Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5343/2020 11.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsindən mənəvi ziyana görə müştərək qaydada 30000 manat təzminatın, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsindən mənəvi ziyana görə müştərək qaydada 30000 manat təzminatın, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh1 qəyyumu Cavabdeh2 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 fəaliyyət qabiliyyətsizdir və Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 276 saylı sərəncamı ilə o, oğlunun qəyyumu təyin edilmişdir. Cavabdeh1 ruhi xəstə kimi 1997-ci ildən Bakı 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetinin qeydiyyatındadır, etdiyi hərəkətlərin mahiyyətini dərk etmir, ona görə də nikah pozulmalıdır. Nikahın pozulmasına dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2230/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən qeyd olunan səbəblərə görə işin icraatına xitam verilmişdir. O, qərardaddan şikayət versə də, şikayəti təmin edilməmişdir. Cavabdeh1 xəstə olması, əvvəllər nikahda olması, həmin nikahdan iki övladının olması ona nikaha daxil olduqdan 6-7 ay sonra, onun fəaliyyət qabiliyyətsiz elan edilməsi isə nikahın pozulmasına dair iddia ərizəsi üzrə mülki işə baxılarkən bəlli olmuşdur. Qaynanası ona qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etdikdən sonra o, da həmin mülki iş üzrə vəkilinin məsləhəti ilə nikahın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək barədə qərar vermişdir.Cavabdeh2 və cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi onun şərəf və ləyaqətini təhqir etmiş, ailə qurma, ev tikmə, uşaqlar dünyaya gətirib onları ərilə birlikdə ömrünün sonunadək tərbiyə etmə kimi xəyallarını puç etmişlər. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi Cavabdeh1 ruhi xəstə olduğuna görə nikahın rəsmiləşdirilməsindən imtina etməli olsa da, bunu etməmişdir. Cavabdehlər ona mənəvi zərər vurmuş, mənəvi zərərə görə 30000 manat cavabdehlərdən alınıb ona verilməlidir. Ona görə də onunla Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsindən müştərək qaydada onun xeyrinə 30000 manat mənəvi təzminat ödənilməsinə, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsi barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1.-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə qeyd edir ki, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) məhkəməyə şikayət edə bilərlər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. (AM-nin 9,11-ci mad.) Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 880047 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X2 xx.xx.2013cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Yaqubova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ - İİİ № 367619 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1332 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh1, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2230/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 (Cavabdeh1 qəyyumu) cavabdeh İddiaçı nikahın pozulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5888/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2230/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4145/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 276 saylı sərəncamının surətindən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3835\2018 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilən Cavabdeh1 qəyyumu təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh1la xx.xx.2013-cü il tarixdə bağladığı nikahın sonuncunun fəaliyyət qabiliyyəti olmaması səbəbindən etibarsız nikah olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 məhkəmə tərəfindən 2018ci ildə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0. maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 25.1.-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. İstinad olunan normaların tələbindən müəyyən olunur ki, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin nikaha daxil olmasına yol verilmir, nikah bu şərtin pozulması ilə bağlandığı halda etibarsız sayılır. Məhkəmə iddiaçının nikahın etibarsız hesab edilməsi tələbi ilə bağlı sübutlarını tədqiq edib hesab edir ki, Cavabdeh1 nikaha daxil olarkən deyil, nikaha daxil olduqdan sonra məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən bu tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilə bilməz. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının mənasına görə nikah bağlananadək ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin bağladığı nikah etibarsızdır. Məhkəmə iddiaçının cavabdehlərdən mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı İddiaçı Cavabdeh1la xx.xx.2013-cü il tarixdə bağladığı nikahın etibarsız olmadığı müəyyən olunduğundan, iddiaçının mənəvi ziyan tələbi də əsassızdır, ona görə də bu tələb təmin edilə bilməz. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aliment tələbi ilə bağlı qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; İddiaçı Cavabdeh1 əmlakı, gəlirləri barədə, cavabdeh C.S. Yaqubovanın isə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün aliment ödəməli olmasına əsas ola biləcək halları təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin edilməklə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulsun. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5343/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5343/2020
11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver