Məhkəmə qərarları › İş №1(101)-727/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada avtoyuyucu işləyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 10 sentyabr 2019-cu il tarixdə barəsində axtarış elan edilmiş, 25 oktyabr 2019-cu il tarixdə tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 oktyabr 2019-cu il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən «Manqal» kafesinin həyətinə sərxoş vəziyyətdə gəlib orada mobil telefonla ucadan nalayiq sözlər işlədərək danışarkən, həmin vaxt tanışları ilə kafedə ad gününü qeyd edən Zərərçəkmiş şəxs1 buna görə ona irad bildirməsini, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək heç bir əsaslı səbəb olmadan kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək özünü digər şəxslərdən üstün tutub, gücünü nümayiş etməklə ümumi davranış normalarına hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək nalayiq ifadələrlə Vüqar Nurməmədovu söyüb təhqir etmiş, silah qismində istifadə etdiyi bıçaqla qəsdən ona iki dəfə zərbə vuraraq qarın nahiyəsinin ön səthinin sol yarısından daxilə - qarın boşluğuna nüfuz edib dalağın və yoğun bağırsağın yaralanması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin ön səthinin sağ yarısında daxilə - döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt ictimai borcunu yerinə yetirib onları ayırmaq istəyən Zərərçəkmiş şəxs3 bıçaqla iki dəfə qəsdən zərbə vuraraq döş qəfəsinin ön səthinin sol yarısı və sol qalça nahiyələrində daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və ictimai borcunu yerinə yetirib onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyətilə qəsdən yumruq və təpiklə vurub yerə yıxmaqla sol qaşın daxili bucağı səviyyəsində tüklü hissədə əzilmiş yara, alt çənədə öndə əzilmiş yara, hər iki burun dəliyindən tənəffüsün sərtləşməsi və burun belinin sifətin sağ yarısına doğru əyilməsi ilə müşahidə olunan burun sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətə (üç həftədən yuxarı) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki "Manqal" kafesinin yanında Pənah adlı şəxsə məxsus avtomobil yuyucu sexində yuyucu işləməyə başlamışdır. 25 iyul 2019-cu il tarixdə gecə saat 22 radələrində işdən çıxıb yaxınlıqdakı mağazadan spirtli enerji içkisi olan "GO" alıb içmiş, bundan sonra işlədiyi avomobil yuyucu sexini bağlayıb yaxınlıqdakı "Manqal" kafesinə tərəf getmişdir. Yolboyu özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Novruz adlı şəxsə zəng edib borc verdiyi pulu istəmiş, həmin vaxt Novruz pulu verməyə imkanı olmadığını demişdir. Bu zaman artıq kafenin həyətinə daxil olmuş, Novruz ona olan borcunu qaytarmayacağını dedikdə, o, əsəbləşib uca səslə Novruzun ünvamna nalayiq sözlər deyərək əlindəki telefonu kafenin həyətində yerə çırpmışdır. Həmin vaxt kafeni işlədən Elçin adlı şəxs yerə səpələnmiş telefon hissələrini yığıb ona vermiş, Elçinə bir nəfərin ona borclu olduğunu, pulu qaytarmadığı üçün əsəbləşib belə etdiyini demişdir. Həmin vaxt kafenin həyətində 2 nəfər tanışı ilə oturmuş Vuqar Nurməmmədov adlı tanıdığı şəxs ona yaxınlaşıb niyə söyüş söyüb onları və kənardakı binanın sakinlərını narahat etdiyini ona iradını bildirmiş, o isə, əsəbləşdiyini deyərək Vüqara öz işi ilə məşğul olmağı məsləhət görmüş və kafeni tərk etmişdir. Həmin vaxt Vuqarın irad tutması ona ağır gəlmiş, bu səbəbdən, işlədiyi yuyucu sexinə gedib oradan özünə məxsus meyvə bıçağını götürüb həmin kafenin qabağına qayıtmışdır. Kafenin qarşısında təxminən 10-15 dəqiqə gözləmişdir ki, Vuqar Nurməmmədov tək çıxanda ona xəsarət yetirsin. Bundan sonra Vuqarı küçəyə çağırmış, həmin vaxt bıçaq sağ əlində olmuş, hava qaranlıq və əlindəki bıçaq kiçik ölçülü olduğu üçün ətrafdan görünməmişdir. Vuqar Nurməmmədov yanına gələndə ona yaxınlaşıb sol əli ilə onun boynundan tutub kənara çəkmiş və ona "nədi, sən camaatın qeyrətini çəkirsən?" deyib sağ əlindəki bıçaqla onun qarnına və sinəsinə iki dəfə zərbə endirmişdir. Həmin zərbələrdən Vuqar yerə yıxılmışdır. Təxminən 1-2 dəqiqə sonra getmək istəyən zaman arxadan kiminsə ona tərəf qaçdığını görüb arxaya döndükdə sonradan adını bildiyi Vuqarın Babək adlı dostunun üstünə gəldiyini görmüşdür. Ona görə əlindəki bıçaqla Babəkin döş qəfəsinin sol tərəfınə və sol yan nahiyəsinə iki dəfə zərbə endirmişdir. Babək qaçıb uzaqlaşmış, lakin bu vaxt Babək və Vuqarın yanında olan, adını sonradan bildiyi Vuqar Məmmədov ona yaxınlaşıb vurmaq istədikdə, bıçaqla onun sol qaşına, alt çənəsinə və burnuna üç zərbə endirmişdir. Bundan sonra Vuqar Məmmədov qaçmağa başlamış, o da, Vüqarın arxasınca qaçaraq tutub döymək istəmişdir. Yaxınlıqdakı zibilliyin yanına çatanda ayağı ilə vurub Vuqar Məmmədovu yerə yıxmışdır. Sonra bıçaqla Vuqar Məmmədovu vurmaq istəyərkən, sonuncu, təpiklə onun sifətinə vurmuş, həmin yerə gələn Vuqar Nurməmmədov isə əlindəki taxta parçası ilə sifətinin sol tərəfınə zərbə endirmiş və o, huşunu itirib yerə yıxılmışdır. Bundan sonra onu kimin və necə vurduğunu, yıxılan zaman əlində olan bıçağı kimin aldığını xatırlamır. Hadisə yerində huşunu itirmiş və 3 saylı xəstəxanada ayılmışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 30 ilə yaxın müddətdir ki, tanıyır və onunla dostluq edir, Babəki isə məhəllə uşağı kimi tanımışdır. 25 iyul 2019-cu il tarixdə 46 yaşı tamam olduğundan dost- tanışları yığıb Xətai rayonu, Sarayevo küçəsindəki "Manqal" kafesində qonaqlıq vermişdir. Həmin gün saat 20 radələrindən kafedə 5-10 nəfər yeyib-içməklə istirahət etmişlər. Artıq axşam saat 23 radələrində məclis dağıldıqda kafedə Babək və Zərərçəkmiş şəxs2la qalmışdır. Bu zaman məhəllədə yerləşən avtomobil yuma sexində işləyən Tural adlı şəxs kafeyə gəlib araq, pivə içməklə, kiminləsə telefonda söyüşlə danışan zaman ona söyüş söyməyini və ucadan danışmağını irad bildirmişdir. Bundan sonra kafedən çıxdıqda Tural ona yaxınlaşıb boynuna əlini qoyub onu kənara dəvət etmiş, bir az aralaşdıqda Tural boynunu sıxmaqla qəfildən əlindəki görmədiyi kəsici əşya ilə iki dəfə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt o, qışqırmış, ona köməyə gələn dostu Vüqarı Tural bir dəfə əlindəki əşya ilə çənəsindən vurmuşdur. Vüqar çənəsini tutub qaçmaq istədikdə Tural onun arxasınca düşmüş, dostu Babək Turalın qarşısını kəsməyə çalışsa da, Tural iki dəfə də ona zərbə vurmuşdur. Bundan sonra Vüqar üzü üstə yerə yıxılan zaman Tural ona yerdə bıçaqla zərbə vurmaq istədikdə, o, yerdən götürdüyü taxta parçası ilə Turalın boynundan vurmuşdur. Bundan sonra Tural yerə yıxılmışdır. Həmin vaxt ətrafa çoxlu sayda şəxslər toplaşmış, o, özünü pis hiss etdiyindən çəkilib kənarda oturmuşdur. Turalın əlindəki əşyanın əlamətlərini və həmin əşyanın harada olmasını bilməmiş, həmin vaxt Turalı zərərsizləşdirmək üçün özlərini müdafıə etmək məqsədi ilə onu bir dəfə vurmuşdur. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 25 iyul 2019-cu il tarixdə saat 20 radələrində dostları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən "Manqal" adlı kafeyə Zərərçəkmiş şəxs1 doğum gününü qeyd etməyə getmişlər. Həmin vaxt kafedə oturaraq yeyib-içmişlər. Saat 23 radələrində bir nəfər orta yaşlı oğlan sərxoş halda kafeyə daxil olmuş və mobil telefonla damşa-danışa kiminsə ünvanına nalayiq sözlər deməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs1 söyüş söydüyünə görə həmin oğlana iradını bildirmiş, sonuncu isə, Zərərçəkmiş şəxs1 kafedən küçəyə çağırmışdır. Vüqar ilk olaraq kafedən sol tərəfdə olan avtomobil yuma sexinə tərəf keçdikdə onun arxasınca çölə çıxmış, bu zaman görmüşdür ki, həmin şəxs Zərərçəkmiş şəxs1 "Sən idin mənə irad tutan" deyib əlindəki bıçaqla Vüqara bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs2la birlikdə yaxınlaşaraq onları ayırmağa çalışmış, həmin şəxs isə bıçaqla üstünə atıldıqda qaçmağa səy göstərsə də, iki dəfə əlində olan bıçaqla qarın və sol böyrək nahiyələrindən vurmuşdur. Zərərçəkmiş şəxs2 da həmin şəxsi aralaşdırmağa çalışmış, lakin həmin oğlan Vüqarın arxasınca qaçıb bıçaqla onun çənə və burun nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt əllərinə keçən əşyalarla onu vurub zərərsizləşdirməyə çalışmışlar. O, hadisə baş verən zaman hava qaranlıq olduğundan bıçağın necə bıçaq olmasını görməmiş, xəsarət aldığına görə onu xəstəxanaya aparmışlar. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 1993-cü ildən tanıyır və onunla dostluq münasibətləri vardır. X4 isə təxminən üç aydır ki, Vüqara görə tanımışdır. 25 iyul 2019-cu il tarixdə dostu Zərərçəkmiş şəxs1 ad günü olduğundan, dostlar və tanışlar yığışıb ad gününü qeyd etmək qərarına gəlmiş, bu məqsədlə Vüqar, Babək və tanımadığı bir neçə nəfərlə birlikdə "Manqal" kafesinə yığışmışlar. Orada bir qədər yeyib-içdikdən sonra saat 23 radələrində qonaqlar getmiş və onlar üçü, yəni o, Vüqar və Babəklə çay içmək üçün kafedə qalmışlar. Bir qədər sonra əvvəllər tanımadığı bir nəfər şəxs sərxoş halda özünə məxsus mobil telefonla danışa-danışa kiminsə ünvanına nalayiq sözlər deyərək kafeyə daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 həmin şəxsin kafenin yaxınlığındakı maşın yuma məntəqəsində işləyən Tural adlı şəxs olduğunu bildirmişdir. Bundan sonra Vüqar əyləşdikləri stoldan qalxaraq Turala yaxınlaşmış və mədəni formada ona iradını bildirərək söyüş söyməməsini xahiş etmişdir. X11 sözlərinə əhəmıyyət verməyərək hərəkətlərinə davam edən zaman Vüqar onun qolundan tutaraq kafedən çölə çıxarmışdır. Həmin vaxt kafedə əllərini yumuş, təxminən 5 dəqiqədən sonra Vüqar həmin şəxsi yola salıb yenidən kafeyə qayıtmış və masaya əyləşmişdir. Təxminən 5-10 dəqiqə sonra Tural yenidən kafeyə daxil olaraq Vüqarı küçəyə çağırmış, Vüqar da küçəyə çıxmışdır. Təxminən 3 dəqiqədən sonra Babəklə birlikdə Vüqarın arxaınca kafedən çıxmış, Vüqar demişdir ki, Tural onu iki dəfə qarın nahiyəsindən bıçaqla vurmuşdur. Tural onların gəldiyini görüb bir qədər kənarda dayanmış, nə üçün Vüqarı vurduğunu aydınlaşdırmaq istədikdə, Tural əlindəki bıçaqla əvvəl Babəkin qarın nahiyəsinə bir dəfə zərbə endirmiş və Babək qarnını tutub yerə yıxılmışdır. Vüqar və Babəkin bıçaqla vurularaq xəsarət almalarını görüb o, özü Turalın üzərinə hücum etdikdə, Tural əlindəki bıçaqla onun çənə və burnunun üst hissəsinə vurub xəsarət yetirmişdir. Turalın ona daha ciddi xəsarət yetirəcəyindən qorxub qaçmağa başlamış, Tural da arxasınca qaçmışdır. Daha sonra yaxınlıqdakı qarajların yanında Tural ayağı ilə onu yıxmış, həmin vaxt burnu sınmışdır. Tural onun kürəyindən tutaraq bıçaqla vurmaq istədikdə fırlanaraq yerdə uzanıqlı şəkildə təpiklə onun sifətindən vurmuş və Tural yerə yıxıldığından ayağa qalxıb qaçmağa davam etmişdir. Bundan sonra dostlarının vəziyyəti ilə maraqlanmaq üçün kafenin qarşısına gəlmiş və görmüşdür ki, Vüqar yumruqla Turalı vuraraq yerə yıxmış və kənarda olan bir neçə tanımadığı şəxs də Turalı yerdə təpikləyir. Tural onu və dostlarını bıçaqla vurduğu üçün onun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr endirmiş, bundan sonra hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları gəlib onları 3 saylı klinik şəhər xəstəxanasına aparmışlar. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, Tural Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən avtomobil yuma sexində işləmiş və hərdən onun yaşadığı evə gəlib-getmişdir. 27 iyul 2019-cu il tarixdə ona məlum olmuşdur ki, Xətai rayonu, Sarayevo küçəsində baş vermiş dava-dalaş zamanı qardaşı Tural xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Ona görə də dərhal Turalın yerləşdirildiyi xəstəxanaya getmiş, orada qardaşı Turaldan eşitmişdir ki, 25 iyul 2019-cu il tarixdə onun işlədiyi avtomobil yuma sexinin yaxınlığında baş vermiş dava-dalaş zamanı bir neçə nəfər Turalı döyüb xəsarət yetirmişlər. Həmçinin ona məlum olmuşdur ki, həmin hadisə zamanı Tural özündə olan bıçaqla bir neçə nəfəri vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində “Manqal” kafesinin yanında yerləşən avtomobil yuma sexi Pənah adlı şəxsə məxsusdur. O, Pənah müəllimdən xahiş etməklə hadisədən təxminən ay yarım əvvəl həmin yeri icarəyə götürüb işlətmişdir. Həmin yuyucu məntəqəsinə 2019-cu ilin iyul ayının ortalarında Tural adlı şəxsi işə götürmüşdür. 26 iyul 2019-cu il tarixə keçən gecə qonşulardan eşitmişdir ki, Tural sərxoş halda həmin məhəllədə üç nəfəri bıçaqla vurub xəsarət yetirmişdir. Lakin hansı səbəbə görə onların arasında bu hadisənin baş verməsini bilmir. Hadisə baş verən gündən sonra Tural onun işlətdiyi sexə gəlməmiş, həmin vaxt Turalın harada yaşamasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə Xətai rayonu, Sarayevo küçəsindəki “Manqal” kafesinin yan tərəfində yerləşən avtoyuyucu məntəqəsində yuyucu işləmişdir. Aralarında normal münasibətlər olmuş, Turalla birlikdə işləmiş, X5 isə onların işinə nəzarət etmişdir 25 iyul 2019-cu ildə saat 21 radələrində o, yuyucu yerindən işdən çıxmış və evə getmişdir. Həmin vaxt Tural işdə olmuşdur. 26 iyul 2019-cu il tarixdə səhər tezdən işə gələndə bilmişdir ki, o, gedəndən sonra Tural spirtli içki içmiş və saat 23 radələrində “Manqal” kafesində yeyib spirtli içki içmiş tanıdığı usta Zərərçəkmiş şəxs1 Seyfəddin oğlu, yanında olmuş dostları Zərərçəkmiş şəxs2 və X6 ilə dava-dalaş etmiş, onlara bıçaqla xəsarət yetirərək özü də həmin şəxslər tərəfindən döyülmüş və xəsarət almışdır. O, hadisənin şahidi olmamış, eşitdikləri bunlardan ibarət olmuşdur. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin baş verdiyi vaxtdan təxminən 1 il əvvəldən ünvan 1 ünvanında yerləşən «Manqal» kafesində inzibatçı kimi işləmişdir. 25 iyul 2020-ci il tarixdə saat 20 radələrində istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kafeyə müştəri qismində gəlib kafenin həyətində olan masaların birində əyləşib yeyib-içmişlər. Həmin vaxtı kafenin həyətində olan digər masada isə istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs əyləşmişdir. Lakin Təqsirləndirilən şəxs kafeyə gələn zaman sərxoş vəziyyətdə olmuş, saat 23 radələrində Tural kafeyə gələndə özünə məxsus mobil telefon ilə kimləsə danışıb nalayiq ifadələr işlətmiş, mobil telefonunu yerə vuraraq sındırmışdır. O, Turala yaxınlaşmış və nəyə görə belə etdiyini soruşmuşdur. Tural əsəbləşdiyindən, həmçinin özünə məxsus mobil telefonu yerə çırparaq sındırdığından hirsli cavab vermişdir. O Turalın sözlərinə əhəmiyyət verməmiş, telefonun hissələrini yerdən toplayıb Turalın özünə qaytarmış və sakitləşməsini xahiş etmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 Turala yaxınlaşıb söyüş söyməməsini və sakitləşməsini təklif etmiş, Tural isə heç bir söz demədən kafedən çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Tural yenidən kafeyə qayıdıb Zərərçəkmiş şəxs1 əyləşdiyi masaya yaxınlaşıb Vüqarı çölə dəvət etmişdir. Bundan sonra Tural ilə Vüqar kafedən bayıra çıxmış, ardınca isə Zərərçəkmiş şəxs2 və Babək Fərhradov da kafedən çıxmışlar. Bir neçə dəqiqə sonra kafenin çölündə səs-küy gəldiyini eşitmiş, lakin kafedə müştərilər olduğu üçün o, bayıra çıxa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Tural kafenin yaxınlığında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Babək Fərhradova bıçaqla vuraraq xəsarət yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs vuraraq xəsrət yetirmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 18 saylı binanın yaxınlığında «Manqal» kafesi yerləşir. 25 iyul 2020-ci il tarixdə gecə saatlarında o, yaşadığı mənzildə olduğum zaman küçədən səs-küy gəldiyini eşitmiş, yaşadağı mənzilin eyvanına çıxdıqda «Manqal» kafesinin yaxınlığında üzlərini görmədiyi, kişi cinsinə aid şəxslərin mübahisə edib səs-küy saldıqlarının, bir-biri ilə dalaşdıqlarının şahidi olmuşdur. Həmin mübahisədən sonra, yəni 26 iyul 2019-cu il tarixdə, saat 00:55-də o, öz mobil telefonu ilə Daxili işlər Nazirliyinin 102 zəng məlumat mərkəzinə zəng edib «Manqal» kafesinin yaxınlığında baş vermiş mübahisə barədə məlumat vermişdir (cild 2, iş vərəqi 41-43). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanan zaman o, istintaqa verdiyi sərbəst ifadələrində bildirdiyi xüsusatları hadisələrin baş verdiyi yerdə əyani olaraq bir daha təsdiq etmişdir. Bu zaman müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 78-79). Cinayət işində olan üzləşdirmə protokollarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər öz ifadələri ilə təqsirləndirilən şəxsi ittiham olunduğu cinayət əməlini törətməkdə bir daha ifşa etmişlər (cild 1, iş vərəqi 189-206). İş materiallarına əlavə edilmiş 22 avqust 2019-cu il tarixli 715 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər müəyyən edildi - sol qaşın daxili bucağı səviyyəsində tüklü hissədə əzilmiş yara, alt çənədə öndə əzilmiş yara, hər iki burun dəliyindən tənəffuzün sərtləşməsi və burun belinin sifətin sağ yarısına doğru əyilməsi ilə müşahidə olunan burun sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı. Yuxarıda göstərilən xəsarətlər bərk küt əşyaların qüvvətli təsiyindən törənmişdir. Belə xəsarətlər müxtəlif şəraitdə törənə bilər. Əmələ gəlmə müddəti qərarda göstərilən tarixə (25.07.2019-cu il) uyğun gəlir. Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən yaralar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Burun sümüyünün sınığı isə dərəcəsinə görə sağlamlığın uzun müddətə (üç həftədən yuxarı) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 44-46). Məhkəmə-tibbi ekspertizasının 26 avqust 2019-cu il tarixli 747 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Seyfəddin oğlunun bədənində aşkar edilmiş xəsarətlər -qarın nahiyəsinin ön səthinin sol yarısından daxilə - qarın boşluğuna nüfuz edib dalağın və yoğun bağırsağın yaralanması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sağ yarısında daxilə - döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsiyindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 25.07.2019-cu il tarixə və şəraitə, yəni bıçaqla bir neçə dəfə vurulma nəticəsində əmələ gələ bilərdi, döş qəfəsinin ön səthinin sağ yarısında daxilə - döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qarın nahiyəsinin ön səthinin sol yarısından daxilə - qarın boşluğuna nüfuz edib dalağın və yoğun bağırsağın yaralanması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 50-52). Məhkəmə-tibbi ekspertizasının 26 avqust 2019-cu il tarixli 748 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin sol yarısı və sol qalça nahiyyələrində daxilə nüfuz etməyən cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsiyindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 25.07.2019-cu il tarixə və şəraitə, yəni bıçaqla bir neçə dəfə vurulma nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə və ayrıayrılıqda dərəcəsinə görə sağlamlığm qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 47-49). Məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2019-cu il tarixli 1132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aldığı xəsarətlər - açıq kəllə-beyin travması, bay beynin orta dərəcəli əzilməsi, pnevmosefaliya, əsas sümüyün böyük qanadının xətti sınığı, sol almacıq sümüyün, sol almacıq qövsünün və alın çıxıntısının yerdəyişən qəlpəli sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən, başın sol gicgah, təpə və ənsə nahiyələrinin çoxsaylı əzilmiş-kəsilmiş yaraları küt və kəsici əşyaların (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 25.07.2019-cu il tarixə və şəraitə, yəni kənar şəxs (şəxslər) tərəfındən yetirilə bilərdilər, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 171-173). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 12 dekabr 2019-cu il tarixli tələbnaməsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 169-170). Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan əməllər az ağır, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı 25 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Xətai RPİ 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulub saxlanılmışdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar