Məhkəmə qərarları › İş №2(001)-4530/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4530/2020

05.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4530/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni-Yol küçəsində yerləşən, ona məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı aktın qanunsuz hesab edilməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış sayğac üçün 2160 m/kub, yəni 216 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıiddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ona məxsus fərdi yaşayış evi üzrə yeni tipli kartla işləyən qaz sayağacı quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən sözügedən fərdi yaşayış evini qaz təchizatı ilə təmin edən qaz sayğacının daxilində dəlik aşkar edildiyinə əsaslanaraq bu barədə xx.xx.2019-cu il tarxli ******* saylı akt tərtib edilmişdir. O, təbii qazdan istifadəyə görə ödənişləri vaxtlıvaxtında həyata keçirmişdir. Sayğacın evin içində olmaması və nəzarəti cavabdehin əməkdaşları tərəfindən edildiyini onun hal şahidlərinin iştirakı ilə sökülərək qablaşdırılmalı olduğunu bildirsədə cavabdehin əməkdaşları buna məhəl qoymamışlar. İddiaçı qeyd olunanlara əsaslanaraq hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavadeh müəssisə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə müvafiq məlumatı məhkəməyə təqdim etməmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X1 qəsəbəsində inşa edilmiş sənədsiz evdə məcburi köçkün kimi qeydiyyatsız yaşayır. xx xxxxxx 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacının daxilində dəlik olması və sızma müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə 216 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin qaz sayğacına onun iştirakı olmadan baxış keçirilərək sayğacın daxilində dəlik aşkar edildiyinə əsaslanaraq bu barədə xx.xx.2019-cu il tarxli ******* saylı akt tərtib edilmiş və iddiaçıya 216 manat borcun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılması iddiaçının üzərində olsada fərdi yaşayış evinin kənarında yerləşən sayğaca müdaxilənin məhz iddiaçının təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Buna görədə məhkəmə hesab edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni-Yol küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı aktı qanunsuz hesab edilməklə qazdan istifadəyə görə hesablanmış sayğac üçün 2160 m/kub, yəni 216 manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar