Məhkəmə qərarları › İş №1(101)-577/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2021

27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməlinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Gürcüstanın Saqareco rayonu, Yor- Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 32 A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 28 may 2020-ci il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub, yəni alkoqol sərxoşluğu vəziyyətində, AB N 694707 seriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Lada 21154 Lada Samara” markalı, E 597 EM 07 qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sahil küçəsi “Novxanı” çimərliyi ərazisində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına' zərər vurmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi avtomobilə idarə etməni itirib avtomobilin sağ qabaq və sağ qanad hissələrinin hərəkət istiqamətinin sağ kənarında, dəniz kənarında yerləşən “besetka” adlandırılan oturacaqlardan ibarət maneə ilə toqquşmasına, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 “sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı” kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olduqdan sonra, idarə etdiyi avtomobillə hərəkətini geriyə davam etdirib manedən uzaqlaşmaq istədikdə isə idarə etdiyi avtomobilin arxa sağ qapı hissəsi ilə dəniz kənarında dayanmış piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan sonuncuya “çanağın və döş qəfəsinin küt travması” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, 07 sentyabr 2020-ci il tarixdə saat 17:47 radələrində Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Heydər Əliyev» adma parkda keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-in 3-cü PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sol yan cibində saxladığı kibrit qutusunun içərisindəki 09 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 0,801 qram, 0,829 qram, 0,822 qram, 0,802 qram, 0,834 qram, 0,774 qram, 0,866 qram, 0,833 qram, ümumi çəkisi 7,345 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Onun narkotik vasitə satmaq məqsədi olmamışdır. O, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2010-cu il buraxılışlı, “Lada 211540 Lada Samara” marka və modelli, E 597 EM-07 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə rəsmi nigahda olduğu Rusiya Federasiyasının vətəndaşı X3 məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Etibarnamə əsasında idarə etdiyi avtomobili təxminən bir il əvvəl Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” sərhəd keçid məntəqəsində 1000 ABŞ dolları gömrük depoziti qoymaqla Azərbaycan Respublikasına gətirdiyini, bundan sonrakı müddətdə hər üç aydan bir qanunvericiliyin tələblərinə əsasən idarə etdiyi avtomobillə ölkəni tərk edib, sonra yenidən geri qayıtdığını, sonuncu dəfə 22.05.2020-ci il tarixdə ölkəni tərk etməli olsa da, ancaq Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ölkəni tərk edə bilmədiyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, sonuncu dəfə 28.05.2020-ci ili tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən dəniz kənarındakı “Novxanı çimərliyi” adlandırılan ərazidə tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə günə muzd olaraq “besetka” adlandırılan oturacaqların təmiri ilə məşğul olmuş, həmin gün saat təxminən 18 radələrində spirtli içki olan pivə içkisi alaraq Seymurla birlikdə qəbul etmişdir. İki şüşə 0.5 litr həcmində olan pivə içkisi qəbul etdikdən sonra siqaretinin qurtardığını görüb, mərkəzi yolun kənarında yerləşən mağazadan siqaret almaq üçün işlədiyi yerdə, dəniz kənarında saxladığı avtomobilə əyləşən zaman Seymur onu da mağazaya aparmasını xahiş etmişdir. O, Seymurun onunla getməsinə razılıq verdikdən sonra Seymur idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşmiş, bundan sonra avtomobili işə salıb hərəkətini davam etdirmək istəsə də, ancaq həmin ərazidə torpaq örtüyü sürüşkən olduğundan və dəniz suyu torpaq Örtüyünü islatdığından avtomobilə idarə etməni itirmişdir. Bundan sonra avtomobilin idarə etməsinə nəzarətini bərpa etməyə çalışsa da, bunu bacarmamış, idarə etdiyi avtomobilin sağ qabaq hissəsi və qabaq sağ qanad hissəsi ilk olaraq ard-arda həmin ərazidə yerləşən iki ədəd “besetka” adlandırılan oturacaqlara çırpılmışdır. Bundan sonra idarə etdiyi avtomobilin sükanını sol tərəfə döndərərək, həmin maneələrdən uzaqlaşdırmaq istəsə də, bu dəfə idarə etdiyi avtomobilin dəniz kənarında dayanmış şəxslərin üstünə getdiyini görmüşdür. O, əl əyləcindən istifadə edərək idarə etdiyi avtomobili saxlamaq istəsə də, bu dəfə isə idarə etdiyi avtomobil geriyə sürüşmüş, həmin vaxt isə idarə etdiyi avtomobilin arxa sağ qapısı dənizin içində ayaqlarını suya salmış qadına çırpılmışdır. Daha sonra idarə etdiyi avtomobilin güzgüsündən baxdıqda idarə etdiyi avtomobilin dəydiyi qadının ayağa qalxdığını görmüş və bu səbəbdən idarə etdiyi avtomobillə hərəkətini davam etdirib, həmin ərazidə yerləşən mərkəzi yola çıxışa tərəf hərəkət etməyə başlamışdır. Lakin həmin ərazidə yerləşən kafenin arxa hissəsinə çatdıqdan sonra fikrini dəyişib hadisə baş vermiş yerə qayıtmaq istəsə də, ancaq idarə etdiyi avtomobil sönmüşdür. Bundan sonra avtomobildən düşüb yol kənarında siqaret satılan köşkdən siqaret almaq üçün həmin köşk istiqamətində piyada getməyə başlamış, köşkdən siqaret alarkən isə ona iki nəfər polis əməkdaşı yaxınlaşıb onu saxlamış və xidməti maşınlarına əyləşdirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pl-nə gəlmiş, polis idarəsində olarkən hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra tibbi müayinədən keçmiş, sonradan isə araşdırma aparan polis əməkdaşı ilə birlikdə hadisə yerinə qayıdıb hadisə baş vermiş yeri polis əməkdaşlarına göstərmişdir. Hadisədən əvvəl güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı idarə etdiyi avtomaşında yük olmamış, sərnişin kimi isə tanışı Zərərçəkmiş şəxs2 olmuşdur, hadisə vaxtı özü hər hansı bədən xəsarəti almamışdır, Seymur sağ qolundan xəsarət almış, hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 30-40 km/saat olmuşdur, idarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında hər hansı texniki nasazlıq olmadığını göstərmişdir. Bundan başqa uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təxminən 5-6 gün əvvəl o, ınstaqram səhifəsində bir nəfər İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs onun instaqram səhifəsinə səsli mesaj göndərib İran vətəndaşı olduğunu, onu tanıdığını və onun narkotikdən istifadə etdiyini bildiyini, onda narkotik vasitə olan heroin olduğunu, həmin heroini ucuz qiymətə satdığını bildirmişdir. O, həmin şəxsə narkotik vasitə almaq üçün pulunun olmadığını bildirmişdir, həmin şəxs ona narkotik vasitənin pulunu ona göndərəcəyi kart hesabına sonra göndərəcəyini demişdir. O, həmin şəxslə razılaşmışdır. Onlar bir-iki dəfə vatsap vasitəsi ilə də bir-birlərinin mobil telefonlarına səsli mesajlar göndərmişlər. 05.09.2020-ci il tarixdə həmin şəxs onun instaqram səhifəsinə səsli mesaj göndərərək bildirmişdir ki, səhərisi gün axşam vaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yolda bir nəfər şəxs vasitəsi ilə ona bir neçə büküm narkotik vasitə olan heroin göndərəcək. Həmin narkotik vasitənin pulunu həmin vətəndaşın ona göndərəcəyi kart hesabına göndərəcəkdir. O, həmin şəxslə razılaşmışdır. 06.09.2020-ci il tarixdə saat 23:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yola tərəf getmişdir. O, həmin yolun kənarında olarkən bir nəfər şəxs ona yaxınlaşaraq onda narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni onunla danışan şəxsin göndərdiyini bildirmişdir. Sonra həmin şəxs ona kibrit qutusunun içərisindəki 9 ədəd sellofan parçasına bükülmüş narkotik vasitə olan heroinləri şəxsi istifadə etmək üçün ona vermişdir. Sonra o, həmin şəxsdən ayrılıb Sumqayıt şəhərinə gəlmişdir. O, həmin vaxtdan içərisində narkotik vasitələr olan bükülüləri üzərində gəzdirirmişdir. 07,09.2020-ci il tarixdə saat 17:47 radələrində o, yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki H,Əliyev adına parka gəlmişdir. Həmin vaxtı o, aldığı kibrit qutusunun içərisindəki 9 ədəd bükümdə olan narkotik vasitə heroinləri əynindəki mavi rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. O, parkın içərisi ilə gəzərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirmişdir. Onlar həmin vaxtı ondan adını və soyadını soruşandan sonra ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyini, ona polis bölməsində üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini, ona görə də onlarla birlikdə 3-cü PB-nə getməyini bildirmişdir. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Onlarla birlikdə xidməti avtomobilə əyləşərək videoçəkilişlə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyini təklif etmişlər. O, əynindəki mavi rəngli cins şalvarının sol yan cibinə qoyduğu içərisində 9 ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroin olan kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açıldıqda içərisində 09 ədəd sellofan parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yolun kənarında olarkən tanımadığı şəxsin ona şəxsi istfadə etmək üçün verdiyini demişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr tərəziyə qoyularaq çəkilib, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitələrin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Eləcə də o, ifadəsində göstərmişdir ki, həmin narkotik vasitələri 06.09.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yolun kənarında tanımadğı şəxs ona şəxsi istifadə etməsi üçün vermişdir. O, həmin narkotik vasitələri şəxsi istifadə etməsi üçün üzərində gəzdirərək saxlamışdır. O, üzərində narkotik vasitələri saxlamağını ailə üzvlərinə deməmişdir. Onların bundan xəbəri olmamışdır. O, heç vaxtı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyini, həmin şəxs həmçinin xatırlamadığını telefon nömrəsinin vatsapı vasitəsi ilə onunla əlaqə saxlamışdır. Lakin o, həmin vətəndaşın mobil telefon nömrəsini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, əvvəllər qonşuluqda yaşamışlar, hər il mövsümü olaraq Sumqayıt şəhəri ərazisində yerləşən dəniz kənarındakı “Novxanı çimərliyi” adlandırılan ərazidə günə muzd olaraq “besetka” adlandırılan oturacaqların təmiri ilə məşğul olduğundan, bu ildə yay mövsümünün başlaması ilə əlaqədar 2020-ci ilin may ayının sonlarından başlayaraq “Novxanı çimərliyi” adlandırılan ərazidə günə muzd olaraq “besetka” adlandırılan oturacaqların təmiri ilə məşğul olmağa başlamış, hadisədən 3-4 gün əvvəl Rafiq yanına gələrək iş axtardığını bildirmiş, bundan sonra ona birlikdə işləmələrini təklif etdikdə, o razılaşmış və daha sonra Rafiqlə birlikdə işləməyə başlamış, sonuncu dəfə 28.05.2020-ci il tarixdə nahar fasiləsində yemək yeyib, spirtli içki qəbul etdikdən sonra, Rafiqə məxsus işlədikləri yerin yaxınlığında dəniz kənarında saxladığı “Lada 211540 Lada Samara” marka və modelli, E 597 EM-07 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib sağ qabaq oturacaqda yatmış, saat təxminən 18 radələrində Rafiq maşına əyləşib maşını işə saldıqda, ondan hara getdiyini soruşmuş, o isə mərkəzi yolun kənarında yerləşən mağazadan siqaret almağa getdiyini bildirmiş, bundan sonra Rafiq idarə etdiyi avtomobili işə salıb dəniz kənarı ilə hərəkət etməyə başlamış, Rafiq avtomobili hərəkət etdirərkən bir neçə dəfə əyləcdən istifadə edərək idarə etdiyi avtomobilin sürətini azaltmış, sonra isə təkrar qaz pedalından istifadə edərək avtomobilin hərəkətini davam etdirmiş, dəniz kənarında yerləşən “besetka” adlandırılan oturacaqların yanından keçərkən Rafiq ilk olaraq idarə etdiyi avtomobilin əyləc pedalından istifadə edib avtomobilin sürətini azaltmış, sonra isə təkrar qaz pedalını basaraq avtomobillə hərəkətini davam etdirmək istəmiş, ancaq buna baxmayaraq həmin ərazidə yerləşən torpaq örtüyü sürüşkən olduğundan avtomobilə idarə etməni itirmiş və avtomobilin sağ qabaq qanad hissəsi hərəkət istiqamətinin sağ hissəsində yerləşən bir neçə “besetka” adlandırılan oturacaqlara çırpılmış, bu zaman sağ qolunu avtomobilin sağ qabaq yan pəncərəsindən çölə çıxardığından, avtomobil maneələrə çırpılarkən sağ qolu çiyindən aşağı hissədən sınmış, Rafiq isə idarə etdiyi avtomobilin sükanını sol tərəfə döndərib, əl əyləcindən istifadə edərək idarə etdiyi avtomobili saxlamaq istəmiş, həmin vaxt isə Rafiqin idarə etdiyi avtomobil həmin ərazidə dənizin içində ayaqları suda olmaqla dayanmış qadına çırpılmış, daha sonra Rafiq idarə etdiyi avtomobillə hərəkətini davam etdirib həmin ərazidə yerləşən mərkəzi yola çıxışa tərəf hərəkət etməyə başlamış, həmin ərazidə yerləşən kafenin arxa hissəsinə çatdıqda isə avtomobil sönmüş, bundan sonra Rafiq avtomobildən düşüb qaçıb çıxıb getmiş, daha sonra Rafiqi görməmiş, oraya gəlmiş şəxslər ona tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağırmış, hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdən sonra isə tibb işçiləri tərəfindən xəstəxanaya aparılmış və ona xəstəxanada tibbi yardım göstərilmişdir. Hadisə zamanı sağ qolundan sınıq xəsarəti alsada, ancaq hadisədən sonra Rafiq nə səhhəti ilə maraqlanmış, nədə müalicə olunaraq sağalmağı üçün ona heç bir maddi köməklik göstərməmişdir. O, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, sonuncu dəfə 28.05.2020-ci il tarixdə saat təxminən 16 radələrində ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Novxanı çimərliyi adlanan əraziyə istirahət etmək üçün getmiş və həmin ərazidə təxminən 18 radələrinədək qalmışdır. Həmin müddətdə çimərliyin ərazisində rus qeydiyyat nişanlı Vaz 21015 markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə müxtəlif ziqzaqvari hərəkətlər edərək, avtomobili təhlükəli vəziyyətdə idarə etmiş, ancaq ilk vaxtlar həmin avtomobilin sürücüsü onlardan aralıda avtomobili idarə etdiyindən, buna çox da əhəmiyyət verməmişdir. Saat təxminən 18 radələrində qızı Seyidxanımla birlikdə dəniz kənarında ayaqları bir qədər suyun içində olmaqla dayandıqları vaxt, yaranmış səs-küydən sonra həmin istiqamətdə baxdıqda ağ rəngli VAZ 21015 markalı avtomobilin sağ hissəsinin dəniz kənarında olan maneələrə, yəni besetka adlandırılan oturacaqlara çırpıla çırpıla ailə üzvlərinin oturduğu oturacağa tərəf hərəkət etdiyini görmüşdür. Ancaq sürücü ailə üzvlərinin oturduğu besetkaya çatmağa az məsafə qalmış avtomobilin hərəkət istiqamətini dəyişə bilmiş və bundan sonra avtomobilin üstlərinə hərəkət etdiyini görüb, yanında olan qızını özündən kənara itələmiş, ancaq özü isə imkan tapıb ordan uzaqlaşa bilməmiş, həmin avtomobilin sağ hissəsi ona çırpıldığından suya yıxılmış, avtomobili idarə edən şəxs isə avtomobili saxlamayaraq hərəkətinə davam edib ordan qaçıb uzaqlaşmış, hadisə baş verməmişdən əvvəl əlində olan “iPhone X” və “Samsung A 30” markalı mobil telefonlar avtomobil ona çırpıldıqdan sonra, sınaraq yararsız vəziyyətə düşmüş, hadisə yerinə gəlmiş şəxslərin və ailə üzvülərinin köməkliyi yerdən qalxa bilmiş, sonradan hadisə yerinə gəlmiş təcili tibbi yardım birqadası təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmış, xəstəxanada ona tibbi yardım göstərilmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini və mobil telefonların qaytarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, sonuncu dəfə 28.05.2020-ci il tarixdə oğlu Seymur zəng vuraraq həmin gün tanışı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin kimi əyləşərkən, avtomobilin Sumqayıt şəhəri “Novxanı çimərliyi” adlandırılan ərazidə maneələrə çırpılması nəticəsində sağ qolundan xəsarət aldığını və hazırda xəstəxanada olduğunu bildirmişdir. Bundan sonra o, xəstəxanaya getdikdə həqiqətən oğlu Seymurun sağ qolunun bazu sümüyünün sındığını görmüş, oğlunu tibbi müayinə edən həkimlər Seymurun qolunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu, bunun üçün isə 1500 manata qədər pul vəsaiti tələb olunduğunu bildirmişdir. Lakin oğlu Seymur xəstəxanada müalicə aldığı müddətdə Təqsirləndirilən şəxs nə oğlunun səhhəti ilə maraqlanmış, nədə onun müalicə xərclərinin ödənilməsi üçün hər hansı maddi köməklik göstərməmiş, bu səbəbdən Sumqayıt ŞPİ-nə şikayət ərizəsi yazmış və Təqsirləndirilən şəxs etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini, oğlu Zərərçəkmiş şəxs2 müalicə xərclərinin ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2016-cı ildən həm DİO-da, həmdə hazırda tutduğu vəzifədə, yəni Bakı şəhər BPİ-nin Binəqədi rayon Pİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət aparmış, sonuncu dəfə 28 may 2020-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində xidmətdə olarkən, Binəqədi RPİ-nin Növbətçi Hissəsindən məsul növbətçi zəng edərək, “Novxanı çimərliyi” adlandırılan ərazidə, dəniz kənarında sürücünün idarə etdiyi avtomobillə piyadanı vuraraq xəsarət yetirməsi barədə məlumat daxil olmasını bildirdiyindən dərhal xidmət yoldaşı, polis serjantı Yusif İsmayılovla birlikdə “6454” çağrışlı xidməti avtomobillə göstərilən ünvanda yerləşən hadisə yerinə getmişdir. Bundan sonra həmin ərazidə olan şəxslərdən dəqiqləşdirərək “Lada 211540 Lada Samara” marka və modelli, E 597 EM-07 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobili ilk olaraq hadisə yerində maneəyə çıpdığmı, sonra isə idarə etdiyi avtomobili hərəkət etdirərək dəniz kənarında dayanmış piyadanı vurduğunu, daha sonra isə idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb uzaqlaşdığını öyrənmiş, getdiyi hadisə yeri Binəqədi RPİ-nin deyil, Sumqayıt ŞPİ-nin xidməti ərazisində yerləşdiyindən bu barədə ilk növbədə Binəqədi RPİ-nin Növbətçi hissəsinə məlumat vermişdir. Daha sonra isə hadisəni törətmiş sürücünün müəyyən edilməsi üçün ətrafa nəzər yetirdikdə, “Lada 211540 Lada Samara” marka və modelli, E 597 EM-07 dövlət qeydiyyat nişanlı avtomobilin həmin ərazidə mərkəzi yola yaxın yerləşən kafenin yaxınlığında olduğunu müəyyən etmişdir. Avtomobilin ətrafında olan şəxslərdən sürücünün hansı istiqamətdə getdiyini dəqiqləşdirdikdən sonra isə, yol kənarında dayanacaqda dayanmış əynində sarı rəngli şort olan sürücüyə yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxsin xx.xx.1990-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 53 mənzil 32-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək, həmin şəxsi Sumqayıt ŞPİ-nə gətirərək raport tərtib etməklə aidiyyatı üzrə təhvil vermişlər və xidmət yerlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayından Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 32A-da yaşayan Rafiq adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2, Şahid3 və kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminlasti X6 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 07.09.2020-ci il tarixdə saat 17:40 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən H.Əliyev adına parka gəlmişlər. Onlar həmin əraziyə gəldikdən sonra ekspert kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən saat 17:47 radələrində Rafiq adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin parkın içərisi ilə onlara tərəf gəldiyini görmüşdür. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs huquq və vəzifələri izah edilməklə bu barədə bildiriş təqdim edilmişdir, ona tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilərək X7 onun hüquqlarını müdafiə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmişdir. Daha sonra həmin yerdə şəxsi axtarışın sənədləşdirilməsi üçün əlverişli şərait olmadığı üçün Təqsirləndirilən şəxs şəxsi axtarışın Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də aparılacağı izah olunmuş, ondan bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etdirilməklə ondan onunla birlikdə xidməti avtomobilə əyləşərək 3-cü PB-nin inzibati binasına gəlmişlər. İnzibati binanın xidməti otaqların birinə daxil olduqdan sonra həmin otaqda olan Sumqayıt şəhər 1 saylı hüquq məsləhətxanasının vəkili X2 Kazımova təqdim olunub və ondan vəkilə etirazının olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığım bildirmişdir. Sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb onlara təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində 09 ədəd sellofan parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu və hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yolun kənarında olarkən tanımadığı şəxsin ona şəxsi istifadə etmək üçün verdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitələrin Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilib. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Eləcə də ifadəsində göstərmişdir ki, onlar bu barədə Təqsirləndirilən şəxs soruşduqda bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş heroini bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində Sədərək ticarət mərkəzinə gedən yolun kənarında olarkən tanımadığı şəxs Təqsirləndirilən şəxs şəxsi istifadə etmək üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verərək həmin xüsusatları bird aha təsdiq etdilər. Cinayət işinin 1-ci cildinin 178-182-ci vərəqlərində olan üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 37-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 08.09.2020-ci il tarixli, 6/1807 nömrəli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş 9 ədəd büküm,...” yazısı olan zərfdəki, 9(doqquz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,784qr, 0,801qr, 0,829qr, 0,822qr, 0,802qr, 0,834qr, 0,774qr, 0,866qr, 0,833qr, ümumi təmiz çəkisi 7,345qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 118-120-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 10.06.2020-ci il tarixli, 643 saylı rəyindən görünür ki, X1 bədənində aşağıdakı xəsarətlər vardır: Sağ bazu sümüyünün aşağı l\3-nin qapalı yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 28.05.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 121-123-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 18.06.2020-ci il tarixli, 687 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Abasqulu oğhınun bədənində aşağıdakı xəsarətlər vardır: Çanağin və döş qəfəsinin küt travması. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 28.05.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 188-191-ci vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19,08.2020-ci il tarixli, 8/1085 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Lada 21154 Lada Samara markalı, E 597 EM 07 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 1-ci cildinin 239-240-cı vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 24.09.2020-ci il tarixli, 2646 nömrəli rəyindən görünür ki, X8 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 241-244-cü vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 20.10.2020-ci il tarixli, 6/1962 saylı rəyindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №59” dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketə qablaşdırılmış bir ədəd zərfin içərisində doqquz ədəd bükümdə ümumilikdə təmiz çəkisi 7,165 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 1-12-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 245-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 7,345,11 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 7,165 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlamş üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli hesab etməsi, belə ki, narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyi barədə göstərdiyi xüsusatlar iş üzrə digər sübutlarla tam təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 10 və 67-68-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 218-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 07 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 279 (iki yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 7,345 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 7,165 qram çəkidə narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X9 ödənilməli haqq 120 AZN (yüz iyirmi manat) Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 263- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il azadlıqdan məhrum etmə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 07 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 279 AZN (iki yüz yetmiş doqquz manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 7,345 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 7,165 qram çəkidə narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X9 ödənilməli haqq 120 AZN (yüz iyirmi manat) Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar