Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-797/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1956-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Düyərli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Yəhya adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girmiş və Yəhya adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd polietilen bağlamada külli miqdaqda ümumi təmiz çəkisi 1985 qram (1 kq 985 qram) olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və bir ədəd şəffaf polietilen bükümdə külli miqdaqda ümumi təmiz çəkisi 104,803 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq, saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 29 oktyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə aparılmış və orada videoçəkiliş ilə üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxaldığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdaqda ümumi təmiz çəkisi 104,803 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sağ əlində saxladığı üzərində “MACKAYS” yazısı olan bir ədəd polietilen torbanın içərisindəki bir ədəd polietilen bağlamada külli miqdaqda ümumi xalis çəkisi 1985 qram (1 kq 985 qram) olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bimədi və ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayının 29-da Ceyranbatan qəsəbəsindəki evində televiziya verilişinə baxan zaman Səttar adlı əvvəldən tanıdığı polis əməkdaşı evə basqın edərək onun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasını demiş və onun özü ilə getməli olduğunu bildirmişdir. Səttar onu maşınla Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığında yerləşən yeməkxanaya gətirmişdir. Orada Səttar ondan telefonunu almış, lakin telefonu giriş parolu tələb etdiyindən Səttar yanında olan bir oğlana telefonun parolunu açdırıb gətirmək göstərişi vermişdir. Ertəsi gün telefonunda olan mesajı ona göstərmişlər. Bundan sonra Səttarla sonuncunun yanında olan tanımadığı polis əməkdaşları onu Bakıxanov qəsəbəsində bir zibilliyin yanına aparmışlar. Orada içərisində narkotik maddə olan sellofan torbanı ona göstərərək, həmin torbanı götürməyi ona demişlər. O da həmin torbanı götürmüş və sonra Səttar torbada olan narkotik maddəni ondan almışdır. Bundan sonra Səttar və polis əməkdaşları onu 13-cü Polis bölməsinin qarşısına aparmışlar. Səttar polis bölməsinə girmiş və bir müdət sonra gələrək onları da 13-cü Polis bölməsinə çağırmışdır. Bölmədə polis əməkdaşları narkotik maddələri ona vermiş və götürüb təqdim etməyi və narkotik maddəni Yəhya adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü deməyi bildirmişlər. O da həmin narkotik maddəni götürmüş, videoçəkiliş zamanı təqdim edərək bildirmişdir ki, narkotik maddəni Yəhya adlı İran vətəndaşının dediyi yerdən götürmüş və Yəhyanın deyəcəyi şəxsə verməklə 200 manat alacaqdır. O, ümumiyyətlə Yəhya adlı şəxsi tanımır. Yəhyadan da heç vaxt narkotik maddə almamış və kiməsə verməmişdir. O, özü də heç vaxt narkotik maddədən istifadə etməmişdir. O, Səttar adlı şəxsi tutulmamışdan bir neçə ay qabaq tanımışdır. Səttar Ceyranbatan qəsəbəsində narkotik maddə satan şəxslərə, o cümlədən Hafiz adlı şəxsə himayədarlıq etmişdir. Hətta Hafiz onun qohumu olan bir şəxsi də narkomaniya xəstəsi etmişdir. O da Səttarla danışan zaman Səttara öz iradını bildirmişdir. Ona görə də Səttar onu tutmuşdur. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Ona demişlər ki, əgər onların dediyini etməsə yoldaşını da cinayət məsuliyyətinə cəlb edəcəklər. O da məcbur qalıb polis əməkdaşlarının dediyi kimi ifadə vermişdir. Bir faktı qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi mobil telefonla həm o, həm də həyat yoldaşı lazım olanda qohumlarla, övladları ilə danışmışlar. Həmin mobil telefonun giriş-çıxış zənglərinə baxış keçirilsə müəyyən edilər ki, o, həqiqətən də narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olmamışdır. Onun telefonunda narkotik satışı ilə bağlı heç bir danışıq olmamışdır. Telefonda olan mesaj ona məxsus deyildir. Onun üstündən aşkar edilmiş narkotik maddələr ona aid deyildir. Onun Səttar və Hafizlə ədavəti olduğuna görə Səttar və Hafiz ona bu cinayət işini təşkil etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi işləyir, polis polkovnik-leytenantıdır. 29 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Düyərli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivində yaşayan Təqsirləndirilən şəxs külli mqidarda narkotik vasitəni satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 18:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerəşən “Lukoil” X3 yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1lə birlikdə onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini soruşduqda, özünü Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə onu şübhəli şəxs qismində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PB-nə getmişdir. Bölmədə xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan büküm və sağ əlində saxladığı göy rəngli polietilen torbanın içərəsində olan bir ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik maddə heroin və tiryək vardır. Ramiz, həmin maddəni Yəhya adlı İran vətəndaşının vasitəsi ilə Bakıxanov qəsəbəsində “Lukoil” YDM-in yaxınlığında qoyulan yerdən götürərək Yəhyanın deyəcəyi şəxsə çatdırılması müqabilində 200 manat pul alacağını bildirmişdir. Ramizdən aşkar edilmiş bükümlərin birində heroinə bənzər kütlənin, digərində isə tiryəkə bənzər kütlələrin olması müşahidə edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonda protokol tərtib olunmuş, protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, bu zaman o, müvafiq təklifə əsasən əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan büküm və sağ əlində saxladığı göy rəngli polietilen torbanın içərəsində olan bir ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik maddə heroin və tiryək vardır, Yəhya adlı İran vətəndaşının vasitəsi ilə Bakıxanov qəsəbəsində “Lukoil” YDM-nin yaxınlığında qoyulan yerdən götürərək Yəhyanın deyəcəyi şəxsə çatdırılması müqaibilində 200 manat pul alacaqdır. Ondan aşkar edilmiş bükümlərin birində heroinə bənzər kütlənin, digərində isə tiryəkə bənzər kütlələrin olması müşahidə edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 106 qram, tiryəkə bənzər kütlənin çəkisi isə 2 kq 248 qram olmuşdur. Qeyd edilən əşyalar müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videodiskə baxış keçirilməsi barədə 31.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan būküm təqdim edərək, narkotik maddə olduğunu bildirmiş, daha sonra sağ əlində olan üzərində "MACKAYS" yazısı olan göy rəngli polietilen torbanı təqdim etmiş və həmin torbanın içərəsində olan polietilen paketdə narkotik maddə tiryək olduğunu demişdir. Həmin narkotik maddələri Yəhya adlı İran vətəndaşının ona dediyi Bakı şəhəri, Sabunçu rayonu ərazisindan götürüb onun deyəcəyi şəxsə çatdıracağı halda 200 manat alacağını bildirmişdir. Həmin bükümlərdə olan maddələr sonra elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqi 53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 30.10.2020-ci il tarixli, 6/2335 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 büküm...” yazısı olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1985qr (1 kq 985qr) tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 104,803 qr qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 42-45). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.11.2020-ci il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan “Samsung A105F/DS” markalı mobil telefona və həmin telefonda olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonda olan “Whatsapp” mobil proqramında adı “Yahya” kimi yazılmış +**********73 saylı mobil telefon nömrəsindən gələn mesajlar iş üçün əhəmiyyət kəsb etmiş və həmin mesajlara baxış keçirilən zaman səsli mesajda bir nəfər şəxsin “çıx Razinə 2 ədəd qara var onları götür, başıva dönüm, indi şəkilləri atıram” sözlərini deyildiyi müşahidə edilmişdir. Həmçinin bir neçə şəkil göndəridliyi və "Neftçilərdən Razinə düşəndə qaz zapravkasını keçən kimi sağa prafaktoriyalara yol qalxır, qalxan kimi sağda bir az içəriyə bax” sözləri və şəkillər göndərilmişdir. Sonuncu şəkillərdə isə göy rəngli üzərində "MACKAYS” yazısı olan bir ədəd polietilen torbanın olması görsənir (cild 1, iş vərəqi 88-90). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 14.12.2020-ci il tarixli, 3437 saylı rəydən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 97-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, Şahid2 istintaqa verdiyi ifadəsindəki xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 119-120). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, Şahid1 istintaqa verdiyi ifadəsindəki xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 121-122). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 29.10.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 82). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 86-87). İşdə olan maddi sübut kimi tanıma haqqında 31.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 104,803 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “MACKAYS” yazısı olan bir ədəd polietilen torbanın içərisindəki bir ədəd polietilen bağlamada ümumi təmiz çəkisi 1985 qram (1 kq 985 qram) olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 73-74). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 03.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəyinə dair ********* saylı cinayət işi ayrı icraata ayrılmışdır (cild 1, iş vərəqi 123-129). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrnin ona aid olmaması, içərisində narkotik maddə olan sellofan torbanı polis əməkdaşlarının diktəsi ilə hadisə yerindən götürərək, Polis bölməsində videoşəkiliş altında əməkdaşlara təqdim etməsi, narkotik maddəni Yəhya adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü deməsi, polis əməkdaşı Səttarın Ceyranbatan qəsəbəsində narkotik maddə satan şəxslərə, o cümlədən Hafiz adlı şəxsə himayədarlıq etməsi, buna görə onun Səttara öz iradını bildirməsi, onun Səttar və Hafizlə ədavəti olduğuna görə Səttar və Hafizin ona qarşı bu cinayəti təşkil etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən onun törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 oktyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 68-69). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq qalmış 104,703 qram narkotik vasitə heroin və 1984,7 qram narkotik vasitə tiryək məhv edilməli, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər olan bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq qalmış 104,703 qram narkotik vasitə heroin və 1984,7 qram narkotik vasitə tiryək məhv edilsin. Şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər olan bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-797/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-797/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver