Məhkəmə qərarları › İş №1(101)-844/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-844/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-844/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1.4-cü maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(009)-147/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 70-ci maddələri tətbiq edilməklə, 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində 02 il şərti sınaq müddəti təyin edilmiş, xx xxxxxxx 2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və özündə və yaşadığı mənzildə saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma məqsədi ilə istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq iki büküm olmaqla kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bir bükümdə təmiz çəkisi 19,500 qram və ikinci bükümdə təmiz çəkisi 98,510 qram olan, ümumi təmiz çəkisi 118,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edərək daşıyıb yaşadığı ünvan 1 ünvanına gətirib gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə qonaq otağında saxlamış, həmçinin xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında qeyd edilən narkotik vasitənin bir bükümdə olmaqla 19,500 qram hissəsini əynindəki qara rəngli uzun qol gödəkçənin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 13:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 10 nömrəli ünvanın qarşısında Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə əldə edərək daşıdığı 1 (bir) ədəd sellofan bükümdə 19,500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin əynində olan qara rəngli uzun qol gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq özünün məlumatı və ərizəsi əsasında həmin tarixdə saat 15:30-da yaşadığı ünvana baxış keçirilən zaman qonaq otağında yerləşən dolaba qoyduğu satış məqsədi ilə əldə edərək saxladığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 98,510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğlu ilə bir binada yaşayır. Belə ki, oğlu ailəsi ilə aşağı mərtəbədə, o, isə oğlundan yuxarı mərtəbədə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə oğlu ilə gəlinini polis əməkdaşları polis idarəsinə aparmışlar. xx xxxxxx 2020-ci il tarixdə onları buraxmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində o, yaşadığı ünvan 3 saylı evində olarkən, polis əməkdaşları evə gəlmiş və onu Yasamal RPİ-nə aparmışlar. Ona bildlirmişlər ki, oğlu ilə gəlinini narkotik vasitə ilə bağlı həbs edəcəklər. Onun nə evində, nə də üzərində narkotik vasitə olmamışdır. Lakin, istintaq orqanı tərəfindən ona əsassız olaraq belə bir ittiham verilmişdir. Ona verilən ittihamla razı deyil. Onda nə narkotik vasitə olmuş, nə də narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarıın suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaqda ifadə vermiş, ifadələrə imza etmişdir. O, Məmməd adlı şəxsi tanımır. 2018-ci il tarixdə o, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin vaxt da onu əsassız tutmuşlar.Elan olunmuş cinayət işinin 33-35-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda təqsirləndirilən şəxsin adının qarşısında olan imza onundur, lakin həmin protokolu oxumadan imza etmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan ünvana baxıış keçirilməsi və götürmə haqqında protokola və təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onundur, oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 71-73, 82-84-cü və 217-219-cu vərəqələrində olan şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Son bir neçə gündür ki, mən heroin narkotik maddəsinin satışı ilə məşğul oluram. Həmin narkotik maddə heroni tanımadığım şəxslərə bir qraminı 20 manata satıram. Həmin şəxslər yaşadığım qapıya gəlir və mən onlara yaşadığım evdə ailə üzvülərimdən xəbərsiz bunu edirdim ki, bilən olmasın. Mən tutulmamışdan bir neçə gün əvvəl üzərimdən və yaşadığım mənzildən aşkar olunmuş heroin maddəsini Səbail rayonu ərazisində Badamdar adlanan ərazidə yanacaq doldurma məntəqəsinin yaxınlığında tanımadığım İran İslam Respublikasının vətəndaşı Məmməd adlı şəxsdən bank hesabına 1000 (min) manat pul köçürməklə almışdım. Özüm də bədənimdə ağrılar olduğuna görə mütəmadi metamfetamin dərmanı qəbul etdiyimə görə halsız oluram və pulu köçürtdüyüm Məmmədin hesab nömrəsini, yəni, kart nömrəsini, eyni zamanda hansı bank olduğunu xatırlamıram. Məmməddən narkotik vasitə heronini aldıqdan sonra bir qisminı şəffaf selofanda cibimdə saxlamışam, qalan hissəsini isə yaşadığım evdə dolabın içərisinə qoymuşdum. xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində yaşadığım ünvan 3 saylı evin qarşısında piyada hərəkət edərkən iki nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşaraq özlərini mənə təqdim etdilər və xidməti vəsiqələrini göstərdikdən sonra mən onların polis əməkdaşları olduqlarını bildim. Daha sonra həmin polis əməkdaşları barəmdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib məni Narkoiklərlə Mübarizə İdarəsinə gətirdilər. İdarədə xidməti otaqların birində dəvət olunmuş bir xanımın iştirakı ilə üzərimə şəxsi axtarış aparılmış, axtarış zamanı polis əməkdaşı mənə üzərimdə qanunla qadağan olunmuş əşyanın olub olmadığını, olduğu halda təqdim etməyim təklif olundu, mən də həmin vaxt əynimdə olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd bir manatlıq əskinaz və bir bükümdə narkotik maddə heroini çıxarıb masanın üzərinə qoydum. Maddənin nə olduğunu soruşduqları zaman polis əməkdaşlarına həmin maddənin heroin narkotik maddəsi olduğunu və həmin maddəni təxminən bir həftə əvvəl Badamdar qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında özünü mənə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən üzdən tanıdığım Məmməd adlı şəxsdən 1000 manata aldığımı, həmin maddənin bir hissəsinin isə yaşadığım evimdə dolabda gizlətdiyimi polis əməkdaşlarına dedim. Daha sonra mənim və vəkilimin iştirakı ilə evə gəldik və yaşadığım ünvan 3 nömrəli ünvanda qonaq otağında dolabdan sellofan bağlamada olan bir büküm heroin maddəsini vəkilimin iştirakı ilə polis əməkdaşlarına verdim. Mənə polis əməkdaşları tərəfindən təzyiq olmayıb. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. İfadələrinin sonunda olan imzalar ona məxsusdur, lakin ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə İdarəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupunun yaradılması üçün raportla İdarəyə müraciət etmiş, bundan sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o, və digər əməliyyatçı Şahid2 olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 13 radələrində Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edib, onlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olduğunu bildirmişlər. Bundan sonra təqsirləndirilən şəxsi İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs İdarəyə gətirildikdən sonra təqsirləndirilən şəxsin üzərinə təhqiqatçı tərəfindən, onun, Şahid2, Şahid3 və müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış aparılmışdır. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun gödəkçəsinin sağ yan cibindən 3 ədəd 1 manatlıq pul və şəffaf sellofan bağlamada olan 1 büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra təqsirləndirilən şəxsin üzərinə Şahid3 vasitəsi ilə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm zərfə qoyulub qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə olan heroin özünə məxsusdur və onu telefonla tanış olduğu İran Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən, qramını 20 manatdan satmaq üçün Badamdart qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında almışdır. Həmçinin, təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun və əməliyyat müvəkkili Şahid2, müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə sonuncunun yaşadığı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən evə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxsə mənzildə qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs həmin evin yataq otağında dolabın içərisindən şəffaf sellofan bağlamada olan 1 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış zamanı içərisində açıq qəhvəyi rəngli, iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni də telefonla tanış olduğu iranlı “Məmməd” adlı şəxsdən kart hesabına 1000 manat pul köçürməklə Badamdart qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında, qramını 20 manatdan satmaq üçün aldığını bildrimişdir. Axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib eilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə günorta saatlarında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasının yanından keçən zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq saxlanılmış bir qadının üzərinə keçiriləçək baxışda iştirak etmək üçün idarəyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə idarənin binasına gəlmişdir. Bundan sonra sonradan adı ona məlum olan Yaqubova Aynur İsfəndiyar qızının üzərinə onun və digər iki nəfər polis əməkdaşının və müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış aparılmışdır. Üzərinə axtarış keçiriləcək Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar təqdim edilməsi təklif edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan bağlamada olan 1 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, kəskin iyli kütlə aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə qablaşdırılmışdır.Onun yanında təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni telefonla tanış olduğu İran vətəndaşı “Məmməd” adlı şəxsdən, qramını 20 manatdan satmaq üçün Badamdart qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığından almışdır. Həmçinin, təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış qurtardıqdan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 10 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edib, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 33-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2020ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 10 ünvanının qarşısında saxlanılanılaraq Baş İdarəyə gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmadan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkçəsinin sağ yan cibindən 3 (üç) ədəd 1 (bir) manatlıq pul əsginaslarını və şəffaf sellofan bağlamada olan 1 (bir) ədəd bükümü təqdim edərək masanın üzərində qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Şahid3 vasitəsi ilə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin özünə məxsusdur, həmin kütləni bir həftə əvvəl telefonla tanış olduğu İran Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən, qramını 20 manatdan satışını həyata keçirmək üçün Badamdar qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında aldığını, həmçinin, yaşadığı ünvanda da narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 3 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmış, aşkar edilmiş büküm isə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı kamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 40-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ünvana baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 10 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabdan şəffaf sellofan bağlamada olan 1 (bir) büküm təqdim edərək masanın üzərinə qoymuş, baxış zamanı həmin şəffaf sellofan bağlamada olan bükümdə açıq qəhvəyi rəngli, iyli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni telefonla tanış olduğu iranlı “Məmməd” adlı şəxsdən bir həftə əvvəl, kart hesabına 1000 manat pul köçürməklə Badamdar qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında alaraq əldə etdiyini, həmin narkotik vasitə olan heroinin qramını 20 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Baxış və götürmə zamanı “Sony” markalı kamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2658 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...” və s yazılar, imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 19.500 qram qəhvəyi rəngli maddə kütləsi və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı təqdim etdiyi...” və yazılar, imzalar olan kağız paketdəki 01 ədəd sellefon bağlamada təmiz çəkisi 98.510 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 paketdəki heroinlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınan video görüntünü özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamaı müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkçəsinin sağ yan cibindən 3 (üç) ədəd 1 manatlıq pul əsginaslarını və şəffaf sellofan bağlamada olan 1 (bir) büküm təqdim edərək masanın üzərində qoymuş, həmin bükümə baxış keçiriləndə içərisində açıq qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. İçərisində kütlə olan şəffaf sellofan bağlamadakı büküm qablaşdırılaraq, götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 3 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni bir həftə bundan əvvəl telefonla tanış olduğu İran Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən, qramını 20 manatdan satışını həyata keçirmək üçün Badamdar qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında alaraq əldə etdiyini, həmçinin yaşadığı ünvanda da narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirimləsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs mənzilinə baxış və götürmə aparılması zamanı aparılmış video görüntüləri əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın rəfindən şəffaf sellofan bağlamada olan 1 (bir) büküm təqdim edərək masanın üzərinə qoymuş, şəffaf sellofan bağlamada olan bükümə baxış zamanı içərisində açıq qəhvəyi rəngli, iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs yaşayış evinin digər hissəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi müəyyən edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olmadığını bildirdiyi üçün ünvana baxış keçirilməmişdir. Sorğu zamanı o, həmin heroinin özünə məxsus olduğunu, həmin kütləni telefonla tanış olduğu İranlı “Məmməd” adlı şəxsdən bir həftə bundan əvvəl, kart hesabına 1000 manat pul köçürməklə Badamdar qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında alaraq əldə etdiyini, həmin narkotik vasitə olan heroinin qramını 20 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Cinayət işinin 99-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, X1 bacısı Təqsirləndirilən şəxs məxsus 01 ədəd **********22174 və **********22182 İMEİ kodlu “Redmi Note 9S” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Cinayət işinin 164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrinə daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış zamanı həmin nömrələrə müxtəlif mobil nömrələrdən sms və zənglər gəldiyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə, saat 18:50:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrədən 99***-***-**-** nömrəsinə “Pike nolarki hec olmasa 500 manat verde gelen kimi maluvu verim sat götür puluvu onsuzda kupcini qoyub senide ozumude palajeniden cixardaciyamda”; xx.xx.2020-ci il tarixdə saat 20:46:02-də 99***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** mobil nömrəsinə “bibi uje komendant vaxtidi men nece gelicem suz terefe ozumde lomkada bes sene didim axi bibu gec aliniceysa men iwimi awitdim lomkada galmiyim” məzmunlu mesajlar daxil olmuşdur. Cinayət işinin 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 5/994 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “X9 9S” markalı arxa markalanma göstəricisinə görə “M2003J6A1G” modelli “**********22174, **********22182” imei kodlu mobil smartfondur. Rəyin “Tədqiqi hissəsi” nin 2-ci hissəsində göstərilən səbəblərə görə təqdim edilmiş “X9 9S” markalı M2003J6A1G modelli mobil smartfonla “UFED TOUCH 2” markalı qurğu arasında əlaqə yaradılmadığı üçün mobil smartfonun yaddaşında hər hansı bir tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işinin 190-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, ***- **** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Məmməd adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 205-206-cı vərəqələrində olan ********* nömrəli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 20009409 nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, istintaq dövründə ifadələri oxumadan imza etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biridigəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1.4cü maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmiş; cinayət işinin 133-138-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(009)-147/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 70-ci maddələri tətbiq edilməklə, 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində 02 il şərti sınaq müddəti təyin edilmiş, cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 172-ci vərəqəsində olan Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, 21-1/283783 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(009)- 147/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə müvafiq olaraq şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 175-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 32 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx xxxxxx 2021-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi və intihara cəhdlər etməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə onda “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunub. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu onu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum etməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallar düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermə qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)-683/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarsəsinin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, sonuncuya məxsus, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 117.91 qram qalıq heroin məhv edilməli, şəxsi axtarış və götürmə və mənzilə baxış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 163.55 (yüz altmış üç manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarsəsinin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, sonuncuya məxsus, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 117.91 qram qalıq heroin məhv edilsin. Şəxsi axtarış və götürmə, mənzilə baxış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 163.55 (yüz altmış üç manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar