Məhkəmə qərarları › İş №1(101)-736/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-736/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-736/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatında olmaqla Sumqayıt şəhəri, 9-cu mkr., Ş.Bədəlbəyli küçəsi ev 51, mənzil 38-də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, bir ədəd sellofan paketin içərisində 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 29,887 qram, 6,917 qram, 4,816 qram, ümumi təmiz çəkisi- 41,620 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etməklə daşımış, 12 oktyabr 2020-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üstünə baxış keçirilən zaman, onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən saxladığı bir ədəd sellofan paketin içərisində 03 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri- 29,887 qram, 6,917 qram, 4,816 qram, ümumi təmiz çəkisi- 41,620 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, orta təhsilini Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu, Qayalı kənd Həsən Qorxmaz adına tam orta məktəbdə almışdır. 1998-ci il tarixdə həmin məktəbin məzunu olmuşdur. 1999-cu ildə hərbi xidmətə başlamış, 2000-ci il tarixdə hərbi xidmətini başa vurmuş, hərbi mükəlləfiyyətlidir. 2014-cü il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan bir azyaşlı övladı var. Ailəsini dolandırmaq üçün müxtəlif ünvanlarda usta fəaliyyəti ilə məşğul olmuşdur. O, 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin və metamfetaminin qəbulu ilə məşğul olur. 12 oktyabr 2020-ci il tarixdə öncədən hesab nömrəsi ona məlum olan tanımadığı şəxsin hesab nömrəsinə “paypoint” aparatı ilə Q.Qarayev metro stansiyasının yaxınlığından saat 08 radələrində 460 manat pul yükləmiş və həmin metamfetamini yaxınlıqda olan ərazidən təxminən 1 saat sonra götürə biləcəyi ona məlum olmuşdur. Saat 09 radələrində Q.Qarayev metrostansiyasının yaxınlığından yol elektrik işığının altından bir ədəd sellofan paketdə olan 41 qramdan bir az artıq psixotrop maddə olan metamfetamini götürüb əynində olan göy rəngli cins şalvarının sol cibinə qoymuş və həmin ərazidən bir qədər aralandıqdan sonra saat 09:30 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən ona hüquq-vəzifələri izah edilməklə video-çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı sellofan bükümündə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan 3 ədəd sellofan bükümlərdəki kütlə metamfetamindir, onu Nizami rayonu ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayan «Kənan» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 12 oktyabr 2020-ci il tarixdə ondan, NMB-nin əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 09:30 radələrində ünvan 1 ünvanın qarşısında zahiri əlamətləri «Kənan» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Nizami RPİnə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd sellofan paketin içərisində olan 03 ədəd sellofan bükümündə olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə metamfetamindir, onu Nizami rayonu ərazisindən 12 oktyabr 2020-ci il tarixdə ünvanım və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 12-13-cü vərəqlərində olan protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli şalvarının sol yan cibindən saxladığı 01 ədəd sellofan paketin içərisində olan 03 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olmaqla çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddəni özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən almışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs ağ rəngli, kristallik hissəciklərdən ibarət olan maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd CD diskə köçürülmüşdür. Cinayət işinin 72-ci vərəqində olan “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 12 oktyabr 2020-ci il tarixdə saat 10:10 radələrində Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli cins şalvarının sol yan cibindən saxladığı 01 ədəd sellofan paketin içərisində olan 03 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olmaqla çıxardaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddə psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni özü üçün istifadə etməkdən ötrü əvvəllər tanımadığı şəxsdən almasım bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdur. Cinayət işinin 33-38-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/2143 saylı 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən..” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 29,887 qram; 6,917 qram; 4,816 qram, ümumi təmiz çəkisi - 41.620 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 93-94-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 3123 saylı, 05.11.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-114-cü vərəqlərində olan qərar və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdəki üç ədəd bükümdə təmiz çəkisi 41,620 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 41,540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin bir ədəd CD disk maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək psixotrop maddə metamfetamin saxlanmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına qəbz ilə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq psixotrop maddə olan metafetamin aşkar edilməsini və həmin psixotrop maddəni satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21 və 69-71-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 12 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 05.11.2020-ci il tarixli, 3123 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlundan aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki üç ədəd bükümdə təmiz çəkisi 41,620 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 41,540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X2 ödənilməli haqq 300 AZN (üç yüz manat) Bakı şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlundan aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki üç ədəd bükümdə təmiz çəkisi 41,620 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 41,540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X2 ödənilməli haqq 300 AZN (üç yüz manat) Bakı şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar