Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-977/2021 07.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 163 saylı bağ sahəsində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri Xəzər rayonu, Binə Aqro deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi – 5018,01 qram (5 kq 18,01 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Binə Aqro deyilən əraziyə daşıyaraq həmin yerdə yerləşən yaşadığı nömrəsiz fərdi evdə gizlətməklə saxlamışdır. Bundan sonra həmin narkotik vasitənin üzərindən ümumi təmiz çəkisi 6,909 qram narkotik vasitə qurudulmuş marixuana götürərək üç ədəd kibrit qutularına yığıb satış məqsədilə üzərində saxlamaqla daşımışdır. 14 fevral 2021-ci il tarixdə, gecə saat 02:55 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Binə Aqro deyilən ərazidə yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 3cü Polis bölməsinə dəvət olunmuşdur. Həmin gün saat 04:40 radələrində Xəzər RPİ-nin 3-cü Polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ cibindən iki ədəd, sol cibindən isə bir ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,229 qram, 2,322 qram, 2,358 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bitki mənşəli kütlələr aşkar edilərək götürülmüşdür. 14 fevral 2021-ci il tarixdə saat 07:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Binə Aqro deyilən ərazidə yerləşən nömrəsiz fərdi evdə aparılan baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxindəki divanın alt hissəsindəki saxlanc yerində gizlətdiyi ümumi təmiz çəkisi 5011,101 qram olan qeyd olunan narkotik vasitənin qalan hissəsi bir ədəd sarı rəngli sellofan torbadakı təmiz çəkisi – 2800 qram və həmin torbada 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,571 qram, 3,138 qram, 2,213 qram, 3,179 qram, bir ədəd göy rəngli sellofan torbadakı təmiz çəkisi – 2200 qram olan tərkiblərinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 01 oktyabr 2020-ci il tarixdə könüllü olaraq səfərbərliyə cəlb olunmuş və Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmişdir. 2020-ci ilin dekabr ayının sonlarında ordudan tərxis olunmuşdur. Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında olarkən 8-9 noyabr tarixlərində düşməndən azad edilmiş postdan sellofan torbada narkotik vasitə olan marixuana tapmış və onu özü ilə birlikdə çantasına qoyub Bakı şəhərinə yaşadığı evə gətirmişdir. Müharibə dövründə keçirdiyi sarsıntıların təsiri nəticəsində döyüş bölgəsindən götürdüyü narkotik vasitəni kibrit qutularına qoyaraq arabir istifadə etməyə başlamışdır. 14 fevral 2020-ci il tarixə kimi 10-12 kibrit qutusunda olan narkotik vasitəni istifadə etmişdir.14 fevral 2021-ci il tarixdə gecə saat 02:55 radələrində mağazaya gedərkən mülki geyimdə olan bir neçə nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək Xəzər RPİ-nin 3-cü PB-nə gətirmişlər. Burada polis əməkdaşlarının iştirakı ilə video-çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. O, əynində olan qara rəngli gödəkçənin sağ və sol ciblərindən ümumilikdə üç ədəd kibrit qutularında olan kütləni təqdim edib narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu demişdir. Polis əməkdaşları ondan başqa hardasa narkotik vasitəsinin olub-olmadığını soruşmuşlar. O, yaşadığı evdə də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu söyləmiş, polis əməkdaşları ilə birlikdə evinə gələrək divanın altında gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, ibtidai istintaq dövründə verdiyi ifadəni tam olaraq təsdiq etmir. Həyətində çətənə bitkisi əkib yetişdirməmiş və onu satmaq niyyəti olmamışdır. Həmin vaxtı utandığına görə narkotik vasitəni döyüş bölgəsindən gətirdiyini etiraf etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməldən çox peşman olduğunu, Vətən müharibəsi iştirakçısı və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq törətdiyi əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai isitintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadələrində özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Maştağa qəsəbəsi 163 saylı bağ sahəsində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu Binə Aqro deyilən ərazidə nömrəsiz fərdi evdə yaşamışdır. O, təxminən 3-4 ay müddətində hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Daha sonra vətən müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq müharibəyə qatılmışdır. Müharibəyə qatılmazdan əvvəl yaşadığı evin həyətində yerləşən istixanada şəxsi istifadə məqsədi ilə 24 ədəd çətənə bitkisi əkmiş, sadəcə müharibəyə qatıldığına görə məcbur qalıb onların hamısını tam yetişməmiş kökündən çıxarıb istixananın arxa tərəfində iki ədəd boş boya vedrələrinin içərisinə qoyaraq gizlətmiş, həmçinin məqsədi bitkilərin təbii şəraitdə quruması olmuşdur. Bundan sonra Ağdərə və Tərtər rayonu istiqamətlərində müharibədə iştirak etmiş, həmin vaxt sağ əlindən qəlpə yarası da almış, lakin zədə olduqca yüngül olduğuna görə heç bir tibbi yardım almamışdır. Müharibədən qayıdandan sonra yaşadığı evə gəlmiş, qurumaq üçün gizlətdiyi çətənə bitkilərinin qoyduğu yerdə olduğunu görmüşdür. Bitkilər tam qurumuş vəziyyədə olmuş, bəziləri isə nisbətən kiflənmişdir. Həmin bitkiləri götürüb əlləri ilə hissələrini toplayaraq sellofan torbalara yığmış və gətirib yaşadığı evin içərisində mətbəxdə olan divanın bazasında gizlətmişdir. Məqsədi həmin narkotik vasitədən həm özü üçün istifadə etmək, həmçinin kimsə istəsə satmaq olmuşdur. 14 fevral 2021-ci il tarixdə təxminən gecə saat 02 radələrində yaşadığı evin mətbəxində gizlədərək saxladığı narkotik vasitənin üzərindən bir qədər götürüb 10-20 manata satmaq üçün üç ədəd kibrit qutusuna yığaraq ciblərinə qoymuşdur. 14 fevral 2021-ci il tarixdə gecə saat 02:55 radələrində mağazaya gedərkən mülki geyimdə olan bir neçə nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 3-cü PB-nə gətirərək təhvil vermişlər. Həmin yerdə əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra 3-cü PB-də xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. O, əynində olan qara rəngli gödəkçənin sağ və sol ciblərindən ümumilikdə üç ədəd kibrit qutularında olan kütlənin təqdim edib narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu bildirmiş və yaşadığı evin həyətində əkmiş olduğu çətənə bitkisinin hissələrindən topladığını demişdir. Bundan sonra həmin kibrit qutuları polis əməkdaşlarının iştirakları ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüşdür. Həmin vaxt ona verilən suallara cavab olaraq əlavə olaraq etiraf edib yaşadığı evdə üzərində aşkar olunan narkotik vasitənin qalan hissəsini saxladığını bildirmişdir. Ərizə verərək yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını və razı olduğunu bildirmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakları ilə yaşadığı ünvana getmişlər. Yaşadığı evdə divanın bazasında gizlədərək saxladığı iki ədəd sellofan torbada olan maddələri təqdim etmişdir. Həmin vaxt sarı rəngli torbanın içərisində olan içərisinə qurudulmuş marixuana yığdığı 4 ədəd kibrit qutularını da iki ədəd sellofan torba ilə birlikdə təqdim etmiş və həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra çətənə bitkilərini əkdiyi istixananı polis əməkdaşlarına təqdim etmişdir. O, ifadəsində həmçinin göstərmişdir ki, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etmiş, lakin sonradan maddi vəziyyəti ilə əlaqədar satış məqsədi olmuş, ancaq buna baxmayaraq sata bilməmişdir. Ona qarşı heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2020-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almış və bununla bağlı dərhal Xəzər RPİ-nin 3-cü Polis bölməsinin rəisinə raportla müraciət etmişdir. Bundan sonra onun rəhbərliyi altında Xəzər RPİ-nin 3-cü Polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid2, Xəzər RPİ-nin 3-cü Polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid3 və Xəzər RPİ-nin 3-cü Polis bölməsinin məlumat portalı üzrə operatoru, polis serjantı Şahid4 ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün gecə saat 02:55 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “Binə Aqro” deyilən ərazidə yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis bölməsinə dəvət edilmiş, o, da heç bir etiraz etməyib onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra ona vəkilin və onların iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibindən iki ədəd, sol cibindən isə bir ədəd kibrit qutusunu təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün yaşadığı evin həyətində əkmiş olduğu çətənə bitkisinin hissələrindən topladığını demişdir. Həmin kibrit qutularının içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki nümunəsi aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə üç ədəd kibrit qutularında olan bitki nümunələri bir ədəd zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq əlavə olaraq etiraf edib yaşadığı evdə üzərində aşkar olunan narkotik vasitənin qalan hissəsini saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, onun vəkilinin, onun və şəxsi axtarışda iştirak edən digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “Binə Aqro” deyilən ərazidə yerləşən ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə divanın bazasında gizlədərək saxladığı göy və sarı rəngli iki ədəd sellofan torbada olan bitki nümunələrini təqdim etmişdir. Həmin vaxt sarı rəngli sellofan torbanın içərisinə keçirilən baxış zamanı torbada açıq vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki nümunələri, eləcə də həmin bitki nümunələrinin üzərində dörd ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki nümunələri aşkar edilmişdir. Bundan sonra göy rəngli sellofan torbaya da baxış keçirilmiş və onun da içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki nümunələri aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki nümunələri qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkilərini əkmiş olduğu istixananı təqdim etmiş, həmin yerə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 dindirilmiş digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə marixuana və heroin istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xəzər rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 14 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 7-8, 75) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ cibindən iki ədəd kibrit qutularında, sol cibindən isə bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki mənşəli kütlələri təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş və həmin üç ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlələr götürülmüşdür. (cild 1, iş vərəqə 29-30) “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 14 fevral 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürülmə aparılması haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “Binə Aqro” adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində divanın bazasında bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki mənşəli kütələr və bir ədəd sarı rəngli sellofan torbada və həmin torbanın içərisindəki dörd ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyli bitki mənşəli kütələr aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 33-35) “Baxış və götürmə aparılması haqqında” 14 fevral 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 14 fevral 2021-ci il tarixli, 7/189 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd kağız paketdəki 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,229 qram; 2,322 qram; 2,358 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata əqdim olunmuş bir ədəd sarı rəngli polietilen torbadakı təmiz çəkisi – 2800 qram və həmin torbada 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,571 qram; 3,138 qram; 2,213 qram; 3,179 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd göy rəngli polietilen torbadakı təmiz çəkisi – 2200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 5018,01 qramdır (5kq 18,01 qram) (cild 1, iş vərəqə 39- 43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 04 mart 2021-ci il tarixli, 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 103- 104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəməbioloji ekspertizasının 10 mart 2021-ci il tarixli, 7/204 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqə 109-111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 12 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs götürülmüş 5018,01 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırkı çəkisi 5017,38 qram olan narkotik vasitə - qurudulmuş marixuana saxlanılmasından ötrü Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin eyni qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 119-126) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 94) Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki uşağı 2011-ci il təvəllüdlü X2 və 2019-cu il təvəllüdlü X3 vardır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamə ilə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 80-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ******* nömrəli hərbi biletin surətindən və məhkəmə istintaqı zamanı verilmiş sorğuya cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsindən alınmış 27.04.2021-ci il tarixli məktubdan görünür ki, xx xxxxxxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada 01 oktyabr 2020-ci il tarixdə hərbi xidmətə cəlb edilmiş və qeyd olunan hərbi hissələrdə az güclü ultraqısa dalğalı və desimetrli radiostansiyaların manqa komandiri vəzifəsində hərbi xidmət keçmişdir: Hərbi hissə 281 01.10.2020-ci il tarixdən 02.10.2020-ci il tarixədək. Hərbi hissə 703 03.10.2020-ci il tarixdən 21.10.2020ci il tarixədək və xidməti dövrü döyüş əməliyyatlarında iştirak etmişdir. Hərbi hissə 281 21.10.2020-ci il tarixdən 03.11.2020-ci il tarixədək. Hərbi hissə 127 03.11.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək. Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. ( cild 1 vərəqə 86-89, cild 2, iş vərəqə 51 ) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitəni satmaq məqsədinin olmaması və ibtidai istintaq zamanı verdiyi ifadələrinin utandığına görə həmin məzmunda verməsi kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak etməsini, törətdiyi cinayəti qismən etiraf etməklə, Vətən müharibəsində iştirak edib sonradan keçirdiyi psixoloji sarsıntılardan narkotik vasitədən istifadə etməyə başlamasına görə səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, cəzasını ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, Vətən müharibəsində iştirak edib sonradan keçirdiyi psixoloji sarsıntılardan narkotik vasitədən istifadə etməyə başlamasına görə əməlindən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmasını, himayəsində 2 (iki) azyaşlı qız övladının olmasını və hər iki uşağa ata qayğısına daha çox ehtiyaclarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk günlərdən fəal iştirak etdiyini, nümunəvi davranışı ilə Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə (uşaqları və arvadına), ailə münasibətlərinə və qız övladlarının tərbiyəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədlərinə xidmət edəcək, eləcə də onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 14 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 21-22, 76-78 ). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablamaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hazırki iş üzrə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Bakı şəhərində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək onun yaşayış yeri üzrə Bakı şəhəri probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5017,38 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 2 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 157,64 (yüz əlli yeddi manat 64 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 40, 110). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 5 (beş) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvanı gecə saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan 3 (üç) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclasından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5017,38 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 2 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 157,64 (yüz əlli yeddi manat 64 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-977/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-977/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver