Məhkəmə qərarları › İş №2(001)-3832/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3832/2020

23.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3832/2020 23.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlaka dair payın müəyyənləşdirilməsi, maneənin aradan qaldırılması və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin həcmini azaltmış və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, 205 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 34738 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ortağı Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000343 №-İİ şəhadətnamə əsasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, 205 ünvanında yerləşən “Mehriban” kafesini satın almışlar. Həmin əmlak hazırda hər ikisinin də mülkiyyətindədir. Qeyd edilən ünvandakı əmlak əsas sahə 470.4 kv.m., köməkçi sahə 445.9 kv.m. olmaqla, ümumilikdə 916.3 kv.m. sahəyə malikdir. İddiaçı mülkiyyətçi kimi cavabdehin razılığı ilə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmiş və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, 205 ünvanında yerləşən əmlakın bütövlükdə təmirinə 34.738 manat xərc çəkmişdir. Təmirdən sonra tərəflər aralarında şifahi olaraq iddiaçı tərəfindən həmin əmlakın icarəyə verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra iddiaçı tərəfindən həmin əmlakın təmirinə 34.738 manat pul xərclənib və həmin əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.2 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələri yerləşdiyi hissələri onun tərəfindən xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda X2 icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2022-ci il tarixədək olan müddətə bağlanmışdır. Hazırda "Mehriban" kafesinin qeyd edilən hissəsi X3 tərəfindən istifadə edilməkdə idi. Lakin Cavabdeh və adamları tərəfindən 2019-cu ilin may-iyun ayları ərzində bir neçə dəfə "Mehriban" kafesinə gedərək X1 fəaliyyətinə manelərə törətdilir, sonradan isə tərəflər arasında mülki mübahisə yaranmış və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkm., S.Məmmədova küçəsi, 205 ünvanında yerləşən “Mehriban” kafesinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. 2019-cu ilin iyun ayından hal-hazıradək “Mehriban” kafesi fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə bildirdi ki, təmirin iddiaçı tərəfindən edilməsini şahidlər sübut edə bilər və onların dindirilməsi üçün məhkəmə iclası təxirə salınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.3-cü maddəsinə əsasən, hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər. Məhkəmə işin xx.xx.2020-ci il tarixdən məhkəmənin icraatında olmasını və xx.xx.2020-ci il tarixədək iki dəfə məhkəmə baxış iclasının müxtəlif səbələrdən təxirə salınmasını nəzərə alaraq, vəsatəti gecikmiş kimi rədd etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli daşınmaz əmlak tərəflərin hər ikisinin mülkiyyətindədir, lakin mülkiyyət hüquqları halhazırda dövlət reyestrində qeydiyyatdan keçməyib. Tərəflərin həmin daşınmaz əmlakda payları müəyyən edilməyib. Belə olan halda hal-hazırda iddiaçının təmirə çəkilən xərci tələb etməsi ağlabatan deyil. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, daşınmaz əmlakın yalnız bir hissəsi təmir olunub. Ola bilsin ki, gələcəkdə paylar müəyyən edildiyi təqdirdə, təmir edilmiş hissə elə iddiaçının payına aid hissəyə düşdü. Bundan əlavə təmirin iddiaçı tərəfindən cavabdehin razılığı ilə edilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Cavabdehdə olan məlumata görə mübahisəli daşınmaz əmlak təmirli vəziyyətdə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 özrə Dövlət Komitəsi tərəfindən verilən xx xxxx 2006-cı il tarixli, 000343 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, mülkiyyət üzərində sahiblik hüququni təsdiqləyən bu şəhadətnamə verilir İddiaçı və Cavabdeh görə ki, onlar həqiqətən ünvan 5 ünvanında yerləşən “Mehriban” kafesini satın almışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, 205 saylı ünvanına dair (“Mehriban” kafesi) İddiaçı adına (paylı şəkildə) 000343 nömrəli, xx.xx.2006-cı il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamənin özgəninkiləşib-özgəninkiləşməməsi ilə bağlı məlumat aşkar edilməmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli ünvan 5 ünvanında yerləşən “Mehriban” kafesini tərəflər satın almışlar, lakin həmin əmlak üzərində nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, onların payları müəyyən edilməmişdir. İddiaçı cavabdehlə olan şifahi razılaşma əsasında daşınmaz əmlakın bir hissəsini təmir etdiyini iddia edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın irəli sürülməsi üçün ilkin olaraq tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməli, onların mübahisəli daşınmaz əmlakda payları müəyyən edilməli və təmir edilmiş hissə cavabdehə aid olan paya düşdüyü və təmirin iddiaçı tərəfindən edilməsi sübut edildiyi halda, iddiaçının tələbinin hüquqi əsası yaranmış olardı. Hal-hazırda isə, daşınmaz əmlakın iddiaçı tərəfindən təmir edilməsi qəbul edilsə belə, iddiaçının özünün də gözlənilən mülkiyyət hüququ olan daşınmaz əmlakın təmirinə öz iradəsi ilə çəkilmiş xərcin cavabdehdən tutulması üçün hər hansı əsas mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver