Məhkəmə qərarları › İş №1(101)-832/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-832/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-832/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 14 vəkil bürosunun vəkili Qafarov Zakir Yaqub oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,794 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 3,738 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamış, 20.10.2020-ci il tarixdə saat 15:30 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini anal dəliyinə yerləşdirərək sovqat şəkilində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan tanışı Şahid7 ötürmək məqsədi ilə cəzaçəkmə müəsissəsinə gətirmiş, müəssisə əməkdaşları tərəfindən üzərində axtarış aparılarkən anal dəliyinin içərisində yerləşdirilərək gizlədilmiş təmiz çəkisi 3,794 qram olan narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 3,738 qram olan psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi nəticəsində Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyib qadağan olunmuş əşyanı cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29, 317-1.1-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə oğurluq etdiyinə həbs edilmişdir. 2020-ci ilin avqust ayında isə şərti olaraq azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra o, narkotik vasitə olan qurudulmuş marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır.19 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində tanışı Şahid7 onun yaşadığı evə zəng edərək yanına gəlməsini və ərzaq məhsulları alıb gətirməsini bildirmişdir. İmkan olsa sabah gələcəyini ona bildirmişdir.20 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində narkotik almaq üçün o, evdən çıxaraq Bakıxanov qəsəbəsində yerləşən parka getmişdir. Həmin parkda əvvəllərdə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. O, parkda həmin şəxsi görüb ona yaxınlaşmış, 30 manat pul verib 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini ağrıları olanda istifadə etdiyi üçün almışdır. O, narkotik vasitə ilə psixotrop maddəni əynində olan boz rəngli parça şalvarın qabaq sağ cibinə qoymuşdur. Bakıxanov qəsəbəsində avtobusa minərək Şamaxinka deyilən əraziyə gəlmişdir. Orada olan Neptun marketə daxil olaraq Rəşad üçün ərzaq məhsulları almışdır. O, marketdən meyvə, şirniyyat, siqaret, su və çörək almışdır.Həmin ərzaq məhsullarını iki ədəd sellofan torbalara yığaraq 3-cü mikrorayon dairəsinə düşmüşdür. Daha sonra cibində narkotik vasitə və psixotrop maddə olması yadına düşmüşdür. Ona görə cəzaçəkmə müəssisəsinə gedərkən onları gizlətmək qərarına gəlmişdir. O, yaxınlıqda olan avtomobil təmiri sexinin yanındakı ayaqyoluna getmişdir. Orada cibində olan rezin əlcəyi çıxarıb aldığı narkotik vasitə ilə psixotrop maddəni içinə büküb öz anus dəliyinə yerləşdirmişdir. O, koronovirus pandemiyası ilə əlaqədar olaraq həmişə cibində maska və tibbi əlcək saxladığını bildirmişdir. O, narkotik vasitə ilə psixotrop maddəni öz anus dəliyinə yerləşdirdikdən sonra 3-ün kruqundan taksi ilə Puta qəsəbəsində yerləşən 8 saylı Cəzaçəkmə müəssisəsinə yola düşmüşdür. Həmin tarixdə saat 15:30 radələrində 8 saylı Cəzaçəkmə müəssisəsinin Nəzarət Buraxılış məntəqəsində olarkən əməkdaşlar ona yaxınlaşmış və gətirdiyi sovqatda hər hansı bir qadağan olunmuş əşyaların olub-olmadığını soruşmuş və ondan bu barədə yazılı iltizam alınmışdır. Daha sonra onlar onu xüsusi ayrılmış otağa dəvət etmişdilər. Həmin otaqda Azərbaycan Respublikası ƏN-nin PX-nin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları və hal şahidlərinin işitrakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı anus dəliyimdən rezin əlcəyə bükülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin 01 büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır.Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini öz istifasi üçün aldığını, heç vaxt satışı ilə məşğul olmadığını bildirmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkmədiyini və özünü yaxşı hiss etdiyini bildirmişdir. 19 oktyabr 2020-ci il tarixdə Şahid7 ona zəng edəndə yalnız ona ərzaq məhsulları və siqaret gətirməyini xahiş etmişdir. Şahid7 onun tanışıdır, onlar 2 il bundan qabaq Şamaxı rayonunda tanış olmuşdur. O, 8 saylı CÇM-də olarkən Rəşadı dayısı oğlu kimi qələmə vermişdir. Onun heç bir məqsədi olmamışdır. Sadəcə olaraq narkotik vasitəni öz anus dəliyində gizlətmişdir ki, Rəşadın yanına gedərkən 8 saylı CÇM-nin əməkdaşları üzərində narkotik vasitə gəzdirməyini bilməsinlər. Lakin göründüyü ki, onun gizlətdiyi narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin böyük inspektoru ədliyyə kapitanı vəzifəsində işləyir. RNK-nın ədliyyə mayoru Şahid2, RNŞ-nin inspektoru ədliyyə mayoru X6, RNŞ-nin nəzarətçisi ədliyyə giziri Şahid4, hal şahidi qismində dəvət olunmuş 8 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) Şahid6 və 8 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (komendant) Şahid5 iştirakları ilə 20.10.2020-ci il tarixdə saat 15:30 radələrində 1-ci rejim korpusununun 14 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, 1981-ci il təvəllüdlü Azərbaycan Resublikası CM-nin 181.2.5-ci maddəsi ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahid7 yanına qısa müddətli görüşə gəlmiş dayısı oğlu, xx.xx.1982-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs üzərində xüsusi ayrılmış otaqda axtarış aparılarkən anus dəliyindən rezin əlcəyə bükülmüş formada spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq tərəflərindən götürülmüşdür. Aşkar edilərək götürülmüş yuxarıda qeyd olunan narkotik vasitələr protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Tədbir həyata keçirilərkən və protokol imzalanarkən iştirakçılar tərəfindən heç bir şikayət, təklif və vəsatət daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində Təsərrüfat bölməsinin böyük mütəxəssisi (komendant) işləyir. Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin böyük inspektoru ədliyyə kapitanı Şahid1, RNK-nın ədliyyə mayoru Şahid2, RNŞ-nin inspektoru Şahid3, RNŞ-nin nəzarətçisi Şahid4, hal şahidi qismində dəvət olunmuş 8 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) Şahid6 iştirakları ilə 20.10.2020-ci il tarixdə saat 15:30 radələrində 1-ci rejim korpusununun 14 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, 1981-ci il təvəllüdlü Azərbaycan Resublikası CM-nin 181.2.5-ci maddəsi ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahid7 yanına qısa müddətli görüşə gəlmiş dayısı oğlu, xx.xx.1982-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs üzərinə xüsusi ayrılmış otaqda baxış keçirilərkən anus dəliyindən rezin əlcəyə bükülmüş formada spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq tərəflərindən götürülmüşdür. Aşkar edilərək götürülmüş yuxarıda qeyd olunan narkotik vasitələr protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Tədbir həyata keçirilərkən və protokol imzalanarkən iştirakçılar tərəfindən heç bir şikayət, təklif və vəsatət daxil olmamışdır. Məhkəmədə ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Əvvəllər məhkum olunmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Həbs olunmamışdan əvvəl ünvan 3 ünvanında müvəqqəti yaşamışdır. 04.04.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 234.1, 67, 66.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 17.05.2019-cu il tarixdə 8 saylı cəzaçəkmə müəssisəsinə 3 saylı İstintaq Təcridxanasından gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı Cəzaçəkmə Müəssisəsinin 1-ci rejim korpusunun 14 saylı kamerasında saxlanılır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun köhnə tanışıdır. O, ilkin izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Lakin həqiqətdə onların heç qohum əlaqəsinin olmadığını bildirmişdir. 19 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan ərzaq məhsulları alıb gətirməsini xahiş etdiyini bildirmişdir. 20.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona sovqat gətirmiş və 8 saylı cəzaçəkmə müəssəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən anal dəliyinin içərisində yerləşdirərək gizlətmiş olduğu narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilərək müəssisə əməkdaşları tərəfindən götürülmüşdür. Ümumiyyətlə onun həmin narkotik vasitədən və psixotrop maddə metamfetamindən xəbəri olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə gətirməsini istəməmişdir. Çünki, o narkotik vasitə və psixotrop maddə istifadəçisi olmadığını ifadəsində bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 30.11.2020-ci il tarixli 7/830 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qəhvəyi rəngli kağız paketdəki skoçla bağlanmış 01 (bir) ədəd uzunsov formalı şəffaf sellofan bükülüdə təmiz çəkisi 3,774 qram (ilkin tədqiqaat zamanı təmiz çəkisi-3,794 qram olmuş) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin 22.12.2020-ci il tarixli 6/2228 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı cəzaçəkmə müəsssisəsi Zərflər üçün” dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,638 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Mərkəzinin 21.12.2020-ci il tarixli, 3514 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preperatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,794 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 3,738 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 3,754 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3,588 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 4(002)-138/2020 nömrəli 22 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 oktyabr 2020ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.11.2020-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilərək Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli hökmü ilə məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 7(010)-368/2020 saylı qərarı ilə 05 ay 04 gün vaxtından əvvəl şərti azad olunub. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3, 29, 317-1.1-ci maddələri maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs 234.4.3, 29, 317-1.1-ci maddələri oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, lakin cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edildi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 - ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu gün 20 oktyabr 2020-ci il tarixdə Nizami rayon Məhkəməsinin 01.09.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 04 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hazırki çıxarılmış hökmlə hökmlərin məcmüsü üzrə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99- 1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,794 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 3,738 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 3,754 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3,588 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 160 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən ibtidai istintaqdakı müdafiəçisi X1 vəkil işlədiyi 10 saylı Vəkil Bürosunun hesabına 240 manat, məhkəmədəki müdafiəçisi Qafarov Zakir Yaqub oğlunun vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 20 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29, 317- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07(yeddi) il müddətə, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarıı təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 07(yeddi) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə (Nizami rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 04 gün hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 08(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 3,754 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3,588 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsindən ibtidai istintaqdakı müdafiəçisi X1 vəkil işlədiyi 10 saylı Vəkil Bürosunun hesabına 240 manat, məhkəmədəki müdafiəçisi Qafarov Zakir Yaqub oğlunun vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on) manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 160 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar