Məhkəmə qərarları › İş №1(101)-388/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-388/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-388/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 11 ünvanında faktiki yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən 1500 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd metadon tərkibli dərman preparatı, külli miqdarda ümumi təmiz çəkiləri 131,18 qram narkotik vasitə heroin və 63,723 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X8 7-ci Polis bölüyünün və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsi, 16 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman, əlindəki göy rəngli sellofanda iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 97,428 qram və 32,768 qram, ümumi təmiz çəkisi 130,196 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 61,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram, 0,60 qram və 0,947 qram, ümumi təmiz çəkisi 1,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,093 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,116 qram, 0,125 qram və 0,143 qram, ümumi təmiz çəkisi 0,584 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı, hər həbdə 0,04 qram olmaqla ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon tərkibli 4 (dörd) ədəd dərman preparatı, yəni cəmi təmiz çəkisi 131,18 qram narkotik vasitə heroin, cəmi təmiz çəkisi 63,723 qram psixotrop maddə metamfetamin, ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon tərkibli 4 (dörd) ədəd dərman preparatı, habelə üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, tutulmazdan 3-4 ay əvvəl ərzində heroin və marixuana kimi tandığı narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən İran islam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən almışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixində saat 21 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Əsgərə məxsus karta 1500 (bir min beş yüz) manat nağd pul ödəyərək öz istifadəsi məqsədilə narkotik vasitə heroin, şüşə və narkotik tərkibli metadon dərmanlarını alıb özündə saxlamışdır. O, pulu “MilliÖn” terminalı vasitəsilə ödəmiş və Əsgərin deməsi əsasında Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında olan diş polikininkasının yanında olan plakatın yanına gəlmiş və plakatın dibində ağacların arasında gizlədilmiş narkotik vasitə paketini götürmüşdür. Həmin yerin şəklini Əsgər ona “Whatsapp” vasitəsilə göndərmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində tanışı Ələkbərlə Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində parkın yanında olarkən 4 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona karantin qaydalarını izah etmişlər. Onunla sorğu-sual etdikləri zaman polis əməkdaşlarının suallarına çaşqın halda cavab verdiyi üçün ondan şübhələnilmiş və torbada nə olduğu soruşulduqda o, tam səmimi olaraq narkotik maddələr saxladığını etiraf etmişdir və polisə təhvil verə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan polis bölməsinə gətirərək təhvil vermişlər. Bölmədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə üzərinə və əlində olan göy rəngli torbaya baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə və əlində olan göy rəngli torbaya baxış keçirmişlər. Baxış zamanı torbada saxladığı narkotik maddələr olan heroin və “şüşə” olan bükümləri, tərəzini, narkotik maddələri qəbul etmək üçün qurğunu, əl çantasında olan narkotik maddələr üçün ödədiyi pulların qəbzlərini, narkotik maddələrin satışı üçün qeydlər apardığı kitabçanı, digər kağızları və “Azərişıq”a məxsus plastik kartını aşkar etmişdir. Bundan sonra üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində saxladığı 1 ədəd özünə məxsus “İphone” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı aşkar edilmiş narkotik maddələri xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən ödəmə aparatı vasitəsilə 1500 (bir min beş yüz) manat nağd pul ödəyərək, öz istifadəsi üçün aldığını demişdir. Ondan aşkar edilmiş narkotik maddələr və digər əşyalar polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu bütün iştirakçılar imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2009-cu ildən etibarən DİN-nin X9 Alayında xidmət edir və polis serjantı xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs və X2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində iş yoldaşı Şahid2, eləcə də, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları Şahid3 və Şahid4lə birlikdə 2476 saylı avtopatrulda təhkim olunmuş ərazidə karantin vəziyyəti ilə bağlı xidmət aparan zaman Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində iki nəfər şəxsin yolun kənarında dayandıqlarını və qoruyucu maskadan istifadə etmədiklərini görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək həmin şəxslərə karantin qaydalarını izah edərək bununla bağlı onları sorğu-sual etmişlər. Bu zaman həmin iki şəxsdən biri onların suallara çaşqın halda cavablar vermiş və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri şübhə yaratdığı üçün əlində saxladığı göy rəngli torbada nə olduğunu soruşmuşlar, həmin şəxs isə heç bir cavab verməmişdir. Ondan bir daha əlindəki torbada nə olmasını soruşduqda həmin şəxs sözü gedən torbanın içində narkotik maddələr saxladığını və onları polisə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onları ərazi aidiyyəti üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər və onlar da razılaşmış, birlikdə 32-ci bölməyə gəlmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs və X4 olması məlum olmuşdur. Bölmədəki xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra hüquq və vəzifələrini qoruması üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videogörüntü ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ondan üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman heç bir etiraz etmədən Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim edərək həmin torbada narkotik maddələr heroin, “şüşə” kimi tanıdığı narkotik maddələr, narkotik tərkibli dərman pereparatları, tərəzi və narkotik vasitələri qəbul etmək üçün qurğu olduğunu demiş, bu narkotik vasitələri xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Qaraçuxur qəsəbəsində “Aura” şadlıq sarayının yanında İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən satmaq məqsədilə ödəmə aparatı vasitəsilə 1500 (bir min beş yüz) manat pul ödəyərək aldığını, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində isə Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddələr, tərəzi və narkotik vasitələri qəbul etmək üçün nəzərdə tutulmuş qurğu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Bakcel” mobil operatoruna aid sim kart nömrəsi olan bir ədəd “İphone” modelli mobil telefon aparatı və əlində olan göy rəngli əl çantasından 28 ədəd ödəniş qəbzləri, alqı-satqı barədə qeydlər aparılan yaddaş kitabçası, digər kağız parçaları aşkar edilmişdir. Əl çantasından aşkar olunmuş bir ədəd “İphone” modelli mobil telefon aparatı, kitabça, qəbzlər və digər kağızlar araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürümüşdür. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan eyni məzmunlu ifadəsi ilə Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 105-107) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu zaman o, əlində olan göy rəngli torbanı təqdim edərək, torbadakı əşyaların narkotik maddə olan heroin və “şüşə” kimi tanıdığı narkotik vasitə, tərəzi, narkotik maddələri qəbul etmək üçün qurğu olduğunu bildirmiş, həmin vasitələri bir gün qabaq İran vətəndaşı Əsgər adlı şəxsdən 1500 manata aldığını bildirmişdir. Bundan başqa, əl çantasından narkotik maddələr üçün ödədiyi pulların qəbzləri, narkotik maddələrin satışı üçün qeydlər apardığı kitabça, digər kağızlar, bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmiş və həmin əşyalar götürülmüşdür (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin telefonda olan şəkillər arasında elektron tərəzi üzərinə qoyularaq çəkilən narkotik vasitəyə bənzər maddələrin şəkilləri aşkar edilmiş, pul ödəniş qəbzlərinə baxış keçirilən zaman isə xx.xx.2020-ci il tarixdə 510 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 650 manat, xx.xx.2020ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 750 manat, xx.xx.2020-ci il tarixdə 130 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 450 manat pul vəsaitlərinin müxtəlif şəxslərin adlarına olan kartlara köçürülməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 140-141b). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübutlar” yazısı olan paketdəki: - 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 97,428 qram və 32,768 qram, ümumi təmiz çəkisi 130,196 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 61,291 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Qara rəngli şəffaf qapaqlı plastik qutudakı 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,891 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 (üç) ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram, 0,460 qram, 0,947 qram, ümumi təmiz çəkisi 1,848 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - Kibrit qutudakı 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,093 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,116 qram, 0,125 qram və 0,143 qram, ümumi təmiz çəkisi 0,584 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - Zavod üsulu ilə qablaşdırılmış üzərində “methadone 40” yazısı olan konvalyutda 4 (dörd) ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 4 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,16 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla); - Bir ədəd aşağı hissəsi dairəvi formalı olan qurğunun içərisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin izləri vardır, lakin metamfetamin iz şəklində olduğu üçün, bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyən etmək mümkün olmadı. Beləliklə, Təqsirləndirilən şəxs Təhman oğlundan götürülmüş heroinin ümumi təmiz çəkisi 131,18 qram və metamfetaminin ümumi təmiz çəkisi 63,723 qram təşkil edir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 36-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2007 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə, üzərində “CAPACİTY: 200G X 0.01 G” yazıları olan bir ədəd elektron tərəzidə heroinin izləri vardır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 142-144). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2358 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 111- 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin tərkibi altına düşmür. Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 114-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 1/3803 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:35 dəqiqədə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onun sidiyində marixuana və OPİ (tiryək) aşkar olunmuş, sərxoşluq əlamətləri olmadan narkotik və ya digər maddələrin bioloji obyektlərdən müəyyən edilməsi faktına dair rəy verilmişdir (cild 1, iş vərəqi 35). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli, 952-22/s-m saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 1500 misli miqdarında cərimə cəcasına məhkum olunmuş, barəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi xx xxx 2013-cü il tarixdə tətbiq edilməklə ona təyin olunmuş cərimə cəzasından azad edilmişdir (cild 1, iş vərəqi 88-89). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cərimə cəzasından azad edildiyi xx xxx 2013cü il tarixdən 1 ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli və sübutların qiymətləndirilməsi və icraatın ayrılması haqqında xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 131,18 qram narkotik vasitə heroin və 63,723 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 125-127, 155, 158-160, 162-163). İşdə olan sübutların qiymətləndirilməsi və icraatın ayrılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsinə dair Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefon, pul ödəniş qəbzləri maddi sübut qismində tanınmış və ayrılmış cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 155). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadon təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu səbəbdən, habelə Seymur Süeymanovda aşkar edilən vasitələrin xırda bağlamalara bükülməsi, tərəzinin mövcudluğu və iş üzrə sair sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17, 71-72 ). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi 131,18 qram narkotik vasitə heroin, 63,723 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan maddi sübutlar - ümumi təmiz çəkisi 131,18 qram narkotik vasitə heroin, 63,723 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar