Məhkəmə qərarları › İş №1(101)-927/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-927/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-927/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Qobustan rayonu, Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qobustan rayon məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Ərəbqədim kəndində qydiyyatda olmaqla Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Beton yol, nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs, mütəmadi olaraq, 3 övladının zahirən ona bənzədiyini, 08.09.2019-cu il təvəllüdlü kiçik oğlu Hüseyn Məmmədovun isə ona bənzəmədiyini və arvadının istifadəsində olan mobil telefonla başqa kişilərlə danışdığını deyərək, onun başqa kişilərlə intim əlaqədə olub ona xəyanət etdiyi qənaətinə gələrək, sonuncunu bu səbəbdən öldürmək qərarına gəlmiş və 15.08.2020-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən birgə yaşadıqları evin yataq otağında olduqları vaxt, çarpayıda yanında uzanmış arvadı Zərərçəkmiş şəxs cinsi əlaqədə olmağı təklif etsə də, sonuncunun ona başının ağrıdığını deyib, əlaqədən imtina etməsindən əsəbiləşərək onu qısqanclıq zəminində öldürmək fikrini qətiləşdirib, uzandığı yerdən qalxıb çarpayıda uzanmış arvadının üzərinə çıxaraq, sonuncuya imtinanın başqası ilə əlaqədə olması ilə bağlı olduğunu bəyan edib, əlləri ilə boğazından yapışıb boğmağa çalışmış, Zərərçəkmiş şəxs dizi ilə onun ayağından vurduğu üçün sonuncunun üzərindən çarpayının üzərinə yıxılmış, bu vaxt Zərərçəkmiş şəxs çarpayıdan qalxaraq qaçmaq istədikdə onun saçından tutub sürüyərək mətbəxə gətirib üzü üstə döşəmənin üzərinə yıxaraq müqavimət göstərməsin deyə ayağı ilə sonuncunun kürək nahiyəsindən sıxıb niyətini həyata keçirmək üçün mətbəxdəki stolun üzərindən ümumi uzunluğu 240 mm, tiyəsinin uzunluğu 125 mm olan məişət təyinatlı mətbəx bıçağını götürüb, həmin vaxt mətbəxdə olan 04.03.2018-ci il təvəllüdlü oğlu Əvəz Məmmədovun gözləri önündə, az yaşlı övladının hadisəni gördüyünü bilərək və həm arvadı Zərərçəkmiş şəxs, həm də oğlu Əvəz Məmmədova bununla xüsusi əzab verdiyini əvvəlcədən dərk edərək əlindəki bıçaqla arvadı Zərərçəkmiş şəxs kürək nahiyəsindən 10 zərbə vurduqdan sonra arvadının ölmədiyini görüb, sonuncunu qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə arvadının yalvarışlarına əhəmiyyət verməyib müstəsna qəddarlıq nümayiş etdirərək, ona xüsusi ağrı yetirdiyini dərk etməklə məqsədyönlü şəkildə arvadının saçından tutaraq yerdən qaldırıb sürüyərək yaşadıqları evin həyətinə gətirib torpağın üzərinə uzatdıqdan sonra orada olan oğlu Əvəz Məmmədovun gözləri önündə, oğlu Əvəz Məmmədovun ona “ata eləmə, eləmə” deməsinə məhəl qoymayaraq əlindəki bıçaqla arvadı Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi kürək, qarın, bel və digər nahiyələrindən əlavə 12 zərbə vurmaqla, bununla da çoxsaylı-22 zərbə vurmaqla Zərərçəkmiş şəxs hər iki tərəfli hemopnevmatorksla (döş boşluğuna qanın və havanın toplanması), nazik və yoğun bağırsaqların yaralanması ilə və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin, qəfəsinin qarın nahiyəsinin, bel nahiyəsinin, sağ bazu, sağ said, sol bazu və sol bud nahiyələrinin çoxsaylı deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirdikdən sonra, arvadının öləcəyini zənn edib oradan uzaqlaşsa da, yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs vəziyyətini görən şəxslərdən taksi sürücüsünün çağırışına əsasən oraya gəlmiş təcili tibbi yardım xidmətinin həkimləri tərəfindən zərərçəkmişin vaxtında xəstəxanaya çatdırıldığı, orada sonuncuya ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətin bilavasitə törədilməsinə yönələn hərəkətləri başa çatdıra bilməyib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 14 avqust 2020-ci il tarixdə bütün günü evdə olmuş, ara-sıra Müşfiqabad qəsəbəsinə gedib gəlmişdir. Evdə olduğu bütün gün ağlında bir fikir olmuşdur ki, Şəhanə kiminlə əlaqədə olmasını etiraf etsin və onu evdən qovsun. 15 avqust 2020-ci il tarixdə, saat 05 radələrində Şəhanə qonaq otağında oğlu Hüseyn ilə yatmışdır. Dəfələrlə qonaq otağa getmişdir ki, Şəhanəni döysün, bəlkə etiraf edər, lakin uşaqla yatdığı üçün yuxudan qaldırmamışdır.Saat 05 radələrində Şəhanə Hüseyn ilə birgə otağa gəlib yanına uzanmışdır.Onlarla eyni otaqda olandigər uşaqlar yuxulu olaraq yatmışlar. Şəhanə yanına uzananda sonuncunu yuxudan oyatmaq məqsədi ilə “Şəhanə gəl cinsi əlaqədə olaq ” deyə müraciət etmiş, Şəhanə isə cinsi əlaqədə olmaqdan imtina etmişdir. Cinsi əlaqəyə girməyi təklif etməkdə məqsədi onu oyadıb, mətbəxə apararaq ona yumruqla zərbələr vurub danışdırmaq olmuşdur. Şəhanə onunla cinsi əlaqədə olmaqdan imtina edəndə daha da əsəbiləşmiş, səsini çıxarda bilməsin deyə sağ əli ilə ağzını tutmuş sol əlini isə arxadan qarın nahiyəsinə keçirib, Şəhanəni qucağına almış, zorla mətbəxə aparmışdır. Şəhanə qışqırmaq istəsə də, əli ilə ağzını tutduğu üçün səsini çıxara bilməmişdir. Şəhanəni mətbəxə apardıqdan sonra hər şeyi etiraf etməsini, əks təqdirdə boğaraq öldürəcəyini demiş, əlini açmışdır ki, danışa bilsin. Şəhanə and içmişdir ki, ona xəyanət etməmişdir, onu öldürməsin, balalarına yazığı gəlsin.Bu vaxt mətbəxdə, stolun üstündə çörək kəsmək üçün istifadə etdiyi qara dəstəkli bıçaq görmüş, Şəhanənin qolundan möhkəm yerə doğru çəkib yerə yıxmış, o, bıçağı masadan sağ əlinə alıb Şəhanəyə doğru əyilib kürək nahiyəsinə bıçaqla zərbələr yetirmişdir.Ona iki dəfə bıçaqla zərbə yetirdiyini xatırlayır.Sonrakı zərbələri saymamışdır.Şəhanə ağlaya-ağlaya nə isə demiş, lakin onun səsi qulağına uğultu şəklində gəlmişdir.Bu vaxt oğlu Əvəz arxandan onu çağırmış “ata-ata, eləmə” deyib əlindəki çəkmə ilə onu vurmuşdur.Sanki özünə gəlmiş, əlindəki bıçağı mətbəxdə maşının üstünə qoymuşdur.Şəhanə qan içində olduğundanhəkimə zəng etməyini xahiş etmiş, sonuncunu mətbəxdən həyətə çıxarıb sürüyərək evin çöl qapısına gətirəndə Əvəzin qorxduğunu görüb Şəhanəni qapının ağzında qoyub, Əvəzi qucağına alıb, qonaq otağına apararaq sakitləşdirib təcili tibbi yardıma zəng etmişdir.Qapıya qayıdanda Şahənə evin giriş qapısında olmamış, həyətə çıxanda çöl darvazanın qarşında Şəhanəni görmüş, qonşular onun ətrafına yığışmışlar. Qonşulardan Azər, yaşadığı küçədə market işlədən Nizami, arvadı və adlarını bilmədiyi bir neçə qadın olmuşdur. Bundan sonra 102 xidmətinə zəng edib polis əməkdaşlarının gəlməyini gözləmiş, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlar gələnə qədər TTY avtomobili gəlib Şəhanəni xəstəxanaya aparmışdır. Hazırda əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübüta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 dekabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxsla nikaha daxil olmuş, birgə nikahdan 13.11.2013-cü il təvəllüdlü Arzu Məmmədova, 02.02.2016-cı il təvəllüdlü Zəhra Məmmədova, 04.03.2018-ci il təvəllüdlü Əvəz Məmmədov, 08.09.2019-cu il təvllüdlü Hüseyn Məmmədov adlı 4 övladı var, ailəliklə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yaşayırlar. Əri Baba ailəsinə və özünə məxsus heyvanları otarmaqla ailənin dolanışığını təmin edir və işi ilə əlaqədar həftənin təxminən 2-3 gününü Qobustan rayonunun, Ərəbqədim kəndində olur. O, özü heç bir yerdə işləmir, Baba Qobustan rayonunda olan vaxtlar evdə tək qalır. Yaşadıqları ev əri Təqsirləndirilən şəxs məxsusdur. Baba ilə münasibətləri əvvəllər normal olsa da təxminən 08 avqust 2020-ci il tarixdən Babanın ona qarşı münasibəti dəyişmişdir. Belə ki, Baba ondan telefonda kiminlə danışdığını soruşmuş, səbəbsiz yerə əsəbiləşmiş, həmçinin oğlu Hüseynin ona oxşamadığını bildirmişdir. O da oğlunun bacısına oxşadığını bildirmişdir. O, telefonla yalnız anası Şahid3, bacısı Əsmayə Həziyeva ilə əlaqə saxlamışdır. Arada bir qonşusu Aytənin anası zəng edib qızı Aytənlə danışmışdır. O, dəfələrlə Babaya heç kimlə münasibətinin olmadığını bildirsə də Baba ona inamamış, bəzən ona bir-iki şillə də vurmuş, uşaqlara acıqlanmışdır. Təxminən 10 avqust 2020-ci il tarixdə Baba qısqanclığından telefonu ondan almışdır ki, gələn zənglərə özü cavab versin. Telefon təxminən 2 gün Babada qalmış, lakin heç bir zəng gəlməmişdir. Onun telefonuna zəng gəlmədikcə Baba daha da əsəbiləşmiş, dava salmışdır. Təxminən 10-11 avqust 2020-ci il tarixdə Baba yatmışdır, onun telefonu Babanın cibindən yataq otağındakı carpayının üstünə düşmüşdür. Oğlu Əvəz telefonu götürüb oynadanda zəng gəlmiş, Əvəz də telefona cavab vermişdir. Həmin vaxt Baba yuxudan oyanıb telefonla ona yaxınlanmış, Əvəzin kiminlə danışdığını soruşmuşdur. O, isə mətbəxdə iş gördüyünü, Əvəzin kiminlə danışmasından məlumatının olmadığını bildirmişdir. Baba telefonu masanın üstünə qoymuş, heyvanlara yem vermək üçün çölə çıxmış, o, telefonu uşaqların götürə bilməyəcəkləri yerə qoymaq istəyəndə zənglər bölməsinə daxil olmuş, zəng edənin qonşusu Aytənin anası olduğunu görmüşdür. Həmin vaxt Aytənin anası yenidən zəng etmiş, o da çölə çıxaraq Babadan Aytənin gəlib anası ilə danışması üçün icazə almışdır. Aytən onlara gəlib anası ilə danışmış, Aytən gedəndən sonra Baba əsəbiləşmiş, telefonu aparıb sındıraraq zibilliyə tullamışdır. Təxminən 12-13 avqust 2020-ci il tarixdə anası Səbirə onlara qonaq gəlmiş, bir gün onların evində qalmışdır. Anası onların evində qaldığı müddətdə Baba onunla mübahisə etməmişdir. Həmin gün Babının gözü ağrımış, o, bacardığı qədər, Babaya tibbi yardım göstərmişdir. Anası gedəndən sonra Baba bacısı Aynurəgilə qonaq getmək istəmiş, onlar Babaya məxsus Qazel markalı avtomobillə Aynurəgilə qonaq getmişlər, orada deyib-gülüb axşam evə qayıtmışlar. Yolda olanda Baba ona acıqlı şəkildə «fikrin haradadı, sənin fikrinin başqasının yanındadır, tez ol cavab ver» deyə soruşmuş, o, isə Babaya belə bir halın olmadığını bildirmişdir. 14 avqust 2020-ci il tarixdə Baba yenə də əsəbi olmuş, bütün günü onunla acıqlı danışmış, axşam saat 18 radələrində Baba «hazırlaşın rayona gedək, 1-2 ay qalıb gələk» deyə bildirmişdir. O, uşaqları çimzidirib, yataqlarına qoymuş,uşaqlar onlarla birlikdə yataq otağında yatmışlar. 15 avqust 2020-ci il tarixdə saat 01 radələrində paltarları yuyub otağa gələndə kiçik oğlu Hüseyn yuxudan oyanmış, Baba isə həmin vaxt yatmış vəziyyətdə olmuşdur. Evdəkilərin oyanmaması üçün Hüseyni qucağına alıb, qonaq otağına keçmişdir. Orada onu yuxu tutmuş, 1-2 dəfə Babanın qapının qarşısına gəlib-getdiyini görmüşdür. Təxminən saat 04:30-da sübh namazını qılıb Hüseyni yatağına aparmışdır. Daha sonra özü də yatağa uzanmış, həmin vaxt Baba yuxudan oyanmış, ona cinsi əlaqədə olmağı təklif etmiş, lakin o, özünü pis hiss etdiyindən Babaya başının ağrıdığını bildirmişdir. Bu sözləri dedikdən sonra Baba yataqda dizi üstə qalxıb, onun üstünə çıxmış, bir əli ilə ağzını, digər əli ilə isə boğazından tutub onu boğmağa başlamış, ona «niyə vermirsən, başqasına verib gəlibsən deyə istəmirsən» deyə bildirmişdir. O, dizi ilə Babanın ayağına vurmuş, Baba yatağa yıxılmışdır. Baba yıxılanda Əvəzin yatağına dəymiş, Əvəz də yuxudan oyanmışdır. Fürsətdən istifadə edib qaçmaq istəyəndə Baba saçından yapışıb onu sürüyərək mətbəxə aparmışdır. Baba onu ilk öncə yataqda boğduğu üçün qışqıra bilməmiş, mətbəxdə saçından dartıb onu üzü üstə yerə yıxmış, bir əli ilə saçından tutub ayağı ilə də bədənini yerə doğru sıxmışdır. Yanlarında olan Əvəz ağlayaraq «ata, eləmə» deyə yalvarmışdır. Həmin vaxt bədəninə iti bir alətin dəyməsini hiss etmiş, Baba ona «de görüm hara gedirsən, bu vaxta qədər harada idin» məzmunlu suallar vermiş, o, dönüb baxanda Babanın əlində qara rəngli mətbəx bıcağının olduğunu görmüşdür. Baba təxminən 10 dəfə belinə bıcaqla zərbə endirmişdir. Həmin zərbələr bədəninə dalbadal dəymişdir. Babaya yalvararaq uşağın yanında olduğunu, onu vurmamasını bildirmişdir. Bundan sonra Baba onu saçından tutub sürüyərək həyətdəki pilləkənlərdən aşağı düşürmüş, torpağın üstünə uzatmış, həmin vaxt Əvəz gəlmiş, evdəki çəkməni Babaya atıb «ata elemə, ata eləmə» deyə bildirmişdir. Baba həyətdə də bıcaqla ayaq, bel və qarın nahiyyələrinə təxminən 14 dəfə dalbadal zərbə endirmişdir. O, Babaya uşağın qorxduğunu, dayanmasını bildirmiş, bundan sonra Baba, Əvəzi evə aparmış və yenidən həyətə gəlmişdir. Babaya nəfəs ala bilmədiyini bildirərək həkimə zəng etməsini xahiş etmişdir. Baba isə «heç kimə zəng etməyəcəm, elə burada ölüb gedəcəksən, sonra da səni yandıracam» deyə bildirməklə evə getmişdir. Orada təxminən 30 dəqiqə qalsa da Baba yanına gəlməmişdir. Əlacsız qalıb sürünürək küçəyə çıxmış, həmin vaxt qonşusu Mətanətin iki oğlu yol ilə getmişlər. Onlar onu görəndə onu it tutduğunu düşünmüşlər. Mətanətin oğullarına onu it tutmadığını bildirməklə kömək istəmişdir. Həmin şəxslər qonşusu Aytəni çağırmışlar. Aytən onun köməyinə gəlmişdir. O, yolun ortasında qaldığına görə hətta avtomobillər də hərəkət edə bilməmişlər. Aytən hadisəyə baxan şəxslərdən təcili tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Həmin taksi sürücüsü təcili tibbi yardıma zəng etmiş, sonra onu yolun ortasından götürüb yaşadığı evin giriş darvazasından təxminən bir metr içəri aparmışlar. O, həyətdə olanda Baba çölə çıxmış, asılqandan şalvar götürüb içəri daxil olmuşdur. Babanın hadisə vaxtı əynində boz rəngli idman şalvarı və köynək olmuşdur. Baba ona yaxınlaşıb halı ilə maraqlanmamışdır. Bir neçə dəqiqədən sonra Baba əynini dəyişib çölə çıxmış, pilləkənlərdə oturub ona baxmaqda davam etmişdir. Aytən niyə onu bu vəziyyətə saldığını soruşanda Baba «telefonla danışmasa idi bu hala düşməzdi» deyə cavab vermişdir. Bundan sonra təcili tibbi yardım stansiyasının həkimləri gələrək onu xəstəxanaya aparmışlar. Xahiş edir ki, təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulan cəza verilsin. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Baba mehriban, səmimi, heç kimlə ədavəti olmayan birisidir. Baba Zərərçəkmiş şəxs ilə evli olmuş, həmin evlilikdən dörd övladları vardır, onlar Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayırlar. Şəhanə hər zaman onun və ailəsinin hörmətini saxlamış, onlara qarşı mehriban olmuşdur. O, heç vaxt Baba və Şəhanənin arasında hər hansı mübahisənin baş verməsinin şahidi olmamışdır. 15.08.2020-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Şəhanəni bıçaqladığını bildirməklə onu yanına çağırmışdır. O, telefonda Babaya təcili tibbi yardıma və 102 xidmətinə zəng etməsini bildirmiş və onlara getmişdir. Babagilin evinə çatanda artıq Şəhanəni xəstəxanaya aparmışlar, Baba isə polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onların evləri bir-birinə yaxındır. Şəhanə ilə münasibəti hər zaman yaxşı olmuş, bir-birinin evinə gediş-gəlişləri olmuşdur. Şəhanə Baba ilə evli olmuş, onların dörd övladları var. Heç vaxt Şəhanə ilə Babanın arasında hər hansı mübahisəsin olmasının şahidi olmamışdır. Ona məxsus olan ***-***-**-** saylı sim kart uzun müddətdir ki, işləmədiyindən anası Şükufə ilə Şəhanəyə məxsus telefonla bir-iki dəfə əlaqə saxlamışdır. Anası Şükufə xəstə olduğundan Şəhanədən anasına zəng etmək üçün xahiş etmiş, Şəhanə də onun xahişini yerinə yetirmişdir. Hətta hadisədən 1-2 gün əvvəl Şəhanə hasardan onu səsləmiş, anasının zəng etdiyini bildirmiş, o da Şəhanəgildə anası Şükufə ilə əlaqə saxlamışdır. 15.08.2020-ci il tarixdə saat 05 radələrində qonşuluqda yaşayan Elmar adlı uşaq qapını döyüb ona «Şəhanə xala evlərinin qarışında, yolun ortasında uzanıb, əri tərəfindən bıçaqlanıb» deyə bildirməklə kömək istəmişdir. O, dərhal Şəhanəgilin evinə doğru getmiş, ora çatanda Şəhanəni qan içində yolda uzandığını görmüşdür. Şəhanəni səsləsə də Şəhanə cavab verə bilməmişdir. Həmin vaxt o, özünü itirmiş, Şəhanə yolun ortasında olduğundan özündə güc toplayıb onu quçağına almış, yaşadıqları evin qapısından bir qədər içəri aparmışdır. Şəhanənin əri isə evlərinin qarşısındakı marketdən bir qədər irəlidə dayanmışdır. Babaya «Şəhanəni niyə bu hala salıbsan» deyə sual verəndə, Baba «Telefonla danışmayardı» deyə cavab vermişdir. Hadisə yerində olan şəxslərə təcili tibbi yardıma zəng etmələrini bildirəndə, adını bilmədiyi bir uşaq təcili tibbi yardıma zəng edilməsi barədə məlumat vermişdir. Baba onlardan uzaqda dayanmış, arvadı Şəhanəyə heç bir köməklik etməmişdir. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardımın həkimləri gələrək Şəhanəni aparmışlar. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Şahanə 2008-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuş, onların dörd övladı var. Qızı mehriban, heç kimlə ədavəti olmayan biridir. Təqsirləndirilən şəxs hər zaman onun və ailəsinin hörmətini saxlamış, qızı ilə xoş rəftar etmişdir. Şəhanə ilə Babanın arasında hər hansı mübahisələrinin baş verməsinin şahidi olmamışdır. Babanı sonuncu dəfə təxminən 11 avqust 2020-ci il tarixdə görmüşdür. Belə ki, o, qızı Şəhanəgilə qonaq getmiş, bir gün orada qalmış, həmin gün deyib-gülmüşlər, yemək yemişlər. Baba gözünün ağrımasından şikayətlənmiş, Şəhanə də ona qulluq etmişdir. Münasibətləri yaxşı olmuşdur. Səhərisi gün o, evinə getmiş, 15 avqust 2020-ci il tarixdə oğlu zəng edib Şəhanənin Baba tərəfindən bıçaqlandığını, xəstəxanada olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəhanə onun qonşusudur. 15 avqust 2020-ci il tarixdə saat 06 radələrində qardaşı Şahid5la birlikdə evə çörək almaq üçün Nizami adlı qonşularına məxsus mağazaya getmişlər. Elmar mağazanın qarşısında olanda «Şəhənə xalanı it dişləyib» deyə qışqırmışdır. O, dərhal qaçaraq həmin yerə getmiş, Şəhənə evlərinin qarşında, yola doğru uzanmış, əli ilə kömək istəmiş, təcili tibbi yardım çağırmağı xahiş etmişdir. Oonunla qardaşı ona yaxınlaşmaq istəyəndə Şəhanənın yanında olan it onları yaxına buraxmamışdır. Qardaşı Şəhanənin yanında qalmış, o isə kömək üçün Nizamigilin evinə gedərək onu səsləmiş, səsinə Nizami və arvadı Nəzakət çıxmışlar. Onlara Şəhanənin evlərinin qarşısında qan içində uzandığını bildirmişdir. Nizami və Nəzakətlə birlikdə Şəhanənin olduğu yerə getmiş, həmin it yenə də orada olmuş, onları yaxına buraxmamışdır. Həmin vaxt səsə Baba evindən çölə çıxmış, Nəzakət Babaya «Şəhanəni niyə bu hala salıbsan» deyə soruşanda, Baba nalayiq ifadələrlə düzgün hərəkət etdiyini, Şəhanənin buna layiq olduğunu bildirmişdir. Bundan sonra Nəzakətin halı pis olduğundan evlərinə getmiş, əri Nizami isə mağazaya getmişdir. Həmin vaxt dövlət qeydiyyat nişanını xatırlamadığı, tünd boz rəngli «Opel» markalı avtomobil hadisə yerindən keçmək istəyəndə Şəhanəni görüb dayanmış, sürücü avtomobili geriyə verib Nizaminin mağazasının qarşısında saxlamış, maşından iki nəfər düşüb kənardan baş verənləri müşahidə etmişlər, onlara yaxınlaşmamışlar. Orada olan it hələ də onları Şəhanəyə yaxın getməyə qoymamışdır. 1-2 dəqiqədən sonra Baba küçəyə çıxıb həmin avtomobildən bir qədər aralıda dayanmışdır. Bundan sonra qardaşı kömək üçün Aytəngilə getmiş, Baba sonradan həmin avtomobildən düşən şəxslərə yaxınlaşıb söhbət etməyə başlamışdır. Aytən gələnə qədər qonşuları Azər də hadisə yerinə gəlmiş, Azər bir qədər onların yanında olandan sonra Babanın yanına gedib onlarla söhbət etmişdir. Aytən iti qovalamış, sonra Şəhanəni qucağına alıb evlərinin həyətinə aparmışdır. Babanın söhbət etdiyi şəxslər onu təcili tibbi yardıma zəng etməyə razı salmışlar, Baba da təcili tibbi yardıma zəng etmişdir. Aytən onlara Babaya Şahanəyə yaxın gəlməyə imkan veməmələrini tapşırmışdır. Baba onlara yaxın gəlməmiş, evin həyətində olanda onların yanından keçib evə daxil olmuşdur. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomaşını gəlmiş, həkimlər Şəhanəni xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, Baba özü təslim olmuşdur. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. 15 avqust 2020-ci il tarixdə, saat 06 radələrində işə getmiş, evdən çıxanda Babaya məxsus inəyin onların evinin arxasında olduğunu görüb inəyi qova-qova Babagilin evinə doğru getmişdir. Babanın evinin qarşısında bir qadının yerdə qan içində olduğunu, yanında qonşuluqda yaşayan adını bilmədiyi bir xanım və iki azyaşlı uşağın olduğunu görmüşdür. Baba evlərindən təxminən 5 metr aralıda mağazanın qarşısında dayanmışdır. Nə baş verdiyini öyrənmək üçün Babaya yaxınlaşmış, Baba əlində telefonla kiməsə zəng etmiş, nə baş verdiyini soruşanda Baba cavab verməmiş, sadəcə həkim və polislə danışdığını, onların da gəldiyini demişdir. Həmin vaxt orada olan azyaşlı uşaqlar onun yanına gəlmişlər, Babanın arvadını bıçaqladığını bildirmişlər. O, həmin vaxt yerdə olan qadının Babanın arvadı olduğunu öyrənmişdir. Babadan nə üçün belə bir hərəkət etdiyini soruşanda, Baba heç nə deməmişdir. Babanın arvadının yanında olan xanım «bir az tez edin, təcili tibbi yardıma zəng edin, ölür» deyə onlara müraciət edəndə, Baba «ölsə bundan yaxşıdır» deyə deyinməyə başlamışdır. Təxminən 5 dəqiqədən sonra təcili tibbi yardım stansiyasının həkimləri gəlmişlər, həkimlər Babanın arvadını yerdən xərəyə qoyub qaldırmaq istəyəndə gücləri çatmamış, bu vaxt hadisəyə baxmağa gələn şəxslər, hətta Baba da xərəyi yerdən qaldırmağa kömək etmişlər. Təcili tibbi yardım avtomaşını gedəndən bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş, Baba özü təslim olmuşdur. Cinayət işinin 1-ci cildinin 114-116-cı vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 31.08.2020-ci il tarixli 1743 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 4-8-ci vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 12.09.2020-ci il tarixli, 1807 nömrəli rəyindən görünür ki 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər hər iki tərəfli hemopnevmatorksla (döş boşluğuna qanın və havanın toplanması), nazik və yoğun bağırsaqların yaralanması ilə və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin, qarın nahiyəsinin, bel nahiyəsinin, sağ bazu, sağ said, sol bazu və sol bud nahiyələrinin çoxsaylı (ümumi 22 ədəd) deşilmiş-kəsilmiş yaraları – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, 15.08.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cildinin 48-53-cü vərəqlərində olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 07.10.2020-ci il tarixli, 432-MKTŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön sol yaxalığında dörd ədəd, donun ön sağ yuxarı səthində bir ədəd və donun arxa orta hissəsində on yeddi ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş- kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don üzərində olan xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi mümkünlüyü istisna olunur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 2-ci cildinin 54-59-cu vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 23.09.2020-ci il tarixli, 658/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin surətinə əsasən qan qrupu, ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş xələt, bıçaq üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 2-ci cildinin 113-121-ci vərəqlərində olan kompleks stasionar məhkəmə-məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14.12.2020-ci il tarixli, 134 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Paranoyal tipli şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoyal tipli şəxsiyyət pozuntusundan əziyyət çəkən bir şəxsdir. Şəxsiyyət pozuntusu individin xarakteroloji konstitusiyasının və davranış tendensiyalarının nəzərə çarpacaq dərəcədə pozulması olub, personal və sosial dezinteqrasiya ilə müşayiət edilir, gündəlik fəaliyyətində əhəmiyyətli dərəcədə diskomfort yaradır, mövcud mədəniyyətdə qəbul edilmiş normalardan kənara çıxmağa meyl şəklində bir sıra arzuolunmaz hərəkətlər edilməsində öz əksini tapır. Təsadüfi deyildir ki, şəxsiyyətin spesifik pozuntusunun müəyyənləşdirilməsi üçün aşağıdakı üç əlamətin cəm halında olması vacibdir: 1) şəxsiyyətin istənilən həyati situasiyada təzahür edə bilən patoloji xassələrinin totallığı; 2) nəzərə çarpan keyfiyyət əlamətlərinin davamlılığı (geriyə dönmə ehtimalının az olması); 3) ifadəlilik. Elmi ədəbiyyatdakı məlumata görə paranoyal tipli şəxsiyyət pozuntusu üçün ədavət, şübhəlilik, əsəbilik (həddən artıq səviyyədə qıcıqlılıq), frustrasiyaya qarşı həssaslığın çox yüksəlməsi, affektin birtərəfliliyi və davamlılığı xarakterikdir. Qısqanclıq fikirlərinin artıq patoloji məzmun kəsb etdiyi hallarda affektiv qərarsızlıq daha çox müşahidə olunur. Belə bir vəziyyətdə cinayət əməli törədən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoyal tipli şəxsiyyət pozuntusu onu təqsirləndirildiyi cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından (öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən) məhrum etmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoyal tipli şəxsiyyət pozuntusu» kimi kifayət qədər ciddi psixi patologiya onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, dəyişkən əhval-ruhiyyəlilik müəyyən edilir. İnadkarlıq, eqosentrizm, kinlilik, şübhəlilik, pedantlıq, eqosentrizm, inamsızlıq, ətrafındakılara etibar etməmək fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən «Paranoyal şəxsiyyət pozuntusu» ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahidlər və zərərçəkmiş şəxsin ifadələri, baxış, götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları, habelə təqsirləndirilən şəxsin ifadəsi ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digərhallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətləryetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.» Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəflivə obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, buna görə də X6 CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 1-ci cildinin 25 və 58-61-ci vərəqlərində olan protokol və qərardan görünür ki, 15 avqust 2020-ci il tarixdə X6 şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 138-142-ci vərəqlərində olan şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ər-arvaddır və onların 13.11.2013, 12.02.2016, 04.03.2018 və 08.09.2019-cu il təvəllüdlü 4 nəfər uşağı vardır. Cinayət işinin 2-ci cildinin 35-36-cı vərəqlərində olan xasiyyətnamə və arayışdan görünür ki, X6 dörd uşağı və arvadı ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır və onun barəsində hər hansı şikayət olmamışdır. Cinayət işinin 1-ci cildinin 230-235-ci vərəqlərində olan Qobustan rayon məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(026)-10/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır ki, cəza təyini zamanı da CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Himayəsində 4 nəfər azyaşlı uşağının olması və əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ər-arvad olmasını, cinayət törətdikdən sonrakı davranışını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərək, habelə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətinin əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi ilə xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə uzun müddət cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə 2 il azadlıqdan məhrum edilməsinə və şərti məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən ağır cinayət əməlini törətdiyindən ona təyin edilmiş şərti məhkumetmə ləğv edilməli və CM-in 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut olaraq Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi 01 ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd xalat dəyərini itirdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinin tələbinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Abşeron Rayon Vəkil bürosunda fəaliyyət göstərən vəkil X3, məhkəmə iclaslarında isə Bakı şəhəri 2 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi X1 göstərdiyi hüquqi yardım üzrə iş saatları 96 (doxsan altı) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 576 (beş yüz yetmiş altı) manat, Müdafiəçi i dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 576 (beş yüz yetmiş altı) manat fəaliyyət göstərdiyi Abşeron Rayon Vəkil Bürosunun, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 14 (on dörd) il azadlıqdan məhrumetmə cəzasına məhku medilsin, CM-nin 71.5-ci maddəsinə əsasən Qobustan rayon məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə ona təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı15 avqust 2020-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi 01 ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd xalat məhv edilsin, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 576 (beş yüz yetmiş altı) manat fəaliyyət göstərdiyi Abşeron Rayon Vəkil Bürosunun, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar