Məhkəmə qərarları › İş №1(101)-421/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-421/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-421/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri, 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə « 06 » may 2021-ci il Bakı şəhərində xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 2-də qeydiyyatda olan və faktiki yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə saat 14.30-da ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada saat 16.00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan paketin içərisində olan bir ədəd polietilen bağlamada külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 2 Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə heroindən falqada yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə edir. O, hər gün 5-6 qram yandırmaqla tüstüsünü çəkir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən almışdır. Polislər tərəfindən saxlanılan gün təmir üçün lazım olan malları almaq məqsədi ilə ustalarla birlikdə 8-ci kilometr bazarına getmişdir. Həmin gün evdən çıxarkən üzərində 1 qrama yaxın heroin və 500 manat pul olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona lazım olan lampaları bazardan alıb çıxmış və Qara Qarayev prospekti 81 saylı ünvanın yaxınlığında ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar bildirmişlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağısı ilə bağlı məlumat daxil olmuşdur. Buna görə də o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməlidir. O, etiraz etməmiş və polislərlə birgə həmin idarəyə getmişdir. Onun orada üzərindən 1047 qram çəkisi olan heroin aşkar edilməmişdir. Həmin vaxt üzərində 1 qrama yaxın heroin olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Polislərin təzyiqi nəticəsində 1 kq çəkisi olan heroinin üzərində tapıldığını qeyd etmiş,sənədlərə təzyiq nəticəsində oxumadan imza etmişdir.8-ci km-də olan bazara gedərkən heç kimlə narkotik vasitənin satışı ilə bağlı danışmamış,oraya tikinti malları almaq məqsədi ilə getmiş və 250 manata lazım olan avadanlıqları almışdır. O, saxlanılarkən yanında usta işləyən Sahib və sürücü Taleh olmuşlar. Sahib və Talehi də onunla birlikdə şübhəli şəxs kimi polis idarəsinə aparıb, sonra sərbəst buraxmışlar. Polis əməkdaşlarından Şahid2 tanıyır, 6-7 il əvvəl onu polis idarəsinə şübhəli şəxs kimi dəvət etmiş və sonra sərbəst buraxmışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 iyun 2020-ci il tarixdə “Seyran” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Seyran” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1971ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanın yaxınlığında olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə saat 14:30-da yuxarıda qeyd etdiyi ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və üzərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və 3 ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu, ağ rəngli sellofan paketin içində olan 1(bir) ədəd bükümü təqdim etmişdir. Həmin 1(bir) ədəd bükümün içindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, sellofan paketin içindən isə 2(iki) ədəd led lampalar aşkar olunub stolun üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “SAMSUNG” markalı, qara rəngli mobil telefonu və 10 manatı təqdim etmişdir. İçində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1047(min qırx yeddi) qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “SAMSUNG” markalı, qara rəngli mobil telefon, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür. 2(iki) ədəd led lampalar, 1(bir) ədəd ağ rəngli sellofan paket və 10(on) manat təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsa geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, təqdim etdiyi, içində narkotik vasitə heroin olan bükümün özünə məxsus olduğunu, 4-5 ay əvvəl Sabirabad rayon sakini “Rasim” adlı şəxsdən təxminən 4 kq heroin əldə etdiyini, 3 kq heroinin bir qismini özünün istifadə etdiyini, bir qismini isə müxtəlif şəxslərə sataraq təxminən 3000-5000 manat qazandığını, həmin bükümü üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsə 5000-7000 manata satmaq üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisinə gəlmişdir. Sonra axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. 05 iyun 2020-ci il tarixdə idarə etdiyi avtomaşın ilə usta Sahibi və Seyranı Dərnəgülə daha sonra 8-ci kilometr bazarında yerləşən təmir materialları satılan bazara aparmışdır. Dərnəgüldən müxtəlif növ inşaat materialları almışlar. 8-ci kilometr bazarında alış-verişləri bir saat çəkmişdir. Bazardan çıxanda iki nəfər mülki geyimdə olan şəxslər hərəsi Seyranın bir qoluna girərək söhbət edə-edə onu maşına otuzdurub aparmışlar. Daha sonra Sahibi və onu da digər maşına əyləşdirib Badamdar qəsəbəsində yerləşən polis idarəsinə aparmışlar. Onlar polisə həm ayrı-ayrı maşınlarda aparılmışlar, həm də ki, idarədə ayrı-ayrı otaqlarda saxlanılmışlar. Seyranı və onların hansı səbəbə idarəyə aparıldıqlarını bilməmişlər. Sahiblə onu təxminən 4-5 saat orada saxlayandan sonra sərbəst buraxmışlar. Həmin gün inşaat bazarında Seyranın kimdənsə büküm almasını və ya kiməsə verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, qapı-pəncərə ustasıdır. Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. 05 iyun 2020-ci il tarixdə Seyran və o, qonşuluqda yaşayan Talehin avtomobili ilə Dərnəgülə daha sonra 8ci kilometrdə yerləşən inşaat bazarına təmir üçün lazım olan materialları almağa getmişlər. Onlara lazım olan təmir materiallarını almış və bazardan çıxanda iki nəfər şəxs mülki geyimdə Seyrana yaxınlaşmış və hərəsi onun bir qoluna girərək avtomobilə əyləşdirib aparmışlar. Daha sonra Talehi və onu də digər maşına əyləşdirib Badamdar qəsəbəsində yerləşən polis idarəsinə aparmışlar. Talehlə onu təxminən 4-5 saat orada saxlayandan sonra onları sərbəst buraxmışlar. Həmin gün inşaat bazarında Seyranın kimdənsə büküm almasını və ya kiməsə verməsini görməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2020-ci il 6/1005 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün nömrə 7” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. Yazılar olan 01 ədəd kağız paketdəki 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1023 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 24.08.2020-ci il tarixli 2318 nömrəli rəyindən görünür ki, 4 Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 05 iyun 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli sellofan paketin içində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə sayılan heroindən falqada yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə edir. O hər gün heroindən istifadə edir və gündəlik 5-6 qram yandırmaqla tüstüsünü çəkir. Qəbul etdiyi narkotik vasitə olan heroini Bakı şəhərində müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 4-5 ay bundan əvvəl 8-ci kilometr bazarında sonradan deməsinə görə Sabirabad rayonundan olduğunu bildiyi Rasim adlı şəxslə tanış olmuşdur. O, həmin vaxt 8-ci kilometr bazarından sonradan başqa yerdə satmaq üçün meyvə-tərəvəz alırdı. Həmin vaxt onun özü isə göyərti satırdı. Bildiyinə görə Rasim bakı şəhərində yaşayır, lakin harada yaşadığını bilmir. Sonradan Rasim, ondan göyərti almağa başlamışdır. Söhbət əsnasında ona məlum olmuşdur ki, Rasim də onun kimi narkotik vasitə istifadəçisidir, həm də heroin qəbul edir. Ona görə də Rasimin təşkil etdiyi heroindən birlikdə bir neçə dəfə istifadə etmişlər. O Rasimlə birlikdə 8-ci kilometr bazarında heroindən istifadə etmişdir. O, demək olar ki, 2- 3 gündən bir bazara gəlirdi. Təxminən tanış olduqları ərəfədə, yəni 4 ay bundan əvvəl Rasim ona təklif etmişdir ki, onda təxminən 4-5 kiloqram heroin var, onu satıb yaxşı gəlir əldə etmək olar. Rasim, ona həmin narkotik vasitəni haradan əldə etdiyini deməsə də çoxdan onda olduğunu bildirmişdir. O da Rasimə həmin narkotik vasitəni ona verməsini, satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Həmdə fikirləşmişdir ki, özü də qazanc əldə edər. Təxminən həmin ərəfədə Rasim, ona sonradan çəkisinin 4 kiloqram olduğu məlum olan narkotik vasitə heroini gətirmişdir. O Rasimlə yenə də 8-ci kilometr bazarında görüşüb narkotik vasitəni ondan götürmüşdür. Rasimin özünün isə həmin narkotiki haradan əldə etdiyini bilməmişdir. Özü də ona bu barədə heç nə deməmişdir. Rasim ona bildirmişdir ki, narkotikə görə ona 30.000 manat pul verməlidir. O da fikirləşmişdir ki, həmin narkotiki hissə-hissə satar, həm Rasimin pulunu verər, həm də özü qazanc əldə edər. Sonradan o həmin narkotik vasitənin 2 kiloqramını bir nəfərə, 1 kiloqramını isə başqa bir şəxsə satmışdır. O narkotik vasitələri satdığı şəxsləri də 8-ci kilometr bazarından tanımışdır. Adları Baba və Ənvər olmuşdur. Onlar da bazarda topdan satış meyvə-tərəvəz alıb aparıb haradasa satışı ilə məşğul olurlar. O iki kiloqramını ümumilikdə 10.000 manata satmış, 1 kiloqramı isə 5.000 manata satmışdır. O narkotik vasitənin iki kiloqramını Babaya satmış, lakin pulunu hələ almamışdır. Belə ki, Baba kimi tanıdığı şəxs narkotik vasitəni ondan aldıqdan sonra bazara gəlməmişdir. Lakin Ənvər kimi tanıdığı şəxs isə 1 kiloqram malı ondan alan kimi ona 5.000 manat pul vermişdir. Qalan 1 kiloqram narkotik vasitə heroini isə o satmamışdır. Açığı onun pula ehtiyacı olduğu üçün o narkotik vasitəni ucuz satmışdır. Sonradan isə Rasimlə görüşə bilmədiyi üçün o ona pul verməmişdir. Həmin 5.000 manatı isə özü xərcləmişdir. Qalan 1 kiloqram narkotik vasitə heroini isə o yenidən Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında 1 həftə əvvəl təsadüfən tanış olduğu, lakin adını bilmədiyi və yalnız üzdən tanıdığı şəxsə satacaqdır. Aralarında olan ilkin razılaşmaya əsasən o həmin narkotiki 5.000-7.000 manat arasında satacaqdır. Bu malın keyfiyyətindən asılı olacaqdır. O həmin malı satmaq üçün gələrkən elə bazarın yaxınlığında Qara Qarayev prospekti 81 saylı ünvanın yaxınlığında mənə sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını 5 bildiyi şəxslər yaxınlaşmışlar. Onlar vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar ona bildirmişlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıyla bağlı məlumat daxil olmuşdur. Ona görə də o Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməlidir. O etiraz etməmiş və polislərlə birgə həmin idarəyə getmişdir. Orada onun hüquqlarının qorunması üçün vəkil dəvət edilərək ona təqdim edilmişdir. Daha sonra vəkilin və orada olan polislərin iştirakı ilə onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o sağ əlində olan ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bağlı vəziyyətdə içərisində narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Əlavə olaraq onun üzərində olan «Samsung» markalı telefonunu, 10 manat pulu, ağ rəngli sellofanın içərisində olan 02 ədəd led lampa aşkar olunmuşdur. Onun təqdim etdiyi həmin büküm elektron tərəzidə çəkilmiş və heroinin 1047 qram olduğu məlum olmuşdur. Daha sonra o ifadəsində göstərilənlərlə bağlı məlumat verərək narkotik vasitəni haradan və necə əldə etdiyini bildirmişdir. Ondan aşkar olunmuş pul, 2 ədəd led lampa və bir ədəd sellofan paket ona qaytarılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş həyata keçirilmişdir. Daha sonra protokol yazılaraq düzgünlüyü imzalarıyla təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 17.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib ona 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 1 il 6 ay şərti sınaq müddəti təyin edilmiş, 06.03.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 06.06.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 6 Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05.06.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1022,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 manat 90 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1022,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 109 manat 90 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV 7 E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar