Məhkəmə qərarları › İş №1(101)-855/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-855/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-855/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, natamamorta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən “Əşya bazarı”-nın yaxınlığında olan meyvə bazarında nar alarkən əvvəlcədən ədavəti olmuş Şahid1 ilə mübahisə edən zaman əvvəlcədən tanıdığı sonuncunun şəriki Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq mübahisəni sakitləşdirmək əvəzinə onu itəliyərək ünvanına nalayiq ifadələr işlətmiş və Zərərçəkmiş şəxslə Şahid1 onu təkləməsindən əsəbləşdiyindən yaşadığı evə gedərək əvvəlcədən özündə olan 12 kalibrli “Churchill” markalı 16234790 nömrəli yivsiz odlu ov silahını götürüb idarə etdiyi qara rəngli “BMW” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mübahisə baş verən yerə qayıtmış, orada yalnız Zərərçəkmiş şəxs gördüyü üçün sonuncudan intiqam almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, niyyətini qətiləşdirdikdən sonra idarə etdiyi avtomobildən düşməyərək həmin silaha 3 mm ölçüdə qırma doldurulmuş patronu yerləşdirərək 34 metr məsafədən Zərərçəkmiş şəxs nişan alaraq atəş açmış və atəş nəticəsində sonuncuya 4-cü bel fəqərəsinin cisminin sağ faset oynağının zədələnməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid başın alın nahiyəsinin sağda 2 ədəd, sağ qulaqarxasında 1 ədəd, sağ qulaq seyvanının 1 ədəd, başın təpə nahiyəsinin 6 ədəd, sağ yuxarı ətrafın 8 ədəd, sağ qaşüstü nahiyəsinin 1 ədəd, döş qəfəsinin sağ arxa səthinin 2 ədəd, sağ bel nahiyəsinin 1 ədəd yaraları, sağ böyrəyin kortikal qatında qalan 1 ədəd yad cisim (qırma) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin hadisə zamanı səs-küyə gələn şəxsləri görüb öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, bununla da onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, “20 yanvar” küçəsində yerləşən icarə əsasında yuyucu tozu, şampun və s. malların satışı ilə məşğul olmuşdur. Təxminən bir neçə müddətdir ki, Şahid1 ilə münasibətlərində problem olmuşdur. Yalçın həmçinin bibisi oğlunun kirvəsi olduğuna görə onunla qohumluq əlaqələri vardır. Bir neçə ay bundan əvvəl qardaşı Eminlə Yalçının xalası oğlu Anar arasında ticarətlə məşğul olduqları yarmarkada kiçik mübahisələri olmuş, həmin mübahisənin sabahı münasibətləri yoluna qoymaq üçün onlar hamısı görüşmüş, həmin vaxt orada Yalçınla sözləri düz gəlmədiyi üçün mübahisə olmuşdur. Sonuncu dəfə 15 oktyabr 2020-ci il tarixdə səhər saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən “Əşya bazarı” deyilən ərazinin yanında olan meyvə bazarından nar şirəsi hazırlamaq üçün nar almağa getmiş, həmin vaxt Yalçın da bazarda olmuşdur. Yalçın yanından keçərkən ona salam verməmiş, həmin vaxt Yalçınla danışmadığından sonuncu ilə aqressiv formada salamlaşmış və Yalçın bu formada salam verdiyi üçün onunla mübahisə etməyə başlamışdır. O, Yalçınla mübahisə edərkən sonuncunun yanına kənardan bir neçə adam gəlmiş və bunlardan biri də Yalçının şəriki Zərərçəkmiş şəxs olmuşdur. Yalçınla tutuşduğu zaman Natiq onları ayırmaq əvəzinə ona qarşı nalayiq ifadələr işlədərək Yalçından uzaq durmağını deyib onu itələmişdir. O, tək olduğu üçün Yalçınla Natiqin bu hərəkətlərinə çox əsəbləşmişdir. Həmin vaxt kənardan Əlizamin adlı şəxs onları aralamış və ona getməyini demiş, o da ağsaqqalın sözünə qulaq asıb getmiş, lakin sonradan Yalçınla Natiqin birləşib ona qarşı bu formada hərəkət etdiklərini düşünüb əsəbləşdiyindən evə gedərək 2017-ci ildə ovçulardan aldığı, rəsmi adına şəhadətnaməsi olan 12 kalibrli “Churchill” markalı 16234790 nömrəli ov silahını götürüb yenidən idarə etdiyi “BMW” markalı **-ZX-*** dövlət nişanlı avtomobili ilə bazara geri qayıtmışdır. Həmin vaxt Yalçını görməsə də, Natiq bazarın yanında dayanacaqda olmuşdur. O, Yalçını orada görməyib bazarda olduğunu düşünmüş, lakin sonuncunu vurmaq üçün bazara daxil olub orada camaatı qorxuya salmaq istəməmişdir. Buna görə də Natiqi vurmaq qərarına gəlmişdir. Həmin vaxt Natiq onun əlindəki silahı görüb təşvişə düşmüşdür. Onun maşından düşüb Natiqə yaxın məsafədən atəş açmağa imkanı olsa da, ölə biləcəyini düşünüb bunu etməmişdir. Belə ki, 3 ildən artıq həmin silahla ovçuluqla məşğul olduğundan və silaha yerləşdirdiyi qırmanın uzaq məsafədən öldürücü olmadığını, yalnız xəsarət yetirə biləcəyini bildiyi üçün avtomobildən düşməyərək Natiqi qorxutmaq üçün təxminən 30-35 metrlik məsafədən “siz kişi deyilsiz, kişi tək söhbət edər” deyib ona tərəfə atəş açmışdır. Açdığı atəşin Natiqə dəydiyini və sonuncunun yerə yıxıldıqdan sonra hərəkət etdiyini görmüş, avtomobilində əlavə patronu və Natiqə yenidən atəş açmaq şəraiti olsa da, niyyəti onu öldürmək olmadığından oranı tərk edib evə qayıtmışdır. Daha sonra maşını evin qarşısında saxlayıb evə qalxmış, həmin vaxt bacısı Leyla qızı ilə evdə olmuşdur. Silahı həyətyanı sahədə gizlətmiş, sonra da baş verənlər barədə danışıb Şamaxı rayonuna getmək üçün evdən çıxmışdır. Daha sonra taksiyə minərək əvvəlcə Xırdalan şəhərinə qardaşı Eminin yanına getmiş və bundan təxminən 1 saat sonra Sumqayıt ŞPİ-nin əməkdaşları onu tapıb polis idarəsinə gətirmişlər. O, ovçular cəmiyyətinin üzvü olmuşdur. Ov üçün Şamaxı rayonuna getmişdir. Silahı 5 patron tutur, hadisə zamanı isə silahda bir patron, maşında 1, evdə isə 2 əlavə patron olmuşdur. Natiqə 30-35 metr məsafədən atəş açmışdır. Hadisə səhər saat 9 radələrində baş vermişdir. Həmin gün Natiq onu təhqir etmişdir. Atəş açdıqdan sonra oradan çıxıb getmişdir. Natiq ilə ailəvi yaxın münasibətləri olmuşdur. Onun Natiqi öldürmək niyyəti olmamışdır. Bir dəfə atəş açmış, atəş açdığı zaman ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2-3 ildən çoxdur ki, tanıyır. Belə ki, Loğman 12-ci mikrorayon ərazisində yarmarkada işlədiyi dövrdə yuyucu tozu satmışdır. 15 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində İnşaatçılar qəsəbəsində yerləşən “Əşya bazarı” kimi tanınan bazarda işi ilə məşğul olarkən səs-küy eşitmiş və görmüşdür ki, Loğmanla şəriki Yalçın mübahisə edirlər. Həmin vaxt onlar tərəfə getdiyində Loğmanın Yalçınla yekə-yekə danışdığını görüb Yalçını müdafiə məqsədilə ona qarşı nalayiq ifadə işlətmiş, Yalçından uzaq durmağını deyib onu itələmişdir. Həmin vaxt Loğmanla Yalçın bir-birinə zərbə endirməsələr də, mübahisə etmişlər. Bundan sonra bazarda işləyən Əlizamin dayı gəlmiş və X2 ağsaqqal kimi sayıb ayrılmışlar. Hadisədən sonra Loğman oranı tərk edib getmiş, o isə iş yerinə qayıtmışdır. Daha sonra anbarı bağlayıb bazarın çıxışında olan kafenin içindən dayanacağa doğru getmişdir. Orada heç kimin olmadığını görüb “Kia Optima” markalı **- DL-*** dövlət nömrə nişanlı avtomobilinə doğru gələrək qapılarını açmış, avtomobildə ətirdən istifadə etdikdən sonra yenidən qapıları bağlayaraq dayanacağın içərisinə doğru gedərkən Loğmanın “BMW” markalı avtomobillə “Əşya bazarı” istiqamətində gəldiyini görmüşdür. Loğman bazarın önündə yerləşən sürət kamerasının altından geriyə dönərək dayacağın girişində təxminən 30-35 metr məsafədə maşını saxlayıb avtomobilin içərisindən qışqıraraq Yalçınla onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış və pəncərədən silahı ona doğruldaraq 1 dəfə atəş açmışdır. Atəş nəticəsində o, yerə yıxılmış və Loğmanın hansı istiqamətə getdiyini görməmişdir. Ona məxsus anbarda fəhlə işləyən Elsevər atəş açıldığını gördükdə dərhal yanına gəlib onu yerdən qaldırmışdır. Təsadüfən həmin anda təcili tibbi yardım maşını ərazidən keçdiyinə görə bazarda işləyənlər maşını saxlatdıraraq onu təcili tibbi yardım maşınına mindirmişlər. Həkimlər dərhal ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. X3 adlı şəxs ayırmışdır. Hadisə zamanı Loğman ona 1 dəfə atəş açmışdır. Əvvəllər Loğmanla aralarında mübahisə baş verməmişdir. Atəş açılan zaman Loğmanla onun arasında 30-35 metr məsafə olmuşdur. Loğmanla ailəvi tanışlığı olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində övladını məktəbə apardıqdan sonra İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən “Əşya bazarı” adlanan yerdə olan meyvə bazarına gəlmişdir. Həmin bazarda Natiq adlı dostu ilə şərikli meyvə-tərəvəzin topdan satışı ilə məşğul olmuşdur. İşi ilə bağlı hesablamaları bitirdikdən sonra iş görüşməsi üçün bazardan çıxmaq istəyərkən Loğmanla rastlaşmışdır. Loğmana salam verdiyində ona aqressiv cavab vermiş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Loğmana qarşılıq verdikdə aralarında mübahisə yaranmışdır. Bu zaman şəriki Natiq onu müdafiə edərək Loğmanı söyüb kənara itələmiş və uzaqlaşmağını demişdir. Bundan sonra həmin bazarda boranı satışı ilə məşğul olan Əlizamin onları ayırmışdır. Loğman bazarı əsas giriş istiqamətindən tərk etmış, o isə həmin bazarın dayanacağında taksi fəaliyyəti ilə məşğul olan qardaşı Xəqaninin yanına getmək üçün bazarın çayxanası olan çıxışından çıxıb qardaşının həmişə maşını saxladığı “Köhnə Tovuz” kafesinin qarşısına getmişdir. Xəqaninin orada olmadığını görüb zəng etmiş və Loğmanla mübahisə etdiyini, gəlib onu götürməsini demişdir. Bundan 3-4 dəqiqə sonra atəş səsi eşitmiş və bundan sonra bazarda işləyən bir neçə şəxs çaxnaşmaya düşərək Natiqin vurulduğunu demişdir. Ora getmək istəyəndə ona bazarda işləyən adlarını bilmədiyi 3-4 nəfər getməməyini və orada silahlı biri olduğunu demişlər. Bu anda Elsevər adlı fəhlə zəng edərək “Loğman Natiqi vurdu, biz xəstəxanaya gedirik, sən gəl anbara” demişdir. O da Məhəmmədəli adlı tanışına zəng edərək anbarda heç kimin olmadığını və ora getməsini demişdir. Artıq təcili tibbi yardım maşını Natiqi xəstəxanaya apardığından o, Anar adlı qohumunun maşını ilə xəstəxanaya getmişdir. Natiqin vurulduğunu ona Elsevər demişdir. O, xəstəxanaya getsə də, Natiqi görə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində, İnşaatçılar qəsəbəsində yerləşən meyvə-tərəvəzin topdan satışı yeri olan “Əşya bazarı”-nda fəhlə işləyərək gündəlik 15 manat məvacib alır. İşi hər gün səhərə yaxın saat 5 radələrində başlayıb günorta saatlarına qədər davam edir. 15 oktyabr 2020-ci il tarixdə həmişəki kimi səhər saatlarından başlayaraq saat 9 radələrinədək işini bitirdikdən sonra səhər yeməyi yemək üçün bazarın daxilində yerləşən kafeyə getmişdir. Həmin vaxt Yalçınla Natiq də anbarda olmuşlar. O isə kafeyə getdikdən sonra tək olmuş və yanında heç kim olmamışdır. Yeməyini yeyib bitirdikdən sonra çay içərkən atəş səsi eşitmiş və dərhal kafedən çölə çıxıb atəş səsi gələn tərəfə getmişdir. Həmin vaxt bazarın qarşısında kafenin arxasında yerləşən dayanacaqda müdiri Natiqi qana bulanmış vəziyyətdə yerdə üzü aşağı uzanıqlı vəziyyətdə görüb ona kömək etmək üçün yaxınlaşmışdır. Bundan sonra ətrafda xatırlamadığı şəxslər də Natiqə kömək etmək üçün ora yaxınlaşmışlar. Həmin vaxt Natiq özündə olduğundan və sağ qulaq nahiyəsi qanadığından sol əli ilə sağ əlini tutub sağ qulaq, gicgah nahiyəsinə gətirib nə olduğunu soruşmuş, o da heç nə olmadığını, təcili tibbi yardımın gələcəyini demişdir. Hadisə zamanı Natiqin bədəni üzərində xırda dairəvi formada bir neçə qırma yaraları olmuşdur. Elə həmin ərəfədə təcili tibbi yardım avtomobili bazarın qarşısından keçdiyi üçün orada olan xatırlamadığı yoldaşlar həmin avtomobili saxlatdırmış və onlar dərhal Natiqi təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Yolda olarkən o, baş vermiş hadisə barədə Yalçına zəng edib danışmışdır. Hadisə baş verən zaman 1 dəfə atəş səsi eşitmişdir. X4 arasında hər hansı bir mübahisə olmasını eşitməmişdir. Hadisədən sonra kömək edib Natiqi ayağa qaldırmışlar. Natiqin vəziyyəti yaxşı olmuş, onun üzündən qan axmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qardaşı Loğmanla uzun müddət Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yarmarkada yuyucu vasitələr satmış, anası və bacısı da onlara kömək etmişdir. Zərərçəkmiş şəxs və Şahid1la da ilk dəfə burada tanış olmuşdur. Belə ki, Natiqlə Yalçın da həmin yarmarkada olan yan dəzgahda meyvə-tərəvəz satmışdır. Sonuncuların onunla və Loğmanla münasibəti normal olmuşdur. Həmçinin Yalçının onlarla qohumluq əlaqəsi olmuşdur. Ancaq hadisədən bir neçə ay əvvəl onunla Yalçının xalası oğlu Anarın arasında kiçik mübahisə baş vermişdir. Həmin günün sabahı mübahisəni aydınlaşdırıb yoluna qoyarkən qardaşı Yalçınla Loğmanın sözləri üst-üstə düşmədiyindən aralarında mübahisə olmuşdur. Həmin gündən sonra onların münasibətləri pozulmuşdur. Sonuncu dəfə 15 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən qardaşı Loğman onlara gəlmiş və hadisə barədə danışmışdır. Belə ki, səhər saatlarında bazara nar almağa gedərkən orada Yalçınla rastlaşdığını, küsülü olduqlarından sonuncunun ona salam verməsindən əsəbləşib aqressiv cavab verdiyini, tutuşduqlarını, həmin vaxt Natiqin kənardan gələrək Loğmanı söyüb itələdiyini, Yalçınla Natiqin bir yerdə Loğmanı təkləmək istədiklərindən qardaşı əsəbləşdiyi üçün əvvəlcədən özündə olan rəsmi ov silahı ilə dayanacaqda Natiqə xəsarət yetirdiyini və niyyətinin sonuncunu öldürmək niyyəti olmadığını, sadəcə hadisədən qorxduğu üçün qaçıb yanına gəldiyini bildirmişdir. Qardaşı Loğman ona hadisə barədə danışdıqdan sonra onu Şamaxı şəhərinə aparmağını istəmiş, o isə əvvəlcə razılaşsa da, bir neçə dəqiqədən sonra fikrini dəyişərək Loğmana “qardaş ən yaxşısı təslim olmaqdır, qanundan qaçmaq olmaz” demiş və bundan sonra Loğman təslim olmaq üçün Sumqayıt ŞPİ-nə gedəcəyini deyib onunla sağollaşmışdır. Loğman ona özünə məxsus olan ov silahı ilə Natiqi yaraladığını bildirmişdir. X4 arasında hər hansı bir mübahisə olmasını eşitməmişdir. Loğman baş verən hadisə zamanı məqsədinin Natiqi öldürmək olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşir. Sözügedən dayanacaq “Əşya bazarı” kimi bilinən ərazinin arxa hissəsində yerləşən meyvə bazarının qarşısında olan 36x52m ölçüdə dayanacaq sahəsidir. Dayanacaq ikizolaqlı yolun kənarında yerləşib ərazisində bir neçə yük və minik avtomobilləri park edilmişdir. Dayanacağın bazar tərəfi daş tikili ilə hasarlanmış, sol tərəfində kollarla hasarlanmış adsız kafe fəaliyyət göstərir, sağ və yol istiqamətində olan hissəsi isə açıq vəziyyətdədir. Dayanacağın yer örtüyündə bazar istiqamətində olub mərkəz hissəsində, yoldan 34 metr məsafədə bir-birindən 47 sm aralıqda iki hissədə qanabənzər izlər vardır. Baxış zamanı ayrı-ayrı yerlərdə olduğu üçün həmin ləkələr 1 və 2 rəqəmləri ilə nömrələnərək pambıq vasitəsilə hopdurulmaqla müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Dayanacağa baxış zamanı bundan başqa hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində şübhəli əşya və ya predmet müşahidə edilməmişdir (cild 1, iş vərəqə 3-5). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya X5 16 oktyabr 2020-ci il tarixli 1288 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın alın nahiyəsinin sağda 2 ədəd, sağ qulaqarxasında 1 ədəd, sağ qulan seyvanının 1 ədəd, başın təpə nahiyəsinin 6 ədəd, sağ yuxarı ətrafın 8 ədəd, sağ qaşüstü nahiyəsinin 1 ədəd, döş qəfəsinin sağ arxa səthinin 2 ədəd, sağ bel nahiyəsinin 1 ədəd yaraları, sağ böyrəyin kortikal qatında qalan 1 ədəd yad cisim (qırma), 4-cü bel fəqərəsinin cisminin sağ faset oynağının zədələnməsi. Qeyd olunan xəsarətlər patronu qırma ilə doldurulmuş hamar lülə ov silahından açılmış atəşlə yetirilə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilməsi inkar olunmur, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 15.10.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə 4-cü bel fəqərəsinin cisminin sağ faset oynağının zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, digər xəsarətlər, yəni başın alın nahiyəsinin sağda 2 ədəd, sağ qulaqarxasında 1 ədəd, sağ qulaq seyvanının 1 ədəd, başın təpə nahiyəsinin 6 ədəd, sağ yuxarı ətrafın 8 ədəd, sağ qaşüstü nahiyəsinin 1 ədəd, döş qəfəsinin sağ arxa səthinin 2 ədəd, sağ bel nahiyəsinin 1 ədəd yaraları, sağ böyrəyin kortikal qatında qalan 1 ədəd yad cisim (qırma) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Atəş əlavə faktorların təsir hüdudu xaricində açılmış, zərərçəkən ayaq üstə bədəninin sağ ön-yan səthi ilə atəş açana doğru ola bilərdi. Zərərçəkmiş şəxs bədənində kor qırma yaralarından başqa digər xəsarətlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 160-162). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya X5 17 oktyabr 2020-ci il tarixli 1303 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqə 164-165). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2020-ci il tarixli 6/2561 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində Zərərçəkmiş şəxs və Şahid1 məxsus paltarların tərkib liflərindən yoxdur (cild 1, iş vərəqə 177-180). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2020-ci il tarixli 3/1948; 3/1962 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli “Vinçester” tipli “Churchill MAGNUM” modelli “16234790” №li daxili çaxmaqlı pompalı təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30- 40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz hamar lüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehal edilmiş müxtəlif kalibrli yivsiz odlu ov tüfənglərində, o cümlədən tədqiqata təqdim edilmiş “Vinçester” tipli “Churchill MAGNUM” modelli “16234790” №li ov tüfəngində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - qırmadır. Həmin qırma ilə tədqiqata təqdim edilmiş patronun daxilindəki qırmalar quruluşuna, ölçüsünə, formasına və s. əlamətlərinə görə eynilik təşkil edir. Eksperiment nəticəsində müəyyən edilmişdir ki, “Churchill” markalı 16234790 nömrəli ov silahından 34 metr məsafədən təqdim edilmiş 3 mm ölçüdə qırma doldurulmuş patrondan istifadə etməklə açılan atəş hədəfi məhv etmək gücünə malikdir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 1 ədəd jaket, 1 ədəd qısaqol köynək və 1 ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən geyim əşyaları üzərində olan zədələr giriş zədələri olmaqla hamar lüləli (yivsiz) odlu silahdan açılan atəş(lər) nəticəsində 2 metrdən yuxarı məsafədən müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilmiş qırmaların təsirindən də yarana bilər. Zədələri yetirən alətin formasını, ölçüsünü, çəkisini və başqa ümumi və xüsusi əlamətləri barədə mühakimə yürütməyə imkan verən əlamətlər yoxdur. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 1 ədəd açıq mavi rəngli, cins şalvarın səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr və atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir (cild 1, iş vərəqə 183-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 18 dekabr 2020-ci il tarixli 2479 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. O, cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir və onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 189-191). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya X5 15 yanvar 2020-ci il tarixli 906/2020-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş 1 ədəd qolsuz mayka, futbolka, jaket və 2 ədəd çubuqlu pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 1 ədəd cins şalvar üzərində qanabənzər ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir demək mümkün olmamışdır (cild 1, iş vərəqə 214-218). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya X5 18 yanvar 2021-ci il tarixli 583/2020-MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin yuxarı-orta nahiyəsində 3 ədəd; köynəyin sağ çiyin və sağ qolunun üzərində 6 ədəd; jaketin sağ çiyin, sağ kürək və sağ qolunun üzərində 7 ədəd; maykanın sağ yan nahiyəsində 2 ədəd zədələr odlu silah zədələnmələri olub qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: köynəyin əsasən yuxarı hissələrində, maykanın sağ-yan hissəsində, jaketin sağ çiyin və sağ qolunun üzərində fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Köynəyin ön-yuxarı hissəsində, jaketin yuxarı hissəsində, maykanın ön hissəsində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmiş, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcə, sviter və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 220-223). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “BMW” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin avtomobil tünd göy rəngli olmaqla 5 nəfərlik oturacağı olub 4 qapısı vardır. Salonun oturacaqları dəri materialdandır. Oturacaqların ayaqaltıları rezin materialdan olub qara rəngdədir. Avtomobilə baxış zamanı qabaq sərnişin oturacağı ilə sükan oturacaq arasında olan dirsəkaltı hissəsində 1 ədəd 2 sm diamterində, uzunluğu 5,6 sm olan daxilində xırda qırmaları olan patron müşahidə edilmişdir. Həmin patron istintaq əhəmiyyəti kəsb etdiyi üçün müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı hər hansı istintaq üçün əhəmiyyət kəsb edəcək hal müşahidə edilməmişdir (cild 1, iş vərəqə 6-9). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində, “Əşya bazarı” adlanan ərazidə Şahid1 Zərərçəkmiş şəxslə şərikinə icarə əsasında işlətdiyi anbarın giriş hissəsində quraşdırılmış videomüşahidə kamerasına baxış keçirilərkən müəyyən edilmişdir ki, anbarın giriş hissəsində quraşdırılmış videomüşahidə kamerasının 15 oktyabr 2020-ci il tarixdə aldığı görüntülərdir. Belə ki, anbarın giriş qapısında quraşdırılmış 4 nömrəli kameranın 15.10.2020-ci il tarixdə saat 9:32-də olan görüntüsündən müşahidə edilir ki, Şahid1 anbarın qarşısından bazarın çıxışı istiqamətində irəliləyərək orada bir nəfər şəxslə (Təqsirləndirilən şəxslə) bir-birinə zərbə endirmədən əlləri ilə tutuşurlar. Bundan sonra Zərərçəkmiş şəxs həmin mübahisənin baş verdiyi yerə gedərək onlara müdaxilə edir və tez bir zamanda onlar kənardakı şəxslərin təsiri ilə oradan ayrılaraq bazarı tərk edirlər. Görüntülərə baxış zamanı mübahisədə iştirak edən şəxslərin bir-birinə zərbə endirməsi və xəsarət yetirməsi müşahidə edilməmişdir (cild 1, iş vərəqə 120-121). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Sumqayıt ŞPİ-nin 4cü Polis Bölməsindən əməliyyat tapşırığına cavab olaraq daxil olmuş arayışda göstərilmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əvvəlcədən üzərində olan “Churchill” markalı 16234790 nömrəli ov silahı ilə açdığı atəş nəticəsində xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsi faktı ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında mübahisə yaranmış, bu zaman Şahid1 şəriki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələyərək söyüb təhqir etdiyi üçün Loğman özünü təklənmiş hiss edərək avtomaşında saxladığı “Churchill” markalı 16234790 nömrəli ov silahı ilə avtomaşın dayanacağından Zərərçəkmiş şəxs atəş açmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs istifadə etdiyi silahı Loğmanın anası istintaq orqanına təqdim etmişdir (cild 1, iş vərəqə 226). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz gödəkcəyə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: şalvar qara rəngli qarışıq materialdandır, üzərində ağ rəngli cızıqlar vardır. Şalvarın uzunluğu 103 sm, bel nahiyəsində eni 46 sm-dir. Şalvar öndən zəncirbənd və düymə ilə bağlanılır. Şalvarın 2 ədəd yan, 2 ədəd arxa cibləri vardır. Şalvarın bel nahiyəsinə kəmər keçirmək üçün nəzərdə tutulan 6 ədəd ilgək tikilmişdir. Şalvarın bel nahiyəsinə daxildən üzərində “emporio armani” yazısı olan, xaricdən həmin yazılı qara rəngli dəriyəbənzər materialdan olan etiket tikilmişdir. Şalvarın bel nahiyəsinə xaricdən olan etiketin və sağ-arxa cibinin üzərinə boz metalik emblem yapışdırılmışdır. Şalvarın üzərində geyilmə izləri müşahidə olunur. Şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Sviter qara rəngli toxunma materialdandır. Sviterin uzunluğu 64 sm, çiyin nahiyəsində eni 50 sm, qollarının uzunluğu 58 sm-dir. Sviterin boyun nahiyəsinə daxildən üzərində “lonn” yazısı olan etiket tikilmişdir. Sviterin üzərində geyilmə izləri müşahidə olunur. Sviterin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Gödəkcə qara rəngli sırıqlı materialdandır, qolsuzdur, astarı qara rəngdədir, gödəkcənin uzunluğu 64 sm, çiyin nahiyəsində eni 44 sm-dir. Gödəkcə öndən zəncirbəndlə bağlanılır. Gödəkcənin üzərində geyilmə izləri müşahidə olunmuşdur. Gödəkcənin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 36-41). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli üzərinə yazılar həkk olunmuş futbolka, 1 ədəd açıq mavi rəngli cins şalvar, 1 ədəd göy rəngli gödəkcə və 1 ədəd ağ rəngli maykaya baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: köynək tünd-göy rəngli qarışıq materialdandır, qısaqoldur, ön hissəsində ağ rəngli hərflərlə “Dolce Gabbana” yazıları həkk olunmuşdur. Köynəyin uzunluğu 62 sm, çiyin nahiyəsində eni 38 sm, qollarının uzunluğu 18 sm-dir. Köynəyin ön hissəsinin yuxarı-orta nahiyəsində, sağ çiyin və sağ qolunun üzərində dairəvi formalı dəlib keçən zədələr vardır. Jaket tünd-göy rəngli toxunma materialdandır. Jaketin uzunluğu 64 sm, çiyin nahiyəsində eni 40 sm, qollarının uzunluğu 61 sm-dir. Jaket öndən zəncirbəndlə bağlanılır. Jaketin zəncirbəndlə bağlanılan 2 ədəd yan cibləri vardır. Jaketin sağ çiyin, sağ kürək və sağ qolunun üzərində dairəvi formalı dəlib-keçən zədələr vardır. Mayka ağ rəngli qarışıq materialdandır, qolsuzdur. Maykanın uzunluğu 59 sm, çiyin nahiyəsində eni 20 sm-dir. Maykanın boyun nahiyəsinə daxildən üzərində “Beş yıldız” yazısı olan etiket tikilmişdir. Maykanın sağ yan nahiyəsində dairəvi formalı dəlib keçən zədələr vardır. Şalvar mavi rəngli cins materialdandır. Şalvarın uzunluğu 96 sm, bel nahiyəsində eni 39 sm-dir. Şalvar öndən zəncirbənd və düymə ilə bağlanılır. Şalvarın 2 ədəd yan və 2 ədəd arxa cibləri vardır. Şalvarın bel nahiyəsinə kəmər keçirtmək üçün nəzərdə tutulan 5 ədəd ilgək tikilmişdir. Şalvarın bel nahiyəsinə xaricdən üzərində “DENİM” yazısı olan qəhvəyi rəngli dəriyəbənzər materialdan etiket tikilmişdir. Şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 72-78). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 230-231). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 137). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cinayəti odlu silahla törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdırıcı hal olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 17 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 95-96). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 oktyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 236,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz gödəkcə, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli üzərinə yazılar həkk olunmuş futbolka, 1 ədəd açıq mavi rəngli cins şalvar, 1 ədəd göy rəngli gödəkcə, 1 ədəd ağ rəngli mayka və Zərərçəkmiş şəxs bədəni üzərində əməliyyat yolu ilə çıxarılmış 1 ədəd qırma, Şahid1 məxsus 1 ədəd mavi rəngli köynək, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd göy rəngli gödəkcə və Zərərçəkmiş şəxs bədəni üzərində əməliyyat yolu ilə çıxarılmış 1 ədəd qırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin normanın tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi “Churchill” markalı 16234790 nömrəli ov silahı xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 236,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz gödəkcə, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli üzərinə yazılar həkk olunmuş futbolka, 1 ədəd açıq mavi rəngli cins şalvar, 1 ədəd göy rəngli gödəkcə, 1 ədəd ağ rəngli mayka və Zərərçəkmiş şəxs bədəni üzərində əməliyyat yolu ilə çıxarılmış 1 ədəd qırma, Şahid1 məxsus 1 ədəd mavi rəngli köynək, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd göy rəngli gödəkcə və Zərərçəkmiş şəxs bədəni üzərində əməliyyat yolu ilə çıxarılmış 1 ədəd qırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən məhv edilsin. Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi “Churchill” markalı 16234790 nömrəli ov silahı xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar