 4352 №-li və Respublika Narkoloji Mərkəzi X8 2020-ci il 14 iyul tarixli xx/xx-6465 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisələrində müalicə almamışdır (iş vərəqi 117- 118). İş materiallarında olan qəbzdən görünür ki, X7 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonu təhvil almışdır (iş vərəqi 129). İş materiallarındakı Lənkəran Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 20 iyul tarixli xx-xx/2160 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Lənkəran şəhəri, X6 küçəsi, ev 1/4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi anası X3 ibarətdir, qeyd olunan ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və ərizə daxil olmamışdır (iş vərəqi 134-135). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 2020-ci il 05 avqust tarixli 008-3862-1220 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsi, sonuncunun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının müəyyən edilməsi üçün keçirilən əməliyyat tədbirləri müsbət nəticə verməmişdir, əməliyyat tədbirləri davam etdirilir (iş vərəqi 136). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 iyul tarixli BKC/LGL-11017/20 nömrəli, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 13 avqust tarixli 11960 nömrəli məktublarından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 08 avqust və 2020-ci il 14 avqust tarixli protokollardan görünür ki, məhdud məsuliyyətli cəmiyyətlərin məktubları ilə daxil olan iki ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə müxtəlif mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda zənglər, smslər olması müəyyən olunmaqla həmin məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır (iş vərəqi 137-140). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il sentyabrın 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 149-150). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 31 avqust tarixli 2387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla onun məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 164- 165). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 17 sentyabr tarixli protokollardan görünür ki, İAMAS-dan götürülən MAPS uçot xəritəsinə baxış zamanı Təqsirləndirilən şəxs C 01057472 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək 2016-cı il iyulun 25-dən 2020-ci il yanvarın 14-nə kimi Astara və Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə 18 dəfə ölkə ərazisini tərk edib İran İslam Respublikasına, axırıncı dəfə 2020-ci il fevralın 15-də Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçərək Gürcüstana daxil olması, 2020-ci il fevralın 16-da saat 2050-də həmin məntəqədən Azərbaycan Respublikasına qayıtması müəyyən edilmişdir (iş vərəqi 170-172). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 20 sentyabr tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli və 2020-ci il 21 sentyabr tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətlərini əks etdirən videogörüntülərə dair bir ədəd CD diski cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun sonuncunun müdafiəçisi X5 təhvil verilməsi nəzərə alınmış, cinayət işinin materiallarından Azərbaycan Respublikasının CMnin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 173-186 188-189 və 193-195). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni qaçaqmalçılıq cinayəti törətməməsi, yalnız ona zəng olunanda İran İslam Respublikasından ona göndərilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərindəki ünvandan götürməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün və şahidin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cavanlığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınıb saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 2.086,123 qram və 284,920 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətlərini əks etdirən videogörüntülərə dair bir ədəd CD diskinin cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il mayın 19-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 206.3.2.-ci maddə ilə 05 (beş) il 06 (altı) ay, 234.4.1.-ci və 234.4.3.-cü maddələr ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il mayın 19-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınıb saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 2.086,123 qram və 284,920 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətlərini əks etdirən videogörüntülərə dair bir ədəd CD diskinin cinayət işində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-339/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-339/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver