Məhkəmə qərarları › İş №1(101)-686/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 22A ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, adı istintaqa “Məhəmməd” kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün ümumi razılığa gələrək “Məhəmməd” adlı şəxsin sözlərinə əsasən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və metadon tərkibli dərman preparatı olan narkotik vasitəni 01 oktyabr 2020-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixə keçən gün gecə saatlarında Füzuli rayonu ərazisindən əldə edib idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 02 oktyabr 2020-ci il tarixdə saat 14:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobildə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 47,5-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 6 saylı yol patrul xidməti postunun qarşısında, maqistral yolun Bakı şəhəri istiqamətində olan hissəsində saxlanılaraq 11-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada saat 16:30 radələrində “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmənin aparılması hərəkəti keçirilən zaman sükan arxasındakı oturacağın altında narıncı rəngli qadın əl çantasının içərisində bir ədəd polietilen kəsiyinə yığılmış təmiz çəkisi 56,780 qram külli miqdarda narkotik vasitə heroin, bir ədəd polietilen kəsiyinə yığılmış təmiz çəkisi 10,496 qram külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd plastik dərman flakonunda hər bir həbdə 0,04 qram, 17 ədəd həbdə ümumilikdə 0,68 qram çəkidə metadon tərkibli dərman preparatı olan narkotik vasitə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, təxminən 1 ay olar Abşeron rayonu, Xırdalan şəhərində ünvanını dəqiq bilmədiyi ünvanda kirayə mənzil götürərək orada yaşamış, daha sonra kirayə pulu verə bilmədiyi üçün ünvan 2 ünvanına qayıdıb yenidən anası və qardaşı ilə birlikdə yaşamışdır. Rəsmi evli olmasa da, uzun illərdir ər-arvad kimi X3 və 8 yaşlı oğlu Nihatla birlikdə yaşamışdır. Özü heç bir yerdə işləmir. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Hadisədən təxminən 10 gün əvvəl “Odnoklassniki” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Məhəmməd adlı şəxslə tanış olmuşdur. Danışıq zamanı Məhəmməd adlı şəxs ona qazanc əldə etmək məqsədilə İran İslam Respublikasının sərhədindən narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməyi təklif etmişdir. O, Məhəmməd adlı şəxsə etiraz etməmiş, lakin bu işi görmək üçün əvvəlcədən ona pul verməyini bildirmişdir. Məhəmməd razılaşmış və o da əlaqə saxlanılması üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini Məhəmmədə vermişdir. Bu söhbətin üstündən bir neçə gün keçdikdən sonra Məhəmməd xatırlamadığı bir İran nömrəsindən ona zəng edərək əlaqə saxlamış və Füzuli rayonuna yola düşməyini bildirmişdir. Məhəmməd ona Füzuli rayonunun girişindən təxminən 50-100 metr aralıda sağ tərəfdə ərzaq mağazası olduğunu, həmin mağazanın arxa hissəsində zibil yeşiyinin yanında bir bağlama gizlədildiyini demiş, həmin bağlamanı götürməyi ona tapşırmışdır. O, həmin bağlamada nə olduğunu Məhəmməddən soruşduqda sonuncu bağlamada 2500 manat pulun olduğunu, həmin pulu götürdükdən sonra qalan nə etmək lazım olduğunu söyləyəcəyini ona bildirmişdir. O da Məhəmməd ilə razılaşdıqdan sonra yola düşmək qərarına gəlmişdir. 01 oktyabr 2020-ci il tarixdə Xırdalan şəhərində olan evlərindən çıxaraq qardaşı Qəribin xəbəri olmadan sonuncuya məxsus “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb yola düşmüşdür. Bundan sonra Binəqədi qəsəbəsində, kənd Binəqədiyə yollanmış, orada “sentralnı” adlanan ərazinin yaxınlığında ustada avtomobili yoxlatdırmış, elə bu zaman sentralnıda “Qız qalası” marketində əvvəllər işləyən Sahitdin ilə rastlaşmışdır. Söhbət zamanı Sahitdin ona kirayə yaşadığı evdən çıxarıldığını, qalmağa evi olmadığını bildirmişdir. Bunu eşitdikdə Sahitdinə onunla birlikdə rayona gedib-gəlməyi təklif etmiş, lakin hansı səbəbə görə getdiyini Sahitdinə deməmişdir. Sahitdin onunla razılaşmış və həmin gün günorta saatlarında onlar yola düşmüşlər. Axşam saatlarında o, Füzuli rayonunun girişinə çatmış, Məhəmməd ilə əlaqə saxlamış, sonuncu yeri daha da aydın izah etmiş və o da deyilən yerdə, yəni “24 saat” adlanan marketin arxa hissəsində zibil yeşiyinin yanında küncdə gizlədilmiş vəziyyətdə skotçla bürünmüş narıncı rəngli bir qadın əl çantasını aşkar edərək götürmüşdür. İçərisinə baxdıqda orada iki sellofan büküm, bir plastmas dərman qabı, həmçinin elektron tərəzi görmüşdür. O, sellofan bükümlərin içərisinə baxdıqda, birində qəhvəyi rəngli toz halında, digərində isə ağ rəngli kristal şəkildə maddələr görmüş, dərman qabının içərisində isə çox sayda həblər olmuşdur. Həmin maddə və həblərin narkotik vasitə heroin, “şüşə” və “patı” olduğunu bilmiş, həblərin isə hansı narkotikə aid olduğu bilməmişdir. Bunlara baxdıqdan sonra Məhəmməd ilə əlaqə saxlamış və nəyə görə bağlamanın içərisində pul olmadığını, maddələrin isə nə olduqlarını Məhəmməddən soruşmuşdur. Məhəmməd ona həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həblərin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Məhəmməd bir azdan onun nömrəsinə zəng gələcəyini, zəng vuran şəxslə görüşüb narkotik vasitə və psixotrop maddələri verməli olduğunu, həmin şəxsin də, əvəzində ona pulu verəcəyini demişdir. O, Məhəmmədin aldatdığına əsəbləşmiş və məcbur olub avtomobili Bakı şəhəri istiqamətində sürmüşdür. Bağlamanı götürdüyü və Məhəmməd ilə telefon danışıqları apardığı zaman Sahitdin avtomobilin salonunda arxa oturacaqda yatmış və Sahitdinin onun nə etdiyindən xəbəri olmamışdır. Avtomobili sürdüyü zaman arxasınca tanımadığı şəxslərin onu qara rəngli “Hyundai Sonata” və qara rəngli “Mercedes” markalı, dövlət qeydiyyat nişanlarını görə bilmədiyi atvomobillərin izlədiklərini hiss etmiş və Bakı şəhəri istiqamətində gəldiyi zaman onlardan uzaqlaşmağa çalışmışdır. Avtomobillərdə olan şəxslər onu izəldikləri üçün içərisində narkotik vasitə, psixotrop maddə və elektron tərəzi olan qadın əl çantasını ata bilməmiş, ona görə də yolda özü ilə aparmışdır. Məhəmmədin deməsinə baxmayaraq onun həmin maddələri heç kimə vermək fikri olmamış, Məhəmmədin onu aldadıb pul qoymadığı üçün sonuncu ilə əlaqəni kəsmək qərarına gəlmişdir. Onun Məhəmmədin sözlərinə əsasən sərhəddən narkotik vasitə keçirtmək niyyəti olmamışdır. Bakı istiqamətində gəldiyi zaman Qaradağ rayonu ərazisində olan postun yanından keçdiyi vaxt yol patrul xidmətinin əməkdaşları onu saxlamışlar. O, avtomobili saxladıqdan sonra kənardan mülki geyimdə bir neçə nəfər polis əməkdaşları qəflətən yaxınlaşaraq onu saxlamışlar, onda başa düşmüşdür ki, onu güdən polis əməkdaşları olmuş, avtomobildə narkotik vasitələrin olduğunu bilmişlər. Daha sonra onu Qaradağ Rayon Polis İdarəsinin 11ci Polis bölməsinə aparmışlar. Orada dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə əvvəlcə üstündə axtarış aparılmış, axtarış zamanı üstündə heç nə olmadığını, lakin narkotik vasitə və psixotrop maddələrin avtomobildə olduğunu təsdiq etmişdir. Lakin onun həmin narkotik vasitə və psixotrop maddələri heç kimə satmaq və ya Məhəmmədin sözünə əsasən kiməsə vermək fikri olmamışdır. O, həmin maddə, həblər və tərəzi olan çantanı götürdükdə orada pul olduğunu zənn etmiş, lakin sonradan Məhəmməd adlı şəxsin onu aldadaraq oraya həmin maddələri qoyduğunu görmüşdür. Həmin çantanı özü ilə götürsə də yolda atmaq istəmiş, arxasınca gələn avtomobillərin onu izlədiklərini görüb çantanı atmağa qorxmuş, ona görə də tutulan zaman çanta ondan aşkar edilmişdir. Lakin onun həmin narkotik vasitə və psixotrop maddələri heç kimə satmaq və ya Məhəmmədin sözünə əsasən kiməsə vermək fikri olmamışdır. O, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, ilk dəfə avtomobildə yol gələrkən yuxulamamaq üçün metadon həbini qəbul etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 oktyabr 2020-ci il tarixdə işlədiyi Baş idarəyə ünvan 1 ünvanında qeydiyyatda olan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının dəqiqləşdirilməsi və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətovun 02 oktyabr 2020-ci il tarixli əmrinə əsasən Baş İdarənin və Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi həyata keçirmək ona həvalə edilməklə, özü ilə yanaşı Baş idarənin əməliyyat müvəkkili Şahid2 və Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 da qrupun tərkibinə daxil edilmişlər. Beləliklə, əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə Beyləqan-Füzuli rayonu ərazisindən narkotik maddə və psixotrop maddələri əldə edib “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində yollandığı məlum olmuş, bu səbəbdən təhlükəsizlik baxımından həmin avtomobili Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 45-ci kilometrində yerləşən DİN Baş X7 İdarəsinin 719 saylı postunda saxlatdırmaq qərarına gəlmişlər. Həmin gün saat 14:20 radələrində “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil postdan keçdiyi zaman onların xahişi ilə sürücü Baş X7 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq onlara təhvil verilmişdir. Avtomobildə sürücüdən başqa bir nəfər şəxs də sərnişin kimi əyləşmişdir. Onlar sürücüyə yaxınlaşaraq xidməti vəsiqələrlə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncunun diqqətinə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar olmasını çatdırıb 11-ci Polis bölməsinə dəvət etmişlər. Ora Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun da hüquq və vəzifələri izah edildikdən sonra Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş və götürülməmişdir. Lakin axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində heç nə olmadığını, idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan sonra baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən videoçəkilişlə həmin avtomobildə baxış və götürmə hərəkəti aparılmış, Təqsirləndirilən şəxs könüllü olaraq avtomobildə sürücünün əyləşdiyi oturacağın altında narıncı rəngli qadın əl çantasını götürüb təqdim edərək həmin çantanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin çanta açıldıqda içərisindən 01 ədəd sellofan kəsiyinə yığılmış, tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, digər sellofan kəsiyinə bükülmüş ağ rəngli kristal kütlədən ibarət psixotrop maddə olan metamfetaminə oxşar kütlə, ağ rəngli dərman qabının içində 17 ədəd boz rəngli narkotik tərkibli metadon dərman preparatına oxşar kütlə və 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin sözlərinə əsasən başqa şəxsə satması üçün ona 01 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ərazisində bir yerdən götürməyini bildirmişdir. Bundan sonra avtomobilin salonundan çantanın içərisindən aşkar edilərək götürülmüş maddələr və tərəzi qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs möhürlənmiş zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onunla bir avtomobildə olan və şəxsiyyəti müəyyən edilmiş Şahid4 narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsində nə daxil olmuş əməliyyat məlumatında, nə də ki, ilkin araşdırma zamanı hər hansı bir iştirakının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri Məhəmməd adlı şəxsin sözlərinə əsasən kiməsə ötürməli olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, fərdi qaydada mebel ustasıdır, bununla özünü dolandırır. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. O, Binəqədi rayonu, Binəqədi kəndində “sentralnı” adlanan yerdə “Qız qalası” marketdə işlədiyi vaxt Natiq oraya müştəri kimi gəlibgetmiş, elə orada da tanışlıqları yaranmışdır. Özü bir neçə ay bundan əvvəl ailə həyatı qurduqdan sonra “sentralnı” yaxınlığında olan bir fərdi yaşayış evdə ayı 170 manatdan kirayə ev götürərək orada yaşamışdır. 01 oktyabr 2020-ci il tarixdə “sentralnı”da olduğu vaxt təsadüfən Natiqlə rastlaşmış, sonuncuya başına gələnləri danışmışdır. Natiq isə ona birlikdə rayona gedib gəlməyi təklif etmişdir. O, yuxusuz olduğundan Natiqin təklifi ilə razılaşmış və avtomobildə yatacağını zənn etmiş və elə Natiqin idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola düşmüşlər. O, Natiqin hansı rayona və nəyə görə getdiyini bilməmiş, özü də heç soruşmamışdır. Sadəcə küçələrdə gəzməkdən çox yorğun olduğundan avtomobildə yatmaq istəmişdir. Elə də etmiş, yol boyu avtomobilin arxa oturacağında yatmışdır. Yolda ona məlum olmuşdur ki, Natiq Füzuli rayonu istiqamətində gedir, hətta Beyləqan rayonunda Natiq avtomobili ustaya göstərmiş, həmin yerdə onlar adını xatırlamadığı kafedə əyləşərək nahar da etmişlər. Natiq Füzuli rayonuna getdikdə o, yolda yatmış, oradan qayıdan zaman İmişli rayonunda oyanmışdır. Onlar yolda Bakı istiqamətində gələrkən Qaradağ rayonu ərazisində olan postun yanından keçdikləri zaman yol-patrul xidmətinin əməkdaşları Natiqi saxlamışlar. Natiq avtomobili saxladıqdan sonra kənardan mülki geyimdə bir neçə nəfər polis əməkdaşları qəflətən yaxınlaşaraq onları saxlamışlar. O, nə baş verdiyini başa düşməmiş, lakin polis əməkdaşlarının onunla işləri olmamış, yalnız Natiqlə nədənsə söhbət edirmişlər. Onları Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinə aparmışlar, orada ona məlum olmuşdur ki, Natiqin avtomobilində narkotik vasitələr olduğu üçün saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsi və avtomobilində narkotik vasitələrin olması barədə məlumatı olmamış, özü narkotik vasitələrdən istifadə etmədiyini, nə də satmadığını təsdiq etmişdir (cild 1, iş vərəqi 70-71). İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Natiq qeyri-rəsmi yaşadığı arvadı Şəlalə və azyaşlı oğlu Nihat Qəribov ilə onların Xırdalan şəhərindəki evlərində yaşayır, son 10-15 gün Natiq Xırdalan şəhərində bilmədiyi ünvanda kirayə ev götürərək orada yaşamış, evin pulunu ödəyə bilmədiyi üçün yenidən evlərinə qayıtmışdır. 01 oktyabr 2020-ci il tarixdə günorta saatlarında ona məxsus baş etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin evin yaxınlığında 4 nömrəli məktəbin yanında həmişə saxladığı dayanacaqda aşkar etməmiş, avtomobilin yerində olmadığını görüb qardaşı Natiqdən şübhələnmiş, belə ki, avtomobilin açarını da evdə görməmişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Natiqin 055 481-29-15 saylı mobil telefon nömrəsinə zəng etsə də, həmin nömrə söndürülmüşdür. 02 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Natiqə bir daha zəng etdikdə ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları cavab verərək Natiqin ona məxsus “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə ilə tutulduğunu və sonuncunu Qaradağ Rayon Polis İdarəsində olduğunu bildirmişlər. Natiqin narkotik vasitəni kimdən və haradan əldə etməsi, ümumiyyətlə narkotik vasitənin qəbul etməsi və ya satışı ilə məşğul olmasından onun heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmənin aparılması barədə 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, salondan, sürücünün əyləşdiyi oturacağın altından aşkar edilmiş narıncı rəngli qadın çantasının içərisindən bir ədəd sellofan kəsiyinə bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə bənzər kütlə, digər sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə, ağ rəngli dərman qabının içərisində 17 ədəd boz rəngli narkotik tərkibli metadon dərman preparatına oxşar kütlə və 01 ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 36-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi barədə 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsini əks etdirən 2 ədəd diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sürücünün əyləşdiyi oturacağın altından aşkar edilmiş narıncı rəngli qadın çantasının içərisindən bir ədəd sellofan kəsiyinə bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə bənzər kütlə, digər sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə, ağ rəngli dərman qabının içərisində 17 ədəd boz rəngli narkotik tərkibli metadon dərman preparatına oxşar kütlə və 01 ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 176). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 6/2050 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün № 233” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 büküm psixotrop maddəyə oxşar kütlə...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,496 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,9 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 50-53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 6/2051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №233” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 büküm narkotik vasitəyə oxşar kütlə...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 56,780 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,9 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 55- 59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 6/2052 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №233” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd dərman...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd plastik dərman flakonunda 17 ədəd səthlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi formalı tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,68 qram (01 tabletdə 0,04 qram) olan metadon preparatı müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı ll) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,9 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 60-64). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 3332 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 178-179). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 20.10.2020-ci il tarixli, 7201 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 146). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 01.10.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 150-151). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəcasına məhkum olunmuş, 13.11.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 135). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 19.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 56,780 qram narkotik vasitə heroin, 10,96 qram psixotrop maddə metamfetamin, 17 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 56,730 qram narkotik vasitə heroin, 10,446 qram psixotrop maddə metamfetamin, 15 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 184-197, 200). İşdə olan cinayət işinin ayrılması haqqında 19.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsinə dair Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 201-202). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadon təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu hal, habelə tərəzinin mövcudluğu, işin digər halları, yuxarıda şərh olunan sübutların məcmu halda müqayisəli təhlili məhkəməyə o nəticəyə gəlməyə əsas verir edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddələri heç kimə satmaq və ya kiməsə vermək fikrinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilərkən həmin narkotik vasitə və psixotrop maddələri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin sözlərinə əsasən başqa şəxsə satması üçün ona 01 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ərazisindən götürməsi barədə izahatlarını, onlar işin digər halları ilə, habelə yuxarıda şərh olunan sübutlarla tam və məntiqli şəkildə uzlaşdığından məhkəmə onları ifadələri daha düzgün kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı 13.11.2019-cu il tarixdən iki il keçmədiyinə görə onun məhkumluğu ödənilməmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02.10.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 04.10.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 98-101). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 56,730 qram narkotik vasitə heroin, 10,446 qram psixotrop maddə metamfetamin, 15 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 329,7 (üç yüz iyirmi doqquz manat 70 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan maddi sübutlar - ekspertiza tədqiqatından sonra qalıq qalan 56,730 qram narkotik vasitə heroin, 10,446 qram psixotrop maddə metamfetamin, 15 ədəd metadon tərkibli dərman preparatı və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 329,7 (üç yüz iyirmi doqquz manat 70 qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar