Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-841/2021 16.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X7 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 qarşı ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olmaqla soyuq silah hesab edilən süngü-bıçağını, satış məqsədilə ümumilikdə 990.789 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və ümumilikdə 45.730 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş qətranını əldə edib daşıyaraq narkotik vasitə qurudulmuş marixuananın bir qismini üzərində, süngü bıçağını, narkotik vasitə olan həşiş qətranını və qurudulmuş marixuananın qalan hissəsini yaşadığı mənzildə saxlamış, 2020-ci il noyabrın 12-də saat 1800-da Sumqayıt şəhəri, X6 qəsəbəsi, ev 2 ünvanının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanıb idarəyə gətirildikdən sonra saat 1930-da xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.789 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 2040-da X2 yaşadığı Sumqayıt şəhəri, X6 qəsəbəsi, ev 2, mənzil 2 ünvanına baxış keçirilərkən mənzilin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olmaqla soyuq silah hesab edilən süngü-bıçağını, satış məqsədilə əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 45.730 qram (bitki mənşəli kütlə) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə həşiş qətranı və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 985 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da X5 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, X5 barəsindəki cinayət işi Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinin tələblərinə riayət olunmadan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən həmin cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 303.1.-ci maddəsinə görə, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinə uyğun olaraq, kobud qanun pozuntusu sayılan cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamasına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 289.3.1.-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir, bu Məcəllənin 289.4.-cü maddəsi əsasında isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 289.3.-cü maddəsində qeyd edilir ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, habelə zərər çəkmiş şəxsi səciyyələndirən hallar əks olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs X3 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olmaqla soyuq silah hesab edilən süngü-bıçağını əldə edib daşıyaraq yaşadığı mənzildə saxlaması ilə əlaqədar ittiham elan edilsə də hazırki ittihamda öz əksini tapmamışdır. Bundan başqa, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 noyabr tarixli 7/798 №-li rəyində X2 üzərindən və evindən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın və narkotik vasitə həşiş qətranının ümumi təmiz çəkiləri müvafiq qaydada 990,789 qram və 45,730 qram qeyd olunmasına baxmayaraq ittiham aktında bu miqdarlar müvafiq qaydada 990.789 qram və 45.730 qram kimi göstərilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289-cu və 290.3.2.-ci maddələrinin və ya 296.2.-ci maddəsinin tələblərinə uyğun olmaması Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsində qeyd edildiyi kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Bütövlükdə göstərilənlər Respublikasının CPM-nin 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu, ittiham aktında təsbit edilməli olan xüsusiyyətlərin göstərilmədiyini və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamaqla məhkəməyədək icraat zamanı yol verilən qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinə müvafiq olaraq, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntudur və belə qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə cinayət prosesinin digər iştirakçılarının fikirlərini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin olunmaqla X5 barəsində olan cinayət işinin baxılmasına xitam verilməli, hazırki cinayət işi Azərbaycan Respublikasının Sumqayıt Şəhər Prokurorluğuna qaytarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 306.1.-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1.-ci, 300.1.5.-ci və 300.1.6.-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 14 noyabr tarixli qərarı əsasında əvvəli 2020-ci il noyabrın 12-dən hesablamaqla 2021-ci il martın 12-dək həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2021-ci il aprelin 16-dək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X2 məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 8 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxs X3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 300.1.5.-ci, 300.4.1.-ci, 303.1.-ci, 303.3.1.-ci, 303.3.6.-cı, 306.1.-ci, 306.1.3.-cü maddələrini rəhbər tutaraq qərara aldı:
1. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və hazırki cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Sumqayıt Şəhər Prokurorluğuna qaytarılsın.
2. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2021-ci il aprelin 16-dək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs X3 göstərilən hüquqi yardımla əlaqədar X1 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına (VÖEN: **********) 48 manat köçürülsün.
4. Qərarın surəti üç gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin.
Sədrlik edən İradə Həsənzadə
Hakimlər Əhməd Quliyev
Azər Paşayev