Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 1(111)-2/2021 06.05.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair “X6 Liseyi”-nin direktoru Eytem Gültekinin xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X6 Liseyi”-nin direktoru Eylem Gültekin xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 özünün Facebook sosial şəbəkəsində yerləşən https://www.facebook.com/peri.miniatur profilində 03 fevral və 04 fevral tarixlərində “X6 Liseyi” barədə böhtan xarakterli bir sıra yazılar paylaşmaqdadır. Bundan əlavə X4 özünün Facebook sosial şəbəkəsində yerləşən https://www.facebook.com/peri.miniatur profilində canlı yayım açaraq yenidən Lisey barədə əsassız, böhtan xarakterli ifadələr işlətmiş, əmək müqaviləsinə xitam verilmədiyi halda işdən çıxardıldığını vurğulamış, Liseyin işgüzar nüfuzunu ləkələyən ifadələrə yol vermişdir. Sonuncu paylaşımı olan “Məni az-çox tanıyanlar bilir” ifadələri ilə başlayan paylaşım yerləşdirmişdir. Həmin paylaşımda yazılmışdır: “Məni az-çox tanıyanlar bilir namərd, yaltaq, pul hərisi və riyakar olmadığımı. Oğlumun 3 yaşı olandan mən pul qazanmağa məcburam. Artıq oğlumun 20 yaşı var. Kimsəyə əyilməklə, söz götürməklə pul qazanmadım bu günəcən. Diskomfort hiss etdiyim hər yerə və hər kəsə tüpürdüm. 28 mayda iri həcmdə yayımlanaraq ajiotaj yaradan klipindən sonra kimlərinsə xoşuna getməyib mənim hansısa qurumda qalmağım və pul qazanmağım. 3 iyunda təlimatlandırıldım işdən rədd edilməmlə bağlı göstərişin olduğuna. Atatürk adının müqəddəsliyini daşıdığına inandığım litseydəki münasibət də maaşım da sürətlə azalmağa başladı! Mənim günahım varmıydı? -Vardı; Dilim lal, gözüm kor olmalıydı. Ama mənim gözüm kor olmaq istəmir, mən gözəllikləri, ənginlikləri, rəngləri, öz övladım qədər sevdiyim şagirdləri görməliydim. Onların qucağıma qaçamağını, boynuma sarılmasını, valideynlərinə rəsm materialları aldırmasını görmək üçün mən nə kor nə də lal ola bilməzdim. Mən Vətənimi və onun evladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm. Toplantılarda bütün heyətin önündə mənə və mənim tədris etdiyim fənnə bildirilən sayqısız münasibət rəvac verir ki, digər müəllimlər də mənim hüququmu pozsun və mən yazmadığım halda, dərsimə qatılmayan şagirdə öz ürəyi istəyən qiyməti yazsın. İllərdir sevgi və həvəslə çalışdığım iş yerindən ayrılmağa məcbur oldum. Əlbət bütün çətinlikləri yenə də aşacağam. Çünki məni vəzifəyə və ya sənətə kimsə gətirməyibdir ki, itirmək qorxum olsun. Nə qədər ki, bu ürəyim və əllərim var kimsə məni əzə bilməz və ac qalmaram. Ama məni incidən bəzi demokrat hesab etdiyim dostların nə üzdə nə mesajla mənəvi dəstək olmamasıdır. Bu da keçər. Bir gün həqiqət parlayacaq və inanıram ki, o vaxt mən yad qapılarda deyil öz ölkəmdə və məni dəstəkləyən xalqımın içində olacağam! Bizə işıq gətirəcəyini vəd edən demokratlar, görüşəcəyik!” Əsgərova Pərnisə tərəfindən paylaşılmış paylaşımda istifadə olunmuş “təlimatlandırılma”, “işdən rədd edilməm”, “ayrılmağa məcbur oldum” kimi ifadələr Liseyə böhtandır, həmçinin qeyd olunan ifadələrin Lisey haqqında istifadə edilməsi Liseyin işgüzar nüfuzuna ləkə salmaqda, valideynlər və digər kənar şəxslər arasında Lisenin nüfuzunu aşağı salmağa, yalnış məlumatlandırmaqla liseyə qarşı onları təhrik etməyə yönəlmişdir. Bundan başqa X4 paylaşımı “ümumi, yəni hamıya açıq status” formasında paylaşaraq paylaşımlarının daha geniş kütlə tərəfindən oxunulmasını hədəfləmişdir, eləcə də minimum 22 nəfər tərəfindən də olduğu kimi paylaşılmışdır. Liseyin digər işçilərinin də həmin paylaşımları görməsi Liseyin öz işçi kollektivi arasında da nüfuzuna ciddi zərbə vurmuşdur. Əlavə olaraq bildiririk ki, X4 03.02.2021-ci il tarixdən etibarən heç bir üzürlü səbəb bildirmədən işə gəlməməkdədir, dəfələrlə işçi ilə əlaqə saxlanılıb və üzürlü səbəb yoxdursa işə çıxması, əks halda əmək müqaviləsinə xitam verilməli olacağı barədə məlumatlandırılmışdır. Baxmayaraq ki, işçi tərəfindən bizə hər hansı bir məlumat verilməmişdir, bir çox zənglərimizə cavab verməmişdir, Lisey olaraq isci ilə əmək müqaviləsinə indiyə kimi xitam verilməmişdir. İttiham olunan X1 Muxtar Respublikasında qeydiyyatda olsa da, əmək müqaviləsi bağlanarkən kadrlar uçotunun şəxsi vərəqəsində ünvan 1 ünvanını qeyd eləmişdir. X4 indiyə kimi öz ailəsi ilə həmin ünvanda yaşamaqdadır. Ona göndərilmiş xəbərdarlıq məktubunu da həmin ünvanda qəbul eləmişdir. Bu səbəbdən şikayət X2 faktiki yaşadığı yer üzrə məhkəməyə ünvanlandırılmışdır. Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-127/2021 nömrəli, 26.02.2021-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmiş və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatında olan işlə əlaqədar məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq onlaq məhkəmənin hazırlıq iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş “X6 liseyinin” nümayəndəsi və vəkili Müdafiəçi1 “elektron məhkəmə sistemi” vasitəsilə vəsatət göndərərək şikayət verən tərəf olaraq şikayətdən imtina etdiklərini, şikayəti geri götürdüklərini bildirmişdir. Məhkəmə iş üzrə məhkəmə hazırlıq iclasının proses iştirakçılarının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə şikayət vermiş “X6 liseyinin” nümayəndəsi və vəkili Müdafiəçi1 vəsatətini nəzərə alaraq hesab edir ki, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş üzrə şikayəti vermiş şəxs şikayətindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair “X6 Liseyi”-nin direktoru Eytem Gültekinin xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 299.8, 300.1.3, 302.1.8 və 302.2.3, 381 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair “X6 Liseyi”-nin direktoru Eytem Gültekinin xüsusi ittiham qaydasında verilmiş şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-2/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №1(111)-2/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver