Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2021 29.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X2 və hakim köməkçisi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşına «milliön» ödəniş terminalı vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul göndərərək Bakı şəhəri, Nizami metrosunun yaxınlığında tanımadığı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 4,717 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin və 36,350 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 05:05-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 4,717 qram psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 36,350 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə istifadəsində olan 050 313-23-38 mobil telefon nömrəsi ilə «whatsapp»dan istifadə edərək üzdən tanımadığı İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün təxminən 30-35 qram narkotik vasitə olan heroin istəmişdir. O, bunun müqabilində ondan 450 manat pul istəmiş və pulu «milliön» ödəniş terminalı vasitəsi ilə ona göndərməyini bildirmişdir. O, onunla razılaşmışdır. Həmin şəxs ona bildirmişdir ki, pulu aldıqdan sonra narkotikin yerini ona bildirəcək. O, pulu göndərdikdən sonra İran vətəndaşı onunla əlaqə saxlayıb narkotik vasitə olan heroini Bakı şəhəri, «beş mərtəbə» adlanan ərazidə «Sovetski»yə gedən yolda gülün dibinə qoyduğunu bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində o, Bakı şəhərinə ona deyilən ünvana getmiş və həmin yerdən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir ədəd şəffaf sellofanda olan psixotrop maddə olan metamfetamini götürmüşdür. O, narkotik vasitəni və psixotrop maddəni üzərində saxlamış və Sumqayıt şəhərinə qayıtmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 05:05 radələrində o, Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, narkotik vasitə qəbulunda, satışında və gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçiriləcək və şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcək. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Onlar ondan üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməsini istəmişlər. O, isə əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni tanımadığı İran vətəndaşına «milliön» ödəniş terminalından 450 manat pul ödəməklə Bakı şəhəri, «beş mərtəbə» adlanan ərazidən almışdır. Bundan sonra polis əməkdaşları müvafiq sənədləşmə işlərinin aparılması üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilmişdir. O, daha sonra göstərmişdir ki, narkotik vasitə olan heroini və psixltrop maddə olan metamfetamini özü istifadə etmək üçün almışdır. Narkotik vasitələrin satşı ilə mşğul olmamış və əməlindn peşimandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi həmçinin aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə ünvan 1 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 05:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində yerləşən maye qaz yanacaq doldurma məntəqəsinin yaxınlığına getmişlər. Bu zaman kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Vasif adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən həmin yerdə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmişdir. Onlar ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində bir ədəd alışqan və siqaretlər olan bir ədəd siqaret qutusunu, bir ədəd kibrit qutusunu və 50 qəpiklik pulu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kütləni çıxarıb təqdim etmişdir. Ondan həmin kütlənin nə olduğu soruşulmuş və Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülüyə baxarkən orada ağ rəngdə, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə, digər bükülüdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni həmin gün tanımadığı İran İslam Respublikası vətəndaşına «milliön» ödəniş terminalı vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul göndərərək Bakı şəhəri, Nizami metrosunun yaxınlığında «beş mərtəbə» adlanan yerdən götürdüyünü demişdir. Sonra onlar müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmişdir. Sonra narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 36-42-ci vrəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1787 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 4,717 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 36,350 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 113-114-cü ərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2569 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metomfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadə versə də, məhkəmə hesab edir ki, onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd DVD diskə baxış keçirilməsi protokolu tədqiq ounarkən müəyyən edilmişdir ki, DVD diskdə əks edilmiş görüntülər xx xxxxxxxx 2020-ci il tarixdə, saat 05:00-da qeydə alınır. Sumqayıt şəhəri, 52ci Məhəllə ərazisində maye qaz yanacaq doldurma məntəqəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı, Şamil Məmmədov, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Orxan Aslanov və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmədovun iştirakı ilə yanacaq doldurma məntqəsinin yanından keçən şəxsə yaxınlaşıb, polis əməkdaşları özlərini təqdim edir, sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olmasını bildirir. Ona vəkil təqdim olunur və hüquqları izah olunduqdan sonra bildirilir ki, qanunsuz olaraq narkotik vasitə əldə etmə, gəzdirmə və daşmada şübhəli bilindiyindən video çəkilişlə üzərinə şəxsi axtarış aparılacaqdır. Onun üzərinə video çəkilişlə axtarış aparıldıqda Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli kütləni çıxarıb təqdim edir, ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirir, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində bir ədəd alışqan və siqaretlər olan bir ədəd siqaret qutusunu, bir ədəd kibrit qutusunu və 50 qəpiklik pulu çıxarıb təqdim edir. Sonra Təqsirləndirilən şəxs yenidən əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kütləni çıxarıb təqdim edir, həmin kütlənin nə olduğu soruşulur və Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Sonra çəkiliş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində davam etdirilir, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilir və ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni həmin gün tanımadığı İran İslam Respublikası vətəndaşına «milliön» ödəniş terminalı vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul göndərərək Bakı şəhəri, Nizami metrosunun yaxınlığında «beş mərtəbə» adlanan yerdən götürdüyünü və özünün istifadə etməsi üçn aldığı narkotik vasitəni üzərində gəzdirdiyini bildirir. Bundan əlavə, cinayət işinin 04-cü vərəqində olan raportdan görünür ki, Sumqayıt ŞPİ-nin NMB-də Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı olmuşdur. Bundan başqa, cinayət işinin 122-ci vərəqində olan, Sumqayıt ŞPİ-nin NMB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 xx xxxxxxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əvvəllər məhkum olunmuş şəxslər və narkomanlarla müvafiq söhbətlər aparılmış və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əmliyyat məlumatları olsa da, kimlərə narkotik satması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəli və himayəsində iki azyaşlı uşaqlarnın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 36,250 qram çəkidə heroin və 4,617 qram çəkidə metamfetamin məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 37 (otuz yeddi) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X4 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 37 (otuz yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 36,250 qram çəkidə narkotik vasitə olan heroin və 4,617 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vəkil X4 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 37 (otuz yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-413/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver