Məhkəmə qərarları › İş №1(101)-910/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-910/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-910/2020 23.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1962-ci il iyulun 28-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1.120 manat pul müqabilində 575,841 qram çəkidə, yəni külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, 2020-ci il mayın 01-də saat 17 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanaraq idarəyə gətirilib üstünə baxış keçirildikdə əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,690 qram, 1,210 qram, 0,760 qram və 1,130 qram olmaqla ümumi təmiz çəkisi 3,790 qram olan bitki mənşli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana, həmin tədbirin davamı olaraq onun yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə baxış keçirilərkən qırmızı rəngli divanın saxlanc yeri kimi istifadə olunan oturacaq hissəsindən içərisində qara rəngli sellofan torbada təmiz çəkisi 560 qram, eləcə də altı ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,328 qram, 0,458 qram, 0,335 qram, 0,344 qram, 0,317 qram, 0,269 qram, ümumi təmiz çəkisi 12,051, cəmi təmiz çəkisi 575,841 qram külli miqdarda tərkibinə görə eynilik təşkil edib bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildir narkotik vasitə qəbul edir. ünvan 1 ünvanındakı evində olarkən içəri üç nəfər şəxs girmiş, bu vaxt stolun üstündəki üç kibrit qutusundan birində 5-6 qram narkotik vasitə qurudulmuş marixuana, ikisində isə marixuananın çubuqları olmuş, Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə gətirildikdə o, qeyd etdiyi kibrit qutularını təqdim etmişdir. Onun yaşadığı evə məhkəmə qərarı olmadan öz razılığı ilə axtarış aparılanda yataq otağındakı qırmızı rəngli divanın alt hissəsindən götürülüb içərisində narkotik vasitə qurudulmuş marixuana ilə dolu qara rəngli sellofan onun deyildir, evinə daxil olan şəxslər tərəfindən qoyulmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı zor və ya mənəvi təzyiq, təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, polis leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il mayın 01-də saat 16 radələrində o, Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün sonuncunu yaşadığı ünvan 1 ünvanında saxlayaraq idarəyə gətirmişlər. Orada üzərinə videoçəkilişlə keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd kibrit qutusunu çıxarıb könüllü təqdim etməklə içərisində öz istifadəsi üçün tanımadığı şəxsdən 80 manata aldığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirdiyindən razılığını alaraq sonuncunun evinə getmişlər, videoçəkilişdən istifadə edilməklə baxış vaxtı Təqsirləndirilən şəxs hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu evin yataq otağındakı divanı qaldıraraq paltarın arasından qara rəngli sellofan torbanı çıxarıb içərisində öz istifadəsi üçün 10 gün əvvəl tanımadığı şəxsdən 800 manata aldığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, tərtib edilən müvafiq protokollar bütün iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, irad, təklif və qeydlər daxil olmamışdır. Təqsirləndirilən şəxs qarşı zor hərəkətləri, təzyiq, təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsinin polis baş leytenantı baş əməliyyat müvəkkili Şahid2 Şahid1la analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, polis kapitanı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında, elecə də sonuncunun yaşadığı ünvan 1 ünvanında baxış keçirilməsi barədə 2020-ci il 01 may tarixli protokolları videoçəkilişlə o tərtib etmişdir. Göstərilən tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə gətirilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış keçirilib aşkar edilən əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindəki dörd ədəd kibrit qutularının içərisindən və evin yataq otağındakı qırmızı rəngli divanın altında olan qara rəngli sellofan torbanın içindən yaşıl rəngli ot kütlələrin sonuncu narkotik vasitə qurudulmuş marixuna olduğunu, kibrit qutulardakı və sellofan torbadakı həmin maddəni müvafiq qaydada 320 manata və 800 manata öz şəxsi istifadəsi üçün aldığını demiş, heç bir etiraz və ya narazılıq bildirilməmişdir. Təqsirləndirilən şəxs heç bir zora, təzyiqə, təsirə məruz qalmamışdı. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahat verərkən, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən 2020-ci ilin aprel ayında yaşadığı Bakı şəhərinin Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində 800 manata bir torba, daha sonra eyni şəxsdən 320 manata dörd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana aldığını göstərmişdir (iş vərəqi 33-34, 52-54 və 68-71). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsinin tərtib etdiyi 2020-ci il 01 may tarixli raportlardan, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2020-ci il 01 may tarixli Ə109-096-20 nömrəli əmrinin surətindən və Bakı şəhəri Suraxanı Rayon Polis X2 Bölməsinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 2020-ci il 01 may tarixli qərarından görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə marixuananı əldə etməklə saxlaması və üzərində gəzdirməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır (iş vərəqi 3-7). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 1650-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 may tarixli protokoldan və məhkəməyə təqdim olunan CD diskinə baxışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə vaxtı sonuncuya üzərində qanunsuz hər hansı əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd kibrit qutusunu könüllü təqdim etməklə qutularda marixuana olmasını, hər qutunu 80 manata tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını və gəzdirdiyini, habelə yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evində də öz şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir (iş vərəqi 28-29). İş materiallarındakı 2020-ci il 01 may tarixli ərizədən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 may tarixli protokoldan və məhkəməyə təqdim olunan CD diskinə baxışdan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə videoçəkilişlə keçirilən baxış vaxtı Təqsirləndirilən şəxs qırmızı rəngli divanın saxlanc yeri kimi istifadə olunan oturacaq hissəsindən qara rəngli sellofan torba çıxarıb içində marixuana olduğunu, onu təxminən 10 gün əvvəl 800 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, təqdim edilən torba qablaşdırılıb möhürlənməklə götürülmüş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqi 30-32). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 02 may tarixli 7/183 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib ağ kağız üzərində «…Şübhəli şəxs: Təqsirləndirilən şəxs… » yazıları və imzalar olan qara rəngli sellofan torbadakı bir ədəd sellofan torbada təmiz çəkisi 560 qram, altı ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,328 qram, 0,458 qram, 0,335 qram, 0,344 qram, 0,317 qram, 0,269 qram və «Şübhəli şəxs: 1)Təqsirləndirilən şəxs… » yazıları və imzalar olan kağız paketdəki dörd ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,690 qram, 1,210 qram, 0,760 qram, 1,130 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 575,841 qram təşkil etməklə tədqiqatdan sonrakı qalığı 575,291 qramdır, ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır (iş vərəqi 41-44). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2020-ci il 03 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 55-56 və 58-59). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 03 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD diskinə baxış zamanı sonuncunun evdəki divanın altından bir ədəd sellofan çıxarıb açaraq təqdim etməsi, torbanın içində marixuana olduğunu, onu təxminən 10 gün əvvəl 800 manata aldığını bildirməsi, evdə qanunla qadağan olunan başqa hər hansı əşya aşkarlanmaması müəyyən edilmişdir (iş vərəqi 76). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 03 may tarixli protokoldan görünür ki, idarənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD diskinə baxış zamanı sonuncunun könüllü olaraq əynindəki şalvarın sağ cibindən dörd ədəd kibrit qutusu çıxarıb təqdim etməsi, hər qutunu 80 manata tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirməsi, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan başqa hər hansı əşya aşkarlanmaması müəyyən edilmişdir (iş vərəqi 77). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 03 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il mayın 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 92-96). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020ci il 20 may tarixli və 2020-ci il 03 iyul tarixli qərarlarından görünür ki, iki ədəd DVD diski, habelə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 575,291 qram çəkidə qalığı maddi sübut kimi tanınmaqla iki ədəd DVD diski cinayət işinə əlavə edilmiş, marixuananın 575,291 qram çəkidə qalığı isə saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (iş vərəqi 107-108 və 125-126). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2020ci il iyunun 16-da tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2006-cı il 25 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2007-ci il aprelin 06-da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2007-ci il 16 mart tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2007-ci il 09 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2010-cu il avqustun 10-da cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2012-ci il 12 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2014-cü il sentyabrın 08-də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir (iş vərəqi 115-117 və 131-134). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» X8 2020-ci il 06 iyul tarixli 4132 nömrəli və 2 nömrəli X1 2020-ci il 08 iyul tarixli 1/891 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanalarda müalicədə olmamışdır (iş vərəqi 129-130). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 21 may tarixli 1385 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaqla sonuncunun İİ qrup əlil olması ilə əlaqədar ona məcburi müalicə tətbiq olunması mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 138-139). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 13 iyun tarixli AZF/LGL-4021/20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrə qeydiyyatdan keçməmişdir (iş vərəqi 141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2020-ci il 20 iyul tarixli 04-01/08-280 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il oktyabrın 12-dən İİV-13/410 kodu ilə mərkəzdə qeydiyyata götürülmüşdür (iş vərəqi 143). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020ci il 20 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncunun narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən olunması üçün cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqi 144-150 və 152-154). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2020-ci il 27 iyul tarixli 1254 nömrəli arayışdan və 2020-ci il 27 iyul tarixli 91 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (iş vərəqi 166-167). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün alması, həmin maddənin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə marixuananın-kannabis (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin və əlavə şahidin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əlilliyini, xəstəliyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Məhkə həmçinin hesab edir ki, məcburi-narkoloji tibbi yoxlamasının nəticələrinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə ona narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən tədqiqatdan sonrakı bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın 575,291 qram çəkidə qalığı məhv edilməli, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 25 iş saatı, məhkəmə istintaqında isə Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 150 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il mayın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il mayın 01-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 150 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən tədqiqatdan sonrakı bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın 575,291 qram çəkidə qalığı məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar