Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-442/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Türkan qəsəbəsi, Yeni sahədə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını özünə məxsus olan və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixanada külli miqdarda, ümumilikdə 725 ədəd narkotik təbiətli çətənə bitkilərini əkib, qulluq etməklə, kultivasiya edib yetişdirmiş, habelə satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 26100,0 qram çəkidə külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində olan 4-cü istixananın yanında gizlətmiş, bu barədə daxil olmuş əməliyyat məlumat əsasında Bakı şəhər, Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:10 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, həmin gün saat 18:40 radələrində dəvət edilmiş müdafiəçi və aqronomun iştirakı ilə videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsində aparılan axtarış və götürmə istintaq hərəkəti nəticəsində evin həyətyanı sahəsində yerləşən 03-cü istixanadan 338 ədəd, 04-cü istixanadan 387 ədəd, ümumilikdə 725 ədəd, ümumi çəkisi 500,0 kiloqram çəkidə, külli r miqdarda əkib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 04-cü istixananın yanından isə tərkiblərin görə eyni olan ümumi çəkisi 26100,0 qram, ekspert tədqiqatından sonra ayrıayrılıqda çəkiləri 3070,875 qram, 2745,175 qram, 3340,375 qram, 3772,375 qram, 3807,575 qram, 3898,275 qram, 3205,175 qram, 2259,975 qram olmaqla 08 ədəd ağ rəngli torbalarda külli miqdarda, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o ailə üzvlərindən ayrı, yəni tək yaşayırdı. Yaşadığı ev- Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni Sahədə yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi torpaq sahəsi, həmçinin həyətyanı sahədə olan istixanalar ona məxsusdur. Evinin həyətyanı sahəsində olan istixanalarda pomidor və çiyələk toxumları səpmişdi və onlara tutulan günə qədər qulluq etmişdi. Çiyələk toxumlarını bir nəfər tanımadığı şəxsdən almışdı. O həmin toxumların narkotik vasitə olan çətənə bitkisinin toxumları olduğunu deməmişdi. Özü də həmin şəxsin hansı məqsədlə ona çiyələk toxumu yerinə çətənə toxumları satdığını bilmir. Pomidor və çiyələk yetişdirməkdə məqsədi satıb qazanc əldə etmək idi. Çiyələk toxumu kimi istixanaya səpdiyi toxumlara təxminən bir ay yarım-iki ay qulluq etdi, ondan başqa heç kim həmin istixanalarda olmayıb, nə də ki, həmin bitkilərə qulluq etməyib. Fikirləşirdi ki, çiyələk olaraq bildiyi toxumlar çiçək açıb bar verəcək. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələri idi, yaşadığı evə gedərkən evin qarşısında mülki geyimli iki nəfər şəxs ona yaxınlaşdı. Təqsirləndirilən şəxs olub-olmadığını soruşduqda onlara, özünü təqdim etdi və qarşısında dayandığı həyət evində yaşadığını bildirdi. Həmin şəxslər xidməti vəsiqələrini çıxarıb, Bakı şəhər, Xəzər rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirdilər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilindiyini dedilər. Bundan sonra mobil telefon vasitəsi ilə bu barədə Xəzər rayon polis idarəsinə məlumat verdilər. Təxminən yarım saatdan sonra müstəntiq və digər polis əməkdaşı gəldi. Onlardan bir qədər sonra isə müdafiəçi gəldi. Polis əməkdaşları üzəridə axtarış aparsalar da üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar edilmədi. Üzərinə baxış başa çatdıqdan sonra polis əməkdaşlarının evində və həyətyanı sahədə axtarış aparmalarına dair şikayət və ya etirazının olmaması barədə ərizə yazdı. Daha sonra aqranom gəldi və istixanaya vəkilinin və iki nəfər polis əməkdaşının iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirildi. Axtarış zamanı istixanadan çətənə kolları aşkar olundu. O həmin kolların narkotik vasitə olan çətənə bitkisi olduğunu bilməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün o videoçəkiliş zamanı onların dediyi tərzdə ifadə vermişdir, o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.725 kol əkmişdi, çiyələk kolu olaraq bildiyi bitkiləri istixanada pomidorlarla birgə əkmişdi.Həyətyanı sahəsində 4 istixana var. Onun kisələr barədə heç bir məlumatı yoxdur, onları kimin gətirdiyini bilmir, videoçəkiliş aparılıb, ancaq çəkilişdən qabaq ona hədə-qorxu gəldikləri üçün elə ifadə vermişdir, çiyələk olaraq əkdiyi bitkilər qısa müddət ərzində böyüsə də, onların çətənə bitkisi olduğundan şübhələnmədi, çiyələk yetişdirməyindən heç kimin xəbəri yox idi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Xəzər Rayon Polis X2 Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020ci il tarixdə işlədiyi Xəzər rayonun Türkan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanalarda narkotik vasitələri əkib-becərməklə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatla bağlı rəhbərliyə məruzə edildi, daha sonra əməliyyat-axtarış tədbirləri barədə qərar qəbul edildi. Əməliyyat tədbirində iştirak etmək üçün o və işlədiyi Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanıldı. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti vəsiqələrimizi təqdim etdilər, Bakı şəhər, Xəzər Rayon Polis X2 Bölməsinin əməkdaşları olduqlarını bildirdilər. Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilibbecərilməsində şübhəli olduğu üçün saxlanıldığı bildirdilər. Üzərində, yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşyanın olması ehtimalını nəzərə alaraq, üzərinə və yaşadığı evə baxış keçirilməsindən ötrü müstəntiqin gəlməsi üçün idarənin növbətçi hissəsinə zəng etdilər. Təxminən yarım saatdan sonra müstəntiq və digər polis əməkdaşı gəldi. Yavərin hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu, saat 17 radələrində Yavərə təyin edilmiş müdafiəçi gəldi. Daha sonra müstəntiq sənədləşmə işlərini həyata keçirdi. Yavərin üzərinə hal şahidlərinin iştirakı ilə axtarış aparsaq da üzərindən heç bir əşya və ya predmet aşkar edilmədi. Üzərinə baxış başa çatdıqdan sonra aqranom gəldi və Yavər həyətyanı sahədə olan istixanada qulluq edərək yetişdirdiyi çətənə kollarını təqdim etmək üçün həyətyanı sahəsində olan, çətənə kollarını yetişdirdiyi 3-cü istixanaya getdi. İstixanaya baxış vəkilin və onların iştiraklarıyla videoçəkiliş vasitəsilə aparıldı. Baxış başlamamışdan əvvəl Yavərə hüquq və vəzifələri izah edildi, axtarışın videoçəkilişlə aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. O, heç bir etirazının olmadığını bildirdi və axtarışa başlanıldı. Axtarış zamanı 3-cü istixanadan 338 ədəd çətənə koluna bənzər bitki aşkar edilərək götürüldu, bundan sonra isə 04-cü istixanaya keçdik. Həmin istixanadan isə 387 ədəd çətənə koluna bənzər bitki torpaqdan çıxarılıb, qablaşdırılaraq götürüldü. 4-cü istixananın yanında 8 ədəd kisədə içərisində narkotik vasitə olan qurudulmuş marixuana və həmin bitki qurularının hissələri aşkar edilərək götürüldü. Ümumilikdə 725 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kolları, içərisində qurudulmuş marixuanaya bənzər bitki quruları və həmin bitki qurularının hissələri olan 08 ədəd kisə qablaşdırdıqdan sonra möhürləndi və paketlərin üzərləri iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməyib, aşkar olunan narkotik vasitə olan çətənə bitkilərini şəxsi istifadəsi üçün yetişdirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7\458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində “vət. Təqsirləndirilən şəxs məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə sahədə yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilmiş içərisində qurudulmuş kütlələr olan kisə” yazılar və imzalar olan 8 (səkkiz) ədəd ağ rəngli sintetik torbalada ümumi çəkisi - 26100,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "vət. Təqsirləndirilən şəxs Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə sahədə yerləşən evin həyətindən aşkar edilmiş 725 ədəd kol” yazılar və imzalar olan böyük ağ rəngli sintetik bağlamada yaş vəziyyətdə, ümumi sayı 725 (yeddi yüz iyirmi beş) ədəd, ümumi çəkisi - 500,0 kq olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Marixuananın ümumi çəkisi 26100 qram, tədqiqata sərf edildi 0.2 qram qalıq 26099.8 qram. Çətənə bitkilərinin ümumi çəkisi 500000.0 qram, tədqiqata sərf edildi 5.4 qram qalıq 499994.6 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7\654 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mərkəzə məxsus iki ədəd ağ rəngli torbalardakı üzərlərində “vət. Təqsirləndirilən şəxs məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə sahədə yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edimiş içərisində qurudulmuş kütlələr olan kisə" yazılar və imzalar olan 8 (səkkiz) ədəd ağ rəngli torbalarda olan marixuanaların ayrı-ayrılıqda təmiz çəkiləri - 3070,875 qram, 2745,175 qram, 3340,375 qram, 3772,375 qram, 3807,575 qram, 3898,275 qram, 3205,175 qram və 2259.975 qram, ümumi çəkisi - 26099,8 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 26099.8 qram, tədqiqata sərf edildi 0.16 qram qalıq 26099.64 qram. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi milə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət gülür. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD-R markalı diskə keçirilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Bakı şəhər, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 08 saylı vəkil bürosunun vəkili X3 və mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Milli Elmlər X1 baş aqronomu X4 iştirakları ilə yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, izah edilmiş hüquq və vəzifələrinin ona aydın olub-olmaması, evində axtarışın videoçəkilişlə keçirilməsi bildirilərək, buna dair şikayət və etirazının olub-olması soruşulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu, videoçəkilişlə və ümumiyyətlə yaşadığı evdə baxış keçirilməsinə dair şikayət və etirazının olmadığını bildirmişdir. Daha sonra ona yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olubolmaması, olduğu təqdirdə isə könüllü olaraq, təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan 03-cü istixanada yetişdirdiyi ümumilikdə 338 ədəd narkotik təbiətli çətənə (kannabis) kollarına bənzər kolları təqdim edərək həmin bitkilərin narkotik vasitə marixuana kolları olduğunu və özünü əkib-becərək qulluq etdiyini bildirmiş, daha sonra əlavə axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan 04-cü istixanadan ümumilikdə 387 ədəd narkotik təbiətli çətənə (kannabis) kollarına bənzər kollar və 04-cü istixananın yanında isə ümumilikdə 08 ədəd kisədə qablaşdırılmış narkotik təbitəli qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq, götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 499994.6 qram cəmi 725 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və tətqiqatdan sonra qalıq olan 26099.64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 499994.6 qram cəmi 725 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və tətqiqatdan sonra qalıq olan 26099.64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-442/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-442/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver