Məhkəmə qərarları › İş №1(101)-566/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-566/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-566/2021 27.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Məmmədova Səidə Hüseynağa qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Libra” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, cinayət işinin materialları CPM-in 298.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, 7 cilddən ibarət olan cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. CPM-in 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” Göründüyü kimi qanunverici orqan təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbiri seçildiyi halda şəxsiyyəti təsdiq edən sənədin materiallara əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinə isə təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti belə əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini istisna etmiş, təqsirləndirilən şəxsin şəxsiyyətin eyniləşdirilməsini mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əlavə edilməməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməməsi və bu halı təsdiq edəcək sənədin cinayət işinin materiallarına əlavə edilməməsi ittiham aktının tərtib olunmasının kobud pozuntusudur buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298- 300 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar