Məhkəmə qərarları › İş №1(101)-537/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə « 06 » may 2021-ci il Bakı şəhərində xx.xx.1989cu ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 24,371 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 iyul 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində saxlanılıb, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnə dəvət olunaraq, üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sol cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 24,371 qram, yəni külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 ay olar ki, narkotik maddənin heroin növündən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 14.07.2020-ci il tarixdə təxminən 2 gün əvvəl internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə Whatsapp vasitəsilə +98***-***-**-** nömrəsinə yazmış və heroin lazım olduğunu bildirmişdir. Buna görə də İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsin hesabına 300 (üç yüz) manat pul ödəmişdir. Bundan sonra Əsgər adlı şəxs heroin təşkil edəcəyini bildirmiş, sonuncunun verdiyi istiqamətlər əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Dental” diş poliklinikasının giriş hissəsinə gəlmişdir. İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxs narkotik maddəni qoyduğu yerin şəkillərini göndərmiş və ağacın altından 1 bükümdə 30 qram heroin olduğunu bildirmişdir. Həmin yerə tanımadığı taksi ilə getmiş, lakin polislər tərəfindən yaxalanacağından qorxub fikrindən dönmüş, həmin bükümü götürməmişdir. Elə bu zaman 14.07.2020-ci il tarixdə saat 15 radələrində həmin yerdə iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və o, narkotik vasitəni götürə bilməmişdir. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onlar tərəfindən saxlanılmış və 32-ci PB-nə gətirilmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün sifariş vermişdir. Narkotik vasitəni həmin şəxsdən nisbətən daha ucuz satdığı üçün almaq istəmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 iyul 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Samir adlı şəxsin narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması göstərilmiş, eyni zamanda daxil olmuş məlumatda Samir adlı şəxsin gündüz radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində olacağı və üzərində narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. 14 iyul 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, “Dental” diş poliklinikasının yaxınlığında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxs saxlanılmış və saat 15 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək, növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra 32-ci Polis Bölməsinin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli idman şalvarın sol cibindən bir ədəd bükülü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülü içərisində heroin kimi tanıdığı narkotik maddədir, bu narkotik maddəni 14 iyul 2020-ci il tarixdə günorta radələrində İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsin verdiyi istiqamətlər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində “Dental” diş poliklinasının giriş hissəsində ağacın altından götürmüş və bu narkotik maddə üçün Əsgər adlı şəxsin hesabına 300 (üç yüz) manat pul ödəmişdir. Həmin narkotik maddəni öz istifadəsi üçün almış, bir qismini istifadə etmiş qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış, möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə arvadı X6 ilə rəsmi nikah bağlamışdır. Nigar və Nilay adlı övladları vardır. Təqsirləndirilən şəxs onun qayınıdır. Son bir il ərzində qayını Samir və qayınanası Təranə onlar ilə birlikdə ünvan 2ında yaşamışdır. Çünki onlar Siyəzən rayonunda olan evlərini satıblar. Qayını Təqsirləndirilən şəxs normal insandır, onun narkotik vasitələrdən istifadə etməsi və ya narkotik vasitə satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Belə ki, onun ilə Samir arasında qohumluq pərdəsi vardır. Samirlə ancaq qohumluq münasibəti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Heroin və marixuana kimi tanıdığı narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən almışdır. Sonuncu dəfə 13.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən 1500 manat nağd pul ödəyərək satmaq məqsədilə narkotik vasitə heroin, şüşə və narkotik tərkibli metadon dərmanlarını alıb özündə saxlamışdır. İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən narkotik vasitələri görüşərək almamışdır. Əsgər özü Bakı şəhərinin ərazisində narkotiki gizlədib onunla WhastApp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, narkotik vasitələri gizlətdiyi yerin şəkillərini atmış, ünvanı demişdir. Ödəniş terminalı vasitəsilə onun hesabına aldığı narkotik maddələrin dəyərini ödəmiş, gedib həmin narkotik maddələri götürmüş, satmışdır. Sonuncu dəfə də eyni qaydada 1500 manat pulu “MilliÖn” terminalı vasitəsilə ödəmiş və Əsgərin deməsi əsasında Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının yaxınlığında diş poliklinikasının yanında olan ağacın altına gəlmişdir. Ağacın altında gizlədilmiş narkotik vasitə paketini götürmüş, həmin yerin şəkilini Əsgər ona WhastApp vasitəsilə göndərmişdir. 14.07.2020-ci il tarixdə saat 11:50 radələrində Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsinə gəlmişdir. Bir büküm heroini əvvəllər tanımadığı, adını bilmədiyi şəxs üçün poliklinika yanında gizlətmiş və bu barədə narkotik maddələri ona satan İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsə məlumat vermiş, çünki Əsgər demişdir ki, 30 qram heroini həmin yerə qoysun, bir nəfər gələrək oradan götürəcəkdir. Heroini həmin yerə qoymuş, Əsgərə demiş və yerin şəkilini çəkib Whatsapp vasitəsilə Əsgərə göndərmişdir. Təxminən bu prosses 10 dəqiqə çəkmişdir. Həmin gün saat 12 radələrində polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 13 iyul 2020-ci il tarixdə gündüz saatlarında dostu Şahid7 özünə məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək demişdir ki, “Samir adlı şəxs Opel markalı avtomobili 1000 manata satır, yerdə qalan 3705 manat pulu, kreditə salmaq yolu ilə 15 ay müddətinə ödəməklə avtomobili almaq olar” Kənan isə cavab olaraq demişdir ki, “mənim avtomobil almağa pulum yoxdur, ancaq belə edə bilərik ki, bir adam da olsa ilkin 200-300 manat arası pul ödəməklə London taksisi ilə növbəli şəkildə işləyə bilərik.” Daha sonra mobil telefonda Kənana demişdir ki, “Yasamal rayonunda yerləşən Lider televiziyasının yaxınlığında yerləşən parkda görüşək, söhbət edək” Kənan da bu təklif ilə razılaşmışdır. Kənanla Yasamal rayonunda olan parkda görüşmüş, gəzərək söhbət etmişdir. Təxminən 30 dəqiqə sonra təxminən 6 aydır ki tanıdığı Samir adlı şəxs yanlarına gəlmiş və üçü yəni o, Kənan və Samir ilkin olaraq 200-300 manat arası pul ödəməklə “London taksisi”ni növbəli şəkildə sürməklə taksi kimi işləmək üçün söhbət etmişlər, Samir demişdir ki, “mən sizinlə razıyam, London taksisini ilkin olaraq 200-300 manat arası pul ödəməklə növbəli şəkildə sürək, taksi xidməti ilə məşğul olaq”. Bundan sonra danışmışlar ki, sabah yəni 14 iyul 2020-ci il tarixdə zəngləşərək görüş yeri təyin edib, görüşəcəklər. Daha sonra hər kəs öz evinə getmişdir. 14 iyul 2020-ci il tarixdə dostu Kənanla görüşmüşdür. Kənana demişdir ki, “Samir mənə zəng edərək deyib ki, Nəsimi rayonunda yerləşən 3-cü Mikrorayon dairəsinin yanında olun, taksi ilə gələrək sizi oradan götürəcəm və biz London taksisini danışmaq üçün Bakıxanov qəsəbəsinə gedəcəyik” Bundan sonra Kənanla Nəsimi rayonunda yerləşən 3-cü Mikrorayon dairəsinə gəlmiş, Samir “Daewoo Gentre” markalı dövlət qeydiyyat nişanını bilmədiyi üzərində taksi nişanı olan ağ rəngli avtomobil ilə onları oradan götürmüşdür. Avtomobildə Samir ön sərnişin oturacağında onlar isə arxa sərnişin oturacağında əyləşmişdir. Samir avtomobildə olduğu zaman demişdir ki, “birinci Qaraçuxur qəsəbəsinə gedək orada diş klinikasında beş dəqiqəlik işim var, Qaraçuxur qəsəbəsindən isə Bakıxanov qəsəbəsinə gedərik”. Onlar buna etiraz etməmişdir. Onlar Qaraçuxur qəsəbəsində olan “Dental” diş klinikasının yanına gəlmişdir. Samir demişdir ki, “Siz avtomobildə əyləşin, mən gəlirəm”. Bu sözü deyərək Samir avtomobildən düşmüş, avtomobildə o, Kənan və taksi sürücüsü qalmışdır. Bundan sonra avtomobildə taksi sürücüsü sükan olan oturacaqda, onlar arxa oturacaqda əyləşmişdir. Bir müddət sonra polis əməkdaşları onlar olan avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmiş, onlardan soruşmuşlar ki, “Karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən nəyə görə istifadə etməyərək, qapalı məkan şəraitində əyləşmisiniz?” Onlar verilən suala cavab verə bilməmiş, bundan sonra polis əməkdaşları onları 32 nömrəli Polis Bölməsinə dəvət etmişdir. 32 saylı Polis Bölməsində barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 13 iyul 2020-ci il tarixdə gündüz saatlarında dostu Şahid6 ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək demişdir ki, “Samir adlı şəxs Opel markalı avtomobili 1000 manata satır, yerdə qalan 3705 manat pulu, kreditə salmaq yolu ilə 15 ay müddətinə ödəməklə avtomobili almaq olar”. Cavab olaraq demişdir ki, “mənim avtomobil almağa pulum yoxdur, ancaq belə edə bilərik ki, bir adam da olsa ilkin 200-300 manat arası pul ödəməklə London taksisi ilə növbəli şəkildə işləyə bilərik.” Ruslan daha sonra mobil telefonda ona demişdir ki, “Yasamal rayonunda yerləşən Lider televiziyasının yaxınlığında yerləşən parkda görüşək, söhbət edək” o, təklif ilə razılaşmışdır. Ruslanla Yasamal rayonunda olan parkda görüşmüş, gəzərək söhbət etmişdir. Təxminən 30 dəqiqə sonra əvvəlcədən tanımadığı avtomobilini satan kimi adını bildiyi Samir adlı şəxs yanlarına gəlmiş və üçü yəni o, Ruslan və Samir ilkin olaraq 200- 300 manat arası pul ödəməklə “London taksisi”ni növbəli şəkildə sürməklə taksi kimi işləmək üçün söhbət etmişlər, Samir demişdir ki, “mən sizinlə razıyam, London taksisini ilkin olaraq 200-300 manat arası pul ödəməklə növbəli şəkildə sürək, taksi xidməti ilə məşğul olaq”. Bundan sonra danışmışlar ki, sabah yəni 14 iyul 2020-ci il tarixdə zəngləşərək görüş yeri təyin edib, görüşəcəklər. Daha sonra hər kəs öz evinə getmişdir. 14 iyul 2020-ci il tarixdə dostu Ruslanla görüşmüşdür. Ruslan ona demişdir ki, “Samir mənə zəng edərək deyib ki, Nəsimi rayonunda yerləşən 3-cü Mikrorayon dairəsinin yanında olun, taksi ilə gələrək sizi oradan götürəcəm və biz London taksisini danışmaq üçün Bakıxanov qəsəbəsinə gedəcəyik” Bundan sonra Ruslanla Nəsimi rayonunda yerləşən 3-cü Mikrorayon dairəsinə gəlmiş, Samir “Daewoo Gentre” markalı dövlət qeydiyyat nişanını bilmədiyi üzərində taksi nişanı olan ağ rəngli avtomobil ilə onları oradan götürmüşdür. Avtomobildə Samir ön sərnişin oturacağında onlar isə arxa sərnişin oturacağında əyləşmişdir. Samir avtomobildə olduğu zaman demişdir ki, “birinci Qaraçuxur qəsəbəsinə gedək orada diş klinikasında beş dəqiqəlik işim var, Qaraçuxur qəsəbəsindən isə Bakıxanov qəsəbəsinə gedərik”. Onlar buna etiraz etməmişdir. Onlar Qaraçuxur qəsəbəsində olan “Dental” diş klinikasının yanına gəlmişdir. Samir demişdir ki, “Siz avtomobildə əyləşin, mən gəlirəm”. Bu sözü deyərək Samir avtomobildən düşmüş, avtomobildə o, Ruslan və taksi sürücüsü qalmışdır. Bundan sonra avtomobildə taksi sürücüsü sükan olan oturacaqda, onlar arxa oturacaqda əyləşmişdir. Bir müddət sonra polis əməkdaşları onlar olan avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmiş, onlardan soruşmuşlar ki, “Karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən nəyə görə istifadə etməyərək, qapalı məkan şəraitində əyləşmisiniz?” Onlar verilən suala cavab verə bilməmiş, bundan sonra polis əməkdaşları onları 32 nömrəli Polis Bölməsinə dəvət etmişdir. 32 saylı Polis Bölməsində barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, etibarnamə əsasında idarə etdiyi “Daewo Gentra” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “9933” taksi şirkətində taksi sürücüsü kimi işləyərək, ailəsini dolandırır. 14 iyul 2020-ci il tarixdə Binəqədi rayonu ərazisinə müştəri aparmışdır. Yeni sifariş gözləyən zaman əvvəlcədən tanımadığı bir şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq ona sual vermişdir ki, “ ilk olaraq Nəsimi rayonu ərazisində yerləşən 3-cü Mikrorayon dairəsinin yaxınlığına, oradan isə Qaraçuxur qəsəbəsinə neçəyə apararsan?” Cavab olaraq bildirmişdir ki, “15 manat müqabilində səni dediyin ünvanlara apara bilərəm”. Onlar razılaşmışdır. İlkin olaraq Nəsimi rayonu ərazisində yerləşən 3-cü Mikrorayon dairəsinin yanına gəlmişlər, orada əvvəlcədən tanımadığı iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdə idarə etdiyi avtomobilə əyləşmiş və onlar Qaraçuxur qəsəbəsində yerləşən “Dental” diş klinikasının qarşısına gəlmişdir. Həmin klinikanın qarşısında olduqları zaman ilkin olaraq ona yaxınlaşaraq sifariş vermiş şəxs digər iki şəxsə demişdir ki, “mənim diş klinikasında işim var” bunu deyərək avtomobildən düşmüşdür. Avtomobildə o, tanımadığı digər iki şəxs qalmışdır. Ona məxsus avtomobildə sükan arxasında əyləşmişdir. Digər iki şəxs isə arxa oturacaqda əyləşmişdir. Bir müddət sonra polis əməkdaşları onlar olan avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmiş, onlardan soruşmuşlar ki, “Karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən nəyə görə istifadə etməyərək, qapalı məkan şəraitində əyləşmisiniz?” Onlar verilən suala cavab verə bilməmiş, bundan sonra polis əməkdaşları onları 32 nömrəli Polis Bölməsinə dəvət etmişdir. 32 saylı Polis Bölməsində barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmiş və barəsində tərtib olunmuş protokolu ödəmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 15 iyul 2020-ci il tarixli 6/1308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut” yazısı olan zərfdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 24.371 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs götürülmüş heroin, Şahid5 götürülmüş heroinlərlə (15 iyul 2020-ci il tarixli 6/1303 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının 06.08.2020-ci il tarixli 2154 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizası 25.08.2020-ci il tarixli 2186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psiki fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, hazırda Azərbayacan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, 14.07.2020-ci il tarixdə saat 16:30-16:40 aralığında Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı X7 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid3, iştirakçılar Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə barədə” 14 iyul 2020-ci il tarixli qərara əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs boz rəngli şalvarının sol cibindən külli miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 24,371 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin görüntüləri özündə əks etdirən üzərində “Samir 234.1” yazısı olan “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(cild 1,iş vərəqə 31-32). Cinayət işinə əlavə edilmiş axtarış barədə protokoldan görünür ki, 14.10.2020-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkilləri Şahid4 və X1, hal şahidləri X2 və X5, iştirakçı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ında axtarış keçirilərkən mənzildən iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, cinayət izləri və ya qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır(cild 2,iş vərəqə 07-18). Cinayət işinə əlavə edilmiş 22.09.2020-ci il tarixli diskə baxış keçirilməsi və 05.10.2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs digər şəxs tərəfindən narkotik vasitənin olduğu yer barəsində təlimatlandırılmış və pulu köçürəndən sonra həmin yerə gedib narkotik vasitəni götürərkən yaxalanmışdır (cild 1,iş vərəqə 170-171, iş vərəqə 189-196). Məhkəmə-fonoskopik ekspertizasının 27 oktyabr 2020-ci il tarixli 4/868 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş bir ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin 05 noyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissəsdə saxlama cəzasına, Sverdlov vil.N.Taqil şəh.Lenin ray məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən RF CM-nin 126.2-ci hissəsi A bəndində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnamədən görünür ki, həmin hökm Azərbaycan Respublikasının ərazisində tanınmamış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində cəza çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 16.07.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 14.07.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24.271 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Xiaomi” markalı M1805D1SG İMEİ kodlu mobil telefon cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalı, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 364 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24.271 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Xiaomi” markalı M1805D1SG İMEİ kodlu mobil telefon cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunsun, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 364 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar