Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-920/2020 30.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 59 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan Qədir adlı şəxsdən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 12,034 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 59-un yaxınlığında Xəzər rayon X2 mübarizə bölməsinin və Xəzər RPİ 1-ci Polis şöbəsinin əməkdaşları tərəfındən saxlanılaraq polis şöbəsinin inzibai binasına gətirilmiş, xidməti otaqda videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 9,876 qram və bir ədəd kibrit qutusunun içərisindən doqquz ədəd şəffaf polietilen bükümlərdə ayrıayrılıqda hər bükümün içərisində təmiz çəkisi 0,219 qram, 0,243 qram, 0,212 qram, 0,293 qram, 0,241 qram, 0,192 qram, 0,237 qram, 0,268 qram və 0,253 qram olmaqla ümumi təmiz çəkisi 2,158 qram olan, ümumilikdə 10 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda, yəni təmiz çəkisi 12,034 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5-6 ay əvvəl narkotik vasitədən istifadə etməyə başlamış, əsasən heroindən istifadə edir. xx xxxx 2020-ci il tarixdə Hövsan qəsəbəsində olarkən əvvəllər tanımadığı Qədir adlı şəxs ona yaxınlaşıb 1 ədəd bükümü göstərmiş, həmin bükümün içərisində 9 ədəd xırda selofan bükümlər qoyulduğu kibrit qutusu olmuşdur. Qədir həmin bükümlərin içərisində heroin olduğunu deyərək onu almağı təklif etmişdir. O da, narkotik vasitə istifadəçisi olduğu üçün Qədirə 338 manat pul verib içərisində həmin narkotik vasitələri almışdır. xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində o, yaşadığı Türkan qəsəbəsi, Poçt küçəsi, 59 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş, o da, polis işçilərinə özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitə əldə edib gəzdirməkdə, istifadə etməkdə və satmaqda şübhəli olduğunu bildirərək, onu Xəzər rayon Polis idarəsi 1-ci Polis şöbəsinə aparmışlar. Orada onun üzərində videoçəkilişlə axtarış aparılmış, ona dövlət hesabına vəkil də təyin etmişlər. Şəxsi axtarış zamanı polis işçiləri ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif etmiş, o da, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində 9 ədəd şəffaf selofana bükülmüş bükümlər olan bir ədəd kibrit qutusu olan bükümü cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına həmin bükümlərin içərisində heroin olduğunu, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə Hövsan qəsəbəsi ərazisində əvvəllər tanımadığı Qədir adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. O da, zərfin üzərinə imza edərək bunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşlarına təqdim etdiyi heroini kiməsə satmaq, hədiyyə vermək niyyətində olmamışdır. Onun özü narkotik istifadəçisi olduğuna görə həmin heroini öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsi 1-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən xx xxxx 2020-ci il tarixdə əməliyyat tədbirininin keçirilməsinə dair qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:55 radələrində yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 59 nömrəli evin yaxınlığında saxlanılmış və üzərinə şəxsi axtarış keçirilməsi üçün Xəzər RPİ 1-ci Polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Şahin Mustafayevə təqdim olunmuş, təhqiqatçı tərəfindən vəkilin, onun və polis əməkdaşı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncuya üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf selofana bükülmüş bükümü, həmçinin içərisində 9 ədəd şəffaf selofana bükülmüş bükümlər olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd şəffaf selofana bükümün, həmçinin kibrit qutusunun içərisində olan 9 ədəd selofandakı bükümlərin içərisində narkotik vasitə heroin vardır, həmin narkotiki bir gün qabaq Hövsan qəsəbəsində əvvəllər tanımadığı Qədir adlı şəxsdən 338 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 157 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinə görə, polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmiş, saxlanılan şəxs narkotik vasitəni özü könüllü təqdim etmiş, şöbəyə daxil olan məlumatda Ağanın narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmiş, Qədir adlı şəxsin anket məlumatları və digər əlamətləri bəlli olmadığına görə onu müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər rayon X2 mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş şəxsi axtarış keçirilməsi haqqında xx xxxx 2020ci il tarixli protokola əsasən, həmin gün saat 13:55 radələrində Xəzər rayon X2 mübarizə bölməsinin və Xəzər RPİ 1-ci Polis şöbəsinin əməkdaşları tərəfındən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 59-un yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibai binasına gətirilmiş, xidməti otaqda videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə, həmçinin içərisində 9 ədəd büküm olan 1 ədəd kibrit qutusunda spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Videogörüntülərin əks olunduğu 1 ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 31-32). Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/91 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...» yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,876 qr və kibrit qutudaki 9 (doqquz) ədəd bükümlərdə ümumi təmiz çəkisi 2,158 qr, ümumi 10 ədəd bükümlərdə İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEMnin «Tədqiqat Obyekti №66» ştamp əksi olan paketdə, vət.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutudakı 9 ədəd bükümdə olan qəhvəyi rəngli heroinlər tərkibindəki komponentlərinə görə eynidir, lakin həmin 9 ədəd bükümdə olan heroinlər 1 ədəd bükümdə olan tünd qəhvəyi rəngli heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. İlkin təhqiqat zamanı Vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi xx xxxx 2020-ci il tarixli 6/91 saylı ekspert rəyində göstərilmişdir (cild 1, iş vərəqi 98-102). Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi muailicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 104-105). İbtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs götürülmüş 12,034 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,834 qram narkotik vasitə heroin Xəzər RPİ-də saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 154-161). İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 97). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri, Xəzər rayon Polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,834 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1485 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar – Bakı şəhəri, Xəzər rayon Polis idarəsində saxlanılmaqla ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,834 qram olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-920/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-920/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver