Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2852/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh” İB tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 (Baksol küçəsi) ünvanına (abonent kodu: **********0011) hesablanmış 1238,40 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evinə **********0011 saylı abonent kodu verilmişdir.31.08.2020-ci il tarixdə Bakı Regional qazın Satışı Departamentinin nümayəndələri tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğvedilməsi ilə bağlı akt tərtib edilmiş və akt tərtib edilərkən iddiaçı iştirak etməmiş və aktı da imzalamamışdır. Bundan sonra itirilmiş qazın hesabatı aparılmış və hesablanmış məbləğin - 1238,40 manatın ödənilməsi barədə tələbnamə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçı əsassız yazılmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - aktdan və borc barədə məlumatdan görünür ki, İddiaçı “Cavabdeh” İB-yə 1238,40 manat borc yazılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydalari”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 (Baksol küçəsi) ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və buna görə dəymiş zərərin ödənilməsi tələb edilmişdir. Lakin akt onun iştirakı olmadan tərtib edilmiş, istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh tərəfindən qaz sərfinə görə hesablanmış borc əsassız olduğundan 1238,40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1238,40 manat (bir min iki yüz otuz səkkiz manat qırx qəpik) borc silinsin. “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2852/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2852/2021
18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver