Məhkəmə qərarları › İş №1(101)-669/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-669/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-669/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 01 avqust 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Liman şəhəri, R.Rzayev küçəsi, ev 94-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 2-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şükür” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Şükür” adlı şəxs özü və ya qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən üç ədəd bükümlərdə ayrılıqda çəkiləri – 98,524 qram, 11,013 qram və 11,526 qram olmaqla, ümumilikdə külli miqdarda – 121,063 qram çəkidə narkotik vasitə heroini və bir ədəd elektron tərəzini əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən avtobus dayanacağının yaxınlığındakı zibil qutusunda gizlətməklə saxlayaraq bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 qrupun digər üzvü Təqsirləndirilən şəxs1 “Şükür” adlı şəxsin özü və ya qrupun digər üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq qeyd edilən yerdə saxladığı həmin çəkidə narkotik vasitə heroini götürüb ona çatdırmasını bildirmiş, Təqsirləndirilən şəxs1 14 may 2020-ci il tarixdə həmin narkotik vasitə heroini qeyd edilən ünvandan satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 14 may 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda qrupun digər üzvü Qiyas İmsayılovla görüşüb narkotik vasitə heroini satış məqsədi ilə verərkən hər iki şəxs saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və orada keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbada sonuncunun qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd bükümlərdə ayrılıqda çəkiləri – 98,524 qram, 11,013 qram və 11,526 qram olmaqla, ümumilikdə külli miqdarda – 121,063 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 16 ildir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qiyas onun dostudur. Qiyas arada ona zəng etmiş, o da də Qiyasa taksi sürücüsü kimi xidmət etmişdir. Qiyas əlvan metalların qəbulu məntəqəsində işləmişdir. Qiyas bir dəfə ona zəng eləmiş, Suraxanıya getmək lazım olduğunu, oradan çantanı götürüb gəlməli olduğunu ona bildirmişdir. O da razı olmuş və gedib Qiyasın dediyi bağlamanı götürüb gəlmişdir. O həmin bağlamanın içində nə olduğunu bilməmiş, açandan sonra içində narkotik maddələr olduğunu bilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şükür adlı İran İslam Respublikasının vətəndaşı ilə 2020-ci ilin yanvar ayında tanış olmuşdur. Onunla iki ay telefon əlaqəsi saxlamış, ona pul lazım olduğunu Şükürə bildirmiş, Şükür isə ona karantin olduğunu, karantin bitəndən sonra ona pulu çatdırarcağını söyləmişdir. Bir müddətdən sonra o, Şükürə vacib pul lazım olduğunu demiş, sonra axşam saat 21:00 radələrində onunla əlaqə saxlamışdır. Şükür isə 10 dəqiqəyə onu yığacağını demiş, 10 dəqiqədən sonra yığıb demişdir ki, Suraxanıda adam var, ora get, orada bir sellofan var, onu kiməsə verərsən, o, sənə pul verəcək, ondan 500 manat özünə götürərsən, karantin qurtarsın qalanın da gəlib səndən götürərəm. O bunun nə olduğunu soruşmuş, Şükür isə elə bir şey olmadığını, onun dediyi adama verməli olduğunu və oradan pulu götürməli olduğunu demişdir. O, şəhəri yaxşı tanımadığı üçün Rahimə zəng etmişdir ki, onu götürsün. Rahim oraya çatanda ona zəng etmiş, orada heç nə olmadığını bildirmişdir. Sonra gözləmə olmuş, yenidən zəng edən zaman, həmin sellofanın dayanacaqda zibil qutusunun yanında olduğunu bildirmişdir. Rahim həmin çantanı oradan götürüb ona verəndən 20 dəqiqə sonra polislər onları tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 may 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 2 ünvanında qeydiyyatda olan, hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs1 olması ehtimal olunan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanın yaxınlığına yollanmış və orada əməliyyat mövqeyi seçilmişdir. 14 may 2020-ci il tarixdə saat 23:50-də Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxs və onun yanında olan digər şəxs müəyyən olunmuşdur. Həmin şəxslərə yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək, özlərini təqdim etməklərini bildirmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra ona külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi barədə şübhəli olduğu izah edilmişdir. Odur ki, həmin şəxslərin hər ikisini Baş İdarənin inzibati binasına dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 15 may 2020-ci il tarixdə saat 01:00-da «Samsung Galaxy» markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və Rahimlə aparılacaq söhbətlər, hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 sol əli ilə əynində olan göy rəngli qısa qol gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanı çıxardaraq masanın üzərinə qoymuş, içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin qara rəngli selofan torbanın içərisindən üç ədəd şəffaf rəngli selofana bükülmüş, qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddəni və bir ədəd qara rəngli, “Digital” markalı elektron tərəzini çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli qısaqol gödəkcənin ciblərinə şəxsi axtarış keçirilən zaman həmin gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli tibbi maska, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 52 AZN pul aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan, göy rəngli, qısa qol, gödəkcənin sol yan cibindən çıxardaraq təqdim etdiyi qara rəngli selofan torbanın içərisindən aşkar edilmiş üç ədəd bükümdə, narkotik vasitə olan heroinə oxşar maddə və bir ədəd qara rəngli elektron tərəzi həmin qara rəngli sellofan torbanın içərisinə qoyularaq bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. “NOKİA” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 52 AZN pul və bir ədəd tibbi maska geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş üç bükümdə heroini qonşusu Qiyasın tapşırığı ilə Suraxanı rayonu ərazisində olan dayanacaqların birindən götürdüyünü, heroni götürdükdən sonra Qiyasa çatdırmalı olduğunu, bunun əvəzində Qiyasın ona 300 AZN pul verəcəyini, heroinin satışı ilə Qiyasın məşğul olacağını, narkotik vasitələrdən istifadə etmədiyini, əvvəllər məhkumluğunun olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti 15 may 2020-ci il tarixdə 01:30-da başa çatmışdır. Bununla əlaqədar protokol tərtib edilmiş və etiraz olmadığı üçün hər kəs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərkən onun Şahid1 ifadəsinə oxşar ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 may 2020-ci il tarixli, 6/778 nömrəli rəyində aşağıdakılar göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 03 (üç) ədəd bükümdə...” yazısı olan paketdəki, 03 (üç) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 98,524 qr, 11,013 qr, 11,526 qr, ümumi təmiz çəkisi 121,063 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin paketdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 avqust 2020-ci il tarixli, 2174 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 avqust 2020-ci il tarixli, 2176 nömrəli rəyində göstərilmişdir ki, Hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri onların ibtidai istintaq zamanı müdafiəçilərin iştirakları ilə verdiyi ifadələri, eləcə də tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutların məcmusu ilə təkzib olunur. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin hazırki, yəni məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli olmaqla onların cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirir. Belə ki, cinayət işinin 01-ci cildinin, 79-81-ci vərəqlərində olan «şübhəli şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 may 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində ifadə verərkən göstərmişdir ki, o, özünə məxsus “Vaz 2106” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son zamanlar maddi vəziyyətində çətinliklər olduğu üçün bir çox tanışlarından borca pul almışdır. Həmin ərəfələrdə, yəni 2020-ci ilin may ayının əvvəllərində Qiyasdan borca pul istəmiş, Qiyası yaşadığı məhəllədən tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə Qiyası işdən evə gətirmişdir. Qiyasdan borca pul istədikdə o, özünün də maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. X3 Respublikasında yaşayan tanışından borca pul istədiyini, həmin tanışının ona pul verə bilməyəcəyini, lakin bunun əvəzində narkotik vasitə göndərəcəyini həmin narkotik vasitəni Şükürün dediyi adama verməli olduğunu və bundan sonra həmin şəxsin ona təxminən 2000 manat pul verəcəyini bildirmişdir. Özünün şəhəri yaxşı tanımadığını və əgər narkotik vasitənin götürüb ona versə 300 manat pul verə biləcəyini bildirmişdir. Həmin vaxt övladlarının səhhətində problem olduğu üçün onlara dərman almaq məqsədi ilə Qiyasın bu təklifi ilə razılaşmışdır. Qiyas bir neçə gün ərzində xəbər edəcəyini bildirmişdir. 14 may 2020-ci il tarixdə saat 21 radələrində Qiyas zəng edərək Şükürün narkotik vasitə heroini yerləşdirdiyi ünvan barədə məlumat vermişdir. O, ünvanı izah etdikdə həmin ünvanın ünvan 5ediyi ünvana yollanmış, Rahim narkotik vasitə heroin və bir ədəd tərəzinin avtobus dayanacağının yaxınlığında olan zibil qabının içərisində sellofana bükülmüş vəziyyətdə olacağını bildirmişdir. Bir qədər ətrafa boylanmış və heç kəsin olmadığına əmin olduqdan sonra zibil qabına yaxınlşaraq içərisinə baxmışdır. Həqiqətən də zibil qabının içərisində bir ədəd qara rəngli sellofanın olduğunu görmüşdür. Sellofanı açdıqda içərisində üç ədəd bükümün və bir ədəd tərəzinin olduğunu görmüşdür. Həmin sellofanı əynindəki gödəkçənin cibinə qoymuş və avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bir qədər getdikdən sonra Qiyas zəng edərək narkotik vasitəni götürüb götürmədiyini soruşmuşdur. Ona götürdüyünü dedikdən sonra yaşadıqları məhəlləyə gəlməyini istəmişdir. Həmin gün saat 23 radələrində yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 2-yə gəlmişdir. Qiyasla əlaqə saxlayaraq gəldiyini bildirmiş və evdən çıxmasını söyləmişdir. Bir neçə dəqiqədən sonra Qiyas gəlmiş və sellofanı cibindən çıxarıb ona göstərmişdir. Bu zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Daxili İşlər Nazirliyini Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Onlar barəsində çıxarılmış qərarı onlara göstərmiş və hər ikisinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə hüquq və vəzifələri izah edilmiş, bundan sonra Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müdafiəçi ilə təmin edilmiş. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə məlumat verilmiş və heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki göy rəngli qısa qol gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanı çıxardaraq polis əməkdaşlarına təhvil vermiş və içərisində narkotik vasitə olan heroin və tərəzi olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, əlli iki manat pul aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi qara rəngli selofan torbanın içərisindən aşkar edilmiş üç ədəd bükümdə, narkotik vasitə olan heroinə oxşar maddə və bir ədəd qara rəngli elektron tərəzi həmin qara rəngli sellofan torbanın içərisinə qoyularaq bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürləndikdən sonra özü də üzərinə imza etmişdir. “NOKİA” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, əlli iki manat pul ona qaytarılmışdır. Bundan sonra şifahi sorğu zamanı həmin bükümləri haradan əldə etməyi barədə məlumat vermişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Cinayət işinin 01-ci cildinin, 107-109-cu vərəqlərində olan «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2021-ci il tarixdə müdafiəçisinin iştirakı təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunlu ifadə vermişdir. Cinayət işinin 01-ci cildinin, 89-91-ci vərəqlərində olan «şübhəli şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 may 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində ifadə verərkən göstərmişdir ki, o, son zamanlar maddi vəziyyətində çətinliklər olduğu üçün bir çox şəxsə borcu yaranmışdır. Bu zaman 2020-ci ilin may ayının əvvəllərində İran İslam Respublikasında yaşayan tanışı Şükürlə “Vatsap” proqramı vasitəsi ilə əlaqə saxlayaraq ondan hal-əhval tutduqdan sonra 500 manat borc pul istəmişdir. Şükür uzaqdan qohumu olsa da, onunla sadəcə iki aydır ki, ünsiyyəti olmuşdur. Şükürdən borca pul istədikdə Şükür pul göndərə bilmədiyini lakin əvəzində təxminən 130 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi göndərəcəyini, həmin heroini və tərəzini götürüb Şükürün dediyi adama verməli olduğunu və bunun əvəzində həmin adamın təxminən 2000 manat pul verəcəyini bildirmişdir. Ondan narkotik vasitə heroini necə gətirəcəyini və necə verəcəyini soruşduqda, özünün bu məsələləri həll edəcəyini və bu barədə əvvəldən məlumat verəcəyini bildirmişdir. Bundan sonra onunla razılaşmış, təxminən 10 gündən sonra, yəni 14 may 2020-ci il tarixdə saat 20 radələrində Şükür “Vatsap” proqramı vasitəsi ilə zəng edərək narkotik vasitə heroini Suraxanı rayonu ərazisində yerləşən avtobus dayanacağının yaxınlığındakı zibil qutusuna atdığını və oradan götürməyini bildirmişdir. Şəhəri yaxşı tanımadığı üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb ona narkotik vasitə heroinin Suraxanı rayonu ərazisində yerləşən avtobus dayanacağının yaxınlığındakı zibil qutusunda olduğunu bildirmişdir. Rahimi təxminən üç-dörd aydır ki, tanımışdır. Rahim taksi fəaliyyəti ilə məşğul olmuş və demək olar ki, şəhəri çox yaxşı tanımışdır. Tutulmamışdan dörd gün əvvəl Rahim ondan borc 300 manat pul istədikdə, ona Şükür adlı tanışının olduğunu, həmin şəxsin İran İslam Respublikasında yaşadığını, təxminən 130 qram narkotik vasitə heroin göndərəcəyini, həmin heroini Şükürün dediyi şəxsə verdikdən sonra əvəzində təxminən 2000 manat pul alacağını bildirmişdir. Rahimə şəhəri yaxşı tanımadığını, əgər həmin narkotik vasitəni Şükürün deyəcəyi yerən götürüb ona gətirsə onda 300 manat verəcəyini bildirmişdir. Rahim onunla razılaşmış və xəbər gözləməsini bildirmişdir. 14 may 2020-ci il tarixdə saat 21 radələrində Şükür “Vatsap” proqramı vasitəsi ilə zəng edərək narkotik vasitəni qoyduğu yer barəsində xəbər verdikdən sonra dərhal onun izah elədiyi ünvanı Rahimə başa salmışdır. Rahim həmin yeri bildiyini dedikdən sonra onlar sağollaşmışlar. Təxminən bir neçə saatdan sonra Rahimə zəng etmiş və narkotik vasitəni götürüb-götürməməsini soruşmuş, Rahim narkotik vasitə heroini götürdüyünü bildirmişdir. Bundan sonra evdə olduğunu bildirmiş və evə gəlməsini söyləmişdir. Həmin gün saat 23 radələrində Rahimlə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 2-də yerləşən fərdi evin qarşısında görüşmüşdür. Ondan narkotik vasitə heroini və tərəzini götürmək istədikdə bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Daxili İşlər Nazirliyini Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Onlar Rahim barəsində çıxarılmış qərarı onlara göstərmiş və hər ikisini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişlər. Baş İdarədə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkillər siyahısı təqdim edilmiş, həmin siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müdafiəçi ilə təmin edilmiş, Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə məlumat verilmiş və heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuşdur. Üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını söyləmişdir. Bundan sonra üzərində axtarış keçirilməyə başlanılmış, ilk növbədə əynində olan, sarı rəngli, uzunqol gödəkcənin ciblərinə keçirilən axtarış zamanı həmin gödəkcənin sol yan cibindən özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın ciblərində axtarış keçirilmiş, həmin cins şalvarın ciblərindən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyini bildirirək özünə məxsus “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra şifahi sorğu zamanı baş verənləri tam şəkildə polis əməkdaşlarına bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Cinayət işinin 01-ci cildinin, 122-124-cü vərəqlərində olan «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 may 2021-ci il tarixdə müdafiəçisinin iştirakı təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması” haqqında 15 may 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 14 may 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına dəvət olunmuş, Baş İdarənin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qısaqol gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbada satış məqsədilə saxladığı üç ədəd bükümlərdə ayrılıqda çəkiləri – 98,524 qram, 11,013 qram və 11,526 qram olmaqla, ümumilikdə külli miqdarda – 121,063 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törtəmkədə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və onların həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara ittiham olunduqları maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 14 may 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2.1-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 120,913 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 02 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 114 (yüz on dörd) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əli yeddi) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 14 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 120,913 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 02 ədəd DVD cinayət cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 114 (yüz on dörd) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əli yeddi) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar