Məhkəmə qərarları › İş №1(101)-650/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-650/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-650/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu, Çolpı ərazi dairəsi, Çolpı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Arif” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən külli miqdarda təmiz çəkisi 1019 qram olan narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Biləsuvar rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Arif” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitəni qeyd olunan yerdən əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 iyun 2020-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 18:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib sağ əlində saxlamaqla daşıdığı təmiz çəkisi 1019 qram olan narkotik vasitə heroin 01 ədəd polietilen bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Saatlı rayonu, Çolpi ərazi dairəsi, Çolpi kəndində qeydiyyatdadır, tutulmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Sulutupə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayırmış. Psixotrop maddə olan metamfetamindən istifadə edir. Polis əməkdaşları onun evinə zabordan tullanaraq onu evində tutmuşlar, ondan tutulan zaman metonfetomin aşkarlanmışdır. Onun evinə 10 nəfər polis əməkdaşı girmişdir. Ona polis əməkdaşları təzyiq edərək bildirmişlər ki, işgəncə faktına görə qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə çıxarılan zaman bir söz desə ona daha ağır işgəncə verəcək. Sonradan o, müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına keçirildiyi üçün rahat-rahat işkəncə faktı ilə bağlı aidiyyəti üzrə müraciət edə bilmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Onu evdə tutan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmişdir. Ona zor tətbiq etməklə evinə qoyulan narkotik vasitələrin onun olmasını boynuna götürtmək istəyirmişlər, ailəsini və anasını təhqir etmişlər. O, İrana getsə də narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır, onun İrana getməkdə məqsədi maşınına ehtiyat hissələri almaq olmuşdur. O, İrana 2017ci ildə “Az-Samand” markalı maşınına ehtiyat hissələri almaq üçün getmişdir. 2019-cu ildə də avtomobilinə ehtiyat hissələri almaq üçün İranda olmuşdur. O, 2020-ci ildə İrana getməmişdir. O, narkotik vasitə istifadə etsə də heç vaxt narkotik vasitə satmamış və kimlərinsə göstərişi ilə narkotik vasitələrin daşınması ilə məşğul olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 24 iyun 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla, idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri təlimatlandırılarkən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra 24 iyun 2020-ci il tarixdə saat 16 radələrində birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə getmişlər. Qeyd olunan yerə çatıb bir qədər müşahidə apardıqdan sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlində sellefon bağlama olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, qara rəngli sellefon paketi, şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli Samsung markalı, 01 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 2 manat məbləğində pulu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellefon torbanın içərisində olan 01 ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra həmin bir ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə ölçülmüşdür. Həmin aşkar edilmiş büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 2 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni Biləsuvar rayonu ərazisində qoyulan yerdən İran İslam Respublikası vətəndaşı “Arif” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü, sonradan Arifin deyəcəyi yerə qoyduğu halda 300 manat məbləğində pul əldə edəcəyini söyləmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 24 iyun 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. 24 iyun 2020-ci il tarixdə saat 15:30 radələrində birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə getmişlər. Qeyd olunan yerə çatıb bir qədər müşahidə apardıqdan sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlində sellefon bağlama olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, qara rəngli sellefon paketi, şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli Samsung markalı, 01 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 2 manat məbləğində pulu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellefon torbanın içərisində olan 01 ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra həmin bir ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə ölçülmüşdür. Həmin aşkar edilmiş büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 2 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni Biləsuvar rayonu ərazisində qoyulan yerdən İran İslam Respublikası vətəndaşı “Arif” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü, sonradan Arifin deyəcəyi yerə qoyduğu halda 300 manat məbləğində pul əldə edəcəyini söyləmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 24 iyun 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə edilmiş, sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Şahid1 əməliyyat qrupunun rəhbəri olmaqla, idarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarəinin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun rəhbəri tərəfindən təlimatlandırılmışlar Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evlərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirdi. Bundan sonra 24 iyun 2020-ci il tarixdə saat 16 radələrində birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə getmişlər. Qeyd olunan yerə çatmış bir qədər müşahidə aparmış sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərmişlər özlərini təqdim etmişdilər. Həmin şəxs özünü təqdim edərək X6 olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs əlində sellefon bağlam olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyəssində şübhəli olduğunu bildirərərk onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər Baş İdarəyə gətirmişdilər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, qara rəngli sellofon paketi, şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli Samsung markalı, 01 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 2 manat məbləğində pulu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə ölçülmüşdür. Həmin aşkar edilmiş büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuşdur, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür, 2 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni Biləsuvar rayonu ərazisində qoyulan yerdən İran İslam Respublikası vətəndaşı “Arif” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü, sonradan Arifin deyəcəyi yerə qoyduğu halda 300 manat məbləğində pul əldə edəcəyini söyləmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X4 ifadəsində göstərmişdir ki, o, oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır. O, yaşadığı ünvanın yaxınlığında, qonşuluqda yaşayan yaşlı adama baxaraq qazanc əldə edir. 24 iyun 2020-ci il tarixdə günorta saatlarında həmin işlədiyi evdən çıxıb yaşadığı evə gəlib küçə qapısından içəriyə daxil olan zaman həyətdə və evin içərisində 7-8 nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslərdən biri onun təlaş vəziyyətində olduğunu görüb xidməti vəsiqəsini təqdim etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olmalarını və oğlu X7 narkotik vasitələrin satışında şübhəli olduğunu söyləmişlər. Həmin vaxt oğlunun həyətdə əlində qandalla oturmasını görmüşdür. Onlar israrla “malı hara qoymusan, yerin de” ifadəsini işlədib oğluna təzyiq göstərmişlər. Oğlu isə and içərək onda mal olmadığını təkrarlamışdır. Bu zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslərdən biri digərlərindən nisbətən hündür boylu olan oğlunun qolundan tutaraq evin içərisinə salmış və evin içərisində şunurla onu döyməyə başlamışdır. Bu zaman o, mane olmaq istəyərkən komandir kimi müraciət etdikləri şəxs ünvanına nalayiq ifadə işlədib təcili onu otaqdan çıxartmağa əmr vermişdir. İçəridə isə oğlunu üzü üstə yerə uzadıb döyürmüşlər. Həmin vaxt oğlunun huşu özündən getmişdir. Bundan sonra onun üzərinə su töküb ayıltmışlar. Şkafda olan bütün əşyaları evin ortasına tökmüşlər. Oğlunu bir qədər döydükdən sonra həyətə çıxarıb avtomobilə əli qandallı oturtmuşlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun yaşadığı evin qapısı döyülmüş, o zaman o, çölə çıxmış, qapını açarkən əlində yeşik olan bir şəxs ona demişdir ki, bu həyətdə polislər yaşayır, bu yeşiklər onlara çatacaq. O da həyətdə polislərin yaşamadığını bildirsə də həmin şəxs israrla içəriyə daxil olmaq istəmişdir. Həyətlərində kirayədə qalınan evdən səslər gəlimiş. Sonradan evə yaxınlaşan zaman Təqsirləndirilən şəxs döyüldüyünü görmüş, onun aldığı xəsarətlərdən huşu itmiş vəziyyətdə olduğunu görmüşdür. O görən zaman Təqsirləndirilən şəxs döyülmüş halda huşsuz və əlləri bağlı vəziyyətdə olmuşdur. Stolda əyləşdirilmiş və huşsuz vəziyyətdə olan Təqsirləndirilən şəxs polis əməkdaşlarından biri təpik zərbəsi vurmuş, zərbənin təsirindən stol aşmış və Təqsirləndirilən şəxs yıxılmışdır. Həyətdə 11 polis əməkdaşı olmuşdur. Polis əməkdaşları onun yanında Ağabalanın anası Zeynəb xanımı təhqir edirmişlər. Ev axtarılsa da heç nə tapılmamış, o öz evi olduğu üçün evdən nəyin axtarıldığını və nəsə qanunsuz bir şeyin çıxıb-çıxmadığını soruşanda evi axtaran polis əməkdaşları evdən bir şey tapılmadığını bildirmişlər. Məhkəmə X1 və X3 ifadələrinin iş materiallarına uyğun gəlməməklə inandırıcı hesab etmir. İş materiallarındakı 25 iyun 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. (iş vərəqi 01). Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmasına səbəb və əsas Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat üzrə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində toplanmış ilkin araşdırma materialları olmuşdur. (iş vərəqi 3-45). 24 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqi 20-21). İş materiallarındakı 26 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barəsində həbs etmənin əvvəli 24 iyun 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 56-57; 74-76). İş materiallarındakı 07 oktyabr 2020-ci il tarixli qərar ilə cinayət işi üzrə istintaq müddəti üç aydan yeddi ayadək, yəni 25 yanvar 2021-ci il tarixədək uzadılmışdır. (iş vərəqi 136-137). İş materiallarındakı 12 oktyabr 2020-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 yanvar 2021-ci il tarixədək uzadılmışdır. (iş vərəqi 140-142). İş materiallarındakı 29 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (iş vərəqi 194-205). İş materiallarındakı 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona yenidən ittiham elan edilmişdir. (iş vərəqi 207-209). İş materiallarındakı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Samsung” markalı mobil telefon aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 29 dekabr 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqi 194-205). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2020-ci il 6/1169 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “zərflər üçün №7” möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” və.s yazılar olan 01 ədəd kağız paketdəki 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1019 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqi 39-43). İş materiallarındakı 26 iyun 2020-ci il Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1019 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq- 1018,9 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqi 83-85). İş materiallarındakı Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli 2449 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqi 129-130). İş materiallarındakı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Arif” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istintaq tapşırığı verilmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbənin, adı istintaqa Arif kimi məlum olan şəxsin, həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi mümkün olmamışdır. (iş vərəqi 107-108;128) Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə əmlak müsadirəsi yoxdur, iş üzrə məhkəmə xərcləri 109 manat 90 qəpik təşkil edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə, ittiham olunduğu maddə ilə özünü qismən yəni ittiahm olunan maddələrlə deyil 234.1 maddəsi ilə təqsirli bilinməsinə görə yəni narkotik vasitənin istifadəçisi olsa da, narkotik vasitələrin qaçaqmalçılığı, alqı-satqısı ilə məşğul olmadığına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndində göstərilir ki, «məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir». Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2, 58.3-cü maddələrinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 1019 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq- 1018,9 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doğsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 24 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cəza məsələsini bir daha diqqətdən keçirərək belə hesab edir ki, böyük Türk xalqının bir atalar məsəli vardır. Ədalətin təməli mərhəmətdir. Məhkəmə cəza məsələsi ilə bağlı dövlət ittihamçısının və müdafiəçinin təkliflərinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, himayəsində bir az yaşlı uşağı vardır. Ona görədə ədalətin təməli olan mərhəmət prinsipinə söykənərək ona ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 24 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doğsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 1019 qram tədqiqatdan sonrakı qalıq-1018,9 qram qalmış narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar