Məhkəmə qərarları › İş №1(101)-460/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-460/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-460/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, « 18 » mart 2021-ci il Bakı şəhərində xx xxx 1991-cİ ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli Orucov küçəsində yerləşən fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Baba» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən təmiz çəkisi 1024,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxil edilən təmiz çəkisi 140,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini sonuncudan satış məqsədilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroinin 4,042 qramını bir bükümdə qablaşdırıb üzərində, qalan 1020 qramını bir bükümdə və 140,320 qram psixotrop maddə metamfetamini bir bükümdə qablaşdıraraq idarə etdiyi “Daewoo Ravon” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Daewoo Ravon” markalı 99-PB-Q74 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda - ümumi təmiz çəkisi 4,042 qram narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, həmin tarixdə könüllü razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman külli miqdarda - ümumi təmiz çəkisi 1020 qram narkotik vasitə heroin bir ədəd polietiien bağlamada, külli miqdarda - ümumi təmiz çəkisi 140,320 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd polietiien bağlamada, üzərlərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd metal xörək qaşığı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə 03 il 06 ay müddətində həbs olunmuş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, 2016-cı il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuş, həbsdən çıxdıqdan bir neçə ay sonra CM-in 228-ci maddəsi ilə tutulmuş və 03 il 09 ay müddətində həbs olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur, rəsmi olaraq heç yerdə işləməmiş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həbsdən azad olunduqdan sonra iş tapmaq məqsədi ilə Bakı şəhərində müxtəlif yerlərə getməyinə baxmayaraq buna nail ola bilməmiş, ona görə də taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Lakin sürücülük vəsiqəsi olmadığına görə dostu Amin vasitəsi ilə İlham adlı şəxslə tanış olmuş, İlhamla telefonla danışmış onun yanına gedərək görüşmüşdür. İlham gündəlik avtomobillərin kirayəsi ilə məşğul olmuş, İlhamla danışmış və "Daewoo Ravon" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarəyə götürmək qərarına gəlmişdir. İlhamla danışan zaman maşınla taksi fəaliyyəti ilə məşğul olacağı barədə məlumat vermiş, ona gündəlik 25 manat pul verməyə başlamışdır. Təxminən 15-20 gün ərazində Bakı şəhəri ərazisində taksi fəaliyyəti İlə məşğul olmağa başlamış, təxminən 2 həftə əvvəl “Facebook” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxslə tanış olmuş, həmin vaxt “Baba” adlı şəxsdən ona mesaj gəlmiş və onunla danışan zaman həmin şəxs özünü “İran Azərbaycanlısı" kimi təqdim etmişdir. Bir neçə gün ərzində onunla danışmış və normal münasibətləri yaranmağa başlamışdır. Təxminən 2 gün onunla danışandan sonra telefon nömrəsini istəmiş və watsapp ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə ona zəng edəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs “Facebook” sosial şəbəkəsində öz profilini bağlamış, bir neçə saat sonra İran nömrəsindən ona zəng gəlmiş və danışan zaman onun hansı işlə məşğul olduğunu soruşmuşdur. Taksi fəaliyyəti ilə məşğul olduğunu demiş, bu zaman “Baba” adlı şəxs ona Bakı şəhərində özünə məxsus olan narkotik vasitələri götürüb dediyi yerlərə qoyduqdan sonra həmin yerlərin şəklini çəkib ona göndərməyini istəmiş və narkotikləri qeyd olunan yerlərə payladıqdan sonra ona 500 manat pul göndərəcəyini bildirərək adına bank hesab kartının olub-olmadığını soruşmuşdur. Adına bank hesabı açdıracağını demiş və bir gün ərzində "xxxx” MMC-də kart açdırmışdır. Bundan sonra kartının şəklini çəkib ona göndərmişdir. Beləliklə təxminən 2 həftə əvvəl Baba ona zəng edərək “Qala Qəsəbəsi" adlanan yerdə sellofan torbada nakotik vasitə, elektron tərəzi və bir ədəd qaşıq olduğunu deyərək narkotikin olduğu yerin şəklini çəkib ona göndərmişdir. İdarə etdiyi avtomobillə narkotik vasitələrin olduğu yeri tapıb götürmüş, narkotik vasitələri taksi fəaliyyəti ilə məşğul olan zaman heç kimin görməməsi üçün avtomobilin arxa yük hissəsinə qoymuşdur. Narkotiki götürəndən sonra Baba adlı şəxs zəng edib çəkiləri göndərəcəyini və həmin yerlərə aparıb qoymağını tapşırmışdır. O, bükümdə olan heroini qaşıqla tərəzidə çəkib paketləmiş və Babanın dediyi yerlərə qoymuş, həmin yerin şəkili çəkib Babaya göndərmişdir. O, ilk dəfə götürdüyü heroinləri 2 gün ərzində paylamış və Baba onun kart hesabına 200 manat göndərmişdir. Bundan bir gün sonra Baba yenə ona zəng edərək Qala qəsəbəsində ilkin olaraq götürdüyü yerdən bir qədər aralıda yenə narkotik vasitə qoyduğunu demiş və onu götürməyi tapşırmışdır. Narkotiki götürüb ona zəng etmiş, yenə eyni qaydada narkotikləri Babanın dediyi çəkilərdə onun dediyi yerlərə qoymuş, bundan sonra Baba 500 manat göndərmişdir. xx.xx.2020-ci il tarixdə Baba ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Asan Xidmət” mərkəzininin arxa hissəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoydurduğunu və onları oradan götürməyi tapşırmışdır. O,həmin yerdən kütlələri götürüb maşının arxa hissəsinə qoymuş, Baba bu barədə ona heçnə deməmiş, narkotik vasitələr, psixotrop maddələr, elektron tərəzi və qaşığı hər zaman saxladığı yerə qoymuşdur. Bundan başqa həmin narkotik vasitələrdən özü şəxsi istifadəsi üçün 4 qramını çəkib üzərində gələcəkdə istifadə etmək üçün saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində maşını saxlayıb müştəri gözləmiş, həmin vaxt ona bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib BNMİ-nin əməkdaları olduqlarını deyərək narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmağı barədə məlumat olduğunu deyərək onu BNMİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və bir nəfər polis əməkdaşı idarə etdiyi avtomobilin sükanına əyləşmiş və arxa sərnişin oturacağında daha 2 nəfər polis əməkdaşı ilə əyləşib BNMİ-nə gəlmişlər. İş otaqlarının birinddə təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər “Mərkəz Vəkil Büro”sunun vəkillərinin adlarının olduğu siyahı təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Kərim Bağırovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçiriləcəyi bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içəisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmiş, daha sonra üzərinə baxış keçiriləndə bir ədəd özünə məxsus olan "Samsung” markalı mobil telefon, içərisində 4 manat pul olan bir ədəd pul qabı, açarlar və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 4 qram olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüş, pul qabı, açarlar özünə qaytarılmış, lakin şəxsiyyət vəsiqəsi və mobil telefonu götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində İran İslam Respublikası vətəndaşı Baba adlı şəxsin dediyi yerdən götürdüyünü, idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra avtomobilinə baxış keçirilməsinə etiraz etmdiyini demiş, daha sonra şəxsi axtarış dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokolu imzalamış, bundan sonra könüllü olaraq ərizə yazıb maşına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Avtomobilinə baxış başlamadan əvvəl təhqiqatçı avtomobildə qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. O, avtomobilinə yaxınlaşıb yük hisəsində olan ağ rəngli polietilen paketi çıxarıb təqdim etmiş, həmin polietilen büküm açıldıqda onun içərisində bir ədəd bükümdə İçərisində psixotrop maddə metamfetamin aşkar edilmiş, içərisində narkotik vasitə heroin olan digər büküm də götürülmüşdür. Həmçinin oradan bir ədəd qaşıq və elektron tərəzi də aşkar edilmişdir. Həmin kütlələrin hamısı qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı həmin kütlələri Baba adlı şəxsdən aldığını bildirmiş, bundan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2 və Şahid3 da daxil olmuşlar. Həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə qeyd olunan ünvana getmişlər. Orada olan zaman saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520 ünvanının yaxınlığında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BNMİ-nə getməsini təklif etmişər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Murad X2 təhqiqatçısı Nəcəf Aburşunun xidməti iş otağına aparmış, orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərin adları olan siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Kərim Bağırov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarış video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda, içərisində narkotik vasitə heroinə oxşar kütləni təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən “Samsung” markalı mobil telefon, açarlar, pul qabı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqdim edilmiş büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Baba adlı İİR vətəndaşının dediyi yerdən götürdüyünü və onun dediyi yerlərə çatdırdığını bildirərək idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu deyib onları da təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük hissəsini oradan içərisində psixotrop maddə metamfetaminə və narktoik vasitə heroinə bənzər kütlələri, bir ədəd elektron tərəzini və bir ədəd qaşığı çıxarıb təqdim etmişdir. Daha sonra həmin bükümlər və əşyalar qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomobildə olan əşyaların ona məxsus olduğunu, Baba adlı İİR vətəndaşının ona satması üçün ona göndərdiyini, bu işlərin müqabildə müxtəlif vaxtlarda pullar aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1256 nömrəli rəyindən görünür ki, üzərində: «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....» və s. imzalar olan paketdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 4.042 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən....» və s. yazılar, imzalar olan paketdəki (№2) 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1020 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitı-heroindir., 01 ədəd polietilen bağlamada təmiz çəkisi 140.320 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, elektron tərəzinin və metal xörək qaşığının səthlərində həm heroinə və həm də metamfetaminə məxsus İzlər müəyyən edildi. İz hissəcikləri eyniləşdirmə təqdiqatının aparılması üçün yetərsiz miqdarda olduğundan bu barədə qoyulmuş sualın cavablandırılması mümkün olmadı; -1 №-li paketdəki heroin nümunəsi ilə 2№-li paketdəki heroin nümunəsi öz aralarında həm xarici əlamətlərinə və həm də kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər; -Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (siyahı İ) daxildir; Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” İn siyahısına (Siyahı İ) daxildir; -Qeyd: 1№-li paketdəki heroinin təmiz çəkisi - 4.042 qr; tədqiqata sərf edildi-0.05 qr, qalıq-3.992 qr; -2N-li paketdəki heroinin təmiz çəkisi — 1020 qr, təqdiqata sərf edildi-0.1 qr, qalıq- 1019.9 qr; -2№-ti paketdəki metamfetaminin təmiz çəkisi-140.320 qr, tədqiqata sərf edildt-0.05 qr, qalıq-140.27 qr. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2817 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi "Daewoo Ravon” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə BNMİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroin aşkar edildiyindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş "avtomobilə baxış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi "Daewoo Ravon” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə BMCMİ-nin İnzibati binasına gətirilib avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük hissəsindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və metal xörək qaşığı aşkar edildiyindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib ona 3 il 9 ay müddətinə il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 2 il müddət xx.xx.2022ci il tarixində başa çatacağından onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu ödənilmədiyi üçün Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1023,892 qram narkotik vasitə heroin, 140,27 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd metal xörək qaşığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Samsung" markalı mobil telefon aparatı cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə ekspertiza xərcləri 109 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1023,892 qram narkotik vasitə heroin, 140,27 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd metal xörək qaşığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd “Samsung" markalı mobil telefon aparatı cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunsun. Ekspertiza xərcləri 109 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar