Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-3/2021 08.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X2 iştirakı ilə, 15 noyabr 1954-cü ildə Tehran şəhərində anadan olmuş, orta təhsilli, evli, iki uşaq atası, sürücü işləyən, Tehran şəhəri Tehranpas məntəqəsi, 178-ci qərb prospekti ev 31-də yaşayan və orada pasport qeydiyyatında olan, əvvəllər məhkum olunmamış, 17 dekabr 2020-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilə bilməyən şəxslər tərəfindən satış məqsədi olmadan daşınması ona həvalə edilmiş köhnə mebellərin içində süni olaraq yaradılmış, mebel taxtasının üzərinə nazik taxta örtük çəkilmiş və aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerində 30 ədəd şəffaf yapışqan selofanla bandlanmış, göy rəngli kağızla üzlənmiş, tünd qəhvəyi rəngli, təmiz çəkisi 23 kiloqram 950 qram şəxsi istehlak miqdarından artıq olan narkotik vasitə tiryəki idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinin 67E48010 nömrəli, “RAKSH SH6175” markalı qoşqusunda Almaniya Federativ Respublikasına şəxsiyyətləri istintaqla müəyyən edilə bilməyən şəxslərə daşımaq məqsədilə gömrük nəzarətindən gizlin 15 dekabr 2020-ci il tarixdə təxminən saat 0122 radələrində X9 vasitəsilə Azərbaycan Respublikası ərazisinə daxil olarkən Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin yük nəqliyyat vasitəsinə “HCVG X-ray” rentgen qurğusu vasitəsi ilə baxış keçirilmiş, nəticədə gömrük nəzarətindən gizlədilmiş 23 kiloqram 950 qram şəxsi istehlak miqdarından artıq olan narkotik vasitə tiryək və nəqliyyat vasitəsinin dartıcısında sürücünün ayaqaltı rezinin altında gizlədilmiş ağ selofana bükülmüş tünd qəhvəyi rəngli, təmiz çəkisi 1,6 qram şəxsi istehlak miqdarında olan narkotik vasitə tiryək gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşıdır, ailəlidir, 2 övladı var, İran İslam Respublikası, Tehran şəhəri, Tehranpars məntəqəsi 178-ci qərb prospekti, ev 31 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təxminən 40 il olar sürücülüklə məşğuldur, 35 il olar İrandan xarici ölkələrə yük daşıyır. O, Almaniya, Fransa, Hollandiya, İspaniya, Polşa, İtalya və s. avropa ölkələrinə, Asya ölkələrinə yük aparmışdır. O, 2 ildir "X11" şirkəti ilə işləyir, İdarə etdiyi 67E47910 dövlət nömrə nişanlı, qoşqu nömrəsi 67E48010 olan "RAKSH SH6175" VOLVO markalı nəqliyyat vasitəsi İİR-sı vətəndaşı X5 məxsusdur. O, “Volvo” markalı, 67E47910 nömrə nişanlı (qoşqu nömrəsi 67E48010 "RAKSH SH6175" markalı) yük nəqliyyat vasitəsini icarə əsasında 1 il işlətmiş, sonra 20.01.2020-ci ildə nəqliyyat vasitəsini idarə etmək üçün yeni vəkalətnamə almış, amma avropa ölkələrinə getmək üçün vizası olmadığından 15.11.2020-ci il tarixə qədər nəqliyyat vasitəsini idarə etməmiş, həmin tarixdən sonra nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. O, "X11" şirkəti ilə bu şərtlərlə işləyir ki, idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı, qoşqu nömrəsi 67E48010 olan "RAKSH SH6175" VOLVO markalı nəqliyyat vasitəsi İİR-sı vətəndaşı X5 məxsusdur. Cəlal "X11" şirkəti ilə müqavilə bağlayıb yükləri daşımağa görə şirkətdən pul alır və ona sürücülük pulu verir. O deyilən yükləri yükləyib, aparılmalı ölkələrə aparır, nəqliyyat vasitəsi Cəlala məxsus olduğu üçün Cəlal ilə şirkət arasında olan münasibətlərdən xəbəri yoxdur. İşlədiyi "X11" şirkəti tarixi yadımda qalmayan gündə ona zəng vurub 1 maşın yük olduğunu, həmin yükü Almaniyaya aparmaq lazım olduğunu, nəqliyyat vasitəsini Qərbi Tehran gömrüyünə gətirməsini, orada yüklənəcəyini bildirmişlər. O, Qərbi Tehran gömrüyünə getmiş, orada işlədiyi "X11" şirkətinin nümayəndəsi Davud adlı şəxsin, gömrük əməkdaşlarının və özünün iştirakı ilə yük nəqliyyat vasitəsinə aparacağım yüklər yüklənmişdir. Yükləmə zamanı apardığı yükün sahibləri orada iştirak etməmişlər. Yadında qaldığı qədəri ilə yük nəqliyyat vasitəsinə xalça, daş, çay, mebel əşyaları yükləmişlər. Yüklənən əşyaların üzəriləri fərqli rənglərdə parçaya bənzər material ilə bağlanmış vəziyyətdə olmuşdur. Həmin yüklər 7-8 nəfərə məxsus olmuş, yükləri nəqliyyat vasitəsinə yükləyən zaman o yüklərin hissə-hissə olmasından fərqli şəxslərə məxsus olduğunu təxmin etmişdir. Yüklər yükləndikdən sonra o qoşqunun çadırını çəkib bağlamış və gömrük əməkdaşı nəqliyyat vasitəsinin qoşqu hissəsini plomblamışdır. Şirkətin nümayəndəsi ona faktura (invoice) və TİR cornet sənədlərini vermişdir. Həmin sənədlər nəqliyyat vasitəsinin içərisində olan yükün adını, çəkisini və dəyərini göstərən sənədlər olmuşdur. O yükü götürdükdən 5 gün sonra Poldaşt gömrüyünə gəlmiş, orada gömrük məmurları Tehranda vurulan plombu açıb, qoşqu hissəyə vizual nəzər saldıqdan sonra Şahtaxtı gömrüyünə keçmişdir. Şahtaxtı gömrüyündə X-Ray rentgen qurğusuna daxil olduqda nəqliyyat vasitəsinin yük yerində olan yüklərdə şübhəli nəsə olduğu ona bildirilmiş, nəqliyyat vasitəsinin dartıcı hissəsinə baxış keçirilmiş, orada ona məxsus çantadan dərman həbləri aşkar olunmuşdur. Həmin dərman həblərini dişində və boyun fəqərələrində olan ağrılar üçün "tramadol", əsəblərinə görə isə "klonezepam" dərman həblərini istifadə etməyi üçün həkim ona reçept yazmışdır. Əlavə olaraq dartıcı hissənin döşəməsindən sarı rəngli selefon büküm aşkar olunmuş, həmin büküm dartıcının ayaqaltında olan dəmir hissəsi ilə plastik hissənin arasından aşkar olunmuşdur. Sonradan ona aydın olmuşdur ki, dartıcının döşəməsindən götürülən bükümün içərisində olan narkotik vasitə imiş. O, dartıcı hissədən aşkar olunan 1,6 qram tiryək narkotik vasitəsinin kimə məxsus olduğunu bilmir, ancaq şübhələnir ki, ondan əvvəl avtomaşının sahibi Cəlal Turabpur həmin yük nəqliyyat vasitəsini idarə etmək üçün Rza adlı bir nəfər şəxsə vermiş və həmin Rza adlı şəxsdə nəqliyyat vasitəsində narkotik çəkdiyi üçün Cəlal Turabpur həmin şəxsi qovmuşdur, Rzanı qovduqdan sonra yük nəqliyyat vasitəsini ona icarəyə vermişdir. Cəlal Turabpur özü bu sözləri ona demişdir. Gömrük əməkdaşları qoşqu hissədə olan yükləri yerə boşaldıb maşında olan yüklərin hamısını birbir X-ray qurğusundan keçirmişlər, yüklərin içərisindəki ev əşyası olan kamodun üst hissəsində düzəldilmiş gizli yerdən göy rəngli selefona bükülmüş bükümlər aşkar olunmuşdur. O, həmin bükümlərin içərisində nə olduğunu, sayını və çəkisini bilməmiş, sonradan ona verilən sənədlərdə həmin bükümlərin 30 ədəd, ümumi çəkisi 23 kq 950 qram tiryək narkotik vasitəsi olduğunu bilmişdir. Azərbaycan Respublikasından tranzit keçməklə Almaniya Federasiyasına apardığı yüklərin kimə məxsus olduğunu bilmir, həmin yüklər şirkət tərəfindən ona daşınması üçün verilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda daşınan yüklərin kimə məxsus olduğunu və həmin yüklərin içərisindən aşkarlanan 23 kiloqram 950 qram tiryək narkotik vasitəsinin kimə məxsus olduğunu bilmir, həmin narkotik vasitələr ona aid deyil, yalnız nəqliyyat vasitəsindən götürülən dərman həbləri ona məxsusdur. Almaniya Federasiyasına apardığı yükə görə 1000 ABŞ dolları pul alacağını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində aşkarlann narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını, günahsız olduğunu, yük daşıma ilə əlaqədar bütün işləri vicdanla yerinə yetirdiyini bildirmiş və bunlara baxmayaraq məhkəmə tərəfindən işlə bağlı hər hansı çıxarılarsa onu qəbul edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, 01 oktyabr 2009-cu ildən Naxçıvan MR Dövlət Gömrük Komitəsinə xidmətə qəbul olunmuş və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin X4 Tətbiqi şöbəsinin inspektoru vəzifəsində xidmətini davam etdirir. 15 dekabr 2020-ci ildə X9nda olan X-RAY Rentgen qurğusunda xidmətini apararkən təxminən saat 00:05 radələrində İran İslam Respublikasından Naxçıvandan tranzit keçməklə Almaniya Respublikasına gedən Volvo markalı 67E47910 dövlət nömrə nişanlı avto nəqliyyat vasitəsini X-RAY rentgen qurğusunda müayinə aparmış və avtonəqliyyat vasitəsinin yük qoşqusunda olan mebellərdə şübhəli cizgilər aşkar etmişdir. Sürücünü yük platformasına yönləndirmiş, şübhəli cizgi olan hissəni müvafiq qaydada işarələyərək kağızda çap etmiş və həmin təsviri platformada xidmətdə olan Şahid3 vermişdir. Xidmət yerinə dönmüş və xidmətini davam etdirmişdir. Bir qədər sonra Malik onu baxış keçirmək üçün anbara dəvət etmişdir. Orada o bilmişdir ki, avtonəqliyyat vasitəsinin sürücü kabinəsindən narkotik vasitə tiryəkə bənzər bir büküm maddə və 29 ədəd psixotrop tərkibli “klonazepam” və “tramadoll 200 ml” dərman həbləri aşkarlamışdır. Yük hissənin işarələdiyi hissədəki mebelləri sürücü və hal şahidlərinin iştirakı ilə maşından endirib, əl yükləri üçün olan rentgen qurgusundan keçirmişlər. Orada da eynilə şübhəli cizgilər görmüşlər, şübhələri qətiləşdiyindən mebelin birinin üzərinə sonradan yapışdırılmış nazik taxta örtüyü qaldırmışlar və orada göy rəngli kağıza və polietilen sellofana bükülü tünd qəhvəyi rəngdə narkotik vasitə tiryəkə bənzər maddə görmüşlər. Mebelin on ədəd döşəmə və on ədəd tavan hissəsindən bağlama aşkarlanmışdır. Onlar digər mebeli rentgen qurğusundan keçirmişlər və oradan da eyni qaydada yığılmış on ədəd bağlama aşkarlamışlar. Cəmi otuz bağlama olan narkotik vasitə tiryəkə bənzər maddə sürücü və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə şərti işarələnərək bir-bir çəkilmiş, ümumi çəkisi 25 kq 584 qram olmuşdur. Həmin vaxtı sürücüdən narkotik vasitəyə bənzər bükümlərin nə olduğunu soruşmuş, sürücü isə əvvəlcə bükümlərin içərisində tiryək olduğunu bildirsə də, sonradan həmin bükümlərin içərisində nə olması və kimə məxsus olması barədə xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, X9nda inspektor vəzifəsində işləyir. 15 dekabr 2020-ci ildə X9nun girişçıxış tranzit yük avtonəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirərkən təxminən saat 00:10 - 00:15 radələrində İran İslam Respublikasından Naxçıvandan tranzit keçməklə Almaniya Respublikasına gedən Volvo markalı yük avtonəqliyyat vasitəsi 67E47910 dövlət nömrə nişanlı avto nəqliyyat vasitəsi gömrük nəzarət zonasına daxil olmuş, X-RAY rentgen qurğusu vasitəsilə müayinədən keçdikdən sonra yük platformasına gəlmiş, həmin vaxtı X- RAY rentgen qurğusunda xidmətdə olan iş yoldaşı Şahid2 rentgen təsvirini gətirib ona verərək həmin yük avto nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər aşkar etdiyini demişdir. O "Volvo" markalı 67E47910 dövlət nömrə nişanlı maşının sürücüsünə yaxınlaşaraq avtonəqliyyat vasitəsini gömrük nəzarətindən keçirəcəyini, yəni müayinə edəcəyini deyib, sürücünün iştirakı ilə sürücü kabininə qalxaraq sürücünün ayaqaltı rezinini qaldırıb baxdığı zaman rezinin altından bir ədəd şəffaf salofana bükülü tünd qəhvəyi rəngli maddə aşkar etmiş, həmin maddəni avtonəqliyyat vasitəsinin sürücüsünə göstərib bunun nə olduğunu soruşduqda sürücü nə olduğunu bilmədiyini və həmin vaxtı sürücünün xeyli həyacanlı olduğunu görmüş, bir daha həmin maddənin nə olduğunu soruşduqda sürücü maddənin başqa sürücüyə məxsus olduğunu demişdir. O kabinənin müayinəsini davam etdirib sürücüyə məxsus olan çantasından 10 ədəd üzərində ”Tramadol Hydrochloride T- Dol 200” yazılmış, 10 ədəd üzərində ”Tramadol Allapain 100” yazılmış, 9 ədəd üzərində “Clonazepam Arya 2” yazılmış dərman həblərini aşkar etmişdir. Tiryək narkotik vasitəsinə bənzər maddəni və dərmanları sürücünün iştirakı ilə qablaşdırıb və hal şahidlərinin iştirakı ilə götürmüşdür. Bundan sonra isə digər gömrük əməkdaşları ilə avtonəqliyyat vasitəsinin yük yerini açıb hal şahidlərinin və sürücünün iştirakı ilə yüklərinə baxış keçirməyə başlamışlar. İş yoldaşı Şahid2 tərəfindən ona verilmiş X-RAY rentgen qurğusunun təsvirlərinə əsaslanaraq yük yerində olan mebelləri əlavə olaraq yenidən xırda monitordan keçirmiş və bir daha şübhəli təsvirlərə tam əmin olduqdan sonra mebellərin aşağı və yuxarı hissələrini qalınlaşdıraraq gizli saxlanc yeri düzəldildiyini aşkar etmiş, həmin yerlərə vurulmuş fanerkaları sökmüş və birində 10 ədəd digərində isə 20 ədəd göy rəngli kağızlara bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı avtonəqliyyat vasitəsinin sürücüsü həmin maddələrdən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə dindirilmiş digər şahidlər, gömrük əməkdaşları Şahid2 və Şahid3 dediklərinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal şahidi Şahid4 oğlu verdiyi ifadəsində göstərmişdir ki, Kəngərli rayonun Şahtaxtı kəndində yaşayır, Şahtaxtı gömrüyündə fəhləlik edir. 15 dekabr 2020-ci il tarixində Şahtaxtı gömrüyündə olarkən gömrük işçisi olan Malik və Novruz onu və orada fəhlə işləyən həmkəndlisi Şahid5 yanlarına çağıraraq İran İslam Respublikasından gələn "Volvo" markalı yük maşınına baxış keçirəcəklərini birdirmişlər və hal şahidi kimi iştirak etmələrini xahiş etmişlər. Onlara hüquq və vəzifələrini izah etdikdən sonra iranlı sürücünün iştirakı ilə yük maşınının kabinəsinə baxış keçirilmiş, kabinənin sürücü tərəfində olan rezinin altından bir ədəd selofana bükülmüş tünd qəhvəyi rəngli kütlə aşkar edilmiş, həmin kütlənin nə olduğu gömrük əməkdaşı tərəfindən iranlı sürücüdən soruşulmuş, iranlı sürücü ondan qabaq maşının sürücüsü olmuş başqa bir şəxsin olduğunu qeyd edərək aşkar edilmiş kütlədən onun xəbəri olmadıgını bildirmişdir. Gömrük əməkdaşı kabinədən aşkar edilmiş bir bükümdəki maddəni elektron tərəzidə çəkmiş, çəkisi 1,6 qram olmuşdur. Gömrük işçiləri həmin iranlının idarə etdiyi yük maşınının kabinəsinə baxış keçirməyi davam etdirmiş və kabinədə olan sürücünün şəxsi əşyalarını yığdığı çantasının içindən üzərində “Tramadol“ yazılmış iyirmi ədəd və “Clonazepam“ yazılmış doqquz ədəd dərmanl həbləri də aşkarlamışlar. Sonra gömrük əməkdaşları yük maşının qoşqusunda olan yükləri boşaldıb monitordan keçirərkən yüklərin içərisində olan şkaf mebelin üst və alt hissələrindəki fanerkalar açılmış və həmin yerlərdən cəmi 30 ədəd tünd göy rəngli kağıza və sellofana bükülü bağlamalar çıxmışdır. İranlı sürücü tapılmış bükümlərdən xəbəri olmadığını bildirmişdir. Gömrük əməkdaşları onların və sürücünün özünün iştirakı ilə yük avtomaşının qoşqusundan aşkar edilmiş otuz ədəd bükümlərdə olan kütləni nömrələyib bir-bir elektron tərəzidə çəkmişlər. Aşkar olunmuş bükümlərin çəkisi 25 kiloqram 584 qram olmuşdur. Sonra gömrük əməkdaşları onların yanında aşkar olunanları sənədləşdirmiş və qablaşdırib möhürləyərək götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal şahidi Şahid5 məhkəmədə dindirilmiş digər Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 dekabr 2020-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsi Şaxtaxtı Gömrük İdarəsində tərtib edilmiş “baxış və götürmə” haqqında protokolundan görünür ki, həmin tarixdə X9 vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn, 15.11.1954-cü il təvəllüdlü, İİR-nın vətəndaşı, V 52952443 nömrəli pasportun sahibi Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinin 67E48010 nömrəli, “RAKSH SH6175” markalı qoşqusuna baxış keçirilən zaman qoşquda daşınan köhnə mebellərin içində süni olaraq yaradılmış, mebel taxtasının üzərinə nazik taxta örtük çəkilmiş və aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerindən 30 ədəd şəffaf yapışqan selofanla bandlanmış, göy rəngli kağızla üzlənmiş, tünd qəhvəyi rəngli, təmiz çəkisi 23 kiloqram 950 qram narkotik vasitə olan tiryək, nəqliyyat vasitəsinin dartıcısında sürücünün ayaqaltı rezinin altında gizlədilmiş ağ selofana bükülmüş tünd qəhvəyi rəngli, təmiz çəkisi 1,6 qram narkotik vasitə olan tiryək, şəxsi əşyaları olan çantasından 10 ədəd üzərində “Tramadol Hydrochloride T-DOL 200” yazılmış, 10 ədəd üzərində “Tramadol Allapain 100” yazılmış güclü təsir edən tramadol dərman həbləri, 9 ədəd üzərində “Clonazepam Arya 2” yazılmış psixotrop tərkibli klonazepam dərman həbləri aşkar edilərək götürülmüşdür. - 16 dekabr 2020-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanmış, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olması qənaətinə gəlinərək istintaqın davam etdirilməsi üçün 27 yanvar 2021-ci il tarixdə aidiyyatı üzrə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə göndərilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində aparılan istintaqla Təqsirləndirilən şəxs 23 kiloqram 950 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan daşıması qənaətinə gəlinərək cinayət işi yenidən 09 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə göndərilmiş, onun əməlində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə yanaşı 234.1-ci maddəsinin də tərkibi müəyyən edildiyindən 16 dekabr 2020-ci il tarixdə ona elan edilmiş ittihama əlavə edilməklə cinayət əməli Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmiş və 5 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yeni məzmunda ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 15 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 15 dekabr 2020-ci il tarixdə, saat 17:49-dan hesablanmışdır. - Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmışdır. - Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinin 67E48010 nömrəli, “RAKSH SH6175” markalı qoşqusunda daşınan 2 ədəd kamodun içində süni olaraq yaradılmış, mebel taxtasının üzərinə nazik taxta örtük çəkilmiş və aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerindən 30 ədəd şəffaf yapışqan selofanla bandlanmış, göy rəngli kağızla üzlənmiş, tünd qəhvəyi rəngli kütlələrin və nəqliyyat vasitəsinin dartıcısında sürücünün ayaqaltı rezinin altında gizlədilmiş ağ selofana bükülmüş tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə olub-olmamasını, hazırlanma üsulunun, xalis çəkisinin müəyyən edilməsi məqsədilə 21 dekabr 2020-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 225/20 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn, İİR vətəndaşı, 13 iyun 2020-ci il tarixdə verilmiş V52952443 nömrəli pasportun sahibi,15 noyabr 1954-cü il təvəllüdlü, Tehran şəhər sakini Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə idarə etdiyi yazılan və imzalar olan karton qutunun içərisindəki, 30 ədəd şəffaf sellofana bükülmüş və göy rəngli kağızla üzlənmiş ümumi təmiz çəkisi 23 kiloqram 949,1 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 864,9 qram; 705 qram; 860 qram; 670 qram; 885 qram; 800 qram; 924 qram; 680 qram; 695 qram; 824,9 qram; 894,9 qram; 725 qram; 930 qram; 690 qram; 820 qram; 695 qram; 700 qram; 940 qram; 745 qram; 854,9 qram; 695 qram; 939,9 qram; 845 qram; 889,9 qram; 710 qram; 869,9 qram; 730 qram; 730 qram; 760 qram; 874,9 qram olan və 01 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1,5 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik tiryək iyli maddələr kustar üsulla hazırlanmış, eyni tərkibə malik, narkotik vasitə olan tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin sayahısı“na (siyahı 1) daxildir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2020-ci il tarixli 221/20 nömrəli arayışına əsasən ilkin tədqiqat zamanı tiryəkin ümumi təmiz çəkisi 23 kiloqram 951,6 qram olmuşdur. - Məhkəməyədək icraat dövründə 25 dekabr 2020-ci il tarixli qərarla İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinin 67E48010 nömrəli, “RAKSH SH6175” markalı qoşqusunda daşınan 2 ədəd kamodun içində süni olaraq yaradılmış, mebel taxtasının üzərinə nazik taxta örtük çəkilmiş və aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerindən aşkar olunaraq götürülmüş 23 kq 950 qram olan və dartıcının sürücü tərəfdən ayaq altı rezin döşəməsinin altindan aşkar edilərək götürülmüş 1,6 qram olan tiryək narkotik vasitələrinin 1 qramı 16 dekabr 2020-ci il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyi MEM-in ekspert tədqiqatına, 1 qramı isə 25 dekabr 2020-ci il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyi MEM-in ekspertizasına sərf edilməsi nəzərə alınmış və ümumi təmiz çəkisi 23 kq 951,6 qram olan tiryək narkotik vasitəsi cinayət işi üzrə maddi sübut növü kimi tanınmış və faktiki qalan 23 kq 949,6 qram tiryək narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmişdir. - Məhkəməyədək icraat dövründə Şaxtaxtı Gömrük İdarəsində tərtib edilmiş 19 yanvar 2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı, qoşqusu "RAKSH SH6175" olan “VOLVO" markalı nəqliyyat vasitəsi və siyahı üzrə yük nəqliyyat vasitəsində olan əşyalarla birlikdə saxlanması üçün Naxçıvan muxtar Respublikası DGK-nin Şaxtaxtı Gömrük İdarəsinə təhvil verilmişdir. - İran İslam Respublikasının 467 nömrəli Tehran notariat kontorunun təsdiq etdiyi vəkalətnamənin tərcüməsindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı, qoşqusu "RAKSH SH6175" olan “VOLVO" markalı nəqliyyat vasitəsi X5 məxsusdur. - 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 17 dekabr 2020-ci il tarixli 58 saylı tibbi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi istisna olunmur. Lakin hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə xas əlamətlər aşkar olunmadı. Məcburi müalicəyə ehtiyacı yoxdur. - Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş 18.12.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 15 dekabr 2020-ci il tarixdə tərtib edilmiş “baxış və götürmə” haqqında protokolunu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 225/20 №-li ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 17 dekabr 2020-ci il tarixli 58 saylı tibbi rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, 15 dekabr 2020-ci il tarixdə təxminən saat 0122 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 67E47910 dövlət nömrə nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinin 67E48010 nömrəli, “RAKSH SH6175” markalı qoşqusunda Almaniya Federativ Respublikasına şəxsiyyətləri istintaqla müəyyən edilə bilməyən şəxslərə daşımaq məqsədilə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilə bilməyən şəxslər tərəfindən satış məqsədi olmadan daşınması ona həvalə edilmiş köhnə mebellərin içində süni olaraq yaradılmış, mebel taxtasının üzərinə nazik taxta örtük çəkilmiş və aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerində şəxsi istehlak miqdarından artıq olan 23 kiloqram 950 qram narkotik vasitə tiryəki və nəqliyyat vasitəsinin dartıcısında sürücünün ayaqaltı rezinin altında gizlədilmiş 1,6 qram şəxsi istehlak miqdarında olan narkotik vasitə tiryəki gömrük nəzarətindən gizlin X9 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 15 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 17 dekabr 2020-ci il tarixli 58 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 23 kq 949,6 qram olan tiryək narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və məhkəməyə təqdim edilən V52952443 nömrəli pasport, 1 (bir) ədəd “Samsung Galaxy A50" markalı mobil telefon, 1 (bir) ədəd açıq qəhvəyi rəngli möhür, 1 (bir) ədəd sarı rəngli alışqan, 2 (iki) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 10 “ABŞ dolları", 1 (bir) ədəd 5 “ABŞ dolları", 2 (iki) ədəd 500 "avro", 2 (iki) ədəd 100 "avro", 38 (otuz səkkiz) ədəd 50 "avro", 1 (bir) ədəd 20 "avro", 2 (iki) ədəd 10 “avro", 1 (bir) ədəd 5 "avro", 40 (qırx) ədəd 100 “Türk lirəsi”, 1 (bir) ədəd 10000 İran “reali”, 20 (iyirmi) ədəd 5 Azərbaycan "manatı" Təqsirləndirilən şəxs, Şahtaxtı Gömrük İdarəsində saxlanılan X5 məxsus 67E47910 dövlət nömrə nişanlı, qoşqusu "RAKSH SH6175" olan “VOLVO" markalı nəqliyyat vasitəsi və siyahı üzrə yük nəqliyyat vasitəsində olan əşyalar X5 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 23 kq 949,6 qram olan tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan V52952443 nömrəli pasport, 1 (bir) ədəd “Samsung Galaxy A50" markalı mobil telefon, 1 (bir) ədəd açıq qəhvəyi rəngli möhür, 1 (bir) ədəd sarı rəngli alışqan, 2 (iki) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 10 “ABŞ dolları", 1 (bir) ədəd 5 “ABŞ dolları", 2 (iki) ədəd 500 "avro", 2 (iki) ədəd 100 "avro", 38 (otuz səkkiz) ədəd 50 "avro", 1 (bir) ədəd 20 "avro", 2 (iki) ədəd 10 “avro", 1 (bir) ədəd 5 "avro", 40 (qırx) ədəd 100 “Türk lirəsi”, 1 (bir) ədəd 10000 İran “reali”, 20 (iyirmi) ədəd 5 Azərbaycan "manatı" Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Şaxtaxtı Gömrük İdarəsində saxlanılan X5 məxsus 67E47910 dövlət nömrə nişanlı, qoşqusu "RAKSH SH6175" olan “VOLVO" markalı nəqliyyat vasitəsi və siyahı üzrə yük nəqliyyat vasitəsində olan əşyalar X5 qaytarılsan. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-3/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-3/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver