Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-899/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1993-cü ildə RF-nın Surqut şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanında nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı şəxsiyyəti məlum olmayan «Arif» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 28 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində sonuncudan 100 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18 ədəd bükümdə olan ümumi 3,999 qram çəkidə narkotik vasitə-heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 20:40-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanında nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada saat 22:10 radələrində üzərinə keçirilmiş baxış zamanı əynindəki qara rəngli parça materialdan olan qısaqol gödəkçəsinin iç sol qoltuq cibindən bir ədəd şəffaf sellofanın içərisində ayrı ayrılıqda təmiz çəkiləri 0,280qr., 0,215qr., 0,250qr., 0,215qr., 0,238qr., 0,250qr., 0,225qr., 0,110qr., 0,225qr., 0,230qr., 0,234qr., 0,220qr., 0,210qr., 0,207qr., 0,235qr., 0,240qr., 0,205qr., 0,215qram olan 18 ədəd ağ rəngli sellofan bükümlərdə ümumilikdə 3,999 qram çəkidə külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, fərdi qaydada taksi sürücüsü işləmişdir. 28 noyabr 2020-ci il tarixdə səhər saatlarında Binəqədi rayon ərazisində onun avtomobilindən taksi kimi istifadə edən tanımadığı şəxsdən 90 manat pul müqabilində öz istifadəsi üçün içərisində 10 büküm narkotik vasitə olan heroin almışdır. Həmin gün axşam saatlarında 3 nəfər polis əməkdaşı onu saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-ə aparmışlar. Orada videoçəkilişdən əvvəl həmin narkotik vasitəni üzərindən götürmüşlər, həmin vaxt narkotik vasitə 10 büküm olmuşdur. Sonra vidioçəkilişlə üzərinə baxış keçirilmiş, onun üzərindən aşkar olunan 10 büküm narkotik vasitənin sayı 18 ədəd göstərilmişdir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, Ağstafa rayonuna gedəcəyi üçün narkotik vasitəni çox almışdır ki, rayonda da istifadə edə bilsin. Arif adlı şəxsi tanımamış, sonuncudan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı tanımadığı şəxsdən narkotik vasitəni almasını göstərsə də müstəntiq onun ifadələrinə narkotik vasitəni Arif adlı şəxsdən alması barədə ifadələr yazmışdır, o da təzyiqlərə məruz qaldığı üçün həmin ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, 28 noyabr 2020-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 43 ünvanında yaşadığı evinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik əldə edib üzərində daşımaqda şübhə edildiyini bildirmiş və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİnin 43-cü PB-yə aparmışlar. Orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. O müdadiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir, dəvət olunmuş müdafiəçi Rauf Quliyev ona təqdim edilmiş, o müdafiəçiyə etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli parça materialından olan qısaqol gödəkçəsinin iç sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan 18 ədəd ağ rəngli sellofanda olan bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra isə ondan qara rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, şalvarının və digər geyimlərinin ciblərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra ayağında olan qara rəngli ayaqqabılarının içərisinə baxılması üçün çıxarmışdır. Ayaqqabılarının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra ondan üst-başını səliqəyə salmağı tələb edilmişdir. Sonra isə üzərindən aşkar olunan bükümləri açmağı təklif olunmuşdur. O həmin bükümləri açaraq içərisində olan açıq qəhvəyi rəngli maddələrin «kakos» olmasını, həmin narkotik vasitələri 28.11.2020-ci il tarixdə qonşuluqda yaşayan Arif adlı şəxsdən 100-manata şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrdə olan narkotik vasitəni Arif adlı şəxsdən alması, narkotik vasitənin bükümlərinin sayının 18 ədəd olması kimi ifadələri təsdiq etmir, çünki o ifadələri polislərin təzyiqi altında oxumayaraq imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyatmüvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, tarixini xatırlamadığı vaxtda digər polis əməkdaşı Şahid1la birlikdə Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində saxlayıb, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə onun üzərinə baxış keçirilmiş, onun üzərindən 18 ya da 19 ədəd balaca bükümlərdə olan narkotik vasitə aşkar olunmuşdur. Eyvaz üzərində olan və cibindən narkotik vasitə olan gödəkçənin ona aid olmadığını bilirmişdir. Sonra isə Eyvaz narkotik vasitəni bir nəfər şəxsdən aldığını, o vaxt həmin şəxin adını dediyini, lakin həmin vaxtdan xeyli müddət keçdiyi üçün Eyvazın narkotik vasitə aldığı həmin adamın adını xatırlamadığını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, 28 noyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə “Eyvaz” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi saxlanması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında həmin gün saat 20:40 radələrində ünvan 7 ünvanın yaxınlığında «Eyvaz» adlı şəxsi saxlayıb Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində Eyvaza hüquq və vəzifləri elan olunmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra mütəxəssisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qısaqol gödəkçəsinin iç sol yan qoltuq cibindən bir ədəd şəffaf sellofanın içərisində olan 18 ədəd ağ rəngli sellofanda olan bükümləri çıxarıb masanın üzərinə qoyub, üzərində başqa heç bir əşya olmadığını demişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş ancaq hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülülərin içərisində narkotik vasitə “kakos” olduğunu, həmin maddələri qonşuluqda yaşayan “Arif” adlı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyi, lakin həmin vaxtdan xeyli müddət keçdiyi üçün məhkəmədə ifadə verən zaman bəzi məqamları unutmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyatmüvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, “Eyvaz” adlı şəxsin qanunsuz olaraq olaraq narkotik vasitələrin əldə edilməsi saxlanması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında həmin şəxsi saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı Eyvaz narkotik vasitəni öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, 28 noyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə “Eyvaz” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi saxlanması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmişdir və bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 28 noyabr 2020-ci il tarixdə saat 20:40 radələrində «Eyvaz» adlı şəxsin əməllərini ifşa etmək məqsədi ilə ünvan 7 ünvanın yaxınlığına gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan « Eyvaz» adlı şəxsin gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərmiş və bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra onlar sonuncuya narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifləri elan olunmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qısaqol gödəkçəsinin iç sol yan qoltuq cibindən bir ədəd şəffaf sellofanın içərisində olan 18 ədəd ağ rəngli sellofanda olan bükümləri çıxarıb masanın üzərinə qoyub, üzərində başqa heç bir əşya olmadığını demişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş ancaq hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülülərin içərisində narkotik vasitə “kakos” olduğunu, həmin maddələri qonşuluqda yaşayan “Arif” adlı şəxsdən öz istifadəsi üçün 100 manata aldığın bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini, Eyvazı saxladıqlarından xeyli müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsinin bəzi məqamları unutmasını bildirmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu 28 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 noyabr 2020-ci il tarixli 6/2612 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...3.(imza) Təqsirləndirilən şəxs...” və.s yazısı olan zərfdəki 18 (on səkkiz) ədəd bükümlərdə, təmiz çəkisi 3,999 qr olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli 300 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 05.01.2021-ci il tarixli 01 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və.s psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, Arif adlı şəxsin tanımaması, sonuncudan narkotik vasitə almaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə uyğun olaraq, cinayətin hərbi vəziyyət şəraitində törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN Binəqədi rayon Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 3.999 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 216 (iki yüz on altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 28 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 28 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 3.999 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 216 (iki yüz on altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-899/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-899/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver