Məhkəmə qərarları › İş №2(001)-4161/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4161/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4161/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2 ədəd sep – klon 13,7 qr çəkidə, 4 ədəd üzük 11,4 qr çəkidə, qolbaq 14,6 qr çəkidə, qolbaq 8 qr çəkidə, klon – 2 ədəd 1,4 qr çəkidə, 2 ədəd sep – 9,4 qr çəkidə, sırğa – 5,6 qr çəkidə, üzük 2 ədəd – 4,2 qr çəkidə, 1 ədəd üzük – 1,7 qr çəkidə, sep klon 5,6 qr çəkidə, sırğa 4,6 qr çəkidə olan qızıl əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pula ehtiyacı olduğu üçün cavabdehə məxsus lombarddan 10 yanvar 2020-ci il tarixdə 2 ədəd qolbaq, imperial, 2 ədəd sep – klon, 4 ədəd üzük, 2 ədəd klon ümumilikdə, 2.700 manat dəyərində qiymətləndirilən qızıl-zinət əşyalarını girov qoyaraq 2.700 manat məbləğində pul götürmüşdür. 2020-ci ilin fevral ayının 3-də ona yenidən pul lazım olduğu üçün özünə məxsus 2 ədəd sep, 3 ədəd üzük və bir cüt sırğanı girov qoyaraq əlavə 875 manat pul götürmüşdür. 07 may 2020-ci il tarixdə yenidən qeyd etdiyi lombarddan özünə məxsus sep klon və sırğanı girov qoyaraq əlavə 500 manat da pul götürmüşdür. Cəm olaraq o, lombarddan 4.075 manat pul götürmüşdür. Götürdüyü pulların faizini ilk aylarda vaxtlıvaxtında ödəmişdir. Sonradan ölkə ərazisində koronovirus pandemiyasının yayılması nəticəsində karantin elan edilməsi səbəbindən o, bir müddət işsiz qalmış və lombarda ödəniş edə bilməmişdir. 2020-ci ilin sentyabr ayında o, lombarda getmiş və götürdüyü pulu qaytararaq girov qoyduğu qızılları geri almaq istədiyini bildirmişdir. Lakin, lombarddan ona bildirmişlər ki, qızıllar satılmışdır. Bundan sonra o, Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qızıllar satılmamışdır. Hal-hazırda lombard ondan götürdüyü pula münasib olmayan bir məbləğdə əlavə pul tələb edir və əks təqdirdə qızıllarını qaytarmayacağını bildirir. Bu isə qanunsuz və əsassızdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, lombarddan götürdüyü pul vəsaitlərinə görə sonuncu ödənişi 2020-ci ilin mart ayında ödəmişdir, belə ki, həmin ilin mart ayından koronovirus pandemiyasına görə respublikada tətbiq edilmiş karantin rejimi ilə əlaqədar o, işsiz qalmışdır. Cavabdehlə bağlanmış müqavilələri özü imzalamışdır, onu həmin müqavilələri imzalamağa heç kəs məcbur etməmişdir. O, özünə məxsus qızılları lombarda könüllü qoymuşdur, çünki həmin vaxt onun təcili pula ehtiyacı olmuşdur. Ona məlum idi ki, o, pulu vaxtında ödəməsə qızılları satışa çıxarıla bilər. Lakin, pandemiya şəraitində özündən asılı olmayan səbəblərə görə ödənişləri edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir. İddiaçının özü izahatında bildirmişdir ki, o, müqaviləni heç bir kəsin məcburiyyəti qarşısında qalmadan özü imzalamış, habelə ödənişlərini vaxtında etməyəcəyi təqdirdə ona məxsus qızılların satılacağı barədə məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı ödənişlərini vaxtında ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Daha sonra iddiaçı qızıllarını cavabdehdən almaq üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin ərəfədə qızıllar lombardda olsa da, lakin digər şəxslərə satılmamışdır. Cavabdeh ödənişlərin ödənilməsi şərti ilə qızılların qaytarılacağını iddiaçıya bildirsə də, iddiaçı ödənişləri yenə də etməmişdir. Belə olan halda isə, cavabdeh iddiaçı ilə bağladığı girov müqavilələrinə əsasən iddiaçının ödənilməmiş borcunu girov predmetlərinə yönəltmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 10 yanvar 2020-ci il tarixli, ƏİX 234374 nömrəli girov biletindən görünür ki, İddiaçı tərəfindən 750 əyar qolbaq – 14,5 qr, mamet 880 – 6,6 qr, 585 əyar 2 ədəd sep klon – 13,7 qr, 583 əyar 4 ədəd üzük – 11,4 qr, 583 əyar 2 ədəd klon – 1,4 qr, 585 əyar qolbaq – 8,1 qr əşyalar girov qoyularaq, Cavabdeh 2.700 manat məbləğində 3.75%-lə kredit götürülmüşdür; 10 yanvar 2020-ci il tarixli, ƏİX 234374 nömrəli girov müqaviləsinə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən İddiaçı lombarda girov qoyulmuş zinət əşyalarının şəxsən ona məxsus olduğuna və həmin əşyalara hər hansı digər şəxslərin aidiyyatı olmadığına zəmanət verir və öz imzası ilə təsdiq edir. Əlavənin 2-ci bəndinə əsasən faizlərin ödənilmədiyi halda faizlərin ödənişlərindən 10 gün sonra girov qoyulmuş zinət əşyalarının xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir və öz imzası ilə təsdiq edir. Əlavənin 3-cü bəndinə əsasən lombard əməkdaşları tərəfindən faizlərin ödənilməsi vaxtı barədə müştərilərə heç bir xəbərdarlıq edilmir. Faizlərin vaxtlı vaxtında ödənişlərinin həyata keçirilməsinə birbaşa müştərilər cavabdehlik daşıyır. Əlavənin 6-cı bəndinə əsasən borclu müəyyən edilmiş borcu aldığı gündən növbəti aydan başlayaraq hər ayın 10-na qədər ödəməlidir. Faizlər 10 günlüklər (dekadalarla, yəni bir ay üç hissəyə bölünür) üzrə hesablanır, 10 günə qədər müddət üçün 10 gün hesablanır. İlk ay girovun çıxarılma günündən asılı olmayaraq faizlər 1 aylıq hesablanır. Əlavənin 7-ci bəndinə əsasən faizlər ödənildikdə girov biletinin arxasında “ödənilibdir” ştampı vasitəsilə qeyd aparılır və həmin qeyd qəbzi əvəz etdiyi üçün ödənişlər girov bileti olmadan qəbul edilmir. Girov biletinin arxasında qeyd olmadıqda müştərinin şikayətinə baxılmır. Əlavənin 8-ci bəndinə əsasən faiz ödənişləri gecikdirildiyi zaman ödəniş günündən sonrakı hər gün üçün qalıq ssuda məbləğinin 0.2% faiz dərəcəsi ilə (minimum 1 AZN) dəbbə pulu hesablanır. Əlavənin 9-cu bəndinə əsasən girovun çıxarış günləri yalnız həftənin 2-ci və 4-cü günləridir. Müştərilərin girovları bankda saxlandığından girov çıxaran müştərilər 1 gün əvvəldən ödənişlərini həyata keçirirlər və yalnız yuxarıda göstərilən günlərdə girovlarını çıxarırlar. Girov çıxarılan zaman girov bileti təqdim olunmalıdır; 10 yanvar 2020-ci il tarixli, ƏİX 234374 nömrəli girov müqaviləsinə 2 saylı Əlavədən görünür ki, İddiaçı tərəfindən 2.700 manat məbləğində kreditə görə 10 fevral 2020-ci il tarixdən başlamaqla 10 sentyabr 2021-ci il tarixə qədər hər ay 194,30 manat məbləğində aylıq ödənişlər edilməlidir; 03 fevral 2020-ci il tarixli, ƏİX 234612 nömrəli girov biletindən görünür ki, İddiaçı tərəfindən 583 əyar 2 ədəd sep – 9,4 qr, 583 əyar sırğa – 5,6 qr, 583 əyar 2 ədəd üzük – 4,2 qr, 750 əyar üzük – 1,7 qr əşyalar girov qoyularaq, Cavabdeh 790 manat məbləğində 3.5%-lə kredit götürülmüşdür; 03 fevral 2020-ci il tarixli, ƏİX 234612 nömrəli girov müqaviləsinə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən İddiaçı lombarda girov qoyulmuş zinət əşyalarının şəxsən ona məxsus olduğuna və həmin əşyalara hər hansı digər şəxslərin aidiyyatı olmadığına zəmanət verir və öz imzası ilə təsdiq edir. Əlavənin 2-ci bəndinə əsasən faizlərin ödənilmədiyi halda faizlərin ödənişlərindən 10 gün sonra girov qoyulmuş zinət əşyalarının xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir və öz imzası ilə təsdiq edir. Əlavənin 3-cü bəndinə əsasən lombard əməkdaşları tərəfindən faizlərin ödənilməsi vaxtı barədə müştərilərə heç bir xəbərdarlıq edilmir. Faizlərin vaxtlı vaxtında ödənişlərinin həyata keçirilməsinə birbaşa müştərilər cavabdehlik daşıyır. Əlavənin 6-cı bəndinə əsasən borclu müəyyən edilmiş borcu aldığı gündən növbəti aydan başlayaraq hər ayın 3-nə qədər ödəməlidir. Faizlər 10 günlüklər (dekadalarla, yəni bir ay üç hissəyə bölünür) üzrə hesablanır, 10 günə qədər müddət üçün 10 gün hesablanır. İlk ay girovun çıxarılma günündən asılı olmayaraq faizlər 1 aylıq hesablanır. Əlavənin 7-ci bəndinə əsasən faizlər ödənildikdə girov biletinin arxasında “ödənilibdir” ştampı vasitəsilə qeyd aparılır və həmin qeyd qəbzi əvəz etdiyi üçün ödənişlər girov bileti olmadan qəbul edilmir. Girov biletinin arxasında qeyd olmadıqda müştərinin şikayətinə baxılmır. Əlavənin 8-ci bəndinə əsasən faiz ödənişləri gecikdirildiyi zaman ödəniş günündən sonrakı hər gün üçün qalıq ssuda məbləğinin 0.2% faiz dərəcəsi ilə (minimum 1 AZN) dəbbə pulu hesablanır. Əlavənin 9-cu bəndinə əsasən girovun çıxarış günləri yalnız həftənin 2-ci və 4-cü günləridir. Müştərilərin girovları bankda saxlandığından girov çıxaran müştərilər 1 gün əvvəldən ödənişlərini həyata keçirirlər və yalnız yuxarıda göstərilən günlərdə girovlarını çıxarırlar. Girov çıxarılan zaman girov bileti təqdim olunmalıdır; 03 fevral 2020-ci il tarixli, ƏİX 234612 nömrəli girov müqaviləsinə 2 saylı Əlavədən görünür ki, İddiaçı tərəfindən 875,00 manat məbləğində kreditə görə 03 mart 2020-ci il tarixdən başlamaqla 03 fevral 2021-ci il tarixə qədər hər ay 90,55 manat məbləğində aylıq ödənişlər edilməlidir; 07 mart 2020-ci il tarixli, ƏİX 233918 nömrəli girov biletindən görünür ki, İddiaçı tərəfindən 583 əyar sep-klon – 5,6 qr, 583 əyar sırğa – 4.6 qr əşyalar girov qoyularaq, Cavabdeh 500 manat məbləğində 4%-lə kredit götürülmüşdür; 07 mart 2020-ci il tarixli, ƏİX 233918 nömrəli girov müqaviləsinə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən İddiaçı lombarda girov qoyulmuş zinət əşyalarının şəxsən ona məxsus olduğuna və həmin əşyalara hər hansı digər şəxslərin aidiyyatı olmadığına zəmanət verir və öz imzası ilə təsdiq edir. Əlavənin 2-ci bəndinə əsasən faizlərin ödənilmədiyi halda faizlərin ödənişlərindən 10 gün sonra girov qoyulmuş zinət əşyalarının xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir və öz imzası ilə təsdiq edir. Əlavənin 3-cü bəndinə əsasən lombard əməkdaşları tərəfindən faizlərin ödənilməsi vaxtı barədə müştərilərə heç bir xəbərdarlıq edilmir. Faizlərin vaxtlı vaxtında ödənişlərinin həyata keçirilməsinə birbaşa müştərilər cavabdehlik daşıyır. Əlavənin 6-cı bəndinə əsasən borclu müəyyən edilmiş borcu aldığı gündən növbəti aydan başlayaraq hər ayın 7-nə qədər ödəməlidir. Faizlər 10 günlüklər (dekadalarla, yəni bir ay üç hissəyə bölünür) üzrə hesablanır, 10 günə qədər müddət üçün 10 gün hesablanır. İlk ay girovun çıxarılma günündən asılı olmayaraq faizlər 1 aylıq hesablanır. Əlavənin 7-ci bəndinə əsasən faizlər ödənildikdə girov biletinin arxasında “ödənilibdir” ştampı vasitəsilə qeyd aparılır və həmin qeyd qəbzi əvəz etdiyi üçün ödənişlər girov bileti olmadan qəbul edilmir. Girov biletinin arxasında qeyd olmadıqda müştərinin şikayətinə baxılmır. Əlavənin 8-ci bəndinə əsasən faiz ödənişləri gecikdirildiyi zaman ödəniş günündən sonrakı hər gün üçün qalıq ssuda məbləğinin 0.2% faiz dərəcəsi ilə (minimum 1 AZN) dəbbə pulu hesablanır. Əlavənin 9-cu bəndinə əsasən girovun çıxarış günləri yalnız həftənin 2-ci və 4-cü günləridir. Müştərilərin girovları bankda saxlandığından girov çıxaran müştərilər 1 gün əvvəldən ödənişlərini həyata keçirirlər və yalnız yuxarıda göstərilən günlərdə girovlarını çıxarırlar. Girov çıxarılan zaman girov bileti təqdim olunmalıdır; 07 mart 2020-ci il tarixli, ƏİX 233918 nömrəli girov müqaviləsinə 2 saylı Əlavədən görünür ki, İddiaçı tərəfindən 500 manat məbləğində kreditə görə 07 aprel 2020-ci il tarixdən başlamaqla 07 mart 2021-ci il tarixə qədər hər ay 20 manat məbləğində aylıq ödənişlər edilməlidir; Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 21 aprel 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncu, 10 yanvar 2020-ci il tarixli, ƏİX 234374 nömrəli girov bileti əsasında götürdüyü 2.700 manat krediti üzrə ödənişi 10 mart 2020-ci il tarixində, 03 fevral 2020-ci il tarixli, ƏİX 234612 nömrəli girov bileti əsasında götürdüyü 875 manat kredit üzrə ödənişi 26 fevral 2020-ci il tarixində, 07 mart 2020-ci il tarixli, ƏİX 233918 nömrəli girov bileti əsasında götürdüyü 500 manat kredit üzrə ödənişi 07 aprel 2020-ci il tarixində ödəməli olduğu halda, üzərinə düşən öhdəliyi yerinə yetirməməsi barədə məlumatlandırılaraq, öhdəliyini 3 gün ərzində yerinə yetirmədiyi halda girov qoyduğu zinət əşyaları satışa çıxarılaraq satışdan əldə olunan vəsait hesabına götürdüyü kreditin və kreditə hesablanmış faiz və cərimələrin ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan xəbərdarlıq məktubu SS632074902AZ saylı poçt göndərişi ilə 11 may 2020-ci il tarixdə sonuncuya çatdırılmışdır; Salyan Rayon Polis X1 tərəfindən qəbul edilmiş 02 oktyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmçinin vətəndaşa izah edilmişdir ki, onun müraciətində göstərdiyi xüsusatlar ilə bağlı iddia və tələbi mülki xarakterli olduğundan və məhkəmə səlahiyyətlərinə aid edildiyindən onun qeyd olunan xüsusatla bağlı mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. 01 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 302.1-ci və 302.2-ci maddələrinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır: 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materialları ilə müəyyən olundu ki, iddiaçı özünə məxsus qızıl zinət əşyalarını lombarda girov qoyaraq cavabdehdən kredit götürmüşdür. Tərəflər arasında bağlanmış girov müqavilələrinə 1 saylı Əlavələrin 2-ci bəndlərinə əsasən iddiaçı götürdüyü kreditlərin ödəniş cədvəllərinə uyğun olaraq faizi ilə birlikdə qaytarılmasını öhdəsinə götürmüş, əks təqdirdə girov qoyulmuş əşyaların xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etməmişdir. Tərəflərin bildirdiyinə görə, iddiaçı kredit ödənişlərini vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bundan sonra, cavabdeh iddiaçıya xəbərdarlıq məktubu ünvanlayaraq, iddiaçıya kredit öhdəliyini icra etməyəcəyi təqdirdə, girov müqavilələrinə uyğun olaraq girov təminatı olan qızılzinət əşyalarının satılaraq kredit borcuna yönəldiləcəyi barədə xəbərdarlıq etsə də, iddiaçı kredit öhdəliyini icra etməmiş, nəticədə onun lombarda ödənilməmiş borcu qalmışdır. Hazırda isə iddiaçı lombarda girov qoyulmuş qızıl zinət əşyalarını tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, cavabdehə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən, iddiaçı girovla təmin edilmiş öhdəliyini tam olaraq yerinə yetirmədiyinə görə, girov saxlayanın ona ödənilməmiş borc məbləğlərinin girov predmetləri hesabına təmin edilməsi hüququ yaranmış və cavabdeh də bu hüququndan yararlanmışdır. Belə olan halda, iddiaçının öz öhdəliyini tam olaraq icra etmədiyi halda, girov qoyulmuş əşyaları tam olaraq cavabdehdən tələb etməsini məhkəmə əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar