Məhkəmə qərarları › İş №1(101)-667/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-667/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-667/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, müdafiəçi: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, ev 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Mahir” adlı şəxsdən təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında cəmi təmiz çəkisi 5667,532 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 33,576 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib özündə saxlamaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən 133 saylı evinə daşımaqla hissələrə bölərək ayrı-ayrılıqda qablaşdıraraq orada gizlədərək saxlamış, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə gizlədərək saxladığı həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 5667,532 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın 5,765 qram çəkidə olan hissəsini Şahid1 qanunsuz olaraq satmış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:40-da Qaradağ RPİnin İŞ-nin müstəntiqi, polis baş-leytenantı Vasif Xalıqov tərəfindən Qaradağ RPİ-nin CAŞnin əməkdaşlarının və dəvət edilmiş hal-şahidlərinin iştirakları ilə keçirilmiş təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən 133 saylı evin həyətinə daxil olduqda sol tərəfdə yerləşən fərdi yaşayış evinin qonaq otağındakı stulun üstündə Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli gödəkçənin sağ yan və sağ döş ciblərindən ümumilikdə 16 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükümlərdə, ayrı-ayrılıqda 0,949 qram, 0,735 qram, 0,747 qram, 0,493 qram, 0,734 qram, 0, 502 qram, 0, 732 qram, 0, 652 qram, 0,639 qram, 0, 601 qram, 0,638 qram, 0,496 qram, 0,396 qram, 0359 qram, 0,569 qram, 0,345 qram ümumi təmiz çəkisi -9,587 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmin evin qonaq otağındakı divar mebelinin arxasından 01 ədəd sellofan torbanın içərisindəki ağ rəngli şəffaf sellofan torbada təmiz çəkisi 52,180 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmin evin qonaq otağındakı divar mebelinin arxasından 01 ədəd ağ rəngli şəffaf sellofan torbada təmiz çəkisi 920,0 qram, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmin evin qonaq otağındakı divar mebelinin arxasından 01 ədəd şəffaf sellofan torbada 02 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 25,090 qram və 8,486 qram, ümumi çəkisi 33,576 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmin evin yataq otağındakı anbardan 01 ədəd narıncı rəngli üzərində “Sultan İndian 1121 Basmati Sella rice” sözləri yazılmış kətan torbada təmiz çəkisi 1300,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, qeyd olunan evin həyətindəki əl damından 01 ədəd qırmızı rəngli üzərində “Yakamoz karışık turşu” sözləri yazılan vedrənin içərisində olan 02 ədəd bəzəkli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkisi 2310,0 qram və 1070,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətindən külli miqdarda təmiz çəkisi 5661,767 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və ümumi çəkisi 33,576 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən 133 saylı evin darvazasını axşam saat 18 radələrində döymüşlər. Qapını açdıqda 15 nəfərə yaxın polis əməkdaşı həyətə daxil olmuş, qollarını qandallayıb evi axtarmağa başlamışlar. Onun üzərindən cəmi bir bükülü kağızda olan marixuana aşkar etmişlər. Evində isə vedrənin içində iki kibrit qutusunda olan təxminən 7-8 qram marixuana aşkar etmişlər. Üzərindən və kibrit qutularından aşkar olunmuş marixuananın ümumi çəkisi cəmi 20 qram olmuşdur. Lakin polislər onu iki oğlunu şərləyib tutacaqları ilə hədələdikləri üçün o polis əməkdaşlarının dedikləri miqdarda narkotik vasitənin guya onun evindən aşkar edilməsinə dair protokola qol çəkmişdir. Hətta onun oğlanlarını iki sutka polisdə də saxlamışlar. Oğlanlarından biri yeməkxanada işləyirdi. O da onun yanına gedib köməklik edirdi. Etiraf edir ki, Mahir adlı sürücüdən 180 manat ödəyərək 5 büküm marixuana əldə etmişdir. Marixuananı özü qəbul edir və öz istifadəsi üçün əldə etmişdir. Heç kəsə narkotik vasitəsi satmamış, elə bir niyyəti də olmamışdır. Həmin marixuananın çəkisi də 20 qram olmuşdur. Onun evində və üzərində tiryək olmamışdır. X14 adlı şəxsi tanımır, ona narkotik vasitəsi satmamışdır. Polislərin istinad etdiyi «Sultan» yazısı olan torbanın içində isə narkotik vasitə deyil, qurudulmuş nanə olmuşdur.Polislər hal şahidləri ilə birlikdə gəlmişlər. Polislər axtarış aparan zaman mobil telefonla video çəkiliş aparmışlar. Qollarını qandallamamışdan əvvəl ondan axtarışa etirazının olmamasına dair ərizə almışlar. Bir daha bildirir ki, iki oğlunun tutulmasına dair polislərin hədə-qorxusuna görə etmədiyi əməli üzərinə götürmüşdür. Oğlanları işdən evə gələn kimi onları maşina basıb polisə apararaq 2 gün orada saxlamışlar. Etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmin tarixdən bir neçə gün əvvəl Qobustan qəsəbəsində yaşayan X9 narkotik vasitə olan marixuana ilə saxlanılmış və həmin narkotik vasitəsini Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Əməliyyat tədbiri hazırlanaraq idarənin müstəntiqi Vasif Xalıqovun və iki nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 1in darvazasına yaxınlaşaraq qapısını döymüşlər. Qapını Təqsirləndirilən şəxs şəxsən özü açmış, müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, evdə ondan başqa heç kim yoxdur. Təqsirləndirilən şəxs yaşadığı həyətdə darvazadan solda yaşayış binası, onunla üzbə-üz isə əl damı olmuşdur. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evdə narkotik vasitələrinin saxlanılmasına şübhələr olduğu üçün təxirəsalınmaz axtarış aparılacağını izah etmiş, sonuncu buna etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Daha sonra müstəntiq iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparmış, ilk olaraq yaşayış olan evdə axtarış aparılmışdır. Həmin ev bir mərtəbəli olmaqla mətbəx, qonaq və yataq otağından ibarətdir. Təqsirləndirilən şəxs evin qonaq otağındakı stuldan asılmış gödəkçənin ciblərində içində marixuana olan bükümlərin olduğunu bildirmişdir. Evin qonaq otağındakı şkafın arxasından sellofan torbalar aşkar olunaraq çıxarılmış, onlarda marixuana və tiryək aşkar olunmuş, həmçinin bir ədəd qayçı da aşkar olunmuşdur. Bundan sonra yataq otağında olan kiçik saxlanc yerindən – anbardan 01 ədəd narıncı rəngli, üzərində «Sultan» və digər sözləri yazılmış torba, içərisində isə yaşımtıl rəngli, ot şəklində, narkotik vasitə marixuanaya bənzər kəskin iyi olan yaşıl kütlə olmuşdur. Yəni, qurudulmuş nanəyə heç oxşamırdı. Axtarış aparılan zaman Təqsirləndirilən şəxs savayı evdə heç kəs olmamışdır, yalnız axtarış bitən zaman oğlu gəlmişdir. Onu da xatırlayır ki, Təqsirləndirilən şəxs gödəkcəsinin ciblərində və evindən 1 kq-dan çox marixuana və tiryək aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyətə çıxmışlar. Həyətdə yerləşən əl damına daxil olmuşlar. Əl damında qırmızı rəngli, üzərində “Yakamoz qarışıq turşu” yazısı olan vedrə aşkar edilmişdir. Vedrənin içərisinə iki ədəd bəzəkli sellofan torba, torbalarının hər birinin içərisində yaşımtıl rəngli, ot şəklində, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər ot şəklində kütlələr aşkar edilərək götürülmüşdür. Axtarışın gedişatı zamanı müstəntiq mobil telefon cihazı ilə fotoçəkiliş aparmışdır. Aşkar edilmiş bütün kütlələr qablaşdırılmış, elə orada da protokol tərtib olunmaqla bütün iştirakçılar tərəfindən sərbəst olaraq imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs, yaxud onun oğlanlarına heç bir təzyiq və ya hədə-qorxu olunmamış, Təqsirləndirilən şəxs təzyiq etmək məqsədilə oğlanları saxlanılmamış və 2 gün və yaxud hər hansı müddət ərzində azadlıqları məhdudlaşdırılmamışdır. Həmçinin axtarış zamanı Təqsirləndirilən şəxs əlləri qandallanmamışdır. Hal şahidləri çox güman ki, müstəntiq tərəfindən dəvət olunmuşdur, onları o dəvət etməmişdir. Qeyd etmək istəyir ki, iştirak etdiyi axtarış bu ilin yanvar ayında keçirildiyi üçün müəyyən xüsusatları xatırlamaya bilər. Lakin axtarışla bağlı tərtib edilmiş protokol bütün iştirakçılara müstəntiq tərəfindən ucadan oxunmuş və orada yazılanlar düzgündür, protokolda əks olunmuş bütün hərəkətlərin düzgünlüyünü axtarışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs da protokolu imzalamaqla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi sonuncunun evində və əl damında bu ilin yanvar ayında keçirdikləri axtarışla bağlı tanımış, axtarışa etiraz olmamasına dair Təqsirləndirilən şəxs müstəntiqə heç bir təsir olmadan könüllü ərizə yazıb vermiş, Təqsirləndirilən şəxs əlləri qandallanmamış, ona heç bir təzyiq olmamış, evində , əl damında və gödəkcəsinin ciblərindən axtarış protokolunda göstərilənn qaydada marixuana və tiryək aşkar edilərək götürülmüşdür. Protokolda yazılanları öz imzası ilə o zaman təsdiq etmiş, bu gün də həmin protokoldakı bütün halları bir daha təsdiq edir. Onu da bildirmək istəyir ki, axtarışa dəvət olunan hal şahidlərini o dəvət etməmiş, kim tərəfindən dəvət olunduqlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində toyda görmüşdür. Belə ki, o, meyxana deməklə toy məclislərində iştirak edir. Özü İsmayıllı rayonun Qubaxəlilli kəndl sakinidir, lakin dost tanışın dəvəti ilə başqa rayonlara məclislərə gedib meyxana deyir. Qobustan qəsəbəsində toyda adını xatırlamadığı şəxslərdən biri Elmanı narkotik vasitə olan tiryək satan şəxs kimi təqdim etmişlər. O, Elmanla həmin məclisdə görüşərək marixuana istifadəçisi olduğunu və varsa Elmandan marixuana istəmişdir. Elman bildirmişdir ki, təşkil edə bilər və ona Qobustan qəsəbəsində körpünün yaxınlığında görüşməyi təklif etmişdir. O da məclisdən çıxaraq Elmanın dediyi yerə getmiş, orada sonuncu ilə görüşərək ona 40 manat pul ödəmiş, həmin pulun əvəzinə isə 01 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün almışdır. xx.xx.2020-ci il tarixdə saat 00.10 radələrində Müşfiqabad qəsəbəsində yerləşən “Park” kafesinin yanında mülki geyimli şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib üzərində narkotik vasitə daşımasından şübhələndiklərini bildirib Qaradağ rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman müstəntiq ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan iç cibindən ağ rəngli şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək bükülünün içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu və həmin marixuananı şəxsi istifadəsi üçün 40 manata Qobustan qəsəbəsində yaşayan Elman adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə günorta dostu Şahid5la Qobustan qəsəbəsində görüşmüş, görüşməklərinin məqsədi Tofiqə iş tapmaq olmuşdur. Görüşəndən sonra Tofiqlə birlikdə kafelərin birində çörək yeyib yeməkxanadan çıxdıqdan sonra, küçədə onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Qaradağ RPİ-nin CAŞ-ın əməkdaşları olduqları bildirmişlər. Polis əməkdaşları ondan və Tofiqdən bir nəfərin evində narkotik vasitə saxladığından şübhələndikləri üçün axtarış keçirəcəklərini, həmin axtarışda onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. O və Tofiq etiraz etməmişlər və polis əməkdaşları onlara hüquq və vəzifələrini izah etdikdən sonra onların maşını ilə halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Qobustan qəsəbəsində yaşadığı fərdi evin qarşısına gəlmişlər. Qobustan qəsəbəsindəki həyətlərin birinə yaxınlaşıb polis əməkdaşları həyət qapısını döymüşlər, qapını hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs açmışdır. Axtarışı keçirən müstəntiq özünü, digər polis əməkdaşlarını və onları Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə təxirəsalınmadan axtarış və götürmə istintaq hərəkətinin aparılacağını izah etmiş və Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etiraz etməmiş, bu barədə ərizə yazmasını hadisədən 8 aya yaxın keçdiyi üçün artıq xatırlamır. Daha sonra müstəntiq onların iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparmışdır. Həyətə daxil olduqda üz-üzə 2 ev yerləşdiyini görmüşdür. Əvvəl darvazadan sol tərəfdə yerləşən evdə axtarış aparılmışdır. Ev mətbəx, qonaq otağı və yataq otağından ibarət idi. Təqsirləndirilən şəxs evin qonaq otağındakı stuldan asılmış tünd göy rəngli gödəkçəni göstərərək bildirmişdir ki, həmin gödəkçənin ciblərində kağız bükümlərə bölünmüş narkotik vasitə var. Gödəkçənin ciblərinə baxış keçirilərkən sox sayda qəhvəyi rəngli kağız bükümləri aşkar edilmiş, aşkar edilmiş bükümlər polis əməkdaşları tərəfindən açılmış, bükümlərin içərisində yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə qonaq otağındakı divar mebelinin arxasından da narkotik vasitələr aşkar edilmişdir. Dəqiq nəyin içərisində və qədər olduğunu xatırlamır. Polislər aşkar etdiyi bütün narkotik vasitələri böyük zərfə qablaşdırmış, zərfin üzərinə Təqsirləndirilən şəxs özü və bütün digər iştirakçıları imzalarını qoymuşlar. Daha sonra evin yataq otağına keçmişlər. Yataq otağında divarda saxlanc kimi istifadə olunan anbar vardır. Səhv etmirsə oradan da narkotik vasitə aşkar edib götürmüşlər. Narkotikin növünü və nəyin içərisində olduğunu artıq xatırlamır. Bundan sonra evin mətbəxinə daxil olmuşlar, mətbəxdə mətbəx mebelinin syirtmələrindən də narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr zərfə qablaşdırılmış, zərfin üzərinə Təqsirləndirilən şəxs və axtarışın bütün digər iştirakçıları imzalarını qoymuşlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyətdə yerləşən əl damına baxış keçirmişlər. Əl damında qırmızı rəngli vedrə aşkar edilmiş, vedrənin içərisinə iki ədəd bəzəkli sellofan torba, torbalarının hər birinin içərisində yaşımtıl rəngli, ot şəklində, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər ot şəklində kütlələr aşkar edilərək götürülmüşdür. Axtarışın nəticəsinə dair protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin bildirir ki, onun yanında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı evinə baxış keçirən zaman heç bir təzyiq və zor göstərilməmişdir. Ona axtarış protokolu və protokola əlavə edilmiş fotocədvəl təqdim edildi, axtarış protokolundakı adısoyadı qarşısındakı imza ona məxsusdur. Fotocədvəldə axtarışın mərhələlərini əks edən şəkillərdə onun və dostu Şahid5 şəkilləri də vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid4la Qobustan qəsəbəsində sonuncunun ona iş tapması üçün görüşdüyünü, gündüz birlikdə çörək yeyib kafedən çıxdıqdan isə polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, bir evdə narkotik vasitələrinin saxlanılmasında şübhələndikləri üçün keçiriləcək axtarışda hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. O və dostu Şahid4 buna razılıq verdikdən sonra polis əməkdaşlarından biri onlara hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yanına polis əməkdaşlarının maşını ilə gəldikdə həmin həyətdə yaşayış evinin otaqlarında, ondan sonra isə yan damında axtarış protokolunda əks olunmuş narkotik vasitələr aşkar edilmişdir. Həmin protokoldakı qeydləri təsdiq edir, lakin bu gün onu xatırlayır ki, ilk olaraq Təqsirləndirilən şəxs gödəkcəsinin ciblərindən çoxlu sayda olan içərisində marixuana olan bükümlər aşkar edilmişdir. Digər otaqlarda da ayrı-ayrı yerlərdə narkotik vasitələr aşkar edildiyini xatırlayır. Həmçinin yan damında vedrənin içərisində sellofan torbanını içərisində də ot kütləsi aşkar edilmişdir. Aşkar edilmiş bütün vasitələr zərflərə qablaşdırılmış, Təqsirləndirilən şəxs, dostu Şahid4, onun və axtarışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin elə orada da tərtib olunmuş axtarış protokolu müstəntiq tərəfindən ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onun yanında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı evinə baxış keçirən zaman heç bir təzyiq və zor göstərilməmişdir. Ona axtarış protokolu və protokola əlavə edilmiş fotocədvəl təqdim edildi, axtarış protokolundakı adı-soyadı qarşısındakı imza ona məxsusdur. Fotocədvəldə axtarışın mərhələlərini əsk edən şəkillərdə onun və dostu Şahid4 şəkilləri də vardır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli «şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 00:10 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, «Şok» marketin yaxınlığındakı “Park” kafesinin qarşısında narkotik vasitələrin gəzdirilməsi şübhəsi ilə Şahid1 saxlanılmış və rayon polis idarəsinə gətirilərkən müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, sonuncu üzərində-əynində olan qara rəngli gödəkcəsinin sağ yan iç cibindən 1 ədəd ağ sellofana bükülmüş bükülünü stolun üzərinə qoymuş, bükülü açıldıqla içində tünd qəhvəyi rəngdə, spesfik iyə malik maddə aşkar edildi. Şahid1 həmin maddənin narkotik vasitə hesab edilən marixuana olduğunu, həmin marixuananı xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Elman adlı şəxsdən özünün istifadəsi üçün 40 manata adldığını bildirmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1946 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X4 üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 5,765qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (c.1, v 37- 39). Məhkəmədə tədqiq olunmuş xx.xx.2020-ciil tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan müəyyən olunur ki, X10 ifadənin yoxlanılması zamanı xx.xx.2020ci il tarixdə marixuananı aldığı Elman adlı şəxsin ünvanına Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən 133 nömrəli evin qarşısına gələrək bildirmişdir ki, məhz bu ünvanda Elman adlı şəxs yaşayır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli «təxirə salınmadan ünvana baxış və axtarış tədbirlərinin keçirilməsi barədə» qərardan müəyyən olunur ki, araşdırma zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən ev 133-də Təqsirləndirilən şəxs yaşadığı müəyyən edilmiş və həmin ünvanda təxirəsalınmadan axtarış və götürmə istintaq hərəkətləri aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivi, ev 133-də evinə baxış keçirilməsinə etiraz etmir (c.1,i/v 59). Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2020-ci il tarixli «axtarış və götürmə keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 17:40-dan saat 19:10-dək Təqsirləndirilən şəxs, hal şahidləri Şahid5 və Şahid4 iştirakları ilə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivi, ev 133-də fotoçıəkiliş aparılmaqla axtarış aparılmış, axtarış zamanı evin qonaq otağındakı stuldan asılmış gödəkcənin sağ yan və sağ döş ciblərindən hər birindən 8 büküm marixuanaya bənzər maddələr, mebellərin arxasından ayrı-ayrı ölçülərdə olan 2 ədəd sellofan torbadan marixuanaya bənzər kütlə, bir ədəd selofan torbadan tiryəkə bənzər iki ədəd kütlə, əl çantasından 02 ədəd salfet kağızına bükülmüş, birində heroinə bənzər, digərinlə ağ şəffaf rəngli şüşə formasında narkotik vasitəyə bənzər kütlələr, yataq otağından kiçik ölçüülü anbardan üzərində «Sultan İdian…» sözləri yazılmış torba, torbanın üzərində isə marixuanaya bənzər kütlə, mətbəxdən isə mətbəx mebelin 3-cü gözündən bir ədəd selofan torbada heroinə bənzər kütlə və bir ədəd kiçik ölçülü marixuanaya bənzər kütlə, həyətin sol tərəfində yerləşən evdə isə vedrənin içsərisindən iki ədəd bəzəkli torbaların içərisində isə marixuanaya bənzər kütlələr aşkar edildi. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrlə əlaqədar bildirmişdir ki, marixuananı qəsəbə sakini Mahir adlı tanışından əldə etmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2020-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməsinə şübhə yarandığına görə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli, 2095 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evində mebelin arxasından aşkar edilmiş narkotik vasitə tiryəkə bənzər 2 ədəd kütlə........” və imzalar olan 1 ədəd zərfdəki 2 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri – 25,090 qram; - 8,486 qram; ümumi çəkisi – 33,576 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağındakı mebelin 3-cü gözündən götürülmüş naməlum maddə.......” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -61,730 qram olan maddənin və üzərində “Təqsirləndirilən şəxs evindən qadın əl çantasından götürülmüş 02 ədəd naməlum kütlə......” sözlər və imzalar olan zərfdəki təmiz çəkisi – 0,575 qram və təmiz çəkisi – 0,177 qram olan maddələr narkotik, psixotrop və zəhərli maddələrin siyahısına aid deyildir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2097 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan və sağ döş cibindən götürülmüş ümumilikdə 16 ədəd bükümdə” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 16 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,949qram; 0,735qram; 0,747qram; 0,493qram; 0,734qram; 0,502qram; 0,732qram; 0,652qram; 0,639qram; 0,601qram; 0,638qram; 0,496qram; 0,396qram; 0,359qram; 0,569qram; 0,345qram, ümumi təmiz çəkisi -9,587qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs qonaq otağındakı mebelin arxasındakı 01 ədəd sellofan torbanın içərisindəki ağ rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər kütlələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə ağ rəngli sellofan torbadaki şəffaf sellofan torbada təmiz çəkisi-52,180qram bitki mənşəli kütlələr, tərkibindən narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı mebelin arxasından sellofan torbada aşkar edilmiş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan göy rəngli sellofan torbada təmiz çəkisi-920,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı anbardan aşkar edilmiş içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr olan torba” yazılar və imzalar olan narıncı rəngli kətan torbada təmiz çəkisi- 1300,0qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki əl damındakı vedrədən aşkar edilmiş 02 ədəd sellofan torbada olan yaşımtıl kütlələr” yazılar və imzalar olan göy rəngli sellofan torbada açıq vəziyyətdə təmiz çəkisi- 2310,0 qram və içərisində göy rəngli sellofan torbada təmiz çəkisi- 1070,0qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanaların ümumi təmiz çəkisi- 5661,767qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş mərkəzə məxsus bir ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “X4 üzərindən aşkar edilmiş və qablaşdırılmış 01 ədəd ağ şəffaf sellofan paketdə bükülmüş vəziyyətdə olan narkotik vasitəyə oxşar kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 5,665qram (ilkin tədqiqat zamanı həmin marixuananın təmiz çəkisi 5,765qram olmuşdur) marixuana ilə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 632 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəli aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ğlunun barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2020-ci il tarixli «şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında» protrokoldan müəyyən olunur ki, həmin tarixdə X7 içərisində Təqsirləndirilən şəxs fotoşəkili olan 4 nəfər fotoşəkilləri tanınma üçün Şahid1 təqdim olunmuş, fotocədvəldə olan 02 nömrəli fotoşəkildə əks olunmuş Elman adlı şəxsdən narkotik vasitə almışdır. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi xx.xx.2020-ciil tarixli ifadəsindən müəyyən olunur ki, Şahid1 narkotik vasitə olan marixuana satdığını inkar etsə də təxminən 2-3 ildir ki, narkotik vasitələrin satışı ilə məşğul olur, satdıığı marixuananı neçə illərdi Qobustan qəsəbə sakini «Mahir» adlı şəxsdən aldığını göstərmiş, xx.xx.2020-ci il tarixdə evindən axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan marixuanaları qeyd etdiyi «Mahir» adlı şəxsdən əldə etdiyini göstərmişdir. Həmçinin cinayət işində olan və məhkəmədə tədqiq edlmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şahidlər X9, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə üzləşdirmə aparılması protokolları ilə onun ittiham olunduğu əməllərdə təqsirliliyi bir daha təsdiqini tapmışdır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, X9 və “Mahir” adlı şəxsin barəsində hazırki cinayət işindən cinayət işi ayrılaraq istintaq edilməsi üçünicraata qəbul edilməsi qərara alınmış, həmçinin Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5661,767qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi – 33,576 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq zamanı aparılmış kimyəvi-bioloji ekspertizalar nəticəsində Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 5660,937qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və tədqiqatdan sonra qalmış 33,476 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 2-ci hissəsi ilə 04 il müddətinə azadlqdan məhrum edilmiş, xx.xx.1986-cı ildə cəzasının onu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu məhkumluğu ödənilmiş və heç bir hüquqi nəticə yaratmır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs evindən və üstündən götürülmüş narkotik vasitənin miqdarı külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan 5667,532 qram marixuana şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə sübut növlərini qiymətləndirərək nəzərə alır ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1K massivində yerləşən 133 saylı evinə keçirilmiş axtarışda hal şahidi qismində Şahid4 və Şahid5 iştirak etmişlər. Məhkəməyə təqdim olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və sair maddələri ilə məhkum olunmuş X5 və qeyrilərinin işi üzrə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş X8 işi üzrə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə məhkum olunmuş X6 işi üzrə Şahid4 hal şahidi qismində keçmiş, Şahid5 isə bu işlər üzrə proses iştirakçısı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün CPM-nin 236 (baxış), 244 (axtarış və ya götürmə zamanı iştirak edən şəxslər), 246 (şəxsi axtarış və götürmə) maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Məhkəmə baxışı zamanı Şahid4 baxılan iş üzrə cinayət prosesində şəxsi marağı olmamış, o öz razılığı ilə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs evində aparılmış axtarışda iştirak etmiş, axtarış protokolunda əks olunmuş axtarışın nəticələrini imzası ilə təsdiq etmiş, ibtidai araşdırma orqanına verdiyi ifadəsində və Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmədə axtarış zamanı aşkar olunan faktları onların məzmununu, gedişi və nəticəlirini təsdiq etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə CPM-nin 144-145-ci maddələrinə əsaslanaraq hesab edir ki, sübut növlərinin sübut əhəmiyyətliyini və mötəbərliyini cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmüsü həll edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün əsas və səbəb Şahid1 xx.xx.2020-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Park” adlı kafenin qarşısında Şahid1 şübhəli şəxs qismində saxlanılaraq üzərindən 5,765 qram olan narkotik maddə olan marixuananın aşkar edilməsi, Taleh Hüseynzadənin narkotiki Elman adlı şəxsdən əldə etməsi barədə məlumatı, onun polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı Qobustan qəsəbəsində evini göstərməsi, ondan aşkar olunmuş 5,765 qram maddənin məhkəməbioloji ekspertiza rəyinə əsasən marixuana (kannabis) olması olmuş, bundan dərhal sonra, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə özünün yazılı razılığa əsasında hal şahidlərindən başqa özünün, Qaradağ RPİ-nin əməkdaşları Şahid2, Şahid1, Şahid3 iştirakları ilə fotoçəkliş aparılmaqla axtarış aparılmış, evdən və həyətdəki digər tikilidən aşkar olunmuş bütün qanunsuz əşyalar barədə protokol tərtib olunmuş, hətta Təqsirləndirilən şəxs evindən və tikilidən aşkar olunmuş bütün marixuana kütlələrini «Mahir» adlı şəxsdən əldə etdiyini göstərərək tərtib olunmuş axtarış protokolu və fotocədvəlin hər bir vərəqini imzalayaraq protokolda əks olunan halları təsdiq etmişdir. Bundan savayı keçirilmiş məhkəmə-bioloji ekspertizaların rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən götürülmüş maddələr külli miqdarda-5667,532 qram narkotik vasitə olan marixuana və 33,576 qram narkotik vasitə olan tiyəkdir. Şahid1 üzərindən aşkar olunmuş 5,665 qram marixuana və Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İbtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs evindən və həyətindəki digər tikilidən aşkar olunmuş bütün marixuana və tiryəkin ona məxsus olmasını bildirmiş, evində axtarış aparılmasında iştirak etmiş polis əməkdaşları və hal şahidləri ilə üzləşdirmə zamanı verdiyi ifadələrini təsdiq etmiş, məhkəmədə isə verdiyi ifadələrində evindən, özünə məxsus gödəkcənin cibindən və gizlətdiyi digər yerlərdən cəmi 20 qram marixuana aşkar edildiyini göstərmişdir. Məhkəmədə ifadə vermiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiqləyərək ondan xx.xx.2020-ci il tarixdə aşkar olunmuş 5,765 qram marixuananı Təqsirləndirilən şəxs 40 manat verməklə əldə etdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi və məhkəməyədək verdiyi ifadələrini təkzib edən ifadəsinə tənqidi yanaşır, onun məhkəmədə verdiyi ifadəsinin digər şahidlərin ifadələri, axtarış protokolu, ekpertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunduğu qənaətinə gəlir. Məhkəmə nəzərə alr ki, Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsi cinayət təqibini istisna edən halları imperativ qaydada müəyyən etmişdir. CPM-nin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 39.1.1-cinayət hadisəsi olmadıqda –Baxılan iş üzrə təqsirləndirilən şəxsin digər şəxsə-Şahid1 narkotik vasitə olan marixuana satması öz təsdiqini tapmış, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılması, oradan narkotik vasitələrin aşkar edilməsi, bu maddələrin iş üzrə maddi sübut olması mövcud haldır; 39.1.2- əməldə cinayət tərkibi olmadıqda-Baxılan iş üzrə təqsirləndirilən şəxsin əməlində narkotik vasitələrin Şahid1 satması, satış məqsədilə yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr saxlaması əməlləri tam sübuta yetirilmişdir; 39.1.3- cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə-Baxılan iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişdir; Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinin cinayət təqibini istisna edən və CPM-nin 39.1.4-39.1.12-ci maddələrində nəzərdə ttulmuş hallar da mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Lakin baxılaş iş üzrə Təqsirləndirilən şəxs etdiyi cinayət əməllərə aidiyyatı və təqsirliliyi sübuta yetrilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5661,767qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi – 33,576 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq zamanı aparılmış kimyəvi-bioloji ekspertizalar nəticəsində Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 5660,937qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və tədqiqatdan sonra qalmış 33,476 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X12 üçün isə 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 10 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5661,767qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi – 33,576 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq zamanı aparılmış kimyəvi-bioloji ekspertizalar nəticəsində Təqsirləndirilən şəxs evindən və həyətindəki əl damından aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 5660,937qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və tədqiqatdan sonra qalmış 33,476 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd böyük ölçülü kağız, 04 ədəd boş kibrit qutuları və bir ədəd qızılı rəngli qayçı məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 131,46 (yüz otuz bir manat qırx altı qəpik)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X12 üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 10 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar