Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-489/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1976-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində şəxsiyyəti istintaqa məlum olmayan «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Şəki rayonu ərazisində yerləşən istintaqa məlum olmayan yerdən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 3.150 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürərək əldə edib aralarında olan razılaşmaya əsasən, 500 manat nağd pul müqabilində qeyd olunan narkotik vasitəni Bakı şəhərində istintaqa məlum olmayan şəxsə təhvil verməsi üçün «Rəsul» adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi dövlət qeydiyyat nömrəsi və markası istintaqa məlum olmayan avtomobil ilə Bakı şəhərinə daşımış, həmin gün saat 23 radələrində narkotik vasitəni avtomobildən götürüb özündə saxlayaraq piyada ünvan 1 ünvanın qarşısına daşıyan zaman qeyd edilən ünvanın qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı üzərində «Samuray» və «BMW» yazıları olan sellofan torbanın içərisindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək Ağdaş rayonunda yaşamışdır. 2016-cı ildə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuşdur. 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Ağdaş şəhərində mərkəzi bazarın yaxınlığında yerləşən çayxanada qonşusu Təbrizlə çay içərkən yanlarına Təbrizin tanımadığı bir tanışı gəlmişdir. Sonuncu onlarla birlikdə oturub çay içmişdir. Həmin şəxs özünü Rəsul kimi təqdim etmişdir. Söhbət zamanı sonuncunun Bakı şəhərinə gedəcəyi ona məlum olmuşdur. Odur ki, Bakıda kirayədə yaşayan anasına baş çəkmək qərarına gəlib Rəsuldan onu da aparmasını xahiş etmiş və sonuncu razılaşmışdır. Çay içib bir qədər söhbət etdikdən sonra onlar oturduqları stoldan durmuşlar. Bu zaman Təbriz onu kənara çəkib Rəsulun polislərə işlədiyini deyib, ehtiyatlı olması barədə xəbərdar etmiş, lakin o, sonuncunun sözünə əhəmiyyət verməmişdir. Bundan sonra Rəsulun idarə etdiyi qara rəngli «Hyundai» markalı avtomobilə əyləşib yola düşmüşlər. Sonuncu yolüstü Şəki şəhərinə gedib, oradan bir bağlama götürəcəyini və sonra Bakıya gedəcəklərini demiş və o, etiraz etməmişdir. Şəki şəhərinə çatdıqdan sonra Rəsul avtomobili çöllük ərazidə saxlayıb avtomobildən düşüb, yaxınlıqda yerləşən balaca bir daxmaya tərəf getmiş, bir qədər sonra əlində bir bağlama ilə geri qayıtmışdır. Bağlamanı avtomobilin arxa oturacağına qoymuş və yollarına davam etmişlər. Rəsul ona bağlamanın içərisində nə olduğunu deməmiş və özü də bu barədə Rəsuldan soruşmamışdır. Həmin gün saat 23 radələrində Bakı şəhərinə çatmışlar. Rəsul avtomobili Nəsimi rayonu ərazisində Papanin körpüsü deyilən yerdə saxlayıb ona avtomobildən düşməsini bildirmişdir. O, avtomobildən düşəndən sonra Rəsul ona avtomobili qadağan olunmuş yerdə saxladığını, cərimə yazılacağını, avtomobili park etmək üçün başqa yerə gedib gələcəyini bildirib, avtomobildəki bağlamanı saxlamasını xahiş etmişdir. Odur ki, etiraz etmədən bağlamanı götürmüşdür. Rəsul bir neçə dəqiqəyə qayıdacağını bildirib, avtomobili ilə həmin yerdən aralanmışdır. Elə bu vaxt polis əməkdaşları yaxınlaşıb, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlamış və Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Bölmədə əlində saxladığı bağlamanın içərisində qurudulmuş marixuana olduğunu bilmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, bədənindəki ağrıları ilə əlaqədar 3-4 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Ağdaş şəhəri mərkəzi bazarın yaxınlığında yerləşən çayxanada tanışı Təbrizlə oturub çay içərkən sonuncunun bir nəfər tanışı gəlib onlarla bir masa arxasında əyləşib çay içmişdir. Həmin şəxs söhbət əsnasında şəxsi avtomobili ilə Bakı şəhərinə gedəcəyini demişdir. Bunu eşidib Bakı şəhərində Azadlıq metrostansiyası yaxınlığında kirayədə yaşayan anasına baş çəkmək fikrinə düşmüşdür. Bu məqsədlə həmin şəxsdən onu da Bakı şəhərinə aparmasını xahiş etmiş və sonuncu etiraz etməyərək bildirmişdir ki, ilk əvvəl Şəki rayonu ərazisindəki çöllük yerdən bir bağlamada narkotik vasitə götürəndən sonra Bakı şəhərinə gedəcəkdir. Həmin şəxsin təklifi ilə razılaşmışdır. Onların bu söhbətini Təbriz eşitməmişdir. Bundan sonra Təbrizlə sağollaşıb, həmin şəxsin idarə etdi qara rəngli «Hyundai» markalı avtomobilinə əyləşmişdir. Sonuncunun avtomobilində Şəki rayonu ərazisinə gəlmişdir. Sürücü çöllük bir yerdə avtomobili saxlayıb, yoldan bir qədərə aralıda yerləşən daxmaya daxil olmuş və bir azdan əlində torba gəlib avtomobilinə əyləşmişdir. Torbanı maşının arxa oturacağına qoymuşdur. Təxminən saat 23 radələrində 20 Yanvar dairəsinə çatmışdır. Avtomobilin sürücüsü ona Papanin deyilən ərazidə onları gözlədiklərini deyib, həmin tərəfə istiqamət götürmüşdür. Bir qədər məsafə qət etdikdən sonra maşını saxlayıb ona arxa oturacaqdakı içərisində marixuana olan torbanı götürüb maşından düşməyini, yolun kənarı ilə bir qədər irəlilədikdən sonra məhəllə arası yola dönüb, müəyyən qədər gedəndən sonra qarşısına qara rəngli «Hyundai» markalı avtomobil çıxacağını və maşının qapısını açıb əlindəki torbanı həmin maşına qoyandan sonra onu anasının kirayədə yaşadığı Azadlıq metrostansiyası tərəfə aparacağını bildirmişdir. Sonuncunun tapşırığına əsasən və onun diktə etdiyi şəkildə içərisində narkotik vasitə marixuana olan torbanı götürüb, deyilən istiqamətə getmiş, rastına həqiqətən də qara rəngli «Hyundai» markalı avtomobil çıxmış, qapını açmaq istəmiş, lakin qapı açılmamışdır. Odur ki, geri qayıtmaq istərkən mülki geyimdə polis əməkdaşları yaxınlaşıb, onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, lakin gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Əlindəki torbada isə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına həmin narkotik vasitəni Şəki rayonu ərazisində Bakı şəhərinə gəldiyi avtomobilin sürücüsü ilə birlikdə əldə etdiyini, Bakı şəhərinə birlikdə gətirdiklərini və avtomobilin sürücüsünün tapşırığına əsasən qara rəngli avtomobilin salonuna yerləşdirmək istərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitədən heç kimə satmadığını və əməlindən peşman olduğunu, saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə üzərində şəxsi axtarış aparılarkən fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 yanvar 2020-ci il tarixdə bölməyə Ağdaş rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etdiyi və saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupa bölmənin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. Həmin gün Ramilin ünvan 4 ünvanın yaxınlığında olduğu müəyyən edildiyindən qrup üzvləri ilə birlikdə saat 22:30-da həmin yerə gedib, gözləməyə başlamışlar. Saat 23 radələrində Ramili həmin ünvanda saxlayıb, polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Xidməti otaqda müdafiəçinin, polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Sonuncunun sağ əlində tutduğu, üzərində «Samuray» və «BMV» sözləri yazılmış göy rəngli polietilen paketə bükülmüş bükülü aşkar edilmişdir. Bükülü açıldıqda içərisində spesifik iyə malik, sarımtıl ota bənzər qurudulmuş kütlə olduğunu görmüşdür. Həmin kütlə tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bağlamanın üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir bükümdə olan həmin kütlənin qurudulmuş marixuana olduğunu, onu 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Ağdaş rayonundan birlikdə çıxdığı tanımadığı şəxsin avtomobili ilə Şəki şəhərində çöllük ərazidən götürərək Nəsimi rayonu Papanin deyilən əraziyə gətirdiyini və hansısa avtomobilin salonuna qoymaq üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən və bölmədə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı vəzifəsində işləyir. 12 yanvar 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 raportla bölmə rəhbərinə müraciət edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar sonuncunu saxladıqlarını və polis bölməsinə dəvət etdiklərini bildirib, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Raportun icrası ona həvalə edilmişdir. Onun tərəfindən vəkil dəvət edilmiş və vəkil saat 00:40-da gəlmişdir. Saat 00:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs sağ əlində tutduğu üzərində «Samuray» və «BMV» sözləri yazılmış göy rəngli polietilen paketə bükülmüş bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükülünün içərisində spesifik iyə malik qurudulmuş ot kütləsi aşkar edilmişdir. Həmin kütlə tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bağlamanın üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Ağdaş rayonundan birlikdə çıxdığı tanımadığı şəxsin avtomobili ilə Şəki şəhərində çöllük ərazidən götürərək Nəsimi rayonu Papanin deyilən əraziyə gətirdiyini və hansısa avtomobilin salonuna qoymaq üçün üzərində saxladığını bildirmişdir. Araşdırma zamanı texniki səbəblərdən Təqsirləndirilən şəxs saxlanıldığı tarixi və saatı, onun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi axtarışın başlandığı tarix və saat kimi qeyd etmiş və video müşahidə altında bildirmişdir. Əslində isə tərtib olunmuş şəxsi axtarış və götürmə protokolunun üzərində qeyd olunmuş 13 yanvar 2020-ci il tarix, saat 01:15 dəqiqədən saat 02:55 dəqiqəyədək olan yazılış doğrudur və belə də oxunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ağdaş rayonu, M.Şeyxzadə küçəsi ev 27-də anası Firəngiz Hüseynova ilə birlikdə yaşayır. Ağdaş RPŞ-nin İQ-da barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanıyır. Təxminən 3-4 ay bundan əvvəl özünü ona Şəki rayon sakini Rəsul kimi təqdim edən şəxsi əvəllər tanımamışdır. 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Ağdaş şəhərində yerləşən mərkəzi bazarın qarşısında olmuşdur. Bu vaxt oradan piyada keçən Ramil ilə rastlaşmışdır. Sonuncu onu çay içməyə dəvət etmişdir. Ağdaş rayonun mərkəzi bazarın yaxınlığında yerləşən çayxanada çay içmişlər. Daha sonra çölə çıxmışlar. Bu vaxt özünü ona Rəsul kimi təqdim edən şəxsi çayxananın qarşısında görmüşdür. Rəsul onunla və Ramillə salamlaşandan sonra onları çay içməyə dəvət etmişdir. Yenidən həmin çayxanaya qayıdıb çay içmişlər. Rəsul ona bildirmişdir ki, Bakı şəhərinə getməlidir, ona yol yoldaşı lazımdır. Amma bundan əvvəl o, Şəki rayonunda bir ünvana dəyməlidir. Bu zaman Ramil Bakı şəhərində yaşayan anasına baş çəkmək istədiyini bildirib, Rəsula onunla birlikdə gedə biləcəyini demişdir. Bundan sonra o, sonuncularla sağollaşıb evinə getmişdir. Bir neçə gündən sonra Ramilin Bakıda polis əməkdaşları tərəfindən tutulduğunu və üzərindən narkotik vasitə aşkar edildiyi barədə eşitmişdir. Ramilin Rəsulla əvvəllər əlaqələrinin olmasını güman etmir, belə ki, Rəsul Ramili onun vasitəsilə tanımışdır. İşin 2-ci cildinin 160-162-ci vərəqələrindəki Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Bakı şəhərinə bir yerdə gəldiyi avtomobil sürücü ona içərisində narkotik vasitə olan bağlamanı onun idarə etdiyi avtomobildən götürüb, başqa qara rəngli «Hyundai» avtomobilə qoyulmasını təklif etdikdə, Təqsirləndirilən şəxs buna görə sürücüdən 500 manat pul istəmiş və avtomobil sürücüsü razılaşmışdır. İşin 1-ci cildinin 107-110-cu vərəqələrindəki Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından da görünür ki, avtomobil sürücüsü yolda Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində olan içərisində narkotik vasitə olan bağlamanı götürüb Bakı şəhərinə çatdırmalı olduğunu, həmin bağlamanı Bakı şəhərində onun avtomobilindən götürüb başqa bir maşına qoyulmasını təklif etdikdə, Təqsirləndirilən şəxs bunun müqabilində sürücüdən 500 manat pul istəmiş və sürücü razılaşmışdır. Təqsirləndirilən şəxs həmin pulu xaricdə təhsil alan oğluna göndərmək istədiyini bildirmişdir. İşin 1-ci cildinin 51-57-ci vərəqələrindəki «üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı tərəfindən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs sağ əlindəki üzərində tünd göy rəngli «SAMURAY» və «BMV» yazıları yazılmış polietilen paketə bükülmüş torbadan spesifik iyə malik olan sarımtıl ota bənzər kütlə aşkar edilmişdir (qeyd olunmalıdır ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cəmi 2 manat 10 qəpik pul olmuşdur). Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ot kütləsinin nəşə olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. İşin 1-ci cildinin 134-141-ci vərəqələrindəki 10 fevral 2020-ci il tarixli protokol və fotogədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhərinə gəldiyi vaxt, hansı avtomobil yolu və hansı küçə ilə hərəkət etdiyini, polis əməkdaşları tərəfindən saxlanıldığı yeri göstərmiş, bu zaman fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2020-ci il tarixli, 629 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş skoçla bağlanmış, ağ kağız üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri yazılmış göy rəngli polietilen torbada təmiz çəkisi 3.150 qram (3 kq 150 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2020-ci il tarixli 380 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 11 fevral 2020-ci il tarixli, 282 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psxiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cilinin 221-ci vərəqindəki Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi 3 kq 150 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Məktubda həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 kq 150 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri ərazisinə satmaq məqsədilə gətirməsi və bununla əlaqədar məlumatın daxil olması göstərilmişdir. İşin 1-ci cildinin 219-220-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 9 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 11 ay 28 gün müddətə islah işləri cəzasına məhkum olunmuş, 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. İşin 3-cü cildinin 143-158-ci vərəqlərindəki cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3 kq 150 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspert tədqiqatları nəticəsində qalıq qalmış 3 kq 149,8 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın məhkəməyədək saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 24-25-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2020-ci il tarixdə saat 23:00 radələrində saxlanılmışdır. İşin 1-ci cildinin 107-110-cu vərəqlərindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 yanvar 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.10.11-ci maddəsini də nəzərə alır. Belə ki, Qanunun həmin maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3 kq 150 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspert tədqiqatları nəticəsində qalıq qalmış 3 kq 149,8 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən onra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin köçürüldüyü bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3 kq 150 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspert tədqiqatları nəticəsində qalıq qalmış 3 kq 149,8 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən onra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin köçürüldüyü bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-489/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-489/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver