Məhkəmə qərarları › İş №1(101)-397/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-397/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-397/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 29 » aprel 2021-ci il Bakı şəhərində xx.xx.1997-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Buruq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Kazımağa Kərimov küçəsində nömrəsiz həyət evində kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan qonşuluğunda yaşayan qızla Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 145 ünvanında yerləşən «Lion» kafesinin yaxınlığından keçib evinə doğru gedərkən alkoqol sərxoşluğu vəziyyətində olan Şahid2 və onun yanında dayanmış şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən biri söyüşlə danışdığından qızı irəli ötürdükdən sonra qayıdıb onlara söyüşlə danışmaları ilə bağlı irad bildirmiş, bu səbəbdən aralarında yaranmış mübahisəni yolun digər tərəfinə keçib Nobel prospekti 92 ünvanında dəmir yolu xəttinin üstündə davam etdirərkən Şahid2 onun sifətinə yumruq atdığına görə Şahid2 yerə yıxıb yumruqla sifət nahiyəsindən vurub ona burun sümüyünün distal 1/3-də postravmatik periostal reaksiya ilə müşayiət olunan burunun yumşaq toxumasının qançırı və sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bu zaman Şahid2 dostu Zərərçəkmiş şəxs kənardan yaxınlaşıb onu Şahid2 üstündən kənara itələyərək sol ayağından təpiklə zərbə vurduqda yerdən götürdüyü ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmaqla ona baş beyinin əzilməsi ilə müşayiət olunan başın alın sümüyünün basılmış qəlpəli sınığı və başın alın nahiyəsinin əzilmiş yarası və sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 iyun 2020-ci il tarixdə saat 23 radələrində Nobel prospektində yerləşən «Günəş» marketin yanında avtobusdan düşmüş, marketdən tanıdığı qız çıxmış, o, həmin qızla salamlaşmış və yolları eyni olduğu üçün onunla piyada məhəlləyə tərəf getmişlər. «Günəş» marketin arxasında 6-7 nəfər cavan oğlanlar dayanmış, onlar həmin oğlanların yanından keçəndə həmin oğlanlardan hansısa biri söyüş söymüşdür. Onlara bu barədə irad bildirmək üçün qızı təxminən 15-20 metr irəliyə doğru ötürüb yenidən cavan oğlanların yanına qayıtmış və onlardan kimin söyüş söydüyünü soruşmuşdur. Heçkəs söyüş söydüyünü etiraf etməmişdir. Onların arasında olan, adını sonradan bildiyi Elmin ona demişdir ki, hər şeyi dəqiq bilib-bilmədən niyə onların üstünə gəlmişdir. Bu səbəbdən Elminlə aralarında mübahisə düşmüşdür. Elminlə mübahisələri düşdüyü üçün onlar söhbət etmək üçün Nobel prospektini digər tərəfə doğru keçmişlər. Onlar yolu keçib digər tərəfdə dəmir yolu xəttinin üstündə dayanıb mübahisə etməyə başlamışlar. O, Elminə bildirmişdir ki, camaatın çox olduğu yerdə ucadan söyüş söymək olmaz, ətrafda qadınlar gəlib keçirlər. Elmin isə onunla kobud danışmış və iradını qəbul etməmiş və onun sifətinə yumruq atmışdır, lakin yumruğu ona dəyməmiş və o, Elmini qucaqlayıb yerə yıxmışdır. O, Elminin sifətindən, burnundan yumruqla vurmuşdur. Bu zaman kimsə onu Elminin üstündən kənara itələmiş, həmin şəxsin adının Fərid olduğunu sonradan bilmişdir. Fərid onun sol ayağına təpiklə zərbə vurmuşdur. O, görmüşdür ki, Fərid bədəncə ondan böyükdür və onun Fəridə gücü çatmayacaq, arxaya doğru çəkiləndə yerdə təxminən 1 metr uzunluğunda ağac parçasını görüb əlinə götürmüş və ağac parçası ilə Fəridin üstünə gedib onu özünə yaxın gəlməyə qoymamışdır. O, əlindəki ağac parçası ilə özünü müdafiə edərək Fəridin başının qabaq tərəfindən vurmuşdur, lakin Fərid yıxılmamışdır. Bu zaman təxminən 7-8 nəfər şəxs onların olduğu yerə gəlmişlər. Onların arasında tanıdığı məhəllə sakini Sənan da var imiş. Gələn şəxslərdən bir-ikisi Elmini, digərləri də Fəridi tutmuşlar ki, onlar onun üstünə gəlməsinlər, Sənan isə onu tutub kənara çəkmiş və onlar ikisi yolu keçib «Günəş» market tərəfə gəlmişlər. Fərid və Elmin, o cümlədən onları ayırmağa gələn şəxslər dava yerində qalmışlar. O, Sənanla yaxınlıqda olan «Gədəbəy» kafesinin qarşısına gəlmiş, Fəridi vurduğu ağac parçasını «Gədəbəy» kafesinin yanında divarın küncünə atmışdır. Təxminən 5-10 dəqiqə Sənanla dayanmış, sonra piyada evlərinə getmişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Fərid onunla bağlı polisə məlumat verib və 37-ci Polis Bölməsində araşdırma aparılır. O, çağırış əsasında özü bölməyə getmiş və müstəntiqə Fəridə vurduğu ağac parçasının yerini göstərmiş və müstəntiq həmin ağac parçasını götürmüşdür. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 iyun 2020-ci il tarixdə saat 22 radələrində o, əsgər yoldaşı və dostu Şahid2 mobil nömrəsinə zəng vurub harada olduğunu soruşmuşdur, Elmin demişdir ki, yaşadığı məhəllənin yaxınlığında Nobel prospektində yolun kənarında yerləşən «Günəş» marketin yanındadır. O, özünə məxsus «Renault Meqan» markalı ** UV *** nömrəli avtomobillə Elminin yanına getmiş və avtomobilini məhəllə arası yolda saxlamışdır. Elminlə görüşüb təxminən bir saat gəzişib söhbət etdikdən sonra hərəsi öz evlərinə getmək qərarına gəlmişlər və o, Elminə demişdir ki, yolüstü onu öz evinə düşürdər. O, Elminə demişdir ki, maşını götürüb gəlir, Elmin də bildirmişdir ki, yolun kənarında onu gözləyir. O, piyada gedib maşınına əyləşmiş, onun mobil telefonu da maşında qalmışdı, görmüşdür ki, ona zənglər gəlib, onlardan bir-ikisi ilə danışmışdır. Sonra maşını ilə Nobel prospektinə çıxmaq istəyəndə görmüşdür ki, Elmin prospektin digər tərəfinə doğru qaçır və arxasınca da 2-3 nəfər qaçır. O, «Günəş» marketin arxasında olan «Oba» marketin yanında maşını saxlamış və düşüb Elminin arxasınca qaçmışdır. O, qaçanda əvvəllər tanımadığı, adını sonradan bildiyi Sənan adlı oğlanın da Elmingil istiqamətində qaçdığını görmüşdür. O, yolun digər tərəfinə çatanda görmüşdür ki, səhv etmirsə 3 nəfər dəmir yolu xəttinin üstündə Elmini təpiklə vururmuşlar, Elmin yerdə imiş. O, həmin yerə çatıb Elmini vuran şəxslərin hərəsini bir yana itələmişdir. Bu zaman adını sonradan bildiyi qarşında dayanmış Elməddin adlı şəxs onun başından vurmuşdur. O, qaranlıq olduğu və hər şey ani olduğu üçün Elməddinin onu nə ilə vurduğunu görə bilməmiş, sadəcə başından möhkəm zərbə dəymiş və o, yerə yıxılmışdır, başından qan açılmışdır. O, birtəhər telefonu cibindən çıxardıb dostu Əsədə zəng vurub onu olduğu yerə çağırmışdır. Az müddət sonra Əsədin qardaşı Oruc gəlib onu olduğu yerdən götürmüşdür. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyun 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evin yaxınlığında yerləşən «Günəş» marketin arxasındakı «Lion» kafesinin yanında 2 nəfər məhəllə sakinləri ilə dayanmışdır. Həmin zaman ətrafdan deyilənlərdən eşitmişdir ki, Nobel prospektinin digər tərəfində, yəni dəmir yolu xəttinin yanında dava gedir. O və yaxınlıqda olan bir neçə nəfər məhəllə sakinləri dava olan yerə getmişlər. O, görmüşdür ki, əvvəllər tanımadığı, adını sonradan bildiyi Elmin yerdədir, məhəllə sakini Elməddin onunla dalaşır, adını sonradan bildiyi Fərid isə yerə oturmuş vəziyyətdədir. O, tez Elməddini tutub kənara çəkmişdir, Elməddinin əlində təxminən bir metr uzunluğunda ağac parçası var imiş. O, Elməddinə yenidən davaya qoşulmağa imkan verməmiş və onu tutub yolun digər tərəfinə, yəni məhəllələri olan tərəfə keçirtmişdir, orada olanlardan kimsə mağazadan su alıb Elməddinə vermişdir. Sonra Elməddin əlindəki ağac parçasını həmin yerdə olan «Gədəbəy» kafesinin yanına hasarın dibinə atmışdır. Sonra isə məhəllədə 3-4 dəqiqə söhbət edib ayrılmışlar və hərəsi öz evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həm onun əsgərlik yoldaşıdır. 16 iyun 2020-ci il tarixdə axşamüstü dostu Rafiqlə birlikdə «E club» kafesində əyləşib pivə içmiş, saat 21 radələrində onlar həmin kafedən çıxmışlar. O, Nobel prospektində olan «Günəş» marketin yanında avtobusdan düşmüşdür. Sonra isə təxminən 15 dəqiqə müddətinə həmin ərazidə gəzişmiş, «Günəş» marketə girib özü üçün su və semiçka almışdır. Bu zaman əsgərlik dostu Fərid özünün 070 *** ** ** saylı nömrəsindən onun 077 *** ** ** saylı nömrəsinə zəng vurub harada olduğunu soruşmuş, o da yerini Fəridə demişdir. Fərid onun yanına gəldiyini demiş və o, Fəridi gözləmişdir. Bir müddət sonra Fərid özünün idarə etdiyi «Renault Meqan» markalı avtomobillə onun olduğu «Günəş» marketin yaxınlığına gəlmişdir. Fərid maşınını ara yolda saxlamış və onlar həmin ərazidə təxminən 45 dəqiqə piyada gəzib söhbət etmişlər. Bundan sonra qərara gəlmişlər ki, hərəsi öz evinə getsin. Fərid təklif etmişdir ki, gedib maşınını gətirsin və onu yolüstü evinə düşürtsün. Bu zaman o, əvvəllər tanımadığı, adını sonradan bildiyi Elməddini «Günəş» marketin yaxınlığında görmüş, aralarında mübahisə düşmüşdür. O, oradan uzaqlaşmaq məqsədilə Nobel prospektinin digər tərəfinə qaçaraq keçmiş, Elməddin də onun arxasınca gəlirmiş, o, səkiyə çıxmaq istəyəndə ayağı yol kənarında olan beton bardürə ilişmiş və o, yerə yıxılmışdır. Bu zaman Elməddin ona arxadan çatıb sol ayağından təpiklə vurmuş, o, qollarını qaldırıb üzünü tutmuş, Elməddin onu əllə və ya ayaqla vurmuşdur. Bir də onu görmüşdür ki, Fərid həmin yerə gəlib, lakin Fəridin nə etdiyini görə bilmirmiş. Sonra o, ayağa qalxmış, artıq görmüşdür ki, Elməddin və digərləri yoxdur. Fəridin isə başından qan gəlirmiş, o, xəsarət almışdı. Fərid bir dostuna zəng vurmuşdur ki, maşınla gəlib onu aparsın. Az sonra Fəridin dostu gəlib onu aparmış, o, isə piyada evlərinə gedib paltarını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir. Nobel prospektində yerləşən «Günəş» market və onunla üzbəüz ərazi onun xidməti ərazisinə aiddir. Zərərçəkmiş şəxs başından xəsarət alaraq 18 iyun 2020-ci il tarixdə Neyrocərrahiyyə xəstəxanasına daxil olmuşdur, ilkin araşdırma zamanı onun Nobel prospektində yerləşən «Günəş» marketin arxasındakı «Lion» kafesi yaxınlığında xəsarət alması məlum olmuşdur. Təhqiqat araşdırması zamanı keçirilmiş tədbirlər nəticəsində Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və o, Polis Bölməsinə gətirilmişdir. Daha sonra həmin faktla bağlı toplanmış material İdarənin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq zamanı müstəntiq onun və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətini həyata keçirmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin inzibati binasından özü istiqaməti göstərərək onları Nobel prospekti, Kazımağa Kərimov küçəsi 9-da yerləşən «Gədəbəy» kafesinin qarşısına gətirmişdir. Təqsirləndirilən şəxs kafe ilə üzbəüz dayananda sol tərəfdə hasarın dibində olan ağac parçasını göstərib demişdir ki, həmin ağac parçası ilə Zərərçəkmiş şəxs başından vuraraq xəsarət yetirmişdir və hadisədən sonra da ağac parçasını hazırda aşkar olunduğu yerə atmışdır. Təqsirləndirilən şəxs ağac parçasını yerdən qaldırıb göstərmiş, onun fotoşəkli çəkilmişdir, ağac parçasının uzunluğu bir metrdən artıq olarmış. Müstəntiq həmin ağac parçasını götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 16 iyun 2020-ci il tarixdə, saat 23 radələrində Nobel prospektinin kənarında olan «Günəş» marketin yanından piyada keçib evinə gedərkən dostunun bacısını görmüş və həmin qızla birlikdə evlərinə tərəf gedərkən marketin arxasında dayanmış 5-6 oğlandan kimsə söyüş söymüşdür. O, qızı irəli ötürüb qayıdıb kimin söyüş söydüyünü soruşmuş, kimsə boynuna almamışdır, lakin onlardan biri, adını sonraldan bildiyi Elmin adlı oğlan ona irad bildirmişdir ki, bilib-bilmədən niyə onların üstünə gəlib, Elminlə mübahisəsi düşmüş və onlar Nobel prospektinin digər tərəfinə keçmiş və dəmir yolu xəttinin üstündə Elmin ona yumruq atmış, o, da Elmini yerə yıxıb vurmağa başlamışdır. Bu zaman Fərid onlara yaxınlaşımış və onu Elminin üstündən kənara itələmişdir. Fərid onu təpiklə vurmuş və o, Fəridə gücü çatmadığını görüb yerdə olan həmin ağac parçasını götürüb Fəridin başından bir dəfə vurmuşdur. Sonra isə tanıdığı Sənan gəlib onu hadisə yerindən aparmışdır, o da gəlib ağacı hazırda aşkar olunduğu yerə atmışdır. Elməddin onlara Fəridi vurduğu yeri göstərmiş və hadisə barədə ətraflı məlumat vermişdir. Daha sonra müstəntiq tərəfindən protokol tərtib olunmuş və onlar protokolu imzalamışlar. Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2020-ci il tarixli 687 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin əzilməsi ilə müşayiət olunan başın alın sümüyünün basılmış qəlpəli sınığı və başın alın nahiyəsinin əzilmiş yarası və sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 16.06.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhkəmə tibbi- kriminalistik ekspertizasının 25 sentyabr 2020-ci il tarixli 429- MTKŞ/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı baş beyinin əzilməsi ilə müşayiət olunan başın alın sümüyünün basılmış qəlpəli sınığı və başın alın nahiyəsinin əzilmiş yarası və sıyrıqları aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin ekspertizaya təqdim edilmiş ağac parçasının təsirindən əmələ gəlməsi inkar olunmur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 sentyabr 2020-ci il tarixli 1687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal- hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27 iyun 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, lakin onun şəxsiyyətini, əvvəllər məhkum olunmadığını,zərərçəkmiş şəxslə barışdığını və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli və sınaq müddəti təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdən 29 aprel 2021-ci il tarixə kimi, yəni 10 ay 4 gün həbsdə olduğu müddət təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri,Xətai RPİ- də saxlanılan ağac parçası müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdən 29 aprel 2021-ci il tarixə kimi, yəni 10 ay 4 gün həbsdə olduğu müddəti təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Maddi sübutlar- Bakı şəhəri, Xətai RPİ- də saxlanılan ağac parçası müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar