Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-528/2021 10.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 09 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 100 «A»-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, müəyyən olunmamış vaxtda və mənbədən külli miqdarda cəmi 1064,78 qram (1 kq 64,78 qram) narkotik vasitə hesab olunan çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etdikdən sonra bir ədəd kibrit qutusuna qablaşdırılmış 5,780 qram qurudulmuş marixuananı cibində, bir ədəd sellofan torbaya və üç ədəd şüşə balona qablaşdırılmış 1059 qram (1 kq 59 qram) qurudulmuş marixuananı isə yaşadığı ünvan 1 «A» ünvanında qanunsuz saxlamaqla daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evin qarşısında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq 14-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın yan cibindən bir ədəd kibrit qutusundə 5,780 qram çəkidə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə bir ədəd sellofan torbada və üç ədəd şüşə balonda 1059 qram (1 kq 59 qram) çəkidə, cəmi 1064,78 qram (1 kq 64,78 qram) külli miqdarda narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 30 ildən artıqdır ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkməklə istifadə edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün marixuanadan istifadə edir. Narkotik maddə marixuana qəbul etmək məqsədilə yaşadığı evin həyətində 2020-ci ilin aprel ayında şəxsi istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsdən aldığı çətənə toxumlarını əkərək onlara qulluq etmiş, əkdiyi toxumlardan əksəriyyəti bitərək yaxşı inkişaf etmişdır. Sonradan həmin bitkiləri torpaqdan çıxardıb öz istifadəsi üçün yarpaqlarını qurutmuş, yaşadığı evdə balonlara və sellofan torbaya yığmışdır ki, özü üçün sonradan istifadə etsin. xx xxxxxxxx 2020-ci il tarixdə həmin narkotik maddədən bir kibrit qutusu dolduraraq əynində olan şalvarın cibinə qoymuşdur ki, istifadə etsin və xoşu gələn şəxs olarsa satsın. xx xxxxxxxx 2020-cu il tarixdə, saat 13-00 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimdə bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını, onun üzərində narkotik vasitə saxlamağı barədə məlumatları bildirmişlər. Onu polis bölməsinə dəvət etmişlər və bölməsində üzərinə şəxsi axtarış keçirilərkən kibrit qutusunda narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, evdə də narkotik vasitə saxlayır. Polis əməkdaşlarına öz şəxsi istifadəsi üçün yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasını etiraf etmiş və evdə saxladığı narkotik vasitə qurudulumuş marixuanının yerini göstərmişdir. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı saxlamaqda məqsədi əsasən şəxsi istifadəsi ilə bağlı olmuşdur, əgər istəyən olardısa da satacaqdı. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ 14-ci PB-nin əməkdaşıdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi ev 100 A-da yaşayan Təqsirləndirilən şəxs satmaq məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilməklə bölmənin əməkdaşı Şahid2 ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12-50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 100 A ünvanın yaxınlığına gələrək müşahidəyə başlamışlar. Həmin gün saat 13-00-da Təqsirləndirilən şəxs qeyd olunan ünvandakı evin qarşısına çıxmış, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında onun üzərinə baxış keçirəcəklərini bildirib Təqsirləndirilən şəxs PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşya və predmeti təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan açıq krem rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində spesifik iyə malik ot kütləsini təqdim edib bildirmişdir ki, təqdim etdiyi kütlə narkotik vasitə qurudulmuş marixuanadır və onu özünün qəbul etməsi üçün çətənə bitkilərinin tumlarını bu ilin aprel ayında yaşadığı evin həyətində əkərək yarpaqlarını qurutmaqla əldə etmiş, qurudulmuş marixuananı yaşadığı evdə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən evin sol tərəfində yerləşən otağın içərisində yerləşən yardımçı otağın sol tərəfində yerə qoyulmuş bir ədəd sellofana və üç ədəd şüşə bolona yığılmış narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs evindən qurudulmuş marixuanın aşkar edilməsi videoçəkiliş aparılmaqla protokol tərtib olunmuş və tərtib olunmuş protokola tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 32-33-cü vərəqlərində olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq krem rəngli şalvarın sağ yan cibindən içərisində narkotik maddə qurulumuş marixuana olan bir ədəd kibrit qutusu aşkar olunuraq götürülmüşdür. Cinayət işinin 35-36-cı vərəqlərində olan xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Bağırov küçəsində yerləşən 100 A ünvanında olan evinə video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı evin sol tərəfində yerləşən otağın içərisində yerləşən yardımçı otağın sol tərəfində yerə qoyulmuş bir ədəd sellofana və üç ədəd şüşə bolona yığılmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunuraq götürülmüşdür. Cinayət işinin 72-ci vərəqində olan xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Sabunçu RPi-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması “Samsunq” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş və həmin görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində 1 nəfər şəxs və mülki geyimdə olan 3 nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Nizami Hüseynov kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə xx xxxxxxxx 2020-ci il tarixdə axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və axtarışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, axtarışda Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X3 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üstündə saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan açıq krem rəngli cins şalvarın sağ yan cibindən içərisində ot kütləsi olan bir ədəd kibrit qutusunu təqdim edərək həmin maddənin narkotik maddə qurudulmuş marixuana olmaqla özünə məxsus olmasını bildirir. Sorgu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni özünün şəxsi istifadə üçün çətənə bitkisini əkib qurutmaqla əldə etməsini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qudulumuş marixuananın olmasını bildirir. Təhqiqatçı bükülünü açanda içində ot kütləsi oxşar maddə aşkar olunur. Aşkar olunmuş maddənin ekspertiza tədqiqatına təqdim olunması dair məlumat verilir. Cinayət işinin 73-cü vərəqində olan xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sabunçu RPi-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxışın aparılması “Samsunq” markalı mobil telefonun video kamerası vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş və həmin görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda yaşayış evində xüsusi geyimində 1 nəfər şəxs və mülki geyimdə olan 3 nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Nizami Hüseynov kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 A ünvanında yerləşən evinə xx xxxxxxxx 2020-ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X3 Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs evin sol tərəfində yerləşən otağın içərisində yerləşən yardımçı otağın sol tərəfində yerə qoyulmuş bir ədəd sellofana və üç ədəd şüşə balona yığılmış narkotik vasitəyə bənzər bitki kütlələrini təqdim edir. Aşkar olunmuş bitki kütləsi ilə bağlı Təqsirləndirilən şəxs ilə bildirir ki, həmin bitki kütləsi qurudulmuş marixuanadır və həmin kutləni şəxsi istifadəsi üçün əkdiyi çətənə bitkilərini qurutmaqla əldə etmişdir. Sellofan torbanın və şüşə balonların içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunur. Aşkar olunmuş maddənin ekspertiza tədqiqatına təqdim olunması dair məlumat verilir. Cinayət işinin 43-46-cı vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7\637 saylı rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,780 qram və qara rəngli sellofandakı bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 1059 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkitsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurulumuş marixuanadır. Ümumi çəkisi -1064,78 qramdır (1 kq 64,78 qram). Tədqiqata təqdim olunmuş bir ədəd zərfdə və bir ədəd qara rəngli sellofanda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 108-109-cu vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2905 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və pisixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstələiyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-116-cı vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilmiş 1064,78 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılmasını və yaşadığı evə baxış keçirilməsinin görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 12-ci bəndinə əsasən 500 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilir. Məhkəmə, yaşadığı evə baxış keçirilərkən qanunda nəzərdə tutulmuş külli miqdardan artıq qurudulmuş marixuananın aşkar edilməsini təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-86-cı vərəqlərində olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan tələbnamə və cinayət işinə əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 09 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CMnin 18.2.2-ci maddəsinə əsasən bu hal Təqsirləndirilən şəxs münasibətdə cinayətin təhlükəli residivini yaradır ki, bu da CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır və cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2905 №-li rəyinə müvafiq olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Sabunçu RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1064,68 qram narkotik vasitə quruldulmuş marixuana məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşayış evinə baxışın keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 7 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil X5, məhkəmə iclaslarında isə Bakı şəhəri 2 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi X2 göstərdiyi hüquqi yardım üzrə iş saatları 65 (altmış beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 390 (üç yüz doxsan) manat, Müdafiəçi isə dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 50 (əlli) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 390 (üç yüz doxsan) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1064,68 qram narkotik vasitə quruldulmuş marixuana məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşayış evinə baxışın keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X5 üçün 390 (üç yüz doxsan) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-528/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-528/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver