Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-735/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il avqustun 15-də Ermənistan SSR-in Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixoptrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib daşımaqla saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixoptrop maddələri əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İlkin adlı şəxslə əldə edəcəkləri narkotik vasitələrin və psixoptrop maddələrin qiymətinə, çeşidinə və çəkisinə dair əvvəlcədən sövdələşib razılığa gəlmiş, qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşmiş, sonuncunun vasitəsilə İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan «Baba» ləqəbli vətəndaşından 17,607 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə heroini, 7,184 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə metamfetamini, təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən və narkotik tərkibli dərman vasitəsi olan iki ədəd metadon həbini, 23,551 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə 2020-ci il sentyabrın 24-də günorta saatlarında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evə gətirib elektron tərəzilərdə çəkməklə eyni ölçülü ayrı-ayrı bükümlərə qablaşdırıb bölmüş, bir hissəsini yaşadığı ünvanda gizlədərək digər hissəsini isə üzərində daşıyıb saxlamış, 2020-ci il sentyabrın 26-da saat 00:30 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanmaqla gətirildiyi polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülü vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,340 qram, 0,360 qram, 0,340 qram, 0,347 qram, 0,348 qram, 0,298 qram, 0,332 qram və 0,331 qram olaraq 3,068 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanıb doqquz ədəd xırda şəffaf sellofan bükümə qablaşdırılan narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı mənzilə keçirilən baxış zamanı özünə aid yataq otağında olan çarpayıdakı döşəyinin altından 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,984 qram, 0,327 qram, 0,353 qram, 0,349 qram, 0,368 qram, 0,390 qram, 0,385 qram, 0,368 qram, 0,244 qram, 0,194 qram, 0,360 qram, 2,992 qram və 2,012 qram olaraq 9,326 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin, üç ədəd bağlamadakı yeddi ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,866 qram, 0,756 qram, 2,510 qram, 1,234 qram, 0,606 qram, 0,332 qram, 0,559 qram, 0,321 qram olub 7,184 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» göstəricisi olaraq təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən və narkotik tərkibli dərman vasitəsi olan iki ədəd metadon həbi, 11 ədəd 1 ml-lik şprisin içərisində maye halında ayrı-ayrılıqda təmiz çəkiləri 0,562 qram, 0,325 qram, 0,532 qram, 0,661 qram, 0,371 qram, 0,662 qram, 0,534 qram, 0,370 qram, 0,326 qram, 0,563 qram, 0,307 qram olub 5,213 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin, üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,150 qram, 6,781 qram, 6,642 qram, altı ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,341 qram, 0,432 qram, 0,331 qram, 1,150 qram, 0,432 qram, 0,292 qram olmaqla 23,551 qram ümumi təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanarkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmamışdır. İttiham edildiyi digər maddələri öz şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edildiyindən istintaqdakı ifadəsini imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il sentyabrın 25-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. 2020-ci il sentyabrın 26-da saat 00:30 radələrində ünvan 3 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib sonuncunu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməməklə onlarla birlikdə bölməyə gəlmişdir. Orada videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış vaxtı sonuncu üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxartdığı bir ədəd şəffaf sellofan bükümün içərisində doqquz ədəd eyni ölçülü xırda sellofan büküm çıxarmaqla içində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün tanımadığı «Baba» ləqəbli İran İslam Respublikasının vətəndaşından internet vasitəsi ilə 40 manat müqabilində alaraq təxminən iki gün əvvəl «DSK Yolu» adlanan ərazidəki hərbi hissənin giriş hissəsindəki zibilliyin yanından götürdüyünü, narkotik vasitələrin bir hissəsini evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda sonuncunun razılığı ilə baxış, axtarış və götürmə həyata keçirilmiş, Təqsirləndirilən şəxs könüllü surətdə yataq otağındakı çarpayının üzərində sərilən döşəyin altından çoxsaylı narkotik vasitələri və psixotrop maddələri çıxarıb onlara təqdim etmişdir. Aşkarlananlar götürülmüş, tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanıb idarəyə gətirilərkən, habelə üzərinə şəxsi axtarış keçirilərkən heç bir hədə-qorxu və zorakılıq hərəkətləri edilməmişdir. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru polis kapitanı Şahid2 və təhqiqatçısı polis baş leytenantı Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməsə də ibtidai araşdırma vaxtı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən son vaxtlar öz istifadəsi üçün «Papanin» adlanan əraziyə narkotik almağa gedəndə küçədə təsadüfən bir nəfər özünü İlkin kimi təqdim edən cavan oğlanla tanış olub söhbət əsnasında sonuncunun da narkoman olduğunu anladığını, həmin oğlan ona İran İslam Respublikasında yaşayan «Baba» ləqəbli tanışının Azərbaycanda internet, əsasən «WhatsApp» proqramı vasitəsilə narkotik satdığını bildirdikdə o, 2020-ci il sentyabrın 24-də İlkinlə görüşüb narkotik almaq istədiyini deməklə 400 manat məbləğində pulu sonuncuya təqdim etdiyini, İlkinin elə yanındaca «Baba» ləqəbli tanışına zəng vurduğunu, sonuncu onun üçün narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və ağrıkəsici kimi istifadə edilən metadon həbi təşkil edə biləcəyini söylədikdə razılaşdığını, bundan sonra İlkinin pulu yaxınlıqdakı marketlərin birinin içərisindəki «Paypoint» elektron ödəmə terminalı vasitəsi ilə iranlının göndərdiyi hesaba yüklədiyini, bir müddət sonra «Baba» ləqəbli iranlı İlkinə mesaj yazaraq narkotik maddələrin olduğu yeri bildirdikdə sonuncunun oraya yaxınlaşaraq yerə atılmış bağlamanı götürməklə ona gətirdiyini, açıb baxdıqda içərisində sifariş etdikləri narkotik vasitə və psixotrop maddə olduğunu gördüklərini, İlkinlə sağollaşıb evinə gəlməklə axşam saatlarında narkotik vasitə heroini özünün istifadəsi üçün bir dəfəyə qəbul edəcəyi miqdarda ayrı-ayrı bərabər hissələrə bölərək xırda sellofan bükümlərə, marixuananın bir hissəsini üç ədəd boş kibrit qutularına, qalan hissəsini öz istifadəsi üçün birdəfəyə qəbul edəcəyi miqdarda xırda kağız bükümlərə doldurduğunu, psixotrop maddə metamfetaminin isə üç ədəd sellofan bükümdə qaldığını, 2020-ci il sentyabrın 26-da gecə saatlarında evdə narkotik qəbul edib hava almağa çıxanda polis əməkdaşlarının onu saxlayaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparıb xidməti otaqların birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirdiklərini, baxış zamanı könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan doqquz ədəd bükümü çıxarıb təqdim etməklə onları İran İslam Respublikasının vətəndaşı olan «Baba» ləqəbli şəxsdən internet vasitəsi ilə aldığını bildirərək yaşadığı evdə də narkotik saxladığını etiraf etdiyini, daha sonra polislərlə birlikdə onun razılığı ilə yaşadığı ünvan 4 ünvanına baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin hamısını, yəni narkotik vasitələr heroini və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini, narkotik tərkibli dərman vasitəsi olan iki ədəd metadon həbini, eləcə də iki ədəd elektron tərəzini könüllü təqdim etdiyini, 2021-ci il yanvarın 18-də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmədiyini göstərmişdir (iş vərəqi 36-37, 78-81, 93-96 və 188-192). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən ifadəsində 2020-ci il sentyabrın 26-da gecə saatlarında işdən evə gələndə ünvan 5 ünvanının qarşısında bir nəfər polis geyimindəki şəxsin yaxınlaşaraq özünü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı kimi təqdim etməklə ondan bir nəfər saxlanan şəxsin yaxınlıqdakı evinə keçirəcəkləri baxış zamanı hal şahidi qismində iştirak etməsini xahiş etdikdə etiraz etmədiyini, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs adlı şəxs yaşadığı ünvana baxış keçirilərkən sonuncunun birmərtəbəli fərdi evin həyətindən mənzilə daxil olub yataq otağında olan çarpayının üzərindəki döşəyin altından içərisində tünd rəngli maye olan çoxsaylı birdəfəlik şprisləri, kibrit qutularının içərisinə doldurulan otşəkilli qurudulmuş kütlələri, şəffaf sellofan torbalara və xırda ağ kağızlara bükülü halda qəhvəyi rəngli toz halında maddələri və xırda ağ kristal formalı dənəcikləri, dərman həblərini təqdim edərək həmin maddələrin «kokos», «ot» və «şüşə» adlanan müvafiq qaydada narkotik vasitə heroin və marixuana, psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün tanımadığı iranlıdan internet vasitəsi ilə aldığını bildirdiyini, bir ədəd tapançaya oxşayan predmetin və Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların polis əməkdaşları tərəfindən götürüldüyünü, tərtib edilən protokolun o və digər iştirakçılar tərəfindən imzalandığını, X2 əvvəllər tanımadığını göstərmişdir (iş vərəqi 157-159). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən ibtidai araşdırma vaxtı şahid qismində dindirilən Şahid5 Şahid4lə analoji ifadə verdi (iş vərəqi 160-162). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2020-ci il 25 sentyabr, 2020-ci il 26 sentyabr və 2020-ci il 27 sentyabr tarixli raportlarından, 2020-ci il 25 sentyabr tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 26 sentyabr tarixli qərarının surətindən görünür ki, X3 adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmiş, sonuncunun üzərindən və yaşadığı ünvan 2 ünvanından narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (iş vərəqi 5-10 və 66-68). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 26 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 01:25-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21-22). İş materiallarındakı 2020-ci il 26 sentyabr tarixli ərizədən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan doqquz ədəd xırda bükülüdən ibarət bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin maddəni iki gün əvvəl saat 13:00-da tanımadığı İran İslam Respublikasının vətəndaşından internet vasitəsilə 40 manata şəxsi istifadəsi üçün sifariş verməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi DSK yolundan hərbi hissənin yaxınlığındakı zibil qabının yanından götürdüyünü bildirmişdir (iş vərəqi 30 və 33-35). İş materiallarındakı 2020-ci il 26 sentyabr tarixli ərizədən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı ünvan 2 ünvanına hal şahidlərinin iştirakı ilə videoçəkilişlə keçirilən baxış vaxtı sonuncu yataq otağındakı çarpayının üzərində narkotik vasitə olmasını bildirmiş, çarpayıdakı döşəyin altından üç ədəd şəffaf sellofan, ağ rəngli kristalşəkilli psixotrop maddəyə oxşar kütlə, üç ədəd kibrit qutusunda yeddi ədəd ağ rəngli kağıza bükülü halda bitki mənşəli qurudulmuş maddə, 12 ədəd şəffaf sellofan bükülüdə bir ədəd gümüşü rəngli falqaya bükülü vəziyyətdə qəhvəyi rəngli tozşəkilli kütlə, iki ədəd psixotrop maddəyə bənzər həb və müxtəlif növ həblər, 11 ədəd içərisində tünd qəhvəyi rəngli maye olan şpris və iki ədəd boz rəngli tərəzi, ağ rəngli sellofana bükülü halda altı ədəd daşa oxşar üzərində qəhvəyi rəngli toz şəklində bərkimiş kütlə, həmçinin bir ədəd lüləsi və dəstək hissəsi qara rəngli dəmirdən olan tapançaya bənzər predmet aşkarlanaraq götürülmüşdür (iş vərəqi 38 və 44-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 26 sentyabr tarixli 6/2002 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 nömrəli zərfdəki doqquz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,340 qram, 0,360 qram, 0,340 qram, 0,347 qram, 0,348 qram, 0,298 qram, 0,332 qram və 0,331 qram olmaqla ümumi təmiz çəkisi 3,068 qram, 02 nömrəli zərfdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,984 qram, 0,327 qram, 0,353 qram, 0,349 qram, 0,368 qram, 0,390 qram, 0,385 qram, 0,368 qram, 0,244 qram, 0,194 qram, 0,360 qram, 2,992 qram və 2,012 qram olmaqla ümumi təmiz çəkisi 9,326 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin; 03 nömrəli zərfdəki üç ədəd bağlamada yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,866 qram, 0,756 qram, 2,510 qram, 1,234 qram, 0,606 qram, 0,332 qram, 0,559 qram, 0,321 qram olmaqla ümumi təmiz çəkisi 7,184 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; 04 nömrəli zərfdəki bir ədəd sellofanda olan altı ədəd daş parçasının üzərində qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid komponentlər yoxdur; 05 nömrəli zərfdəki üzərində «Methadone 40» göstəricisi olan qəhvəyi rəngli dairəvi formalı, ümumi sayı iki ədəd olan həb dərman vasitəsi olan metadon olmaqla həblərdəki metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir, üzərində «Amoxicilin 500 mg», «İbutard 300» və «Adaptol 10» göstəricisi olan dərman preparatları Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları»na və 2018-ci il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildir; 06 nömrəli zərfdəki 11 ədəd bir ml-lik şprislərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,562 qram, 0,325 qram, 0,532 qram, 0,661 qram, 0,371 qram, 0,662 qram, 0,534 qram, 0,370 qram, 0,326 qram, 0,563 qram, 0,307 qram olmaqla ümumi təmiz çəkisi 5,213 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd boş bir ml-lik şprisdə narkotik vasitə və psixotrop maddələrə aid iz aşkar edilməmişdir; 07 nömrəli zərfdəki iki ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır, həmin heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroin ilə müqasiyəli tədqiqatını aparmaq mümkün deyildir, narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 16,647 qram, 6,974 qram və bir ədəd olmaqla digər dərman vasitələrindən bir ədəd tədqiqata sərf edilmişdir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (iş vərəqi 59-63). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 27 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 82-83). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 27 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il sentyabrın 26-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 109-113). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 01 noyabr və 2020-ci il 09 dekabr tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə narkotik vasitələr heroinin və qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin müvafiq qaydada 16,647 qram, 23,281 qram və 6,974 qram çəkidə qalıqları, bir ədəd narkotik vasitə metadon həbi və iki ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 120-121 və 147). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 2020-ci il 28 sentyabr tarixli 7/668 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «...Təqsirləndirilən şəxs evindən götürülmüş...» sözləri yazılmış zərfdəki üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,15 qram, 6,781 qram, 6,642 qram, altı ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,341 qram, 0,432 qram, 0,331 qram, 1,150 qram, 0,432 qram, 0,292 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi təmiz çəkisi 23,551 qramdır, zərfdəki bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,41 qram olan bitki hissəcikləri tütün olub içərisində narkotik vasitələrin hissəcikləri yoxdur, zərfdəki iki ədəd elektron tərəzinin üzərində narkotik tərkibli çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur, müvafiq izlər olmadığına görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmamışdır, narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 23,281 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 89 manatdır (iş vərəqi 133-135). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 2020-ci il 30 oktyabr tarixli 3/1242 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd «A2666E» №-li zavod üsulu ilə istehsal olunmuş, darağı səkkiz ədəd 5,6 mm kalibrli piston tutumuna malik, «İJ SPL» modelli, idman və məşq zamanı istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulan tapança texniki cəhətdən saz və istifadəyə yararlı olub odlu silah hesab edilmir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (iş vərəqi 136-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 16 noyabr tarixli 3209 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 139-140). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 10 dekabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmayan bir ədəd «A2666E» №-li zavod üsulu ilə istehsal olunmuş, darağı səkkiz ədəd 5,6 mm kalibrli piston tutumuna malik, «İJ SPL» modelli, idman və məşq vaxtı istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulan tapança saxlanılmaqdan ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təchizat İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 148). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2021-ci il yanvarın 20-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 164-165). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 2021-ci il 18 yanvar tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən götürülən narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi mümkün olmamış, sonuncunun göstərilən maddələrin satışı ilə məşğul olmasına dair məlumatlar təsdiq olunsa da Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi təsdiq edilməmişdir (iş vərəqi 174). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 22 dekabr tarixli 2495 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 176-178). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il yanvarın 18-də tərtib etdiyi tarixli protokoldan və eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış prosesinin videogörüntüsünü özündə əks etdirən bir ədəd CD diskinə baxış zamanı xidməti otaqda ikisi mülki, ikisi isə polis geyimində olmaqla dörd nəfər şəxsin olması, polis baş leytenantı rütbəli şəxsin çəkilişin əvvəlində şəxsi axtarış və götürmə haqqında protokolun tərtib olunmasının saat 02:10 radələrində başlandığını elan etməklə özünü təqdim edib Bakı şəhəri Binəqədi Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı Şahid3 olmasını bildirərək videoçəkilişdə iştirak edən polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, sahə inspektoru polis kapitanı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və KTQ-nun inspektor-kriminalisti X6 barəsində anket məlumatlarını, eləcə də 2020ci il sentyabrın 26-da saat 00:30-da 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində şübhəli şəxs qismində saxlanmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını elan edərək iştirakçılara hüquq və vəzifələrini izah etməsi, daha sonra sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etdikdə Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki qara rəngli idman şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olmasını, həmin maddədən evində də saxladığını, sellofan bükümü masanın üzərindən götürüb içərisindən doqquz ədəd təxminən eyni ölçülü xırda şəffaf sellofan bükümləri çıxarmaqla masanın üzərinə düzüb içərisindəki «kokos» adlanan narkotik vasitəni internet vasitəsi ilə tanış olduğu «Baba» ləqəbli İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün 40 manata aldığını, elektron ödəmə terminalı vasitəsi ilə pulu köçürdükdən sonra həmin şəxsin ona fotosunu göndərdiyi ünvandan, yəni «DSK Yolu» adlanan ərazidəki hərbi hissənin giriş tərəfindəki zibil qutusunun yanından götürdüyünü, sonradan özünün rahatçılığı üçün evində bölərək bərabər ölçülü xırda bükümlərə qablaşdırdığını, əldə etdiyi narkotik vasitənin bir hissəsini evində saxladığını, beş ildir narkotik aludəçisi olduğunu, evinə baxış keçirilməsinə etirazı olmadığını deməsi, daha sonra həmin bükümlərin maddi sübut əhəmiyyəti kəsb etməsi bildirilərək ağ zərfin içərisinə qoyulub üzərinin möhürlənməklə iştirakçıların imzaları ilə təsdiq edilməsi müəyyən olunmuş, CD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 179-182). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 yanvar tarixli protokoldan və eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış prosesinin videogörüntüsünü özündə əks etdirən bir ədəd CD diskinə baxış zamanı havanın qaranlıq vaxtı küçədə dördü mülki, ikisi isə polis geyimində olmaqla altı nəfər şəxsin olması, polis geyimindəki polis baş leytenantı rütbəli şəxsin özünü təqdim edib Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı Şahid3 olmasını bildirərək hal şahidləri və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirildiyini deməsi, sonuncunun narkotik istifadəçisi olmaqla evində narkotik vasitə saxladığını etiraf etməsi, təhqiqatçı tərəfindən həmin maddələri təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırıb altındakı bir ədəd qara rəngli balaca tapançaya, iki ədəd boz rəngli elektron tərəziyə bənzər, birinin dəstəyi qəhvəyi rəngli, digərinin dəstəyi göy-qırmızı-ağ rəngli zolaqlı olmaqla iki ədəd balaca mətbəx bıçağına bənzər predmet, xeyli sayda birdəfəlik şprislər, kibrit qutuları, içərisində kağız bükümlər olan ağzı açıq balaca dəmir qutunu, dərman preparatına bənzər predmeti, xırda kağız parçalarını təqdim etməsi, sonuncunun kibrit qutusunun birini və dəmir qutudakı kağız bükümlərin birini açaraq içərisində «ot», dəmir qutudakı sellofan bükümlərdə «şüşə», qəhvəyi rəngli qablaşdırmada olan həblərin ağrıkəsici preparat, şəffaf sellofan bükümlərdə «kokos» olduğunu, narkotik vasitələri öz istifadəsi üçün internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından bank hesabına elektron ödəmə terminalı vasitəsi ilə pulu köçürdükdən sonra həmin şəxsin ona telefonla fotosunu göndərdiyi ünvandan gedib götürdüyünü bildirməsi, aşkar edilənlərin qablaşdırılaraq zərflərin üzərinin bütün iştirakçılar tərəfindən imzalanması müəyyən olunmuş, CD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 183- 187). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 yanvar tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması haqqında, habelə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 2021-ci il 19 yanvar tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 228.1.-ci, 228.4.-cü, 234.4.2.-ci və 238-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilməklə götürülən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edildiyi mənbənin, eləcə də törətdiyi cinayət əməlində onunla qabaqcadan əlbir olmuş İlkin və Baba adlı istintaqa məlum olmayan şəxslərin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.cü maddələri ilə cinayət işi ayrılmışdır (iş vərəqi 193-208 və 211-213). İş materiallarındakı Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 19 yanvar tarixli xasiyyətnamədən və AZE seriyalı 11085324 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, sonuncunun 2007-ci il 27 fevral təvəllüdlü Nicat adlı övladı vardır (iş vərəqi 239/1). İş materiallarında olan 2021-ci il 21 yanvar tarixli hesabatdan görünür ki, istintaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 40 iş saatı müddətində həyata keçirilmişdir (iş vərəqi 263). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tərtib etdiyi 2021-ci il 16 fevral tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlanıldığı müddət ərzində daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tətbiq olunmamışdır, onunla birlikdə saxlanan şəxslərlə davranışı qənaətbəxşdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, narkotik vasitə metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı narkotik vasitələr heroinin və qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin müvafiq qaydada 16,647 qram, 23,281 qram və 6,974 qram çəkidə qalıqları, bir ədəd narkotik vasitə metadon həbi və iki ədəd elektron tərəzi məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 218 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 96 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 576 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il sentyabrın 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il sentyabrın 26-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 218 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 576 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı narkotik vasitələr heroinin və qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin müvafiq qaydada 16,647 qram, 23,281 qram və 6,974 qram çəkidə qalıqları, bir ədəd narkotik vasitə metadon həbi və iki ədəd elektron tərəzi məhv edilsin, iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-735/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-735/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver